Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:11
Yaşarın xalq yazıçısı Elçinlə söhbəti

əvvəli burda

YAŞAR – Kitabdan gələn ədəbiyyat və həyatdan gələn ədəbiyyat. Dünyada hər iki ədəbiyyatın nəhəng təmsilçiləri var. Mənim təsəvvürümdə birincilər ağlın (izaholunanın), ikincilər hissin (izaholunmazın) mənzərəsini yaradırlar. Sizin üçün hansı ədəbiyyat daha doğma, daha yaxındır?

ELÇİN – Doğrusunu deyim ki, Yaşar, mənim üçün ədəbiyyatda belə bir bölgü yoxdur. Kitab nədir? Kitab da həyatın ifadəsidir də. Ona görə də kitab ilə həyatı qarşı-qarşıya qoymağı mən heç vəchlə qəbul etmirəm.
Kimdir Servantes, yaxud Tolstoy, yaxud da Balzak, həyatdan gəliblər, yoxsa kitabdan? Höte “Faust”u yazanda nədən bəhrələnib, kitablardan, yoxsa həyatdan? Güman etmirəm ki, bu suallara dəqiq cavab vermək mümkün olsun, çünki bu kontekstdə kitab ilə həyatı bir-birindən ayırmaq mümkün deyil.

Real həyatda rast gəldiyimiz, şahidi olduğumuz hansısa faciəli bir tale, ağır, misgin bir güzəran bizə olduqca təsir edir, ancaq, Yaşar, gəl, baxaq görək, misal üçün “Səfillər”də Kozettanın anası Fantinanın taleyi və güzəranı, yaxud “Nana”nın baş qəhrəmanının həyatı bundan az təsirlidirmi? Yüzlərlə, minlərlə belə misallar gətirmək olar.

Ədəbiyyatda sənin dediyin həmin “izaholunan”la “izaholunmaz” zidd qütblərdə dayanmırlar, sadəcə olaraq, əsas məsələ odur ki, bunların hər ikisi hansı bədii-estetik səviyyədə öz ifadəsini tapıb. Bu baxımdan

Sovet dönəmində hətta Sovet İttifaqında nəşr olunmuş ayrı-ayrı kitabları əldə etmək üçün nə qədər əziyyət çəkirdik. Yadıma gəlir, 1960-ci illərin sonlarında İlyas Əfəndiyev Sartrın Moskvada rus dilində nəşr olunmuş “Pyeslər” kitabını əldə etmək üçün, o zaman yenicə Azərbaycan KP MK-nın katibi vəzifəsində təyin olunmuş Cəfər Cəfərova telefonla zəng etdi.

“izaholunan”ların özləri də zidd qütblərdə dayana bilərlər – bir kitab istedadın bəhrəsidir, o biri kitabda isə buna istedadın gücü çatmır. Eləcə də “izaholunmaz”lar.

Yəqin, sənin yadına gəlməz, sosrealizmin əsas şüarlarından biri bu idi ki, “həyatı öyrənmək lazımdır!” Mən bu barədə əvvəllər də yazmışam. Sosrealizmin “həyatı öyrənmək lazımdır!” çağırışında (əslində isə tələbində!), “həyat” deyəndə sənaye və kənd təsərrüfatı müəssisələrində istehsal prosesi nəzərdə tutulurdu, traktorun, yaxud baramanın, yaxud da mal-qaranın hansı vəziyyətdə olması və onlara necə qulluq edilməsi həyat hadisələrini əvəz edirdi. İlyas Əfəndiyev deyirdi ki, həyatı öyrənmək yox, həyatı hiss və imkan daxilində dərk etmək lazımdır. Ona görə “imkan daxilində” ki, həyatın tam, mütləq dərki mümkün olan bir iş deyil.
Ədəbiyyatın yaranmasında həyat ilə kitab müttəfiqdirlər, teatr təbiri ilə desək, tərəf-müqabildirlər.

YAŞAR – Sizcə hansısa bir bədii əsər insanın həyatını dəyişə, onun taleyinə təsir edə bilərmi? Bu funksiyanı müəyyən mənada sosialist realizmi öz üzərinə götürmüşdü. Bu cərəyan sovet oxucusuna onun necə, hansı ideallarla yaşamalı olduğunu kifayət qədər aşılayır və təlqin edirdi. Yəqin elə bu səbəbdən də bu mutant ədəbiyyatın (təbii ki, istisnalar olmaq şərtilə) yaratdığı cəmiyyətin özündə də bir mənəvi mutasiya prosesi getdi. İnsan insanlıqdan tam çıxmasa da, xeyli uzaqlaşdı. Niyə belədir? Sizcə, insanlar niyə bəşəri əsərlərdən çox ideoloji əsərlərin mütaliəsinə meyllidirlər? Doğrudanmı Furmanovun Çapayevi, Dostoyevskinin Raskolnikovundan daha cəzbedicidir?

ELÇİN – “Gənc Verterin iztirabları”ndan sonra az qala bütün Avropanı intihar dalğası bürümüşdü. Hətta gənc Bonapart da bu əsəri oxuduqdan sonra elə təsirlənmişdi ki, intihar etmək istəyirdi. Düzdür, sonralar Höteni qəbul edərkən, ona oturmağı təklif etmədi və qoca Höte bütün qəbul boyu Napoleonun hüzurunda ayaq üstə dayandı...

Ancaq sənin sualına qayıdaq. Əlbəttə, kitab insana təsir edir, bu, şübhəsizdir, ancaq bu təsirin “həyatı dəyişmək”, “taleyə təsir etmək” dərəcəsinə çatmasını söyləmək, güman edirəm ki, şişirdilmiş mülahizə olardı. Əsər – ilkin folklor nümunələrindən üzü bu tərəfə, yarandığı gündən etibarən Xeyir ilə Şərin mübarizəsində yalnız və yalnız Xeyirin müttəfiqi olub. Hərgah əsər “həyatı dəyişmək” qüdrətindədirsə və səmavi kitablarımız varsa, bəşəriyyət “Don Kixot”, “Dekameron”, “Hamlet” kimi dahiyanə əsərlər
YAŞAR

YAŞAR

yaradıbsa, Firdovsinin “Şahnamə”si, Füzulinin “Leyli və Məcnun”u meydana çıxıbsa, onda nə üçün indiyə qədər Xeyir Şərə qalib gəlməyib?
Nə qədər ki, insan yaşayacaq, o qədər də Xeyir və Şər onunla birgə olacaq, çünki bu məfhumların ikisi də hansısa başqa bir planetdə deyil, insanın içində, xislətindədir. Şeytan da oradadır, mələk də (hərçənd elə Şeytanın özü də mələkdi). Sadəcə olaraq, əsər Xeyirin mahiyyətini açmağa, minilliklər boyu Xeyirin nə olduğunu dərk etməyə və etdirməyə çalışır.

O ki, qaldı, sənin sualının ikinci hissəsinə, yəni Çapayevin Raskolnikovdan daha cəzbedici olmasına, məncə, bu yerdə bir az hissə qapılırsan. Mənim unudulmaz dostum, rəhmətlik Araz Dadaşzadə deyirdi ki, yaxşı və pis kitab olduğu kimi, yaxşı və pis oxucu da var. Mən bu fikri bir az da açmaq istəyirəm və əvvəllər də bu barədə yazmışam: istedadlı və istedadsız kitab olduğu kimi, istedadlı və istedadsız oxucu da var və mən güman etmirəm ki, sovet dönəminin ən mürtəce çağlarında belə, Çapayev həmin istedadlı oxucu üçün Raskolnikovdan cəlbedici görünsün.

O başqa məsələ ki, Sistem çapayevləri kütlə psixolojisinin (və zövqünün!) bədii-estetik atributuna çevirməyə çalışırdı. Ancaq nə oldu? Sistemin yetmiş illik cidd-cəhdi boşa çıxdı, çünki belə bir cəhd sənətin təbiətinə yad idi və sosrealizm bunu dərk etmirdi. Dərk etmək istəmirdi desəm, elə bilirəm, daha dəqiq olar.

YAŞAR – Təbii ki, notu bilmək bəstəkar üçün nə qədər vacibdirsə, mütaliə də yazıçı üçün bir o qədər önəmlidir. Mütaliəsi zəif olan yazıçını hansısa böyük əsər çox asanlıqla öz təsiri altına sala bilir. Mütaliəsi zəif olanın hardasa yazı immuniteti də zəif olur. Çox oxumuşu isə heyrətləndirmək mümkün olsa da, yolundan azdırmaq müşkül məsələdir. Azərbaycanın ən oxumuş yazıçılarından biri kimi bu sualın cavabını Sizin dilinizdən eşitmək maraqlı olardı. Elçin müəllim, kitab, işi məhz onu yazmaqdan ibarət olan yazıçı üçün nə deməkdir?

ELÇİN – Başqalarını bilmirəm, şəxsən mənim üçün kitab həyat tərzidir. Sovet dönəmində hətta Sovet İttifaqında nəşr olunmuş ayrı-ayrı kitabları əldə etmək üçün nə qədər əziyyət çəkirdik. Yadıma gəlir, 1960-ci illərin sonlarında İlyas Əfəndiyev Sartrın Moskvada rus dilində nəşr olunmuş “Pyeslər” kitabını əldə etmək üçün, o zaman yenicə Azərbaycan KP MK-nın katibi vəzifəsində təyin olunmuş Cəfər Cəfərova telefonla zəng etdi.

Moskvada, Kuznetski mostda SSRİ Yazıçılar İttifaqının “Yazıçı köşkü” adlı kitab dükanı var idi və Platonovun, Bulqakovun, Prustun, Sartrın, Folknerin və b. rus dilində nəşr olunmuş kitabları orada xüsusi siyahı ilə satılırdı. Hər dəfə mən adımı o siyahılara saldırmaq üçün SSRİ Yazıçılar İttifaqının katiblərinə, ən çox da tənqid üzrə katib Vitali Ozerova – onunla yaxşı münasibətim yaranmışdı – müraciət edirdim. Bakıda olanda isə hansısa kitabın sorağını alıb, SSRİ Yazıçılar İttifaqında təsərrüfat işində işləyən, ancaq İttifaqın “sütunlarından” biri olan Valentina Fyodrovna Paşkeviçə telefon açırdım və bu tipli işlərdə (o cümlədən, Moskvaya gedəndə yaxşı mehmanxana nömrəsinə nail olmaqda, yaxud qatara, təyyarəyə bilet almaqda) həmişə mənə “təcili yardım” köməyi göstərən bu yaşlı, ancaq çox enerjili və diribaş qadından xahiş edirdim, o da həmin kitabı alıb saxlayırdı, Moskvaya gedəndə ondan götürürdüm.

Bir hadisə yadıma düşdü. 1979-cu ilin qışında, o vaxta qədər xəstəliyin nə olduğunu bilməyən İlyas Əfəndiyev birdən-birə ciddi xəstələndi və heç bir vəzifəsi, hətta partiyanın üzvü belə olmadığı halda, Heydər Əliyevin biləvasitə müdaxiləsi və köməyi ilə “Kreml xəstəxanası” kimi tanınan SSRİ Mərkəzi Klinik Xəstəxanasında müalicə olunmağa getdi. O vaxt mən də, qardaşım Timuçin də üç aydan artıq bir müddət Moskvada qalası olduq.


Bu həmin vaxt idi ki, dissident ədəbiyyatı artıq hakim ideologiyanın böyük qayğısına çevrilmişdi, “samizdat”ın makinada çap etdiyi əsərlər, “tamizdat”ın nazik kağızda və yumşaq cilddə nəşr etdiyi kitablar (onları sərhəddən keçirmək asan olurdu) Moskvanın müəyyən elitar ədəbi dairələrində geniş yaılmışdı, Vasili Aksyonovun redaktəsi ilə “Metrapol” jurnalı “samizdat”da çap olunmuş və çoxaldılmışdı, bu jurnalın gənc müəllifləri Yevgeni Papov və Viktor Yerofeyev SSRİ Yazıçılar İttifaqından çıxarılmışdı, onlara görə də Vasili Aksyonov, bakılı İnna Lisyanskaya və Semyon Lipkin özləri bəyənat verərək Yazıçılar İttifaqından çıxmışdılar. Bir sözlə, qeyri-leqal ədəbiyyat və ədəbiyyat hadisələri leqal ədəbiyyatı və ədəbiyyat hadisələrini əməlli-başlı üstələməyə başlamışdı.

Görkəmli tərcüməçimiz və mənim də dostum Azər Mustafazadə (indi Azərnəşrin müdiri vəzifəsində çalışır) o zaman Moskvada yaşayırdı və SSRİ Yazıçılar İttifaqında bizim ədəbiyyatmız üzrə məsləhətçi işləyirdi. SSRİ Yazıçılar İttifaqının təşkilat işləri üzrə katibi, əslində isə İttifaqın faktiki rəhbəri Yuri Nikolayeviç Verçenko idi. Verçenko yazıçı deyildi, partiya funksioneri kimi İttifaqa göndərilmişdi. SSRİ Yazıçılar İttifaqının qalın sorğu kitabına (üzvlərin ünvanları, telefonları) kinayə ilə “Verçenkonun bircildliyi” deyirdilər və bu nəhəng vücudlu, həm də təbiəti etibarilə xeyirxah adam Moskvanın rəsmi dairələrində sanballı nüfuz sahibi idi.

Mən daha sanballı olsun deyə, Azəri, eləcə də Verçenkonun müavini Kim Selixovu da özümlə götürüb, Yuri Verçenkonun kabinetinə getdim və birlikdə ondan xahiş etdik ki, Lenin adına Mərkəzi Dövlət Kitabxanasında (“Leninka” deyirdilər) “qapalı kitabları” oxuya bilməyim üçün mənə kömək etsin. Dünyanın hər üzünə yaxşı bələd olan Verçenkonun qalın dodaqlarına ironiyalı bir təbəssüm qondu, elə o təbəssümlə də bir söz demədən mənə baxdı, sonra “VÇ” telefonunun (bütün ölkə üzrə yüksək dövlət məmurlarının biləvasitə əlaqə telefonu) dəstəyini qaldırıb Lenin Kitabxanasının Baş direktoru Nikolay Semyenoviç Kartaşovla (sonralar mənim bu böyük kitabşünas ilə çox ilıq münasibətlərim yarandı və o, 90-cı illərə qədər həmin vəzifədə çalışırdı) danışdı, həmin ironiyalı təbəssümlə mənim, yəni Azərbaycan Yazıçılar İttifaqının gənc katibi Elçinin ideyalı bir yazıçı olduğunu, SSRİ Yazıçılar İttifaqının sifarişi ilə antisovet ədəbiyyatı ifşa edən kitab üzərində işlədiyini (!) dedi, uzun sözün qısası, siyasi zəmanətimi verib, icazəmi aldı.

Səhər mən Verçenkonun rəsmi məktubu ilə Kartaşovun qəbuluna getdim və o üç ayda xəstəxana qayğılarından kənar vaxtlarımın əksəriyyəti Lenin kitabxanasının aspirantlıq dövrümdən mənə yaxşı tanış olan oxu zalında oturub, inqilaba qədər Rusiyada, sonralar isə xaricdə, əsasən də Fransada və ABŞ-da rus dilində nəşr olunmuş kitabları oxumaqla keçdi.
V. Artsıbaşevin “Sanin”, Andrey Belıyın “Peterburq”, M.Aldanovun “Onuncu simfoniya” və “Açar”, B.Zaytsevin “Anna”, V.Nabokovun “Lolita” və “Lujin müdafiəsi”, A.Soljenitsının romanlarını, V.Xodaseviçin Derjavin haqqında kitabını – ilk olaraq xatırladığım kitabların adını çəkirəm – A.Remizovun, N.Teffinin, A.Verbitskayanın, N.Berberovanın, Z.Qippiusun və başqalarının əsərlərini, hətta 60-cı illərdə gürultulu məhkəmə proseslərinin qəhrəmanları Yuli Danielin “Danışır Moskva”sını və Andrey Sinyavskinin “Lyubimov”unu da orada oxudum və mənə məlum oldu ki, bir küll halında bu müəlliflərsiz XX əsr rus ədəbiyyatını, əslində isə XX əsr dünya ədəbiyyatını tam təsəvvür etmək
"Doktor Jivaqo"nun ilk nəşri, 1957

"Doktor Jivaqo"nun ilk nəşri, 1957

mümkün deyil. İ.Buninin və A.Kuprinin əsərləri isə artıq Sovet İttifaqında nəşr olunurdu. Yeri düşmüşkən onu da deyim ki, Lev Trotskinin Stalin haqqında məşhur kitabını da – rus dilində ikicildlik Nyu-York nəşri idi –mən ilk dəfə orada oxudum.

“Doktor Jivaqo”nu isə mən “samizdat”ın didilib əldən düşmüş əlyazmasında (yəni yazı makinasının çap etdiyi vərəqlər şəklində) oxumuşdum və bu əlyazmanı oxumaq üçün mənə Vitali Ozerovun həyat yoldaşı, “Yunost” jurnalında nəsr şöbəsinin müdiri, yüksək savada, zövqə və mədəniyyətə malik olan Meri Lazerevna Ozerova vermişdi. Orasını da deyim ki, o ajiotaj ki, “Doktor Jivaqo”nun ətraffında qaldırılmışdı, roman mənə o dərəcədə təsir etmədi. Daniel ilə Sinyavskinin yazdıqları isə, ümumiyyətlə, mənim xoşuma gəlmədi.

“Yunost”un adını çəkdim, yadıma düşmüşkən, onu da elə burada qeyd edim ki, ilk gənclik çağlarımda həmin jurnalda oxuduğum Vasili Aksyonovun “Mərakeşdən gəlmiş portoğallar” povesti mənə çox təsir etmişdi və bu gün – üstündən az qala əlli il keçdikdən sonra o povestin təfsilatını xatırlamasam da, o təsirin məndə oyatdığı ruh yüksəkliyini, yazmaq həvəsini yaxşı xatırlayıram.

Rus ədəbiyyatının bədii-estetik və bədii-fəlsəfi siqləti çox ağır çəkilidir, ancaq təəssüflər olsun ki, bu gün biz rus ədəbiyyatından uzaqlaşırıq. Mən həm ədəbi prosesdə, həm də elmi tədqiqatlarda bu təmayülü artıq aydın görürəm və bu, çox pisdir, çünki Aleksandr Puşkindən başlamış bu gün yazıb-yaradan Valentin Rasputinə qədər rus ədəbiyyatı ən böyük bəşəri sərvətlərdən biridir və biz hələ ki, onu orijinalda oxuya bilirik. Bu mühüm mövqeni əldən vermək olmaz.

Düzdür, bəhs etdiyim dövrdə, yəni SSRİ-də, xüsusən rus dilində klassik dünya ədəbiyyatı böyük tirajlarla nəşr olunurdu və bu ədəbiyyatı oxumaqda heç bir problem yox idi, ancaq bununla bərabər, yuxarıda xatırladığım epizoddan da yəqin aydın olur ki, kitab qıtlığı var idi. İndi isə Azərbaycan dilində, rus dilində, başqa dilləri bilənlər üçün isə başqa dillərdə də kitab basqısı var – bilmirsən, hansını oxuyasan. Ancaq ən qəribəsi (və kədərlisi!) odur ki, o zaman kitab daha çox oxunurdu və mənim müşahidələrimə görə daha nüfuzlu idi.

Bilirsən, Yaşar, kitab oxumaq, mütaliə özü özlüyünda böyük bir sənətdir. Kitabdakı personajlara açar deşiyindən də baxmağı bacarmaq lazımdır. Həyatda açar deşiyindən baxmaq – ləyaqətsiz bir şeydir, ancaq mütaliədə – yox, çünki mütaliədə olan dərəcədə məhrəmlik, əgər belə demək mümkünsə, məhrəm intimlik – həyatda yoxdur.

Yazı immunitetinə gəldikdə isə, güman edirəm ki, burada da hər şeyi istedad həll edir. Bəlkə də istedadın dərəcəsi desəm, daha dəqiq olar. Hətta epiqon ədəbiyyatın özü də istedad tələb edir.

Yaşar, biz “Yunost”dan danışdıq, bir əhvalat da yadıma düşdü və düzdür, biləvasitə sənin sualınla bağlı deyil, ancaq güman edirəm ki, bizim söhbətimizin ümumi kontekstində maraqlı ola bilər. 1977-ci ildə mənim “Bir görüşün tarixçəsi” (“Gümüşü furqon”) povestim rus dilində o dövrün ən nüfuzlu və populyar sovet ədəbi jurnallarından biri olan həmin “Yunost”da çap olundu. Jurnalın baş redaktoru məşhur sovet ədəbiyyat generalı, bütün Sovet İttifaqında məktəb dərsliklərində öyrənilən “Əsil insan haqqında povest” əsərinin müəllifi Boris Polevoy idi. Bu əsər Sovet İttifaqı Qəhrəmanı, müharibə vaxtı iki ayağını itirdikdən sonra da qırıcı təyyarə sürərək şücaətlər göstərən nümunəvi kommunist Aleksey Maresyev haqqında idi. Dediyim kimi, Sistem Boris Polevoya ədəbiyyat generalı “rütbəsi” vermişdi, döşü deputat, Dövlət mükafatı laureatının nişanlarından tutmuş, ən yüksək sovet orden-medallarıyla dolu idi, ancaq onun çox sadə şəxsiyyəti (və ciddi redaktorluğu!) elə idi ki, özünü ədəbiyyatın generalı yox, ədəbiyyatın əsgəri hesab edirdi və “Yunost” da mahiyyət etibarilə Sistemin yox, ədəbiyyatın orqanı idi, modern rus ədəbiyyatının gələcək böyük yazıçıları Aksyonovun, Qladilinin və b. əsərləri məhz bu jurnalda çap olunurdu.

Uzun sözün qısası, Boris Polevoy mənim üçün tamam gözlənilməz olaraq, “Yunost” jurnalının redaksiyası adından “Bir görüşün tarixçəsi”ni
Jean-Paul Sartre

Jean-Paul Sartre

Azərbaycanın Dövlət mükafatına təqdim etmişdi. Eyni zamanda, bu namizədliyi müdafiə etməsi üçün Dövlət Mükafatları Komissiyasının sədri İmran Qasımova şəxsi məktub yazmışdı. Sonralar rəhmətlik İmran Qasımov o məktubu mənə bağışladı və İmran müəllimə ünvanlanmış həmin məktub indiyə kimi də mənim arxivimdədir.

O zaman ədəbiyyatşünas Xeyrulla Əliyev bizim MK-nın mədəniyyət şöbəsində ədəbiyyat bölməsinin müdiri vəzifəsində işləyirdi və yeri düşmüşkən deyim ki, o, uzun müddət həmin vəzifədə partiya funksionerindən qat-qat artıq dərəcədə gənclərə, o cümlədən də mənə qayğı göstərməyə çalışan, yeniliyi müdafiə edən, Sistemin doqmaları ilə yox, milli hisslərlə yaşayan ədəbiyyat adamı kimi fəaliyyət göstərdi. Şöbənin müdiri isə mərkəzi “İzvestiya” qəzetinin Türkiyədəki keçmiş müxbiri, jurnalist Azad Şərifov idi.
Mən artıq iki il idi ki, Yazıçılar İttifaqının katibi işləyirdim. Dövlət Mükafatlarına namizədlərin siyahısı qəzetlərdə dərc olunmazdan əvvəl X.Əliyev məni MK-ya dəvət etdi və kitabla, cürbəcür qovluqlarla dolu olan kiçik kabinetində mənə dedi: “Bilirsən, şöbənin fikri belədir ki, sən hələ cavansan, sənin üçün hər şey hələ irəlidədir, ona görə də özün namizədliyindən imtina etsən yaxşıdır.”
Açıq-aşkar hiss olunurdu ki, bu söhbət Xeyrulla müəllimin özünün ürəyincə deyil. Şöbə, yəni Azad Şərifov yəqin ki, gələcəkdə Boris Polevoyun narazı qala biləcəyindən ehtiyat edərək, mənim vasitəmlə məsələni həll etmək istəyirdi və sonralar mən bildim ki, bu, şəxsən onun özünün təşəbbüsü idi. Mən dedim ki, namizədlikdən imtina etməyəcəyəm, əgər “Yunost” mənim yazımın namizədliyini irəli sürübsə, mən nə deyib imtina etməliyəm və ümumiyyətlə, niyə imtina etməliyəm. Şöbə bunu istəmirsə, qoy Azad Şərifov özü Boris Polevoya telefonla zəng eləsin, o da namizədliyi irəli sürməkdən imtina etsin.

Xeyrulla müəllim güldü və bununla da söhbətimiz bitdi. “Bir görüşün tarixçəsi” siyahıda dərc edildi, amma mükafat almadı və mən bilmirəm o zaman Azad Şərifov Boris Polevoyla danışmışdı, ya yox. Xeyli sonralar – rəhmətlik Azad müəllim artıq çoxdan vəzifədə deyildi – mən bunu ondan soruşdum. Dedi ki, yadında deyil və ümumiyyətlə, bu əhvalatı xatırlamır. Bəlkə, doğrudan da xatırlamırdı, çünki belə şeylər çox olmuşdu...

YAŞAR – Söz mahiyyəti etibarilə həmişə azaddır, sadəcə azad olmayan cəmiyyətlər var. Azad olmayan cəmiyyətdə isə təbii ki, söz də buxovlar altındadır. Bəlkə burada da müəyyən bir qanunauyğunluq var ki, məhz azad olmayan cəmiyyətlərdə fərdin sözə münasibəti daha cəsarətli, yanaşması daha həssas olur. İllər uzunu zəncirlənmiş sözə birdən-birə azadlıq veriləndə isə eynilə selləmə, daşqın kimi söz də özüylə xeyli çör-çöp gətirir: artıq ehkamlaşmış milli-mənəvi dəyərlər məcrasından çıxır, dəyişir, millət ataları, böyük şəxsiyyətlər qarşı-qarşıya qoyulur və s. Bu proses zamanı, elə bil, sözün enerjisi də tükənir, gücü, qüdrəti azalır. Söz özü də, elə bil, süstləşir, miskinləşir, onun ağayanalığından əsər-əlamət qalmır. Və burdan o yana cəmiyyətdə qəribə bir söz güləşi başlanır. Elçin müəllim, bir yazıçı kimi Sizin üçün söz azadlığı anlayışı nə deməkdir və bugünkü mənzərə sizi qane edirmi?

ELÇİN – Biz sovet dönəmində söz azadlığının nə qədər həsrətini çəkdik! Ancaq bu gün, Yaşar, məlum oldu ki, biz hələ söz azadlığına hazır deyilik və bunu mən çağdaş cəmiyyətimizin və ictimai fikrimizin ən ağrılı yerlərindən biri hesab edirəm.

Saysız-hesabsız qəzetlərə bax: hansısa bir dələduz, yaxud kəmsavad sənin haqqında ağzına gələni deyir və qəzetlər də bunu əsil görməmiş ehtirası ilə çap edir, axırda da petitlə yazır: qarşı tərəfin də təkzibini çap edə bilərik. Söz azadlığı budur? Deməli, həmin “qarşı tərəf” də o dələduzun, ya da kəmsavadın səviyyəsinə enib, bu böhtanları və səfsəfəni bir-bir təkzib etməlidir?

Bu tipli “şok açıqlamalar” bu gün obıvatel üçün Petrarkanın sevimli Laurasına məhəbbəti dərəcəsində bir “sevgi obyektinə” çevrilib. Belə bir mənəvi obıvatel tələbatı Azərbaycan mətbuatındakı “söz azadlığı”nı hara aparacaq?
Mən çox təəssüf edirəm ki, bu cür səviyyə devalvasiyası ədəbi prosesə də daxil olub və baxıb görürük ki, hətta ədəbiyyat adamları da yaxın keçmişimizdə, yəni sovet dövründə yazıb-yaradan ədiblərin yaradıcılığının bədii-estetik qiymətini vermək əvəzinə, onların şəxsiyyətlərini siyasi-inzibati baxımdan “ifşa” edirlər, onlara qarşı absurd ittihamlar verməkdə bir-birlərilə bəhsə girirlər.

Yaxud, bədii ədəbiyyatı götürək.

Sovet dönəmində bədnam “Qlavlit” var idi, onu 1922-ci ildə RSFSR Xalq Komissarları Sovetinin, yəni Vladimir Leninin məşhur dekreti ilə yaratmışdılar. “Qlavlit” ədəbiyyatda milli özünüifadə ilə, sərbəst düşüncə, insani hissiyyatlar, misal üçün, erotika ilə amansız mübarizə aparırdı və bu mübarizədə qolugüclü düşmən idi, qadağalar qoyurdu, ağına-bozuna baxmayaraq, bədii mətndə özbaşına ixtisarlar edirdi, kitabı çapdan çıxarırdı. “Qlavlit” ədəbiyyat tariximizin qara bir səhifəsi kimi arxaya çevrildi, ancaq bu gün biz deyə bilərikmi ki, yenə də misal üçün, elə həmin erotika Azərbaycan ədəbiyyatına hansısa bir zənginlik gətirib?

Hər halda, mənim son illərdə oxuduğum yazılarda rast gəldiyim erotik səhnələr əsas etibarilə ədəbiyyata yox, bayağılığa xidmət edir, çünki bu yazılarda erotika sənət səviyyəsinə qaldırılmayıb.
İctimai fikrin formalaşması baxımından mətbuatda baş alıb gedən yazılara bax. M.F.Axundov, Həsən bəy Zərdabi, Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Abbas Səhhət, Üzeyir bəy , Ömər Faiq Nemanzadə... – müxtəlif siyasi və ədəbi əqidə sahibi olan bu şəxsiyyətləri xalqı maarifləndirmək, cəhalət və nadanlıqla mübarizə aparmaq, milli mənliyi oyatmaq, bir sözlə, millətə xidmət etmək baxımından millətçilik birləşdirirdi.

Bu gün bizim bir çox mətbuat orqanlarımızda milli özünüifadə bu böyük millət xadimlərinin sağlam millətçiliyinə dəxli olmayan qara və nadan millətçiliyə çevrilir. Bu gün ziyalı sözünü dırnağa alıb, onu ifşa etmək ən dəbdə olan mövzulardan biridir: mənim fikirlərimi bölüşürsənsə, sən ziyalısan, bölüşmürsənsə, deməli sən nəinki ziyalı deyilsən, ümumiyyətlə, xalq düşmənisən. Sən müxalifətdəsənsə, deməli, böyük sənətkar etalonusan, yox iqtidarlasansa, onda istedadsızsan! Eləcə də, əksinə.


Knut Hamsun

Knut Hamsun

Bu baxımdan Knut Hamsunun yaradıcılığı və şəxsiyyəti klassik misaldır. Mənim üçün Hamsunun vətəndaş mövqeyi, hansı dövrdə özünü necə aparması, hansı ideologiyanı, hansı qüvvələri dəstəkləməsi və s. sırf sənətkar həyatı və taleyi baxımından maraqlıdır, hətta çox maraqlıdır, ancaq heç vəchlə Hamsun yaradıcılığını, Hamsun sənətini qiymətləndirmək üçün meyar deyil. Meyar – onun əsərlərinin bədii-estetik mündərəcatıdır.
Deyirlər, Viktor Hüqo çox xəsis adam olub. Olsun. Bu, böyük sənətkarın şəxsiyyətinin maraqlı bir cəhətidir. Ancaq əsas – Jan Valjanın səxavəti, yaxud da Tenardiyenin pulgirliyidir.

Ziyalı mövzusunu bu dərəcədə ucuzlaşdırmaq, əslində, xalqı yenidən cəhalət və nadanlığa sürükləməkdir. O cəhalət və nadanlığa ki, yuxarıda adlarını çəkdiyim böyük vətəndaşlar və böyük də qələm sahibləri məhz buna qarşı mübarizə aparıblar. Bəzən hətta onların özlərini də düşmən kimi bir-birləri ilə qarşı-qarşıya qoymaq cəhdlərinin şahidi oluruq.

Götürək, Məmməd Əmin Rəsulzadənin və Nəriman Nərimanovun qarşı-qarşıya qoyulmasını. Bu gün bilən də, bilməyən də əlinə qələm alıb Rəsulzadəni tərifləyir, Nərimanovu isə ifşa edir və bu artıq pis bir dəbə çevrilib, halbuki bu iki şəxsiyyəti birləşdirən cəhətlər onları ayıran cəhətlərdən çox artıqdır. Mən həm Məmməd Əmin bəyi, həm də Nərimanovu tədqiq etmişəm və onların hər birinin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında monoqrafik oçerklər yazmışam, ayrıca kitab kimi nəşr olunublar, hər iki oçerki oncildliyimə də daxil etmişəm.

Nərimanovu və Rəsulzadəni birləşdirən cəhət millətə məhəbbət və bu məhəbbətin ifadəsi kimi, çarizm müstəmləkəçilik siyasətinə, rus imperiya maraqlarına qarşı, cəhalət və nadanlığa, milli-mənəvi ətalətə qarşı apardıqları mübarizə, milli müstəqillik mücadiləsi idi. Onları ayıran cəhət isə bu mübarizə və mücadilənin sonu kimi qələbəyə aparan yolların müəyyənləşdirilməsindəki siyasi mövqe fərqləri idi. Onlar böyük maarifçi, böyük və sağlam millətçi, böyük vətəndaş, eyni zamanda siyasi rəqiblər idi. Bu gün onlardan birinin qaldırılması o birinin kiçildilməsi, birinin tərənnümü, o birinin ifşası hesabına olmamalıdır.

(ardı şələn şənbə)

525-c qəzet

Günün bütün mövzuları

XS
SM
MD
LG