Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:32

Stalinin Amerikaya qaçıb, atasından imtina edən qızı öldü


Svetlana Alliluyeva, 1984-cü il, Moskva
Svetlana Alliluyeva, 1984-cü il, Moskva
Sovet diktatoru İosif Stalinin yeganə qızı Svetlana Alliluyeva – Lana Peters ABŞ-da, Wisconsin ştatında 85 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Svetlana Alliluyeva Soyuq müharibənin ən qızğın çağında 1967-ci ildə ABŞ-a qaçmışdı. Öz atası və kommunist rejimindən imtina elədiyini açıqlamışdı. Və bu o dövr üçün böyük qalmaqal idi. 1967-ci ilin aprelində New-Yorkda verdiyi mətbuat konfrasndıa Svetlana Stalina deyirdi:

"Təbii ki, mən bir çox şeyləri qəbul etmirəm. Amma düşünürəm ki, Mərkəzi Komitədə və Politbüroda olan bir çoxları mənim atamın ittiham olunduğu şeylərə görə məsuliyyət daşıyırlar. Və mən hesab edirəm ki, bütün bu qətllərə, repressiyalara, ədalətsizliyə görə partiya, rejim və bütövlükdə idealogiya məsuliyyət daşıyır".

Svetlana öz həyatı barədə iki memuar dərc edəndən sonra ABŞ-da varlanır. 1970-ci ildə Amerikada William Peters adlı memarla ailə qurur.

1953-cü ildə Stalinin ölümündən sonra Stalina soyadından imtina edən Svetlana Alliluyeva familiyasını daşımağa başladı.

Amma onu tanıyanlar deyirlər ki, Svetlana Amerikaya qaçmaqla da atasının kölgəsindən qurtula bilməyib. Daim heç kimin tanımadığı, sakit həyat yaşamaq istəsə də hər zaman onu ya Stalinin qızı, ya da Sovet İttifaqını satan vətən xaini kimi xatırlayıblar.

SSRİ-nin başqa bir lideri Nikita Khrushchevun oğlu Sergei Khrushchev deyir ki, şəxsən tanımasa da, ömrü boyu Svetlanaya yazığı gəlib.

"Onun həyatı çətin olub. Svetlana ümumilikdə çox faciəvi bir fiqur idi. Öncə Stalinlə yaşamaq, sonra da Stalinin kölgəsindən qurtula bilməmək çətindir. Mən də atamın kölgəsində yaşamışam, amma mənimki Stalindən fərqli şəxsiyyət olub. O isə, tiran, diktaror, cinayətkar sayılan birinin kölgəsində yaşamağa məcbur idi".

Stalinin qızı ABŞ-a qaçanda iddia edir ki, qaçışın səbəbi onun yaxın əlaqələrdə olduğu Hindistan kommunisti Brijesh Singhin incidilməsi olub. Svetlana Singh haqda əri kimi danışsa da, onlara heç vaxt evlənməyə imkan verilməyib.

Svetlananın ABŞ-a mühacirət eləməsi Soyuq Müharibə dövründə Qərbin böyük uğuru, kommunizmin ağır itkisi sayılırdı. Çünki hər kəs fikirləşirdi ki, əgər diktatorun qızı da qaçırsa, deməli nəsə var.

Svetlananın SSRİ-dən qaçmasına görə istintaq başlandı. Və buna imkan verdiyi üçün o vaxtki KQB-nin rəhbəri Vladimir Semichastny Politburo tərəfindən qurban seçildi və işdən çıxarıldı.

Svetlana ABŞ-a köçəndən sonra Stalinlə yaşadığı anları vəsf edən “Dostuma 20 məktub” adlı xatirələrini dərc etdirdi. Kitab qısa bir zamanda bestsellerə çevrildi.

Amma kommunizmi və Sovet rejimini tənqid eləsəməsinə baxmayaraq Svetlana 1984-cü ildə Moskvaya qayıtdı. Bu dəfə onun vətəndaşlığını da bərpa elədilər. Ancaq cəmi 1 ildən sonra yenə qaçdı və Amerikaya qayıtdı.

2008-ci ildə “Svetlanayla Svetlana haqda” sənədli filmə çəkiləndə demişdi ki:

“Camaat deyir “Stalinin qızı, Stalinin qızı”. Sanki mən əlimdə tüfəng gəzib bütün amerikalıları vurmalıyam. Bu tərəfdə də deyirlər, “yox, o amerikaya qaçıb, ABŞ vətəndaşıdır. Sanki mən əlimdə atom bombasını sizə tuşlamışam. Yox, mən nə buyam, nə o. Mən haradasa bu ikisinin ortasındayam, amma harada – camaat bunu anlamır”.

Svetlana Alliluyeva - Lana Peters həyatı boyu 3 dəfə ailə qurub. 1945-ci ildə ailə qurduğu Grigory Morozovdan İosif adlı oğlu da dünyaya gəlib. Amma oğlu özündən əvvəl dünyasını dəyişib.

1949-cu ildə Yury Zhdanovla evlənib və Yekaterina adlı qızı olub.

1970-ci ildə isə amerikalı memar William Wesley Peterslə ailə qurub və Olga adlı qızı var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG