Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

Yataqxanada kəndlə şəhərin vəhdəti


Gəncə Dövlət Universitetinə məxsus 3 saylı yataqxana sanki balaca bir kəndi xatırladır. 5-mərtəbəli binanın qarşısında tövlələrdə saxlanılan mal-qara, toyuq cücə səslərinə binanın qarşısında soyuq artezian suyunda növbə ilə paltar yuyan qadınların söhbəti də qarışır.

Ancaq bütün bunlar 3 saylı yataqxananın tam mənzərəsini vermir. Üstəlik, bu binanın 2-ci mərtəbəsindəki Təsviri İncəsənət Kafedrasında 143 nəfər tələbə təhsil alır.

Onlardan biri 2-ci kurs tələbəsi Lalə Alməmmədova deyir ki, yaşayış yeri ilə təhsil ocağının bir yerdə olması dərslərə mane olur. Fakültədə təhsil alan digər tələbələr də məcburi köçkünlər yaşayan yataqxanada təhsil almağın çətin olmasından danışdılar:

«KİRLİ SU TÖKÜRLƏR BAŞIMIZA»

- «İstəyərdik ki, bizə şərait yaradılsın. Molbertlər köhnədir. Avadanlıqlar köhnədir. Mənzərə şəkli olur, təsvir yarada bilmirik. Natəmizlikdir. Keçirik balkondan nəsə tökürlər, kirli su tökürlər başımıza. Aşağıda qoyunlar var».

- «Oxuduğumuz sahə çox maraqlıdır, amma binamız münasib olsa, daha yaxşı olardı. Hərdən burdan qoyunların səsinə səs veririk».

KİTABXANA, KAFEDRA VƏ MƏCBURİ KÖÇKÜNLƏR...

Yataqxananın 1-ci mərtəbəsində isə Gəncə Dövlət Universitetinə məxsus kitabxana yerləşir. 2-ci mərtəbə Təsviri İncəsənət kafedrasına verilib. 3, 4, 5-ci mərtəbələrdə isə Kəlbəcərdən məcburi köçkün düşmüş 100-dən çox ailə yaşayır.

Təsviri İncəsənət kafedrasının müdiri Mərdan Məmmədov deyir ki, bu yataqxanada otaqlar dərslərinin profilinə uyğundur. Təsvir yaratmaq üçün geniş otaqlar və imkanlar var. Tək problem məcburi köçkünlərin yaratdığı ​narahatçılıqlardır:

«ONLAR HEYVAN SAXLAYIB, KƏSİRLƏR»

«Bizim gözəl şəraitimiz var idi. Qaçqınlarla bağlı bizim də çətinliyimiz var. Burda yer genişdir. Bizə də ixtisasla bağlı geniş otaqlar lazımdır. Uşaqlar istədikləri vaxt əlavə məşğələlərə gələ bilirlər. Ancaq təmirlə bağlı problemlər var. Qaçqınlar yuxarıdan su tökürlər. Döşəmə yuyuram deyib ordan su axıdırlar. Bu qaçqınlar harada olsalar, təsərrüfatla məşğul olurlar. Onlar heyvan saxlayıb, kəsirlər. Onun da iyi qoxusu olur».

Mərdan Məmmədov deyir ki, yaxın vaxtlarda kafedranı universitetə məxsus başqa binaya köçürmək barədə planlar var.

Tələbə və müəllimlər kimi, heç burada yaşayan məcburi köçkünlər də bu vəziyyətdən razı deyillər. Elə mikrofonu görən kimi başladılar giley güzara:

«ÇİLƏNİN SOYUĞUNDA YIĞILMIŞIQ BURA, SUYUN BAŞINA»

- «Şəraitimiz pisdir. Zülmdəyik… Gör nə qədər vanna var, üşüyürəm. Xəstə adamam, amma yumalıyıq. Növbə ilə yuyuruq... Çilənin soyuğunda yığılmışıq bura, suyun başına. Kəlbəcər qaçqınıyıq».

- «1 otaqda qalırıq. Cavanlar da subay qalır. Ev yoxdur ki, evlənsin. Oxuyub qurtarmışam, iş yoxdur işləyək. Hara gedirik deyirlər iş yoxdur».

- «Uşaqlarımın azad böyümələrini istəyərdim ki, hər şəraitləri olsun. Oxuduruq şükür... Şəraitimiz çətindir. Arzu edərdik ki, məcburi köçkünlərə ev verilsin».

- «Təhsil yeri ilə yaşayış yeri bir yerdə olmamalıdır. Onlar üçün də yer olmalıdır ki, yaxşı təhsil alsınlar».

Yataqxananın həyətində kimisi dəmir çəpərlərdə, kimisi də elə açıqlıqda qoyun, inək saxlayır. Yataqxana sakini Ramin Hümbətovun da 4 qoyunu var. Deyir ki, dolanışıq üçün təsərrüfatla məşğul olmağa məcburdur:

«OĞURLUQ EYLƏYƏSİ DEYİLİK, YOL KƏSƏSİ DEYİLİK»

«Çətin yaşayırıq. Buralarda fəhləlik eyləyirik. Təsərrüfatla məşğuluq. Heyvan saxlayırıq burda.

- Nə qədər qoyununuz var?

-3-4 dənə. 20-30 ailə qoyunla məşğuldur. 20-30 nəfər bazarda mal satır. Bizim yerimiz yoxdur, yataqxanada yaşayırıq, burda da saxlayırıq. İmkan yaratsalar, gedib bir sahədə saxlayarıq, yer versələr... Məcburuq, neyləyək? Bu da bizim qazanc yerimizdir. Oğurluq eyləyəsi deyilik, yol kəsəsi deyilik, biz də bunla məşğuluq».

Qaçqınlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə şəhər şöbəsinin müdiri Süleyman Abbasov deyir ki, hələlik yataqxanadakı məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulmur. Gələn il ancaq Hacıkənd qəsəbəsində məskunlaşmış məcburi köçkünlərin yeni evlərə köçürülməsi planlaşdırılır.
XS
SM
MD
LG