Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:27

Qulu Ağsəs. Ağaclar hamısı kürəkən, qayın


Ağaclar hamısı kürəkən, qayın
Hansı paxıldısa yamacın, şişdi.
Meşə görməmişdim belə arxayın
Mən belə narahat dağ görməmişdim…

O yalı adlayan dumandı, tüstü
Siqaret zəhrimar qoyurmu görək?!
Elə sərindi ki, torpağın üstü
Altı cənnət olsun…
nəyimə gərək?..

Hardasa quzutək mələyir ilan
Deyir, bəlkə səsi xoşuma gələ.
Bu tüstü-dumanın içində, inan
Bir eşq havası var…
başına gələ!

Meşəni əynindən soyunub burda,
İlan vuran kimi oyanıb burda
Təzədən yatasan…
Ağacın altında, torpağın üstdə,
Yağış damcılaya yarpağın üstdən…

Yatasan torpağa, yatasan dağa
Əzrayıl minnətə gələ, durasan.
Bir ağ kağız ola quş qayırmağa
Bir şey tapmayasan tələ qurasan…

Günün bütün mövzuları

XS
SM
MD
LG