Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54
«İNDİYƏ KİMİ SİZƏ HEÇ NƏ ETMƏMİŞİK»

2011-ci il avqustun 28-də müəmmalı şəkildə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində vəfat etmiş Turac Zeynalovun ailəsi narahatdır. Onun xanımı Gülnar Zeynalovanın dediyinə görə, qayınatası ilə onun noyabrın 30-da AzadlıqRadiosunun canlı efirindəki çıxışından sonra ailəni hədələyiblər.

Gülnar Zeynalovanın sözlərinə görə, onlara zəng vuran da Naxçıvan MTN-nin şöbə rəisi olub. Həmin şəxs qaynına telefonda deyib:

«Oturmusuz orda, gəlini də, qoca kişini də çıxartmısız efirə. Qanun qarşısında cavab verəcəksiz, indiyə kimi sizə heç nə etməmişik. Ora çıxdığınıza görə, kaseti verdiyinizə görə».

Yeri gəlmişkən, mərhumun bədənindəki işgəncə izləri çəkilmiş videogörüntü də AzadlıqRadiosunun saytına yerləşdirilib.

Gülnar Zeynalova deyir ki, bu zəngdən sonra narahatdırlar. Altı yaşlı oğluna və ya özünə nəsə edəcəklərindən qorxur.

«NARAHATIQ, ƏLBƏTTƏ NARAHATIQ. AMMA OLAN DAHA OLUB»

Turac Zeynalov Naxçıvan aeroportunda sürücü işləyib. Bu ilin avqustundasa ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə iş açılıb, o dövlətə xəyanətdə, İrana casusluq etməkdə ittiham olunurdu. Ailəsinin sözlərinə görə, Turac Zeynalovu 3 gün MTN təcridxanasında saxladıqdan sonra meyitini veriblər. Ailə iddia edir ki, mərhum işgəncələr nəticəsində ölüb. Amma Naxçıvan MR MTN-i Turac Zeynalovun dəri xərçəngindən əziyyət çəkdiyini və bədənində müxtəlif şişlər olduğunu, buna görə öldüyünü bildirir.

Ailə üzvləri isə ölümdən təxminən üç ay sonra Bakıya pənah gətirərək hüquq-mühafizə orqanlarından yardım istəyirlər. Mərhumun atası Şuriyyə Zeynalov:

«Bizi qorusunlar. Üstümüzdən həmin maddə - vətən xaini maddəsi götürülsün. İstəsəz ekspert də göndərə bilərsiz, mərhumu çıxartmağa, ancaq buranın ekspertini. Bizə Naxçıvan eksperti lazım deyil. Bir də onu kim öldürüb cəzalandırılsın».

MTN: «QOY NAXÇIVAN MTN-Ə MÜRACİƏT ETSİNLƏR»

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi bu cinayəti nəzarətinə götürə bilərmi? Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev AzadlıqRadiosuna deyir:

«Bu hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi açıqlama verib. Və bütün detallara orda aydınlıq gətirilib».

Arif Babayevin diqqətinə çatdırırıq ki, ailəsi Turac Zeynalovun ölümündə məhz Naxçıvan MR MTN-ni günahkar bilir. Buna görə də Bakının bu işi nəzarətə götürməsini, meyitin eksqumasiyasını istəyirlər. Üstəlik də ailə təhlükəsizliyinə görə narahatdır. Bu dəfə Arif Babayev daha qısa cavab verir: «Qoy onlar Naxçıvan MR MTN-ə yenidən müraciət etsinlər».

Bu işi aparan Naxçıvan MR MTN-in istintaq şöbəsinin baş müstəntiqi Pərviz Hüseynovla gün ərzində əlaqə yarada bilmədik. İstintaq şöbəsinin müdiri və ailəni hədələdiyi iddia olunan İlqara da zəng vurduq. O sualımızı dinlədikdən sonra «Mən həmin adam deyiləm» deyərək telefonu qapatdı.

NAXÇIVANDA HAMI «MƏLUMATSIZ»DIR

Şuriyyə Zeynalov

Şuriyyə Zeynalov

Yeri gəlmişkən, ailə birinci dəfə deyil təhdidlə üzləşir. Şuriyyə Zeynalov:

«Bizi müstəntiqlər apardılar prokurorluğa. Əlimizə qələm verdilər ki, yazın. Bizdən bir kəlmə soruşmadılar ki, bura niyə gəlmisiz? Qorxudan yazdım ki, oğlumun ölümünü dövlətə bağışlayıram. Nəvəm yetim qalıb, gəlinim dul qalıb. Onu bağışlamaq olar?»

Şuriyyə Zeynalov onu da dedi ki, bir qədər əvvəl bu işlə bağlı Naxçıvan MR Prokurorluğuna müraciət edib yardım istəyiblər. Amma onlara rədd cavabı verilib. Prokurorluqda hüquq təminatı və informasiya şöbəsinin müdiri Faiq Səfərova zəng vurduq. Dedi ki, məlumatsızdır, müraciətlər şöbəsinə zəng vuraq. Zəng vurduq, özünü təqdim etməyən şəxs şöbədəki əməkdaşların bu gün işə gəlmədiklərini söylədi.

«DƏSTƏYİ QOYURAM YERƏ, BİR DƏ ZƏNG VURUN, EYNİ SÖZÜ DEYƏCƏM»

Nəhayət Naxçıvan MR-in Bakıdakı nümayəndəliyinin rəhbəri Həsən Hacıyevin nömrəsini yığırıq. O da məsələdən xəbərsiz olduğunu söyləyir. Və tələsik dəstəyi yerə qoyur. İkinci dəfə zəng vurub Şuriyyə Zeynalovun «Naxçıvanda ədalət yoxdur» fikrinə münasibət öyrənmək istəyirik.

«Deyirəm ki, məlumatım yoxdur, bir də zəng vurursuz. Dəstəyi qoyuram, bir də zəng vurun, yenə eyni sözləri deyəcəm. Sağ olun».

Respublika Prokurorluğundansa deyirlər ki, onlara bu haqda müraciət olunarsa, məsələni araşdırmağa hazırdırlar.

«MÜRACİƏT ETSİNLƏR ARAŞDIRAQ»

Emin Hüseynov

Emin Hüseynov

Hadisəni ilk günlərdə araşdıran qurumlardan biri də Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu idi. RATİ-nin rəhbəri Emin Hüseynov da deyir ki, bir qədər öncə ailə təzyiqlə üzləşdiyi üçün onlara müraciət edib və araşdırmalara son vermələrini istəyiblər:

«İnsan haqları müdafiəsində belə prinsip var: qurban özü istəmirsə, onu müdafiə edə bilmərik. Onlar desələr ki, təzyiq altında qalıblar, onları məcbur ediblər, biz bu məsələni yenidən araşdırarıq».

«AİLƏNİN MƏQSƏDİ ŞANTAJ VƏ YA İNTİQAM DEYİLSƏ...»

Millət vəkili, eləcə də hüquq müdafiəçisi Çingiz Qənizadə bu məsələnin parlamentə çıxarılmasına ehtiyac görmür:

«Parlament araşdırması olmayacaqsa, nə faydası. Belə hesab edin ki, cinayət olub, bu da JEK-də müzakirə olunur. Amma deputatın hüququ var ki, məsələni nəzarətə götürsün. Bu baxımdan hüquq müdafiəçisi kimi belə bir ailə varsa və vaxtilə təzyiq altda susubsa, əlində dəlil sübut, şahid varsa, onları diqqətlə dinləməliyik».

Çingiz Qənizadə deyir ki, Zeynalovların məqsədi şantaj və ya intiqam deyilsə, buyursunlar, onları dinləməyə hazırdır.

Ailə Bakıda olduğu müddətdə hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür.

Şərhləri göstər

XS
SM
MD
LG