Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:45

Metroda gediş haqqı niyə qaldırıldı?


Metro stansiyalarda divardan asılmış bildiriş: kartlara dörddən artıq gediş yükləmək mümkünsüzdür
Metro stansiyalarda divardan asılmış bildiriş: kartlara dörddən artıq gediş yükləmək mümkünsüzdür
Metroda gediş haqqının artırılacağı barədə qərar paytaxt sakinləri arasında ajiotaj yaradıb. Noyabrın 29-da metro stansiyalarında gediş haqqı artmamış kartlarına mümkün qədər çox gediş yükləmək istəyən əhali Bakı Metropoliteninin daha bir sürprizi ilə rastlaşıb. Stansiyalarda divardan asılmış bildirişdən bəlli olub ki, kartlara dörddən artıq gediş yükləmək mümkünsüzdür. Metronun Elmlər Akademiyası, Nizami və sair stansiyalarında söhbətləşdiyimiz sakinlər hesab edirlər ki, hökumət bu addımı ilə imkansız əhalinin vəziyyətini daha da ağırlaşdırır. Bakı sakini Hökumə Mikayılova deyir ki, əhali ilə bu cür rəftar etmək olmaz:

«4-dən artıq satmırlar ki, gələn aydan artıq 20 qəpikdən alaq metro gedişini. Hökumət bizdən xeyir götürmək istəyir. Bizə yaşamağa imkan vermirlər də. Belə olmaz axı. Qərar qoyub ki, 4 dənə yükləmək olar. Camaatla nəyə görə belə rəftar edirlər? Səbəb odur ki, insanları yaşamağa qoymasınlar. Məqsəd kasıbları öldürməkdir...»

SƏBƏB – ƏHALİNİN KÜTLƏVİ METROYA AXIŞMASIDIR

Metropolitenin kassalarında çalışan əməkdaşları isə AzadlıqRadiosuna açıqlamalarında bildiriblər ki, bu addımı atmağa metropoliten rəhbərliyi göstəriş verib. Səbəb kimi də əhalinin qiymət artımı ilə əlaqədar kütləvi şəkildə stansiyalara axışması göstərilir.

Metronun Elmlər Akademiyası stansiyasının kassasında çalışan Tamam Qasımova deyir ki, gediş haqqına limit qoyulması ilə bağlı müraciət edən o qədərdir ki, səhərdən hamısına cavab verməkdən yorulublar:

«Səbəbini müdiriyyət bilər. Amma biz səhər işə gələndə gördük ki, bir karta 4 gedişdən artıq yükləmək olmaz. Azalsa üstünə yükləyə bilərlər. Ona görə də müraciət edən sərnişinlərə deyirik ki, indi balansda qalan pulunuz, ayın 1-dən sonra gediş yükləyəndə onun üzərinə gələcək».

Metropoliten rəhbərliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

DOTASİYA SİYASƏTİ

Əli Həsənov
Əli Həsənov
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakı Metropolitenində gedişhaqqının artması ilə bağlı «Trend» informasiya agentliyinə açıqlamasında deyib ki, «dünyada metronun ən aşağı qiyməti Azərbaycandadır. Əlbəttə, biz anlayırıq, başa düşürük ki, metro da, avtobus da sosial nəqliyyatdır və əhalinin daha çox yoxsul təbəqəsi bu nəqliyyat vasitələrindən istifadə edir. Amma buna baxmayaraq, dövlət bu sahəyə nə qədər dotasiya yönəltsə belə, metro əgər öz xərclərinin bir qismini ödəmirsə, o zaman indiki dünya bazar iqtisadiyyatı şəraitində metro saxlamağın heç bir əhəmiyyəti yoxdur və bu metronu saxlamaq da qeyri-mümkündür».

Əli Həsənov deyib ki, dövlət burada yenə dotasiya siyasətini saxlayır: «Amma müəyyən mərhələyə qədər hesab edirik ki, 20 qəpik ədalətli qiymətdir və bu, metroda həm xidmətin yaxşılaşmasına təsir edəcək, həm də onun dotasiyasını müəyyən qədər yüngülləşdirəcək».

ƏSL SƏBƏB – GÖZLƏNƏN MAAŞ ARTIMIDIR?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat İqbal Ağazadə isə hesab edir ki, hökumətin metroda gediş haqqını artırması heç də metronun rentabelli olub- olmaması, yaxud xərclərinin çoxluğu ilə bağlı deyil. Çünki Bakı Metropolitenində həm yeni stansiyaların açılması, həm də yeni vaqonlar və avadanlıqların alınması hər il məhz büdcədən dotasiyalar hesabına həyata keçirilir. Sərnişindaşımaların qiymətində də yaranan fərqi həmişə dövlət ödəyir. İqbal Ağazadənin fikrincə, bu addım 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan maaş və təqaüd artımından yaranacaq pul kütləsinin əhalidən geriyə yığılmasına və inflyasiyanı nəzarətdə saxlamağa daha çox hesablanıb. Belə ki, maaşların artırılması üçün 2012-ci il dövlət büdcəsində təxminən 8 mln manat vəsait nəzərdə tutulub:

İqbal Ağazadə
İqbal Ağazadə
«Müxtəlif dönəmlərdə bu cür addımlar atılıb. Hökumətimiz insanların yaxşı yaşamasından daha çox öz durumunu və hakimiyyətdə qalmasını təmin etmək istəyir. Ona görə də elə siyasət yürüdür ki, əhali kütləvi surətdə qazanıb yaşayışını təmin edə bilmir, həm də əhaliyə sanki göstərir ki, həm maaşları artırır, büdcə durmadan böyüyür, digər tərəfdən də bu vəsaitləri əhalinin əlindən alıb həm də bazara nəzarət edir. O cümlədən də inflyasiyanı bu və ya digər yollarla tənzimləyir».

İqbal Ağazadə deyir ki, hökumət istefa verməlidir. Çünki, pul–kredit siyasətini, bütövlükdə maliyyə sistemini düzgün hesablamadan yanlış iqtisadi siyasət həyata keçirir. Onun fikrincə, hökumətin iqtisadi-siyasi doktrinası yoxdur. O, indiki durumunda cari problemləri həll edən bir hökumətə oxşayır.

Azərbaycan Tarif Şurası dekabrın 1-dən Bakı Metropolitenində gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması barədə qərar verib.
XS
SM
MD
LG