Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:44
Cavanşir Yusifli


UZUN NAMLU SILAHLAR

Müstəbidlər başa düşmür şairləri,
O zaman ki başa düşür, fərman verir ölümünə.


Bu sözləri, səhv eləmirəmsə, Voznesenski yazıb.

Rafiq Tağı yaşamağa və gördüyü naqislikləri cəmiyyətin üzünə çırpmağa çalışırdı.

Ölüm ona aid deyildi. İndi onun üslubunda yaza bilsəydim, qəribə bir fantaziya alınardı. Mən onu nə vaxtdan tanımışdım.

İlk görüşüm rayonda, bir ədəbi dərnəkdə olmuşdu. Arıq, saçları çiyninə tökülən, danışmağı xoşlamayan, “gözləri görünməyən” (başını aşağı dikib dinləyirdi).

O zaman şeirlər yazırdı, odlu-alovlu. Ancaq günlərin bir günü bu şeirlərə əlvida dedi. Davam eləsəydi, xalqın ədəbi “inanc yerlərindən” birinə çevrilmişdi.

Çox görmüşük xalqın ürəyini ovlayan, sonda gedib müstəbidlərdən ənam və digər şeyləri alan, qucağı daşdanan şairləri. Yox, o bu cür ölmək istəmirdi.

Onun naturası ilə fantaziyası tərs-mütənasib idi: içində böyük ədəbiyyat yükü vardı. Fikirləri geniş, mütaliə dairəsi hədsiz həsəd aparılası idi.

Ancaq bir şey yəqin idi: o, puç şeylərə, əlçatmayan “mistik nəğmələrə” inanmırdı, bu ümid və qətiyyətlə baltanı kökündən vururdu, baltanın dəydiyi yerdən nələr çıxmırdı: hamı onu yamanlayırdı, sonra məlum olurdu ki, biz, əslində onu sevirik. İnsan da, allah bəndəsi də sevdiyini kəfənə bükər?

Rafiq “ümumiyyətlə ədəbiyyatçı”, “ümumiyyətlə nasir” deyildi.

Rafiq real və ayıq insan idi, gizlində gövrələn, dərdlənən... bir insan olsa da, yaşamağın və yazmağın mənasını yaxşı başa düşürdü, o bilirdi ki, ictimai problemlərdən kənar yazıçı olmur, yazıçı, yaxud şair hamıyla barışdığı nöqtədə qurtarır.

Bizim indiki durumumuzda çox geniş müsahibələr verib artıq heç kəsə lazım olmayan ədəbiyyat dərsi keçmək istəyən insanlar, ədiblər bilsəniz nə qədər mənasız təsir bağışlayır.

Bəli, müstəbidlər başa düşmür şairləri, o zaman ki, başa düşür, fərman verir ölümünə.

Rafiqin öldürülməsi yerdə qalanlara göz dağı vermək üçündürmü? Kənarda durub cızma-qaraları ilə bu millətin problemini “ötüb keçən” yazıçıların cildləri indi mənim gözümdə Rafiqin balaca bir hekayəsinə dəyməz!

Rafiq, indi sən haqq, biz nahaq dünyadayıq. Sənin bütün dediklərin düz çıxdı, bizim bütün həyəcanlarımızın saxtalığı üzdədir. Səməd Vurğunu, Füzulini, Sabiri, Mirzə Cəlili ... səndən qoruyurdular. Hətta Məhəmməd peyğəmbəri də...


Rafiq Tağı

Rafiq Tağı

Bu yazıları yalnız Rafiq yaza bilərdi, məsələ təkcə cürətlə bağlı deyildi, elə sözlər var ki, onları hamı yox, yalnız kimsə deyə bilər, qəribədir Rafiqdə bu qədər hünər hardaydı.

Son yazılarını, bir-birinin dalınca verdiyi intervüləri oxuyurdum, hiss edirdim ki, harasa tələsir.

Onu yazdığı hekayələrin üslubuna, ya tam başqa cəhətlərinə görə Çexova bənzədirdilər.

Bizdə ancaq özü olan insanlar dünyaya gəldikdə çalışırıq onları kiməsə bənzədək. Ancaq kimsə bu qədər mərd, bu qədər cürətli və təmiz ola bilərdimi?

O, saxta olan şeylərə dözümsüz idi. Saxtalıq bir söz, bir cümlə, bir sətir olanda bəlkə susub keçərdi, ancaq bizdə saxtalıq adətən bütöv bir MƏTN kimi meydana çıxır və ağlı başında olan insanlar buna dözmür! Rafiq öz mətnini yaratmaqla bərabər həmin o vicdansız MƏTNİ alt-üst edirdi.

Bizdə ədəbi aləmdə fiqurlar var ki, xəyallarında Nobelə doğru uçurlar. Yüksək mükafatları insanlara həm də ona görə verirlər ki, onlar vicdansızlığı qəbul etmirlər. Rafiq bu millətin ən yüksək mükafatını alacaq bir vətəndaş idi.

O, bütün dözümsüz və dözülməz insanlarla dil tapmağa çalışırdı.

Bu dözümsüz və dözülməz adamlar Rafiqi qətlə yetirdilər.

Qurulan “kombinasiyanın” əzabını BİZ ÇƏKƏCƏYİK!

Allah sənə rəhmət eləsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG