Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Bələdiyyə seçkiləri necə keçdi? (VİDEO)


Noyabrın 30-da Azərbaycanda bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilib. Seçkilər 86 seçki dairəsində 330 bələdiyyəyə 460-dan çox yer üzrə keçirilib.
Seçkilərin keçirildiyi Bakının Nərimanov rayonunda səhər saatlarında bir neçə dairənin məntəqələrini gəzdik. Məntəqələrin əksəriyyətində seçici fəallığı o qədər də hiss olunmurdu.
1 SAATA 71 NƏFƏR
19 saylı Nərimanov seçki dairəsinin 14 saylı məntəqəsində səhər saat 10-dək cəmi üç nəfər səs vermişdi. Ərazidəki bəzi başqa məntəqələri gəzib qayıdanda – təxminən 1 saat sonra isə məntəqə sədri artıq 71 nəfərin səs verdiyi bildirdi. Doğrudan da artıq qutularda bülletenlərin sayı artmışdı. Bu məntəqədə cəmi bir müşahidəçi var idi. Hakim YAP-ı təmsil edən bu xanım müşahidəçi təklikdən sıxıldığını bildirdi. Dedi ki, başqa müşahidəçilər də olsaydı yenə söhbətləşib darıxmazdı.
Ərazidəki bəzi məntəqələrdə nə çəkiliş aparmağa, nə də münasibət öyrənməyə icazə vermədilər.
MÜSTƏQİL MÜŞAHİDƏÇİLƏR
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 7 saylı məntəqəsində isə seçicilər daha çox gözə dəyirdi. Müşahidəçilər baxımdan da bu məntəqədə nisbətən qələbəlik idi. Amma bir məsələ var idi ki, hamısı xanım olan 5 müşahidəçinin cəmi biri siyasi partiya təmsilçisi idi. Biri YAP-ın təmsilçisi, qalanlar isə müstəqil müşahidəçilər idi. Digər partiyaların müşahidəçiləri nədənsə gözə dəymirdilər. Müşahidəçilərdən hamısı da prosesin şəffaf getdiyini, heç bir qanun pozuntusu olmadığını deyirdilər:
- Mən Həsənova Yeganə, YAP-ı təmsil edirəm. Seçkilər şəffaf keçir.
- Niyazova Günay, müstəqil müşahidəçi. Şəffaf keçir.
- Lütfizadə Mədinə, müstəqil müşahidəçi. Heç bir qanun pozuntusu yoxdur...
BƏLƏDİYYƏLƏRƏ SIRAVİLƏRİN MÜNASİBƏTİ
Bələdiyyə seçkiləri

Bələdiyyə seçkiləri

Söhbətləşdiyimiz məntəqə sədrləri də seçki prosesində qayda- qanuna riayət olunduğunu və şəffaflığın təmin edildiyini söylədilər. Müraciət etdiyimiz seçicilərin bəziləri isə nədənsə ad və soyadlarını deməkdən çəkinirdilər.
Nərimanov rayonunda keçirdiyimiz sorğuda isə sakinlərin bələdiyyə şeçkilərinə münasibəti o qədər də müsbət olmadı. Əlbəttə ki, hamısının yox, amma əksəriyyətin.
Seçici Qabil Məmmədov deyir ki, o bələdiyyənin fəaliyyətini heç görməyib.
Vaqif Bağırov isə seçkilərə gedib səs verdiyini bildirir. Deyir bələdiyyələrin fəaliyyətindən razıdır. O bələdiyyələrin fəaliyyətini yolların, qaz xətlərinin çəkilməsində və sair sahələrdə hiss edir. Deyir onlar sakinlərin müraciətlərini daha yuxarı instansiyalara çatdırırlar. Amma bir az da yaxşı işləsələr daha yaxşı olar.
Mehriban xanım: «Səs verəcəm. Bələdiyyənin fəaliyyətini yaxşı qiymətləndirirəm».
Yusif kişi: «Bələdiyyə boş şeydir. Seçkiyə də getməmişəm. Onsuzda özləri kimi istəyirlər, seçəcəklər».
Murad: «Bələdiyyə seçkilərinin mənə heç bir xeyiri yoxdur. Onların fəaliyyətini də hiss etmirəm».
MARAQ OLMASAYDI...
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, hakim YAP-dan olan deputat Tahir Rzayev deyir ki, Azərbaycanda bələdiyyə institutu getdikcə təkmilləşir. Bu sahədə aparılan islahatlar, bələdiyyələrin fəaliyyəti hər kəsə məlumdur. Vətəndaşların bələdiyyələrə münasibətinə gəlincə, Tahir Rzayev təqdir edənlərlə yanaşı bələdiyyələrin fəaliyyətindən narazılıq edənlərin də olmasını onların şəxsi fikri sayır:
«Yaxşı da deyə bilərlər, pis də deyə bilərlər. Bu adamların şəxsi fikirləri ola bilər. Amma müəyyən fikirləri etalon kimi götürüb bələdiyyələrin olmamasını, onların fəaliyyət göstərmədiklərini iddia etmək də düz deyil. Əgər bu instituta, bu seçkilərə maraq olmasaydı 464 bələdiyyə üzvü yerinə keçirilən seçkilərə 1600-dək adam namizəd olaraq qatılmazdı. Bunun özü elə bələdiyyə şeçkilərinə olan marağın bir göstəricisidir».
BİR PARTİYANIN TƏSİRİ
Bələdiyyə seçkiləri

Bələdiyyə seçkiləri

Onu da deyim ki, İctimai Palatada təmsil olunan partiyalar bu seçkilərə qatılmayıblar. Müsavat partiyası seçki departamentinin müdiri Gülağa Aslanlı deyir ki, Azərbaycanda seçkilər yalnız bir partiyanın təsiri altındadır. Ona görə də seçkilərin ədalətli keçiriləcəyinə inanmaq olmaz:
«Bələdiyyə seçkilərində ümumiyyətlə MSK-nın heç bir rolu yoxdur. Bu rayon icra hakimiyyəti başçılarının həyata keçirtmək istədikləri bir şeydir. Və öz istədiklərini də yüzdə yüz həyata keçirirlər».
GÖZLƏNTİLƏR DOĞRULMADI
«Hüquq və inkişaf» ictimai birliyinin rəhbəri Hafiz Həsənov isə hesab edir ki, əslində seçki məntəqəsində gözə dəyən müstəqil müşahidəçilər də dövlət işində işləyən şəxslərdir. Belə seçkilərdə hakimiyyət xüsusilə müəllimləri müstəqil müşahidəçi adı ilə məntəqələrdə oturdub görüntü yaradır. Onun sözlərinə görə, səsvermə prosesində fəallığın müşahidə olunmamasının bir səbəbi bələdiyyə seçkilərinin bütün ölkə üzrə keçirilməməsidir. Amma əsas səbəb əlbəttə ki, bu deyil. Seçicilərin bələdiyyələrə bu cür münasibətinin daha ciddi səbəbləri var:
«Seçicilər də artıq, 1999-2000-ci illərdəkindən fərqli olaraq nə 2009-cu ildə, nə də bu ilki təkrar, əlavə və yeni seçkilərdə fəallıq göstərmirlər. Yəni onlar gördülər ki, bələdiyyələr real siyasi hakimiyyət institutuna çevrilə bilmədilər. O qədər də böyük səlahiyyətləri yoxdur. Əhalinin bələdiyyələrdən gözləntiləri özünü doğrultmadı. Bir sözlə, bələdiyyələrin olması ilə olmaması arasında elə bir fərq müşahidə etmədilər. Ona görə də həm bələdiyyələrdə təmsil olunmaq, həm bələdiyyə seçkilərində iştirak və bütün bunların fövqündə dayanan ümumilikdə azad seçkilərin olmaması bu günkü reallıqdır”.
Hafiz Həsənovun fikrincə, bütün bu müşahidə olunanlar-eləcə də seçicilərin münasibəti həm də Azərbaycanın 2013-cü il prezident seçkilərinə hansı irəliləyişlə getdiyinin bir göstəricisidir.

Şərhləri göstər

XS
SM
MD
LG