Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:06

«Yeni Müsavat»a qarşı 2 milyon dollarlıq iddia


«Yeni Müsavat» qəzetinin əməkdaşları

«Yeni Müsavat» qəzetinin əməkdaşları

Media Hüququ İnstitutu «Yeni Müsavat» qəzetinə qarşı qaldırılan məhkəmə iddialarından narahatdır. İnstitut qəzetə qarşı bir neçə məhkəmə iddiasını əsassız diffamasiya iddiaları hesab edir.

Media Hüququ İnstitutu hökumətdə yüksək vəzifə tutan məmurları və onlarla bağlı şəxsləri «Yeni Müsavat»a qarşı məhkəmə iddialarından geri çəkilməyə çağırır.

«MƏQSƏD TƏNQİDİ QƏZETLƏRİ BASQI ALTINDA SAXLAMAQDIR»

İnstitutun əlaqələndiricisi Xalid Ağaliyevə görə, hər bir məhkəmə iddiasının arxasında hansısa məmurun, hökumətə bağlı hansısa iş adamının dayanması onları ciddi narahat edir. O, hesab edir ki, bu kimi iddialar daha çox ölkədəki bir neçə tənqidi qəzetin həmişə basqı altında olması baxımından irəli sürülür:

«Bütün şikayətlərin arxasında bir məmurun dayanması, yaxud hökumətə bağlı biznesmenin və ya biznes strukturunun dayanması bizi belə qənaətə gəlməyə sövq edir ki, tənqid edən bir neçə qəzet var ki, onlar basqı altında olsunlar. Məsələn, irəli sürülən cərimələri hesablayan baş redaktor belə qənaətə gələ bilər ki, bu iddialar təmin olunsa qəzet tamamilə sıradan çıxa bilər. Mənim fikrimcə, bu, qəzetləri daim basqı altında saxlamaq məqsədi daşıyır».

Xalid Ağaliyev bu kimi məhkəmə iddialarının çoxluğunu Azərbaycanda diffamasiya ilə bağlı hüquqi təcrübənin olmaması ilə əlaqələndirir.

5 İDDİA – 2 MİLYON DOLLARDAN ARTIQ CƏRİMƏ TƏLƏBİ

«Yeni Müsavat» qəzetinə qarşı irəli sürülən 5 iddia üzrə tələb olunan təzminat 2 milyon dollardan artıqdır. Qəzetə qarşı ən böyük maddi iddianı «Gilan» Qəbələ Konserv Zavodu irəli sürüb. Şirkət hesab edir ki, 2009-cu ildən 2011-ci ilə qədər şirkətin mənafeyinə ziyan vuran yazılara görə, qəzet 1 milyon manat təzminat ödəməlidir.

Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus ZQAN şirkətlər qrupu isə qəzetin 500 min manat cərimə olunması ilə bağlı iddia qaldırıb. «Yeni Müsavat» ilk dəfə olaraq Anar Məmmədovun Qəbələdəki restoranların birində bir ayını kəsdirib ətindən kabab bişirtdirdiyini yazmışdı.

Müdafiə nazirinin müavini də «Yeni Müsavat»ın 100 min manat cərimələnməsini, əsgər ölümü ilə bağlı yazı müəlliflərinin isə həbsini istəyir.

Qəzetə qarşı maddi iddia qaldıran digər bir qurum Hacıqabul rayon icra hakimiyyətidir. İcra hakimiyyəti 50 min manat pul və rayonla bağlı qəzetdə gedən yazıların hamısının təkzib olunmasını istəyir.

Rauf Arifoğlu

Rauf Arifoğlu

Qəzetin baş redaktoru Rauf Arifoğlu deyir ki, hələ bu iddialar son deyil. Qəzeti daha iki rəsmi şəxs məhkəməyə verib. Onlardan biri Azərbaycanın Ukraynadakı hərbi attaşesi, digəri isə Hərbi Akademiyanın rəisidir. Baş redaktora görə, bütün bu iddiaları və istənilən məbləğləri toplayanda bir qəzet üçün olduqca ciddi rəqəm alınır.

İDDİAÇILARDAN BİRİ DƏ PREZİDENTİN ƏMİSİDİR

Bundan başqa qəzetə qarşı prezidentin əmisi Cəlal Əliyevin də iddiası var. Artıq məhkəmə qəzetin 1500 manat cərimə olunması ilə bağlı iddianı təmin edib: «O iş icraya yönəlib və məhkəmə icraçıları bizi ciddi şəkildə sıxışdırılar. Yəni həmin məbləği bizdən almaq istəyirlər».

«BİZİM QƏZETİ DƏ ÇÖKDÜRMƏK İSTƏYİRLƏR»

Rauf Arifoğlu da hesab edir ki, iddiaların əsasən məmurlar və onlara yaxın şirkətlər tərəfindən qaldırılması qəzetin sıxışdırılması və fəaliyyətinin dayandırılması məqsədi daşıyır:

«Görünür ki, bu qəzeti sıxışdırmaq, onsuz da yazılı mətbuat üçün daraldılmış dairəni daha da daraltmaq və imkan olarsa «Xural» qəzeti kimi bizim qəzeti də çökdürmək istəyirlər. Bu işə daha çox məmurların qoşulması məndə bu təzyiqlərin bir mərkəzdən idarə olunması təəssüratını yaradır».

İDDİAÇILARLA QƏZET RƏHBƏRLİYİNİN GÖRÜŞÜ OLA BİLƏR

Rauf Arifoğlu deyir ki, hələki onlar özlərini müdafiə etməkdədilər. Baş redaktorun sözlərinə görə, o, Mətbuat Şurasının sədri Əflatun Amaşovla yaranmış vəziyyəti müzakirə edib, Şuranın bu işə müdaxilə etməsini istəyib:

«Əflatun Amaşovla söhbətdə belə qərara gəldik ki, bu həftə də gözləyək. O təşəbbüs qaldırıb ki, qəzet rəhbəri ilə iddiaçı tərəflərin Mətbuat Şurasında birgə görüşü keçirilsin. Bu işlərin məhkəmədən kənar həllinə nail olmağa çalışılacaq».

«BİZİM ŞİRKƏTİN HEÇ BİR MƏMURA AİDİYYATI YOXDUR»

«Yeni Müsavat» qəzetindən 1 milyon manat təzminat tələb edən «Gilan» Qəbələ Konserv Zavodu isə hələki iddiasından geri çəkilmək fikrində deyil. Şirkətin hüquqşünası Ruslan Vəliyev qəzetə qarşı maddi iddianın çox olmadığını bildirir. Deyir digər ölkələrdə özəl şirkətlər bu kimi işlərdə zərərvuran tərəfindən daha çox təzminat tələb edirlər. Qaldı ki, «Gilan» Qəbələ Konserv Zavodunun hansısa məmura bağlılığına Ruslan Vəliyev bunu təkzib edir:

Yeni Müsavat qəzeti

Yeni Müsavat qəzeti

«Bizim şirkət müstəqil şirkətdir və heç bir məmura da aidiyyatı yoxdur. Kommersiya şirkətidir, ziyan da bizə dəyib, hansısa fiziki şəxsdən söhbət gedə bilməz».

MƏTBUATA QARŞI MƏHKƏMƏ İDDİALARININ SAYI VƏ SƏBƏBİ

Noyabrın 30-da isə «Yeni Müsavat»a qarşı iddialardan birinə Nizami rayon məhkəməsi xitam verib. Şirvan şəhər sakini İsa Məhərrəmov müxalifətin aprel aksiyaları zamanı inzibati binaların pəncələrini sındırmaqla bağlı qəzetdə barəsində gedən yazıya etiraz edərək məhkəməyə vermişdi. O, haqqında yazılanlara görə qəzetin 25 min manat cərimə olunmasını istəyirdi. Bir neçə dəfə prosesə gəlməməsi səbəbindən məhkəmə noyabrın 30-da bu işə xitam verib.

Media Hüquq İnstitutunun məlumatına görə, son 5 ildə «Yeni Müsavat» qəzeti 50 dəfədən artıq məhkəməyə çəkilib. Qaldırılan məhkəmə iddiaları əksər hallarda qəzetin əleyhinə bitib.

İnstitutun son hesabatına görə, bu il noyabrın əvvəlinə qədər Azərbaycanda mətbuata qarşı qaldırılan məhkəmə iddialarının sayı 60 –a yaxın olub ki, bunun da 40-a qədəri diffamasiya ilə bağlı olub.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bu yaxınlarda açıqlamasında bildirib ki, «Diffamasiya haqqında» qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirə oluna bilər. Onun sözlərinə görə, Mətbuat Şurası ATƏT- lə birgə «Diffamasiya haqqında» qanun layihəsini müzakirə edib, hazırda qanun layihəsi Milli Məclisdədir.

Şərhləri göstər

XS
SM
MD
LG