Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:44

Ayətullaların dedikləri Azərbaycan üçün təhlükə ola bilərmi?


Fərid Bağırov
Fərid Bağırov

«Fətvaları İranın rəsmi şəxsləri versəydi, narahatlığa əsas olardı»

“İran Ayətullalarının Azərbaycanla bağlı dediklərini şişirtmək lazım deyil”. Bunu “İslam və demokratiya” verilişinin qonağı, dinşünas Fərid Bağırov deyir.

Verilişdə son vaxtlar bir sıra İran Ayətullalarının Azərbaycana qarşı bəyanatları ilə bağlı müzakirə aparılıb. Fərid Bağırov hesab edir ki, Azərbaycanla bağlı fətvalar İranın rəsmi şəxsləri tərəfindən verilsəydi, o zaman deyilənləri dövlət işinə müdaxilə kimi qiymətləndirmək olardı.

RUHANİNİN NƏSƏ DEMƏYİNDƏ PROBLEM YOXDUR

“Bir ruhaninin şəxsi mövqeyini bəyan etməsində problem, ya da ciddi təhlükə görmürəm. Biz də aradabir İranla bağlı narazılığımızı bildiririk”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdir müavini Nahid Məmmədov isə bu fikirlərlə razılaşmır. Onun fikrincə, bu cür bəyanatların kəskin forması narahatlıq doğurmalıdır:

“Bəyantlardan birində Azərbaycana qarşı cihadın elan edilməsindən söhbət gedirdi. Nəzərə alın ki ,İran teokratik dövlət quruluşuna malikdir. Ölkə idarəçiliyi respublika tipli olsa da, ali idarə din rejiminin əlindədir. Ali dini rəhbərin məscidlərə təyin etdiyi şəxslər onun birbaşa səlahiyyətli nümayəndələridir”.

FƏTVALAR ÖTƏN İLDƏN BAŞLAYIB

Komitə nümayəndəsi deyir ki, Azərbaycana qarşı bu proses ötən ildən başlayıb. Həmin vaxt ölkədə bəzi məscidlərin sökülməsindən sonra Azərbaycan əleyhinə müəyyən bəyanatlar səsləndirilməyə başlanılıb.

“Onlar Azərbaycanda baş verən hadisələri məcrasından çıxarmağa çalışırlar. Dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyə dəyişiklikləri İslama qarşı, xüsusilə də şiəlik məzhəbinə qarşı atılmış addım kimi dəyərləndirirlər”.

GÜNAH QAFQAZ MÜSƏLMANLAR İDARƏSİNDƏDİR?

Fərid Bağırov isə hesab edir ki, İran dini xadimlərinin Azərbaycana qarşı çıxışlarının artması səbəblərindən biri –Qafqaz Müsəlmanlar İdarəsinin fəallığının azalması ilə əlaqədardır.

Nahid Məmmədov
Nahid Məmmədov
“Bu idarənin onların istədiyi şəkildə fəaliyyət göstərmədiyini düşünürlər, bu işi görməyi öz vəzifələri hesab edirlər. Ola bilsin ki Azərbaycanı məzhəb baxımından İranın himayəsi altında görürlər və ona görə də müdaxilə etmək məcburiyyətində hiss edirlər. Digər səbəb - Cənubi Azərbaycandakı insanların Şimala tərəf meyllənməsinin qarşısını almaq ola bilər. Ona görə də bu hökuətin kafir olduğunu iddia edirlər”.

AZƏRBAYCAN ŞİƏ ÖLKƏSİ DEYİL

Şiəliklə bağlı məsələnin tez-tez səsləndiyini deyən Nahid Məmmədov bu səbəbi də qəbul etmir. Onun iddiasına görə, Azərbaycan şiə ölkəsi deyil, müsəlman ölkəsidir. Burdakı 96 faiz müsəlmanın 60 faizi cəfəri məzhəbinə aiddir.

“İran KİV-lərində Azərbaycanla bağlı, xüsusilə də dini sferada yanlış məlumatlar gedir. Onlar Azərbaycanda şiəliyə qarşı bir mübarizənin getdiyini iddia edirlər. Bu, cənubda baş verən milli oyanış hərəkatına təsir göstərir. Hərəkatda aktivlik baş qaldıranda, onlar ən xırda nüansdan yapışıb başqa istiqamətlərə yönləndirməyinə çalışırlar. Bu, qarşılıqlı münasibətlərə nə qədər soyuquq gətirsə də, siyasi rəhbərlik bunların nədən qaynaqlandığın gözəl bilir”.

Qeyd edək ki, məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami mətbuata açıqlama verib. Səfirliyin saytındakı açıqlamaya görə, səfir Azərbaycan İran arasında dostluq münasibətlərinə xələl gətirmək istəyənlər hər iki tərəfdə ola biləcəyini bildirib. Amma onu da qeyd edib ki, bu adamlar heç nəyə nail ola bilməyəcəklər.
XS
SM
MD
LG