Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:27

Orxan Orxanov. Sovetski cayılı Alik`in şeiri


Sovetski cayılı Alik`in şeiri

40 illik ömrümdə ilk dəfə
məhəllə qəssabının pişiyi öləndə ağladım
ilklər həmişə ağırdı
dözülməzdi ilklər
sonra anam da öldü, atam öldü
sovet dağıldı
qəssabın pişiyi unuduldu
unutdum uşaqkən qırdığım oyuncaqları
unutdun taleyimin qara yazısını

kimin zəriydi sıxılmışdı ovcumda,
kimin taxtasında nərd gedirdi
kimin oyunuydu yıxılmışdıq içinə
çıxa bilmirdik
qalmışdıq eləcə
alışmışdıq zamanla
sona qədər bilmədik, başa düşmədik

əvvəlcə Soveti dağıtdılar,
sonra Sovetskinin bütün pişikləri qeybə çəkildi
bütün göyərçinlər yoxa çıxdı damlarımızdan
qurudu daldalandığım budaqların qara kölgəsi

oxuduğumuz mahnıların sözlərini oğurlamışdı hansısa əclaf
bəlkə də ən böyük əclaf zamanın özüymüş
top-top oynadığımız vaxtlarda
analarımızın “evə gəl” qışqırdığı eyvandan malası tökülərdi,
sonra dişlərimiz tökülməyə başladı ağzımızdan yavaş-yavaş,
bu sürətlə məğlub olmuş əsgərlər döyüşdən geri qayıdır
ölmüş yoldaşları, itmiş avtomatları hesablayırlar
dağlara dağılmış bağırsaqlarını top edərək ovuclarında

böyrəyimi itirdim gözümdən axan yaşların rütubətli otağında
taksilərin sarı rəngi kimi,
yox olan vətənimin qırmızı bayrağı kimi
silindi-getdi hər şey
nadejdanın ağ-qara fotosunu itirdim bu soxhasoxda
aynalar qırıldı, aynalardakı sifətimi tük basdı
hara getdimsə, kimi gördümsə
məndən ölən qonşularımın hal-əhvalını soruşdular

ölüm gəldiyi zaman
yəqin ki, adama nə vaxtsa itirdiyi arzularının gözüylə baxır
nadejdanın mavi gözlərində ölüm
bəlkə qağayılarını itirmiş dəniz sahilinin axşam mənzərəsidir
fit verən o gəminin kapitanı da bəlkə atamdı,
matroslar cərgəsində bəh-bəhlə yediyimiz “nağıl” tortları düzülüb

12 il bu məhlədən bir it uşağı keçmədi
12 il bu məhlədən yad maşınların siqnal səsi eşidilmədi
və bir gün
həyat adamla əl-qolla danışmağa başlayanda
12 ilin haqq-hesabını çəkməyə gələcək
aşağı məhlənin götüpoxlu uşaqları

saçlarıma ilişib qalmış qadın sığallarından təmizlərkən ruhumu
kimsə çırpışdırdı cibimdən qaşlı bıçağımı
pıçıltıyla danışdığımız söhbətlər kino oldu
baxıb güldülər ömrümüzə
bir taxtabaş da mahnı bəstələdi arzularımıza

bəlkə soveti küncdə oturub bizə qulaq asan ağbirçəyin ahı tutdu
bəlkə bəy hamamını köhnə məscidin ölüyuyulan yeriylə üz-üzə tikdiyimizdən gəldik lənətə
şapkalarımız asılan mıxlardan ümidlərimizi vurdular
məhkəməsiz-filansız edam edildi gəncliyimiz
indi susmaq istəyirəm
içimdə ucsuz-bucaqsız ərəb dili var
bilirəm, duaların da bir vaxtı var
tanrı insana yarıbayarı güzəşt edir
saatım da işləmir mənim,
gözüm pis görür,
bəlkə mənə yolu göstərəsən, oğraş?

Günün bütün mövzuları

XS
SM
MD
LG