Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27
Uzun illər Azərbaycandakı legioner idmançılardan danışanda adətən futbolçular müzakirə mövzusu olurdu. İdman şərhçiləri deyir ki, son vaxtlar elə idman növləri legionerlərin hesabına milliləşdirilir ki, futbol kölgədə qalıb.

GÜLƏŞDƏ, BOKSDA LEGİONERLƏR

İdman şərhçisi Sərxan Musayev:

«O idman növlərində ki, potensial yoxdur, haradasa həmin sahələri başa düşmək olar. Ancaq Azərbaycanda məsələn, güləşdə, boksda, xüsusilə sərbəst güləşdə bir-iki çəkidə yerli idmançılardır, çoxu Rusiyadan gələn idmançılardır. Bu, doğru addım deyil. Əgər potensial olmasaydı, başa düşmək olardı. Axı bu, bizim milli idman növümüzdür».

Sərxan Musayev deyir ki, legionerlərdən ancaq başlanğıcda –müvəqqəti və müəyyən çərçivədə istifadə olunmalıdır. Həm də legioner idmançı yerli idmançılardan ikiqat güclü olmalıdır.

2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiadasına Azərbaycan güləşçilərindən 7 nəfər lisenziya qazanıb. Hələ daha 18 idmançının lisenziya qazanmaq imkanı var. Bu məlumatı Güləş Federasiyası mətbuat xidmətinin rəhbəri Mayis Musayev verdi. Ancaq legionerlər mövzusunda danışmaq istəmədi.

YERLİ İDMANÇILARDAN 50-60 FAİZ ÇOX MAAŞ

Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev isə Azərbaycan komandasında olan legionerlər üçün ödənən məbləğ haqqında danışmadı Bir onu dedi ki, onların maaşı yerli idmançıların maaşından 50-60 faiz çoxdur:

«Onlar aylıq maaş alır. Onların maaşı yerli idmançıların maaşından 50-60 faiz çox olur».

Bu yaxınlarda Bolqarıstanın Ağır Atletika Federasiyasının rəhbəri Nedelcho Kolev bildirib ki, Azərbaycan Bolqarıstandan iki idmançı – 18 yaşlı Kostovu və 17 yaşlı Xristovu alıb. O deyib ki, Azərbaycan bu idmançılara görə 400 min avro ödəyib.

400 MİN AVRO YOX, 200 MİN AVRO

Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov deyir ki, ödənmiş məbləğ 400 min avro yox, 200 min olub. Bundan başqa federasiya daha 3 legioner idmançı alıb. Ukraynadan Yulya Dovga, Bolqarıstandan Boyanka Kostova və Silvia Angeleva alınıb. Qadın idmançılar üçün ödənən məbləğ isə kişilər üçün ödəndiyindən xeyli azdır:

«Onlardan xeyli azdır. 15 mindən artıq deyil. 10-15 min».

İsgəndər Əsgərov deyir ki, gələcəkdə daha bir qadın ağır atlet alınması planlaşdırılır.

ÇIXIŞ YOLU – LEGİONER İDMANÇILARDIR

Bakıda keçirilən boks çempionatının açılış mərasimi. 25 sentyabr 2011

Bakıda keçirilən boks çempionatının açılış mərasimi. 25 sentyabr 2011

İdman şərhçisi Sərxan Musayev deyir ki, Azərbaycanın ağır atletləri son vaxtlar olimpiadada ümumiyyətlə, medal qazana bilməyiblər. Federasiya isə çıxış yolunu legioner idmançılarda görür. Sərxan Musayev deyir ki, ancaq daha çox yerli idmançılara üstünlük verilməlidir:

«Sabah legioner idmançıların zədələnib sıradan çıxmayacağına kim zəmanət verə bilər? Belə çıxır ki, xərclənən yüz minlər boşa sərf olunur. Bu yerli idmançılara xərclənsəydi, bir neçə ildən sonra onların xeyrini görmək olardı».

İsgəndər Əsgərov isə deyir ki, nə qədər legioner alınsa da, yerli idmançıların hazırlanmasına diqqət böyükdür:

«Birinci yerdə yerli idmançılardır. Ancaq bir şey var, kim güclüdür, yığmaya düşəcək».

ASAN VARİANT

Azərbaycanda yeni sayılan avarçəkmə idman növü üzrə yığmanın da əsas tərkibi legionerlərdən ibarətdir. London olimpiadasına lisenziya qazanan 5 idmançıdan 5-i də legionerdir. Avarçəkmə Federasiyasının mətbuat katibi Elşən Məmmədov deyir ki, federasiya 2006-cı ildə yarandığından, bir neçə ilə dünya səviyyəli idmançı yetişdirmək çətin olduğundan legionerlərə ehtiyac olub. Onların alınmasına nə qədər məbləğ ödənməsi haqqında isə Elşən Məmmədov məlumat verə bilmədi:

«Qiymətləri deyə bilmərəm. Hər halda burada onlara verilən əmək haqqı, yaradılan məşq məişət şəraiti qaydasındadır ki, onlar Azərbaycan yığmasındadırlar».

İdman şərhçisi Sərxan Musayev isə deyir ki, hər hansı yığmaya legioner cəlb etmək həmin idman növünün inkişafında asan variantdır: «Hazır məhsulu götürüb yetişdirmədən birbaşa təqdim edib medal qazanırsan. Digər variant nisbətən çətin olsa da, öz idmançını yetişdirirsən. Məhz bu zaman demək olar ki, hansısa federasiya rəhbərliyi iş görür».

Şərhləri göstər

XS
SM
MD
LG