Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

Rəbiyyət Aslanova: «Rafiq Tağının qətlinə fətva verənlər cəzalanacaqlar»


Rəbiyyət Aslanova
Rəbiyyət Aslanova
Milli Məclisinin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova AzadlıqRadiosuna müsahibəsində yazıçı Rafiq Tağının öldürülməsini «ağır və yolverilməz» cinayət adlandırıb:

«Rafiq Tağının öldürülməsi çox ağrılıdır. Bir Azərbaycan yazıçısının, Azərbaycan vətəndaşının belə qətlə yetirilməsi yolverilməzdir və ağır cinayətdir. Bu məsələ dövlət başçısının nəzarəti altındadır. Bu cinayət işinin açılması, cinayətkarın tapılması və cəzalandırılması gündəmdə olan məsələlərdəndir. Onun ölümünə fətva verənlər tezliklə qanun qarşısında öz cəzalarını çəkəcəklər».

«QİYMƏTLƏRİN ARTIRILMASINA EHTİYAC VAR İDİ»

Rəbiyyət Aslanova metroda gediş haqqının, istilik sistemi və digər xidmətlərin qiymətinin artırılmasına münasibət bildirərkən belə deyib. Onun fikrincə, azad iqtisadi mühiti olan Azərbaycanda müəyyən məhsulların və xidmətlərin qiymət artımı təbiidir:

«Dünyanın hər yerində metronun qiyməti Azərbaycanla müqayisədə qat-qat bahadır. Metro dövlətin dotasiyasında olan nəqliyyat vasitəsidir. Bu qədər böyük sistemin saxlanılması, normal fəaliyyəti üçün qiymətlərin artırılmasına ehtiyac var idi».

«AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR»

Rəbiyyət Aslanova Yeni il ərəfəsində əfv fərmanı haqda dəqiq məlumatlar olmadığını deyir:

«Ombudsmanın Milli Məclisə əfv fərmanı ilə bağlı müraciətinin cavabı necə olacaq, bunu biz dəqiq bilmirik. Çünki bu, birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Bu baxımından Yeni il ərəfəsində əfv fərmanın olub-olmayacağı barədə dəqiq məlumatımız yoxdur».

Rəbiyyət Aslanova həbsdə olan müxalifət fəalları ilə bağlı məsələyə münasibət bildirməyib, Azərbaycanda siyasi məhbus olmadığını deyib.

Müxalifətin İctimai Palatasının bu il aprelin 2-də keçirilən aksiyasında həbs olunmuş 14 müxalifət fəalı hazırda həbsdədir. Bundan əlavə gənc fəallar Bəxtiyar Hacıyev və Cabbar Savalanlı, hüquq müdafiəçisi Vidadi İsgəndərli də həbsdədirlər. Amma fəallar həbslərini siyasi fəaliyyətlə əlaqələndirirlər.
XS
SM
MD
LG