Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:30
Noyabrın 24-də Milli Məclisdə 2012-ci il üçün yaşayış minimumu, ehtiyac meyarının həddi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqında qanun layihələri müzakirə olunub.
Yaşayış minimumunu ölkə üzrə 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən etmək nəzərdə tutulur.
SABİR RÜSTƏMXANLI: “5 UŞAĞI OLAN PROFESSOR VAR. NECƏ DOLANDIRSIN?”
“Mediaforum” saytı yazır ki, deputat Sabir Rüstəmxanlı müzakirələrdə sərt danışıb: “Orta Azərbaycan ailəsinin necə dolandığı məlumdur. 5 uşağı olan professor var. Necə dolandırsın? Büdcə çox gözəldir, amma yaşayış səviyyəsi günü-gündən ağırlaşır. Rayonlarda əli-ayağı yer tutan fikirləşir ki, ölkədən çıxıb gedim. Bir dəstə yağ-bal içində yaşayır, millət zillət içindədir”.
Deputat İqbal Ağazadə deyib ki, regionlarda iş yerlərinin açılması və büdcənin formalaşması məsələsi arasında ziddiyyət var: “Bəs nəyə görə məcburi sosial sığorta ödəyənlərin sayı artmır? Dövlət büdcəsindən ayrılan transfertlərin ildən ilə artması da Dövlət Sosial Müdafiə Fondunun iflic vəziyyətdə olduğunu göstərir. Dövlət Sosial Müdafiə Fondu insanların yaşayış minimumunu ödəyəcək səviyyədə deyil”.
QƏNİRƏ PAŞAYEVA: “BANKLAR ARASINDAKI FƏRQ ARADAN QALDIRILSIN”
Qənirə Paşayeva

Qənirə Paşayeva

Deputat Qənirə Paşayeva bankomatlar probleminə toxunub. Onun sözlərinə görə, bankomatlarla bağlı tenderi keçirən və banklar qarşısında bu məsələni qaldıran qurum Dövlət Sosial Müdafiə Fondudur: “Kəndləri birləşdirən, 50 min əhalisi olan bölgələrdə bir bankomat belə yoxdur. Tenderdə qalib gələn, ancaq üzərinə düşən işi yerinə yetirməyən banklar gələcəkdə tenderlərdən uzaqlaşdırılmalıdır. Bir bankdan pensiya alan pulunu başqa bankın bankomatından çıxaranda faiz tutulur. Pensiya məsələsində banklar arasında bu fərqin aradan qaldırılması yaxşı olardı”.
SƏLİM MÜSLÜMOV: “BANKOMATLAR BAHADIR”
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bankomatlarla bağlı problemə toxunaraq deyib: “Banklarla daim bu məsələdə əməkdaşlıq edirik. Ancaq bankomatlar bahadır, ən ucuzu 50 min manatdır. Əvvəllər bankomatlar 1,2 milyon nəfərə xidmət edirdisə, indi 5 milyon nəfərə xidmət edir. Gələn ilin əvvəlində yeni bankomatlarla bağlı tender keçirəcəyik və 1000 nəfər üçün 1 bankomat nəzərdə tutulacaq. Mərkəzi Bankın gələn ilin birinci rübündə səyyar bankomatlar alıb istifadəyə verməsi də nəzərdə tutulur. Bu zaman kəndlərdən gəlməyə ehtiyac olmayacaq, ora bankomat avtomobildə göndəriləcək”.
Səlim Müslümov

Səlim Müslümov

Səlim Müslümov İqbal Ağazadənin çıxışına da münasibət bildirib. O deyib ki, tikinti, şadlıq evləri və digər sahələrdə çalışan insanların məcburi sosial sığortaya cəlb edilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi iş aparır:
“Bu sahədə iş davam edir. Amma açıq şəkildə demək lazımdır ki, 2003-cü ildən indiyə qədər fondda qeydiyyata alınanların 500 min nəfərdən çoxu yeni iş yerlərində çalışanlardır. Onu da deyim ki, kənd təsərrüfatında çalışanlar sosial sığorta ödəmirlər və pensiya məsələsində gələcəkdə onlarla bağlı problem yarana bilər. Biz bunu insanlarımızın diqqətinə çatdırmağa çalışırıq”.
MÜAVİNƏTLƏR ARTIRILACAQ
Gələn il yanvarın 1-dən Azərbaycanda bütün pensiyaçıların müavinətləri artırılacaq. Bunu da Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
PARLAMENTƏ YENİ MAŞINLAR ALINACAQ
Parlamentin iclasında “Milli Məclisin 2012-ci il üçün xərclər smetası” və Hesablama Palatasının xərclər smetasının layihəsi də müzakirə edilib. İclasda qeyd olunub ki, parlamentin 2012-ci il üçün xərcləri 19 milyon 915 min 565 manat vəsait nəzərdə tutulub. Xərclərin 69 faizini əməkhaqqı fondu təşkil edir.
Gələn il Milli Məclis üçün yeni nəqliyyat vasitələrinin alınması üçün 400 min manat nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG