Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

Abel Məhərrəmov magistraturada oxuyanlara hərbi xidmətdən möhlət verilməsinə tərəfdardır



“Azərbaycan Milli Məclisində magistrlərə hərbi xidmətdən möhlət verilməsi məsələsinə yenidən baxılmalıdır”, - bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov bildirib.

APA-nın məlumatına görə, o deyib ki, hazırda ali məktəbləri fərqlənmə diplomu ilə bitirən məzunların 80 faizi qızlardır: “Bu, reallıqdır. Oğlanlar təhsildən nəyə görəsə yayınırlar. Yaxud da bakalavriaturanı bitirən oğlanlar magistraturaya getmirlər və ya qiyabi şöbəni seçirlər. Bu də gələcəkdə təhsildə destruktiv proseslərə gətirib çıxara bilər. Mən hesab edirəm ki, Milli Məclisdə magistrlərə möhlət verilməsi məsələsinə yenidən baxılmalıdır. Tələbələr tək magistraturada deyil, doktorantura və dissertantura pillələrində hərbi xidmətdən möhlət almalıdır. Əks təqdirdə bu proses təhsilə xələl gətirə bilər”.

Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov da magistrlərin təhsillərini davam etdirməsinin tərəfdarı olduğunu deyib: “Hər bir gənc öz ölkəsinə borcunu verməlidir. Bunu hər birimiz anlayırıq. Amma bununla yanaşı, təhsilin ardıcıllığı da çox vacibdir. Magistratura pilləsində oxuyan hər bir gənc bizim üçün ona görə qiymətlidir ki, tam şəkildə mütəxəssis kimi formalaşır. Bu mütəxəssisin formalaşdırılması üçün ardıcıl tədris prosesi lazımdır. Mənə elə gəlir ki, magistrlərə möhlət hüququnun verilməsi hələ Milli Məclisdə müzakirə olunacaq, bununla bağlı yekin qərar hələ yoxdur”.

Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov magistraturaya daxil olan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi barədə suala, APA-nın məlumatına görə, belə cavab verib:

Möhlət hüququndan bir dəfə bakalavr pilləsində istifadə olunur. İkinci mərhələdə qanun buna icazə vermir. Təhsil Nazirliyi də bununla razılaşır."

O daha sonra deyib: "Heç bir normal Azərbaycan oğlanı hərbi xidmətdən boyun qaçırmır. Həqiqi hərbi xidməti başa vurandan sonra təhsili davam etdirmək mümkündür”.

Dekabrın 1-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanun layihəsi müzakirə olunacaq.

Bu qanun layihəsi Azərbaycanda magistraturada oxuyanlara həqiqi hərbi xidmətdən möhlət hüququ verilməsini nəzərdə tutmur. Bunu Trend-ə komitənin üzvü Zahid Oruc bildirib.

"Bir çoxları, xüsusi olaraq magistr mərhələsi üçün təhsilin fasiləsizliyini nəzərə alaraq və bunun konstitusion prinsip olduğunu qeyd edərək, magistrlərə yenidən möhlət hüququnun veriləcəyini gözləyirdilər. Bu inamı gücləndirən amillərdən biri də Azərbaycan prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının qurultayı zamanı çıxışı idi. Elmi sahədə gələcək alimlərin formalaşması, dediyimiz arasıkəsilməzliyin təmin olunması, alimlərin orta yaş həddinin kifayət qədər yuxarı olmasını nəzərə alaraq, bu məsələyə - yəni magistraturada oxuyanlara yenidən belə bir hüququn verilməsi müddəasına baxılacağı fikri vurğulanmışdı”.

Zahid Oruc hesab edir ki, sənədin hazırlanması zamanı bu müddəalar nəzərə alınmalı idi.

Sənəddə hərbi çağırışın sayının azaldılması ilə bağlı müddəa da yer almayıb.
Millət vəkili deyib ki, yeni layihədə də hərbi çağırışın ildə 4 dəfə aparılması nəzərdə tutulub.

"Azərbaycan əhalisinin sayı imkan verir ki, hərbi çağırış 2 dəfə aparılsın. Komplektləşməyə xələl gəlirsə, yeni çağırışçıların öz dislokasiya yerinə çatması, əvvəlkilərin tərxis olunması ilə bağlı uzlaşmada problemlər yaranırsa, onun təminatı yollarını təkmilləşdirmək lazımdır.

Problemi 4 dəfə çağırış həyata keçirməklə həll etmək doğru deyil", - komitə üzvü deyib.

Oruc hesab edir ki, parlamentin iclaslarında və komitədə müzakirələrdə hərbi çağırışın sayının azaldıması məsələsi müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG