Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:29
Nobel mükafatlı yazıçı Mario Varqas Lyosa təklif edir ki, Latın Amerikasında narkotiklərdən istifadə edənlər cinayət məsuliyyətindən azad edilsin.

Meksikada Qvadalaxara Kitab Yarmarkasında iştirak edən yazıçı mətbuata bildirib ki, dövlət narko-cinayətlərlə mübarizədə təkcə silahdan yox. həm də önləyici tədbirlərdən yararlanmalıdır.

Meksikada bir-biri ilə rəqabət aparan narkomafiya qrupları arasında dava son onillikdə güclənib və bu, hər il minlərlə insanın ölümünə səbəb olur. Elə kitab yarmarkasının keçirildiyi Qvadalaxarada ötən həftənin əvvəli 26 meyit tapılıb. Öldürülməmişdən əvvəl onların ağzı tıxanıb və qolları bağlanıb.

Lyosa Meksika prezidenti Kalderonun narkomafiyaya qarşı mübarizəni gücləndirmək siyasətini tənqid edənlərlə razı deyil. O hesab edir ki, bu cür mübarizə olmasa, narkotiklərlə bağlı cinayətlər Latın Amerikasını "narko-qitəyə çevirər".

Amma yazıçının fikrincə, əgər polisin əməliyyatları ciddi nəticələr vermirsə, ayrı mübarizə üsulları haqda da düşünmək lazımdır. Və belə mübarizə üsullarından biri də narkotik maddələrdən istifadəyə görə cinayət məsuliyyətini ləğv etməkdir.

Bu mövqeyi müdafiə edənlər düşünür ki, dekriminallaşdırma narkotik maddələrdən istifadə edənlərin böyük hissəsini indiki kimi dövlətə qarşı çevirməz, narkomafiya sıralarına itələməz. Narkotikdən istifadə onların şəxsi işi olar və həmin insanla cinayətkar kimi yox, müalicəyə ehtiyacı olan şəxslər kimi davranılar.

Lyosa öz yaradıcılığı haqqında da danışıb. Yazıçı bildirib ki, Nobel mükafatı alması ona böyük sevinc gətirib, amma son 1 ildə, yəni mükafatı aldığı vaxtdan bəri o qədər səfərlərdə olub, o qədər tədbirlərə qatılıb ki, çox yorulub. Və indi həyatını normal axara qaytarmaq istəyir.

Lyosa ümid edir ki, ən geci 2012-ci ilin əvvəlində aktiv yaradıcılıq prosesini bərpa edəcək.

"Mənim heç zaman yeni yaradıcılıq layihələri baxımından problemim olmayıb. Mənim problemim vaxt qıtlığı problemidir" - deyən yazıçı Covanni Bokkaççonun "Dekameron"undan ilhamlanaraq yazdığı pyes və yeni roman üzərində işi tezliklə bərpa edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG