Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:47
Bu, son iki ayda "Oxu zalı"na göndərilmiş hekayələr arasından dərc olunmaq üçün seçilən əsərlərdəndir.


Alpay Azər

Rejissor Otar İoselianiyə həsr olunur.

İNAN KI VAXTIM YOXDUR
(qısametrajlı kino-hekayə)


1-ci epizod (Nazir)

Səhər saat 9:15-də cənab nazir BMW 750 markalı xidməti maşınına oturur, təzə aldığı Bləkberisini (BlackBerry, kompüter xüsusiyyətləri olan mobil telefon) pencəyinin yan cibindən çıxardıb bir müddət ona diqqətlə baxır.

Klaviaturadakı rəqəmlərdən iki-üçünü, sonra qırmızı düyməni basıb telefonu dəri çantasının içinə atır.

Kəmərinə keçirdiyi dəri qabdan Nokia telefonunu çıxardıb barmağı ilə ekranda əl gəzdirib maşınların yarışması oyununu tapıb oynamağa başlayır, maşınları bir-biri ilə toqquşdurur, pıçıltılya qəza səsini (dışşş, duşşş) çıxardır.

Daha sonra “qəza” törətmək eşqindən vaz keçir, ekranda yol polisi görünəndə “sürdüyü maşının” qazını basır, yolda o biriləri keçir, bu vaxt “yol polisi” onun dalısınca düşür, - xəyalına həqiqi maşın sürməyi gətirir, bundan ləzzət alır.

Bu vaxt həmin telefonda Mendelsonun məşhur “Matəm Marşı” səslənir. Ekranda “Arvad” sözü görünür, yaşıl düyməni basıb telefonu qulağına yaxınlaşdırır:

- Hmm... hmm... – üçüncü dəfə üzünü turşudaraq nırç eliyib qırmızı düyməni basır.

Nazir telefondakı maşın yarışması oyununa davam edir. Bu dəfə çalışır ki, maşını o biriləriylə toqquşmasın, oturacağa bərk-bərk söykənsə də, “qəza” baş verir, sifətini turşudur, amma əvvəlcə xəyalında sükandan bərk-bərk tutmuşdu ki, “zərbədən” başı sükana, ön şüşəyə dəyməsin.

Nəhayət, nazir öz iş yerinə gəlib çatır. Sürücü düşüb qapını açır, nazir maşından çıxan kimi pencəyinin üst düyməsini bağlayıb şax yerişlə girişə sarı gedir. İçəri girəndə qapıdakı polis farağat duraraq “çest” verir, sonra birinci mərtəbədə bəzi işçilər yüngülcə, bəziləri az qala təzim edirmiş kimi onu salamlayır. Nazirsə bəzilərinə süni təbəssüm, bəzilərinə isə rəsmi sifət göstərərək salamlarını alıb liftə tərəf gedir... Gözləmə otağında katibə qız, köməkçi gənc oğlan ayaq üstə durub şeflərini salamlayır…

Nazir öz kabinetindədir, sağ əlində qırmızı karandaş var, dəri üzlüklü gündəliyi açıb, yazdığı qeydlərə baxır, sol əliylə çənəsini tumarlayır.

1. Elmardan ÜTXT üçün hesabatı almaq.

2. Almaniya nümayəndə heyəti – Seyfullayev.

3. Çinə səfər – Elmar - google-da axtarıb tapsın.

4. Nazirlikdə təmir işi.

5. “Qloballaşma dövründə xoşbəxtliyin ilk çağları” beynəlxalq konfransa hazırlıq
işləri.

6. Türkiyə - nazirə zəng edib ad gününü təbrik etmək.

7. Sauna ???(............).

Karandaşın arxa tərəfini masaya döyəcləyir, bir qədər tərəddüddən sonra 6-cı bəndi pozur. (Türkiyəli nazir keçən ay kolleqasının ad günü olanda nə zəng edib, nə də məktub-filan göndərib). Sonra kompüterin düyməsini basır, bu vaxt katibəsi armudu stəkanda çay və bəzəkli, zərif nəlbəkidə üç-dörd dilimlənmiş limon gətirib masanın üstünə qoyur.

- Sağ ol.

- Dəyməz.

- İsmət Temirtaş ad günümdə təbrik məktubu göndərmədiyi dəqiqdi?

- Dəqiqdi, Sahib müəllim. Mən ümumi şöbəyə tapşırdım, bir daha dedilər ki, heç qeydiyyat jurnalında adı yoxdur onun.

Katibə əlində boş sini kabinetdən çıxan kimi nazir kompüterin D diskində “Obyektler” adlı şəkillər olan qovluğa girir. Qovluğun içində MADONNA, DEMİ MUR, C. LOPES, SANDRA BALLOK adlı sarı qovluqlar var. O, “Sorini” şokoladından dişləyib çaydan içə-içə əvvəlcə DEMİ MUR adlı qovluğu açır, bir-bir şəkillərə baxmağa başlayır. Stəkanı nəlbəkinin içinə qoyur, qol saatına baxır, aparat rəhbərinin daxili telefon nömrəsini yığır, telefonu götürən yoxdur. Katibəsini yığır, o da dəstəyi götürmür. “Nə oldu e bunlara, hamsı birdən”, - deyib əsəbi halda yerindən durur, otaqdan çıxır, görür ki, katibəsi yerində yoxdu, ora-bura baxır, əvvəlcə katibəsinin kompüterinə baxır. Monitorda day.az saytında Brillant Dadaşova ilə müsahibə, aşağıda həmin saytdan Brilliantın fotosessiyasından çoxlu şəkillər durur. Nazir birdən nəysə yadına düşürmüş kimi tez asılqan tərəfə gedir. Katibəsinin uzun qara rəngli plaşının ətrini iki dəfə dərin nəfəslə içinə çəkir. Bu vaxt dəhlizdən gələn dikdaban səslərini eşidən nazir tez ordan aralanır, katibə əlində sabun qabı (içində sabun), qolundan asılmış dəsmal içəri girir, naziri görüb çaşır:

- Ayy bağışlayın, mən iki dəyqəliyə…

- Aydındı, aydındı. Sənə mən nə deyəcəkdim? – nazir hələ də ətirin təsirindən çıxa bilməyib, az öncə gözləmə otağına niyə girdiyini unudur. – …Hə, yadıma düşdü,
Elmarı təcili tap, yanıma göndər. Denən hesabatı gətirsin.

- Oldu, Sahib müəllim, - deyib katibə tez əlindəkilərlə bir yerdə dolaba sarı gedir.

Nazir öz kabinetinə qayıdır, Demi Murun şəkillərinə baxmağa davam edir. Az keçməmiş daxili telefon zəng çalır, nazir dəstəyi götürür.

- Elmar müəllim burdadı, yanınıza gəlsin? – katibə soruşur.

- Gəlsin, gəlsin.

Nazir Demi Murun şəkillərini, eləcə də bu aktrisanın adı olan qovluğu aşağı salır. Elmar nazirliyin aparat rəhbəridir, əlində qovluq içəri keçir.

- Sahib müəllim, bağışlıyın, yerimdə yoxuydum, planlaşdırma şöbəsindəydim.

- Aydındı, sənədlərin hamsını gətirmisən?

- Bəli, Sahib müəllim. Hamısı qaydasındadır, buyurun, baxa bilərsiz, - qovluğu nazirin masasının üstünə qoyur.

- Bütün şöbələrdə baxılıb?

- Baxılıb, Sahib məllim. Şöbə müdirlərinin hamısı öz vizalarını qoyublar.

Nazir qovluğu açıb səhifələməyə başlayır. Titul vərəqdə qara hərflərlə yazılıb: Qloballaşma Dövründə Fərdi və Kollektiv Əmin-Amanlıq Layihəsi üzrə Hesabat
Azərbaycan Respublikası Tərəqqi və Xoşbəxtlik Nazirliyi
Təqdim olunur: Ümumdünya Tərəqqi və Xoşbəxtlik Təşklatının (ÜTXT) Bakı Ofisinə
1 mart, 2008, Bakı

Nazir qırmızı qələmi götürüb titul vərəqinin üstündə quş qoyub «Şriftlərin hamısını böyütmək» yazır. “Min dəfə demişəm, ad dırnaqda yazılır”, - deyinir və layihənin adını dırnaq işarəsinin içinə alır. Titul vərəqindən sonra ilk səhifədəki nazirin adından yazılmış təşəkkür məktubunu oxumağa başlayır.

“Hörmətli cənab Bilal Rəhman,
Sizə məlum olduğu kimi….. “ (bir səhifəlik mətn ekranda tam görünmür).

- Bilal Rəhman, o hansı, balacaboy, porsuğa oxşayan kişidir? – başını qaldırmadan soruşur.

- Aha, - aparat rəhbərini gülmək tutur.

- Adamın heç əli gəlmir bunun adının qabağında cənab yazsın, - nazir donquldanır. – Ay kişi, ay müsəlman, axı min dəfə demişəm, cümləni “Sizə məlum olduğu kimi” sözləriylə başlamayın. Bu, daha çox qəzetdə işlənən sözdü. Giriş cümləni “Bildirmək istərdik ki,” sözüylə vermək lazımdı. - Qırmızı karandaşla “bildirmək istərdik ki,” yazır.

- Düzəldərik, Sahib müəllim.

Axırıncı abzasa çatanda qaşlarını çatır.

- Nə yazmısız burda?

- Harda? - Elmar tez yerindən durub nazirin yanına gəlir, nazirin barmağı ilə göstərdiyi sözləri görüb qızarır. “…Bir daha Dünya Bankı ilə əməkdaşlıq etməyimizə daim hazır olduğumuzu bildirir, adıçəkilən layihənin maliyyələşdirilməsi işində göstərdiyiniz dəstəyə göə təşəkkürümüzü bildiririk”.

Məlum olur ki, məktub öncə Dünya Bankına yazılmış təşəkkür məktubu olan faylın əsasında yazılıb, diqqətsizlik səbəbindən son abzasda Ümumdünya Tərəqqi və Xoşbəxtlik Təşklatının Bakı Ofisi yazmaq yaddan çıxıb. “Görə” sözündə isə “r” hərfi yazılmayıb.

- Dünya Bankı nədi?... Göə yazılıb burda, - nazir başını bulayır.
Elmar qıpqırmızı qızarır, güclə eşidiləcək dərəcədə “Bağışlayın”, - deyir.
Nazir şəhadət barmağını diliylə yaşlayıb ciddi baxışlarıyla o biri səhifələrə keçir. Beşinci səhifəyə baxanda çənəsini sığallayır. Altıncı səhifədə çeçələ barmağıyla başını qaşıyır.

- Tak-tak-tak… Vobşem deyirsən qalan sənədlər düzgün tərtib olunub, səhv-zad yoxdu da? – soruşsa da nazir yenə əvvəlki səhifələri gözdən keçirir.

- Elədir ki, var, Sahib müəllim, - Elmar tez cavab verir.

Nazir hesabata təkrar baxanda Elmar bir anlığa gözünü sənəddən ayırıb kompüterin monitoruna baxır, aşağı endirilmiş sarı «DEMİ MUR» qovluğuna gözü sataşır, dodağı qaçır.

Bu vaxt üçüncü səhifədəki yazılara baxan nazir hiss edir ki, ayaq üstə duran aparat rəhbərinin gözü kompüterin monitorundadır, başını qaldırmadan:

- Baxmaq istiyirsənsə papkanı qaldıra bilərəm, - deyir.
- Necə? Başa düşmədim, - Elmar heç nə başa düşmür.
Nazir başını qaldırır, barmağıyla monitoru göstərərək:
- Deyirəm, Demi Murdan xoşun gəlirsə, göstərə bilərəm.
- Nə bilim, - köməkçini gülmək tutur.
“Deyəsən, ağ eliyirəm mən”. Üzü gülən nazir qəfildən ciddi sifət alır:
- Vobşem, sən qeyd elədiyim bütün bu dəyişiklikləri eliyib gətirib verərsən qıza. Mən sonra imza ataram.
- Oldu, Sahib məllim, - nazirin ona uzatdığı qovluğu götürüb kabinetdən çıxır.
Bu vaxt katibə nazirə zəng edir:
- Sahib müəllim, zəng etdim yadınıza salım, bir saatdan sonra Almaniya nümayəndə heyəti bizdə nazirlikdə olacaq.
- Düzdü, - əvvəlcə qol saatına, sonra gündəliyində yazdığı ikinci qeydə baxır. - Hmm, nümayəndə heyətinə başçılıq edən adamın adı və vəzifəsi nədi?
- Ştefan Şvaynştayqer, nazirlikdə şöbə müdiri.

- Lap yaxşı, o şöbə müdiridi, mənsə nazir. Üstəlik familyasında donuz sözü var. Mənim onlarla görüşməyim pratakol baxımından düzgün olmaz. Heç müsəlmançılıq baxımından da düzgün olmaz o adamla əl verib görüşmək. Ona görə indi götürüb zəng eliyirsən Seyfullayevə. Deyirsən ki, cənab nazir tapşırdı nümayəndə heyətini qəbul eləsin, axşam nəticəsini mənə daklad eliyər... Bir də onlarla görüşdə iki məsələyə toxunsun. Dağlıq Qarabağ məsələsində Azərbaycanın tutduğu ədalətli mövqe. İkinci məsələ, nazirliyin son illər ərzində gördüyü işlərlə bağlı geniş məlumat versin qonaqlara. Kitabdan-zaddan verərsiz onlara. Bizim broşurlardan da yaddan çıxmasın. Bir də Seyfullayev almanlara desin ki, nazirin adından verilən bugünkü şam yeməyində nazir özü iştirak edəcək. Özü də qabaqcadan restoran məsələləri, rassadka-filanla məşğul olsun.

- Oldu, Sahib müəllim.
- Lülə yox, döymə kabab olsun. Tikə, balıq day öz yerində. Demişəm, bir də yadına sal Seyfullayevin.
- Oldu, Sahib müəllim.
- Bir dəyqə, bu gün vurduğun ətirin adı nədi?


2-ci epizod (Şirkət müdiri)

Şirkətin adı «Asiman»dır. Müdirin, Sərxan müəllimin kabinetində başının üstündə divardan şəkil asılıb. Gündüz, təbiət, yaşıl yamac, göy üzündə parıldayan ulduzlar var. Özünəməxsus rəssam fantaziyasının məhsuludur bu sürrealist şəkil. Sərxan müəllim az öncə “El və Nikkinin” Avrovijndəkı qələbəsiylə bağlı gecə Bakıda küçələrdə gənclərin bayram etməsinə televizorla baxmağa başlamışdı. Daxili telefonla katibəsini, Elyanı yığır:

- Çay təzədi?

- Hardasa iki saat qabaq dəmlənib.

- Onda, yaxşı bir çay dəmlə, zəhmət olmasa, içinə bir az kəklikotu da at. Bir də gəl, konfet qabını götür, təzə aldığın şokoladlardan qoy. Bir şey soruşum, sən gecə yevrovijinə baxırdın?

- Baxırdım, Sərxan məllim.

- Axıra qədər?

- Aha.

- Mənə de görüm, fransızlar bizə nə qədər səs verdi?

- Fransızlar? Iııı… Mən indi İnternetə baxıb sizə zəng edərəm.

Sərxan dəstəyi yerinə qoyur, “Yaman baxmısan”, - öz-özünə deyinir və əlindəki pultla kanalları gəzir.

Bir dəqiqə keçməmiş müdirə zəng gəlir.

-Hə, nə qədər səs veriblər?

- Sərxan müəllim, telefonda İlqar məllimdi, sizinlə danışmaq istiyir.

- Əşi mən səndən söz soruşuram. Sayta girib baxdın?!

- Elə təzəcə yevrovijinin saytına girmişdim ki, zəng gəldi. İlqar məllimdi, deyir qohumunuzdu, deyir, siz onu tanıyırsız.

Sərxan duruxur, sonra «yaxşı, calaşdır görək», - könülsüz deyir.

- Alo… Hə, salam qardaş, - Sərxan səsinə süni mehribanlıq tonu verir. - … Sağ ol … yavaş-yavaş… Gedir də qaydasında, Allaha şükür. … Sizdə evdə vəziyyət necədi?... Sağ ol, sağ ol…

Bu vaxt katibə gəlib yarıdan çox boşalmış konfet qabını götürür. Sərxan sol əliylə dəstəyin səs gedən yerini tutub “Qrilyaj şokoladından qoy” deyir. Katibə başıyla “oldu” deyir.

- …Sən bizim fəxrimizsən, anam həmişə dua eliyəndə… - telefonun o biri başında İlqar müəllim üyüdüb-tökür, artıq danışıq tərzindən bilinir ki, dalınca “bağışla, narahat elədim”, ondan sonra da əsas mətləbə, şəxsi xahişə keçəcək. “Yüz faiz pul istiyəcək” – Sərxan əsəbi-əsəbi fikirləşir.

- ...Hə, sağ ol, Allah ananın canını sağ eləsin... – İlqar mədhiyyəsinə davam eliyir.
Sərxan müəllim artıq əsəbləşməyə başlayır, telefonun dəstəyini o biri tərəfə çevirir, sonra qutudan bir salfet çıxarıb masanın üstünə, telefonun dəstəyini isə ehmalca salferin üstünə qoyur. “Marlboro” qutusundan bir siqaret çıxarıb yandırır. Sonra telefonu yenidən qulağına qoyur.

- …Öz oğlum olduğuna görə demirəm, gədə doğrudan savadlıdı. (İlqar müəllim artıq əsas mətləbə keçib)

«Aha, indi qarnının ağrısını dedi», - şirkət müdiri, deyilənlərə diqqət kəsilməyə başlayır, yerində qurcalanır, tez də suala keçir ki, qohumunun əvvəl nə dediklərini tam anlasın:

- Aha, oğlun neçənci kursda oxuyur dedin?

İlqar telefonun o başında duruxmuş halda:

- Necə? Yox, bayaq dedim, o bakalavrı qurtarıb, indi Almaniyada Maqdeburq Universitetinə pulsuz qəbul olub. Yəni bir ilə lazımdır, o da vallah, borc kimi deyirəm. Bir-iki aya qaytaracam.

...Hə, indi aydın oldu. Sənə nə qədər lazımdı?

- Olsa min beş yüz, ya da min avro. Ona həm biletə lazımdı, həm də bir-iki aylığa gedib yer-yurd eliyənə qədər. Yəni dediyim kimi bir-iki aya da olmasa, uzağı üç aya qaytaracam. Lap istəsən maşınımı sənə girov qoya bilərəm.

- O nə sözdü, qohum deyilik, - Sərxan boğazını arıtlayır.

- Mən onda bu gün gələ bilərəm iş yerinə?

- Yox-yox, ay qohum, bu gün görüşə bilmiyəcəyik…. - Sərxan üzünü turşudur - … Yox, dedim də, bu gün heç cürə mümkün olmuyacaq. İnan ki, vaxtım yoxdu, əlimin altında o qədər iş var ki, heç mıqq eləməyə vaxt olmur ha… Naloquvuya açotlar verilməlidi, gömrüyə getməliyəm, ordan (bir az fikirləşəndən sonra) həkimə dəyməliyəm… Yox, elə bir ciddi şey yoxdu, narahat olma, yox, ürəyim son vaxtlar tez-tez döyünür. Aritmiyadı. Sən belə elə. Sabah yox, birisi gün saat üçdə gələrsən, danışarıq…. Ooldu, sağ ol, sən də evdəkilərə mənim adımdan salam deyərsən, - telefonun dəstəyini yerinə qoyur.

Bu vaxt katibəsi üstündə çay, şokoladlarla dolu konfetqabı, təzə doğranmış limon dilimləri olan siniylə içəri girir, çayı masanın üstünə qoyandan sonra müdir ona deyir:

- Qulaq as, zəng eliyən bu adam, - birdən sözünü yarımçıq kəsir, konfet qabını açır, - ay sağ ol, bax bu Mişka şokoladlarından deyirəm, keçən dəfə gedib Qusinıe lapki almısız, iki saat adam dişini qurdalıyır. – Limon dilimlərindən birini götürüb qoxulayır, stəkanın içinə atır, – Hə, zəng eliyən adamın adı İlqardı. Bir də sabahda-zadda zəng eləsə, denən yerində yoxdur. Özün də qeyd eliyərsən dəftərində. Birisi gün bu adam saat üçdə bura gələcək. Mən ikiylə dörd arası ofisdə olmuyacam. Gəlsə, deyərsən, təcili işi çıxdı, İstanbula uçası oldu. Soruşsa ki, nə vaxt qayıdacaq
… Nə vaxt qayıdacaq, qoy fikirləşim görüm nə deyəsən. Deyərəm ki, bilinmir, işdən asılıdı. Ola bilsin bir həftə, ola bilsin bir ay.

- Ay sağ ol, Elya, fərasətlisən. Aa, vabşe də deyərsən, müalicəsi ilə bağlı getdi. – “Kak raz elə yalandan da olsa ona aritmiya məsələsini dedim, deməli inanacaq”, - ürəyində sevincək fikirlərşir. - Amma Elya, sabah axşam, ya da biri gün səhər sən dediklərimi mütləq yadıma sal.

- Oldu, Sərxan müəllim.

Sərxan telefonun dəstəyini yerinə qoyur. Bizimkilərin öncə Avrovizion qələbəsinin Bakı küçələrində qeyd edilməsi reportajına rahat baxa bilmədiyinə görə əsəbiləşir. Sonra arvadına zəng edir:

- Ay Emiş (Elmira), İlqar zəng eləmişdi, yadımdan çıxıb, o rəhmətlik dədənin nəyiydi?

- Xalası oğlu. Pul istiyir?

- Hmm. Oğlu Germaniyada instituta qəbul olub, borca pul istiyir.

- A balam, onun oğlu yurfaqı keçən il qutardı, o yüz faiz yalan deyir. Nəysə başqa…

- Ay qız, yalan demir! Magistraturaya girib oğlu. Əvvəl min beş yüz istiyirdi, sonra dedi, alınmasa min olsun. Avrodan söhbət gedir, dollardan yox. Deyir bir aya, uzağı ay yarıma qaytaracaq. İki saat da əngə verib, ay anam sənə qurban, ay dədəm sənə qurban.

- O elədi, dildən şirindi, bir şey lazım olanda şirin dilini işə salmağın ustasıdır. (Bir qədər sükutdan sonra.) Nə deyim vallah, özün bilən məsləhətdi. Niyə yalan deyim, rəhmətlik kişi ömründə həmin bu İlqardan bir xeyir görmədi. Düzdü, yalan demiyim, mərdimazarlığı da olmuyub. Bu İlqar Moskvada neçə il alver elədi, bir dəfə də olsun…

- Bildim nə deyəcəksən, gətirib beş qəpik də dədəmin cibinə qoymadı, uzatma, bunları demisən, - deyib dəstəyi yerindən asır. “Sizdən onsuz da heç vaxt xeyir gəlmiyib, gəlmiyəcək”, - dodaqaltı deyinir.

Sonra katibəsini yığır:

- Nə oldu, dediyimi internetdə tapdın?


3-cü epizod (BDU müəllimi)

Bakı Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi dosent Asif Muradov dəhlizdə tələbələrin əhatəsindədir.

Nərgiz adlı tələbə qız:

- Asif məllim, mənə kurs işinə kömək edə bilərsiz?
- Nədi mövzu səndə?
- Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əsas istiqamətləri. Mənə ədəbiyyat, bir də mövzu üzrə Avropa İttifaqının rəsmi sənədləri lazımdır.
- Ədəbiyyat, sənədlər məndə bura qədər, - əli ilə boğazını göstərir. (Kefi sazdır.)
- Məllim, qurban olum, mənə təcili lazımdır, göndərə bilərsiz imeylimə?
- Təcili, nə vaxt?
- Bu gün.
- Sabah…
- Sabah yox, müəllim. Siz də bağışdıyın məni, üzdülük eliyirəm, amma mənə bu gün lazımdır. Çünki elmi rəhbərim...
- Başa düşdüm. İmeylimi bilirsən?
- Bilirəm.
- Mənə imeylə yazarsan axşam.Yazarsan ki, Asif müəllim, filan mövzu üzrə mənə ədəbiyyat göndərin.
- Oldu, məllim. Çox sağ olun, Allah sizdən razı olsun.

Asif müəllim artıq evindədi, plov yeyir, yeyə-yeyə televizora baxır, sonra özünə çay süzür. Çay içə-içə kitaba baxır, oturur, bir az kitab oxuyur, sonra son oxuduğu yerdə səhifənin arasına kağız qoyub kitabı divana atır. Hər iki mobil telefonunu əvvəlcə söndürür, sonra yandırır. Anasını çağırıb:
- Mən yatıram, telefonları burda qoyuram. Telefonlarım zəng çalsa, cavab verərsən, deyərsən ki, yatıb.
- Yatıb? – anası təəccüblə soruşur.
- Hə, elə də deyərsən, yatıb, kim olsa, deyərsən, duranda özü zəng edəcək sizə,- deyib yataq otağına keçir.

Asif müəllim iki saat yatır, heç kim ona zəng etmir, durandan sonra noutbukunu yandırır, gmail-dəki elektron ünvanına girir. İnbox-da (gələn məktublar) Nərgizdən aldığı imeyli açır. «Müəllim, bu gün günorta sizdən xahiş etmişdim ….”
Müəllim dodaqaltı deyinə-deyinə Reply (cavab yaz) yazılan yeri basır, əsnəyir, bir yandan da tənbəlliyi tutur, “Eee” eliyib cavab yazmır, sent items (göndərilən məktublar) olan yerə girir. Son iki ay ərzində iki dəfə Ramiz Qurbanova yazdığı məktubları tapır, açır, baxır (ekranda yazılanlar aydın görünmür), sonra yeni məktub səhifəsi açıb yazmağa başlayır:

“Salam qağa, niyə yazmırsan? Azərbaycanlısan da, bir az pullanan kimi qudurursan. Səndən pul istəmirəm ki, soruşuram necəsən, nə yenilik var Moskvada. Tanış olduğun bir otel qəhbəsi axşamısı sənə email yazsa elə o dəqiqə qayıdıb cavab yazarsan. Neçə ilin dostuyuq, canın çıxır cavab yazmağa. Eşşəksən də, nə deyim”. Bunları yazıb Send-i (göndər) basır.
Asif müəllim sonra www.ebedi-edebiyyat.az saytına girir, ana səhifədə qəşəng qızın şəklinin altında olan “Yeni şeirlər” adlı linki açır. Birinci şeirə baxır: «Sevgilimin qəbri üstündə», aşağı düşür “Tənha ulduzlar», üçüncü şeir «İçində» («Qəlb pıçıltıları» silsiləsindən). Şeirlərin üçünü də seçib boş doc. faylına köçürür. Birinci şeiri oxumağa başlayır:

Bir şaxtalı fevral axşamı,
Gəldim sevgilimin qəbri üstünə ki,
Silim başdaşının tozunu.
Sonra da öpüm şəklini,
Bacarmadım.
Oturdum qəbir daşına ki,
İsinim bir az.


«Aydındı, sonra da isinib, şəklini öpüb ağlıya-ağlıya gedir xarabasına,» - ürəyində deyinir, şeir ona bayağı gəldiyinə, üstəlik də uzun olduğu üçün ingiliscə «Faylı saxlamaq istəyirsinizmi?» sualının altındakı «yox» sözünün üstündən basır.

Sonra şairənin adını www.google.com axtarış sayıtına yazıb ona yaxın fotoşəklini tapır.

Qızın adının baş hərfləri ilə yeni qovluq yaradıb jpg. formatında olan müxtəlif pozalarda, - meşədə, parkda, konfrans zalında gənc şairənin şəkillərindən beşini seçib həmin qovluğun içinə atır.

Sonda saytda qızın şeirlərinin altında «Şəkil Şünas» niki altında belə bir şərh yazır: «Xanım qız, şaxtalı fevral günündə, üstəlik axşam başdaşının tozunu silmirlər, çünki qaranlıqda toz görünmür☺ Allah sizi (şeirlərsiz də olar) bizə çox görməsin, gözəl xanım. Bu saytda yeni şeirlərinizi, pardon, şəkillərinizi səbrsizliklə gözləyirəm. Hörmətlə Şəkil Şünas. P.S. Sevgilinizin başdaşını qızmar iyul gününda axşam yox, gündüz vaxtı silmək lazımdı.“

Asif müəllim öncə aşağı endirib açıq qoyduğu elektron ünvanında inbox-a (məktublar gələn yerə) girir və Ramizdən cavab (Re: Şanlı məktub) gəldiyini görəndə qımışır, məktubu açır: „Sən də otel qəhbəsi olsaydın, o dəyqə cavab yazardım. Sən axı tərbiyəli, namuslu kişisən, elə ona görə cavab yazmırdım sənə. Paka P.S. Eşşək özünsən.“


1-ci epizodun sonu (Nazir)

Nazir yenə yoldadır, xidməti maşın iş yerinə gəlib çatır. Onu qapıda köməkçisi qarşılayır. Onlar liftlə ikinci mərtəbəyə qalxır və bərpa işləri gedən otağa girirlər. Fəhlələr naziri salamlayır.

- Salam. Hə, qoçaqlar, necə gedir işlər? – nazir fəhlələrdən soruşur.

- Yaxşıdı Sahib müəllim. Yavaş-yavaş işləyirik, - üzündə ağ rəng izləri olan fəhlələrdən biri həvəslə, gülərüzlə cavab veir.

- Yavaş-yavaş yox. Mənə lazımdı ki, tez işliyib qutarasız, sən də deyirsən yavaş-yavaş.

- Yox e, Sahib məllim, - fəhlənin sifətinin ifadəsi tez dəyişir. – O mənada demədim. Yəni yaxşı gedir işlər. İnşallah vaxtında...

- Yaxşı baxırlar sizə?

- Hə, hər şey qaydasındadı, Sahib məllim, - fəhlələr xorla cavab verir.

- Oldu, sizə uğular, – köməkçisinə, - Gedək hamam-tualetə baxaq.

- Buyurun.

Köməkçi təzə təmir edilmiş hamamın qapısını açır. İşığı yandırır, - geniş hamam, tualet aksesuarları olan yerə girirlər. Burda artıq hər şey yerindədir. Unitaz, kabinəli duş, cakkuzi, mavi kafellər vurulub, tavandakı alçıban, güzgü, paltar asılqanı və sairə. Nazir diqqətlə baxır və birdən:

- Eee olmadı da! Olmadı da!

- Nə yerində deyil, Sahib müəllim? – köməkçinin dili topuq çalır. “Bildim ki, nəyəsə mütləq bir mız qoyacaq”, - fikirləşir.

- Dedim axı, unitaz ağ yox, kakao rəngində olsun. Ən əsası, kataloqda sənə göstərdim. Barmağımla kakao rəngində olan şəklin üstünə qoyub dedim ki, Elmar, bax bundan, aldırıb gətizdirərsən. Bir şeyi axıra qədər yarıda bilmirsiz də.

- İstəsəz... Yəni... - mızıldanır, dalısını deməyə dili gəlmir.

“Yenə get, axtar, gətizdir, bunu sökdür, yenisini qoydur, nə qədər vaxt getsin, bu da soruşsun ki, hə nə oldu, təzəsini qoymamısız hələ... Zalım oğlu zalım hər xırda şeyin üstündə qan qaraldır. Guya ağ unitazda oturanda bunda qəbizlik əmələ gələcək”.

Köməkçi qızarır, həm də Allaha yalvarır ki, şefi onun son mızıldamasından (“İstəsəz...Yəni...”) tutub “Mən dediyim rəngdə olsun, dəyişin bu unitazı” deməsin.

Nazir narazı halda başını bulayır, köməkçi gözünü yerə zilləyir, guya utanır.

- Bura sabın, iki dənə alarsız, bir seyfqard, (Safeguard) bir kamey (Camey) - əli ilə əl-üz yuyulan yeri göstərir, - diş pastası Akvafreş. Uayt olandan (White, dişi ağardıb parıldadan Aquafresh diş məcununu nəzərdə tutur) alarsan.

- Necə?

- Dişləri ağappaq ağardan pastanı deyirəm.

- Oldu, Sahib müəllim, dediklərinizin hamısını aldırıb qoyaram bura.

Nazir hazır olan hamama diqqətlə göz gəzdirir, duş kabinəsinin qapısını iki dəfə açıb-bağlayır.

- Bu niyə cırıldıyır?

- Iııı, - hıqqıldayır, - deyərəm ustaya, bu məsələni də həll eliyər.

Duşu açır, əli ilə isti, soyuq suyu yoxlayır, „Yaxşıı, - xüsusi vurğuyla deyir. - Adamın lap çimməyi gəlir“, - deyir. Başını yelləyə-yelləyə unitazın qapağını açıb-örtür, çəndəki suyu boşaldır, „Yaxşıı. Rəngi xoşuma gəlməsə də, baçokdakı su şəlalə kimi gur axır“. Köməkçini gülmək tutur, bunu hiss edən nazir sakitcə „Gülürsən. Baçokdan istifadə eləmirsən, bəyəm? Yaxşı keçək indi istirahət otağına“, - deyir.
Onlar istirahət otağına keçir. Orda işlərin yarısı görülüb.

- Masaj kreslosunu bura qoyarsız.

- Bəs demişdiz burda divan...

- Divan üzbəüz, bax burda olsun, - divarın əks tərəfini göstərir. – Bir də üç-dörd adamın uzanıb yata biləcəyi divan olmasın. Sonra bunu görənlər başqa şey fikirləşərlər, gedib orda-burda ağzına gələni danışarlar. Bir nəfərin rahat uzanıb dincəlməsi üçün, o dediyim ispanski divandan birini alıb gətirərsiz.

- Oldu, Sahib müəllim.

- Getdik.

Nazir kabinetinə girir, yerində oturub kompüterini yandırır. Masanın dolabından „Sıravi Rayanın xilas edilməsi“ filmi olan diski çıxarıb disk olan yerə qoyur, qulaqcıqları qulağına taxır. Film başlayan kimi kompüterin „siçanı“ ilə kadrları qabağa edir, amerika desantlarının gəmi ilə sahilə çıxanda döyüşə başladıqları epizodu axtarıb tapmaq istəyir. „Deyəsən, çox qabağa verdim“, sonra bir az geri verir. „Zəhrimara qalasan, hara getdi o kadrlar?“ - əsəbiləşir. Beş dəqiqə sonra daxili telefona zəng gəlir, katibədi:

- Sahib müəllim, Rauf müəllimdi, burdadı, sizin yanınıza gəlmək istəyir.

- Üç dəyqə sonra gəlsin, - tez cavab verir.

(Rauf müəllim nazirin birinci müavinidir). Nazir dəstəyi yerinə qoyub yenə kadrları gah qabağa, gah dala verir. Üç dəqiqə keçir, qapı açılır, nazir təsadüfən kompüterin üstündən əlində qovluqlarla içəri girən müavini görür, diksinir.

- Gəlmək olar, Sahib məllim? Demişdiz...

- Rauf, mən bir vacib sənəd üzərində işləyirəm. Sən bir az da gözlə, mən qıza zəng edəndə gələrsən, - az qala birnəfəsə deyir.

-Oldu, Sahib müəllim, - Rauf çıxır və ürəyində fikiləşir: „Hmm, qulağında nauşnik vacib sənəd üzərində işləyir“.

Nazir axır ki, istədiyi epizodu tapır, baxır, rahatlanır, katibəsinə zəng edib müavini çağırtdırır. Qabağındakı masa arxasında ona yaxın yerlərdən birini göstərir. Müavin oturur, əlindəki qovluqlardan birini nazirə uzadır. Nazir qovluğu açır, içindəki sənədlərə baxır, sonra masanın üstünə atır.

- Rauf, bunu sabah yadıma sal da. Təcili deyil ki?

- Yox, bir həftə vaxtımız var.

- Bu konfransa, Qloballaşa və Xoşbəxtlik...Tam adı necəydi?

- Qloballaşma dövründə xoşbəxtliyin ilk çağları, - nazir müavini tez konfransın tam adını deyir.

- Hə, o məsələ nə yerdədi?

- Hər şey qaydasındadı. Bütün xarici qonaqlara dəvət məktubları göndərilib, bir iki günə viza məsələsi həll olunacaq. Otellə də danışmışıq. Həmin tarixlərə qalmaq üçün istənilən qədər yer verirlər.

Bu vaxt nazirin telefonunda yenə Mendelsonun „Matəm marşı“ çalınır. Müavin güclə özünü gülməkdən saxlayır. Nazir ona göz vurub yaşıl düyməni basır:

- Hmm… Mən indi tualetdəyəm, danışa bilmirəm, sonra da iclas olacaq. – eyni vaxtda qımışan müavininə göz vurur. – İndi yox, axşamüstü zəng eliyərsən danışarıq, - deyib arvadının sözünü kəsir.

- Belə-belə işlər. – nazir müavininə deyir. – Hə, sənə bir də Çin məsələsini deyəcəkdim. Gələn aya Çinə bir dəvət var, bilmirəm gedim, ya yox? – hər iki əlini qabağa uzadıb gərnəşir.

- Hansı şəhərə?

- Pekinə. Çində olmamışam, ona görə bir maraq var. İşgüzar səfərdi, həm də gedim
oraları da görüm.

- Düzü, Sahib məllim, mən də olmamışam orda.

- İlan, rak əti cəhənnəm, deyirlər, heç o biri yeməklərində də tam deyilən şey yoxdur. Ona görə qalmışam belə, bilmirəm gedim, ya yox. Nəysə, hələ bir ay var. A, yaxşı yadıma düşdü, qoy Elmara zəng edim.

Daxili telefonla aparat rəhbərini yığır:

- Elmar.

- Buyurun, Sahib müəllim.

- Tapşır işçilərinə, internetə girib baxıb öyrənsinlər. Çində, daha doğrusu, Pekində Azərbaycan, olmasa, türk restoranı var, ya yox. Tapsalar zəng edib restoranın administrasiyasından soruşsunlar, onlar mal, ya qoyun ətini hardansa gətizdirirlər, yoxsa ancaq elə yerli ətdən bişirirlər hər şeyi. Saytda da baxarsan menyuda nə olur. Bu dediklərimi bir saata-zada öyrənib mənə deyərsən.

- Oldu, Sahib müəllim, öyrənib deyərəm. Bir də, Sahib müəllim, hesabat tam hazırdı, dünən dediyiniz səhvləri düzəltmişik, gətirmək olar məktubla hesabatı? Məktuba imzanız…

- Elmar, mən indi məşğulam, lazım olanda sənə deyəcəklər gətirərsən.

Nazir dəstəyi qoyub birinci müavindən soruşur:

- Sən mənə de görüm, bu gün axşam hansı saunaya gedək par (buxar) qəbul eləməyə?

- Təzə bəyə. (Təzə bəy hamamı nəzərdə tutulur), - müavini cavab verir.

- Ahh, - nazir əsnəyə-əsnəyə, sonra yenə gərnəşərək, - məndən olsa, bu dəqiqə samalyota minib uçardım Krasnoyarska. Orda əsl klassik rus hamamı var, tələbə olanda çox gedirdim ora. Obıknovennaya studençeskaya russkaya banya. (Adi tələbə hamamı). Yox, düz demədim, əslində neabıknovennı hamamıydı. İnanırsan, yüz Təzə Bəyi ora dəyişmərəm.

- Mən də Saratovda tələbə olanda «Belaya luna» hamamına gedirdim.

- Lüt arvadlar gəlirdi hamama? - nazir birdən pıçıltıyla soruşdu.

- Yoox, - Rauf gözləmədiyi sualdan bir az çaşan kimi olur.

- Ehh. Ama mən gedən hamama gəlirdi.

- Niyə, bəyəm?...

- Bildim nə soruşacaqsan. Əlbəttə, razdevalkalar ayrı-ayrıydı. Üçüncü kursda oxuyurdum, qış-yay, hər bazar özümü verirdim dediyim hamama, təbii ki, kişilər olan yerə, üçdə kişilər, ikidə arvadlar çimirdilər, saunada süpürgəylə bir-birini masaj eliyə-eliyə par qəbul eliyiridlər. Ehh. Dincəlmək üçün indi remont gedən otağa elektrik masaj eliyən kreslo zakaz eləmişəm. Nə olsun, o süpürgənin yerini heç nə verə bilməz... Hə, arvadlardan danışırdım, axı. A kişi, bir də görürdün, üç-dörd arvad lüttənib ümumi yox, başqa bir qapıdan kişilər olan “razdevalkaya” girdilər. Razdevalka deyəndə yekə zal kimi bir yeriydi, bütün kişilər orda soyunub-geyinirdilər. Bu arvadlar da…

- Qoca arvadlar olardı.

- Yox, elə gələnlər cavan olurdu.

- Nəyə gəlirdilər?

- Həmin o razdevalkaya girişdə kassada oturan kliyentlərdən pul yığan kişidən açarı götürüb birinci mərtəbədə olan zala nastolnı (stolüstü) tennis oynamağa gedirdilər. Denən, bir köpəkoğlu rus kişisi, istiyir cavan olsun, istiyir qoca, bu qadınları görəndə ya çaşa, ya sifətində bir cizgi dəyişə, elə bil heç nə olmayıb. Bir dənə gözünü bərəldib onlara yanıx kimi baxan mən idim. Mən də, aydın məsələdi, tələbə, azərbaycanlı….

Nazir müavini ilə söhbət eləməyində, bu vaxt çöldə nazirliyin giriş qapısından içəri keçən hündürboylu, arıq qırmızıyanaq kişi polisə yaxınlaşır:

- Salam qağa. Mən Sahibin yanına gəlmişəm. Adım Salmandı.

- Nə? - polisin təəccübdən gözü kəlləsinə çıxır. – Birincisi qağa yox, polis. İkincisi də Sahib müəllim demək lazımdı. Siz nazirin adını çəkirsiz, küçədən keçən birisinin yox.

- Sahib mənim qohumumdu e, çıqqılı olandan, - əli ilə yeri göstərir, - bir yerdə böyümüşük.

- Başa düşdüm. Amma o nazirdi, elə müraciət etməzlər, bura dövlət idarəsidi. Götürün, daxili nömrəynən bir qırx beşi yığın. Köməkçisi götürəcək, onnan danışın.
Nazir isə müavini ilə söhbət eləməyə davam edir.

- …Ehh, sən ləzzətin hələ nə olduğunu bilmirmişsən ki, - müavinə deyir. - Girirsən isti, daha doğrusu, bədənin dözə bildiyi qədər qaynar suyun altına, sonra qəfildən soyuq su, sonra par qəbul eliyirsən, tərliyirsən, təpədən dırnağa qədər, sonra təzdən girirsən soyuq suyun altına, sonra təzdən qaçırsan parilkaya. Elə bil cənnətə gedirsən.

- Sonra bir stəkan təmiz ananas soku.

- Pivə, ancaq pivə, öz də soyuğundan, - gözləri parıldayır, ağzını marçıldadır nazir.
Bu vaxt nazirin telefonu səslənir.

- Alo… kimdi? Kim?

Telefonun o biri başında katibədi.

- Qohumunuzdu, adı Salmandı, dedi siz onu yaxşı tanıyırsınız.
Nazir üzünü turşudur, başını qaşıya-qaşıya fikirləşir, axırda deyir:

- O Salmana de ki, Sahib müəllim məşğuldu. De ki, yanında adamlar var, xarici qonaqlardı, axşama qədər danışmaq imkanı olmayacaq. Axşam da Meksikaya uçur, bir də bir həftədən sonra Bakıya qayıdacaq, onda əlaqə saxlayar, baxaram, ya da axırıncını demə, eləcə de ki, bir həftədən sonra Bakıya qayıdacaq, vəssalam, - deyib nazir telefonun dəstəyini yerinə qoyur.

- Əşi belə şey olar? – nazir süni əsəbiliklə deyinir. – Qohumdu. Eşşəyin dal ayağıdı. Deməli, mən idarə rəisi olanda ayda bir-iki qohum gəlib kəsdirirdi aşağını. Biri iş istiyir, o biri, nə bilim, pul istiyir. Müavin olanda həftədə bir-iki qohum peyda olmağa başladı. Nazir olandan bu yana, yalan olmasın, hər gün qohum çıxır ortaya. Axırda bu qohumların əlindən məcbur olub az qala elə hər həftə qaçıb gedirəm Meksikaya, - müavininə göz vurur, sonra gülməyə başlayır...

Bu vaxt nazirin mobil telefonuna zəng gəlir.

- Bax, görürsən, imkan verməzlər ki, - bir müddət ekranda gələn nömrəyə baxır. - Bu nömrə mənə tanış gəlir, qohum, yoxsa qeyri-qohum? - mızıldanır, azca tərəddüddən sonra yaşıl düyməni basır. – Alo... Aha, eşidirəm... Tanıdım, tanıdım, eşidirəm... Sağ ol, yaxşıyam. Sizdə vəziyyət necədir?... Hə, eşidirəm.... – gözünü bərəldir, bir növ müavininə narazıçılığını bildirir, müavinsə yaltaqcasına, süni şəkildə gülümsəyir.

- ...Aydındı, aydındı, haranı qutarıb? – nazir telefonla danışmağa davam edir. - CV-sini gətirib ümumi şöbəyə versin, konvertin üstündə yazarsız Elmar Əliyevə. Qəbul edim sizi? Yox, elə şey mümkün deyil... Mən belə qəbullara görə onda gərək bütün işimi atım vətəndaşların qəbuluynan məşğul olum... Sizin kimi yüzlərlə... Başa düşürəm, qohumuq, ama hər şeyin qaydası var... Telman müəllim, birincisi, mən Meksikadayam, mühüm bir səfərdə, bir azdan iclas başlayacaq, vaxtımı alırsız. İkincisi də, mən sizə yaxşılıq elədim, dedim ki, konvertin üstündə Elmar Əliyevin adını yazırsız, çünki mən indi işçiyə tapşırıq verəcəm ki, bu məsələylə bağlı məktub mənə gəlsin... Oğlunuzun adı, familyası nədi? – telefonu sol qulağına ötürərək qələmi götürüb kağız parçasına telefonda deyilənləri yazır. - ...Yox, üzr istəmək lazım deyil. Baxaram, müvafiq şöbədə yer olsa, işə götürərəm. Telman məllim, vaxtımı alırsız siz, - sanki özünü Meksikada iclasda hiss edimiş kimi qol saatına baxıb, - dedim axı Bakıda deyiləm, xaricdəyəm, indi iclas başlayacaq... Yaxşı, oldu.

Nazir hirslə, nümayişkəranə mobil telefonun qırmızı düyməsini basır.
- Mabilni telefonu çıxardanın.... Görürsən də? Belələrinə necə demiyim ki, Meksikadayam.

- Sahib məllim, - nazir müavini şefini müdafiə edirmiş kimi, - inanın ki, mən də bu gündəyəm. Həftədə, yalan olmasın, beş-on dəfə zəng edirlər... İşə düzəlmək istiyən qohumunuzun oğlu haranı qutarıb?

- Dedi e, yadımdan çıxdı... Hansısa geydirmə özəl unversitetlərdən birini qutarıb. Hə, yaxşı yadıma düşdü, - tez daxili nömrəylə katibəsini yığır:

- Deməli, sənə Telman müəllim adında bir adam bu günlərdə zəng eləsə, desə ki, Sahib məllimin qohumudu-filan, məni soruşsa, deyərsən Meksikadadı. Soruşsa ki, nə vaxt gələcək, deyərsən ki, üç gündən sonra. Bir də ona deyərsən ki, xəbərim var sizin məsələdən, oğlunuzun CV-sini məktub şəklində Elmar müəllimin adına yazıb ümumi şöbəyə versin... Oldu, - dəstəyi yerinə qoyur, gülə-gülə tez, - Hə, biz bayaq harda qaldıq? – soruşur.

- Pivədə, deyirdiz Rusiyada saunada ancaq soyuq pivə içmək lazımdı, - müavini cavab verir...


2-ci epizodun sonu (şirkət müdiri)

- ...Bizdə vəziyyət yaxşıdı, şükür Allaha. – şirkət müdiri Şərxan telefonla danışır, sifəti sevincdən alışıb-yanır. - Dua eliyirik sizə, Nazim məllim. Yoldaşım həmişə soruşur ki, Şükufə xanım necədir... Çox sağ olun, çatdıraram mütləq... Aha, eşidirəm Nazim məllim... Ay nə xoş... Nə xoş xəbər eşitdim, bəlkə də inanmazsınız necə sevindim. Qız böyütmək, köçürtmək şərəfli, gözəl işdi... Aha, əlbəttə gələcəyik, necə lazımdı iştirak edəcəyik... Yox, o nə sözdü, dəvətnamə... İnanıram, inanıram ki, vaxtınız olmuyub, zəng eliyib çağırırsızsa, bu böyük şeydi. Əlbəttə, Elmirayla gələcəm. Aha, siz deyin, indi yazıram, - masanın üstündəki qələmi və ağ kağız parçasını götürüb telefonla ona deyilənləri yazır: “Kral şadlıq sarayı, saat 6, Aytənin toyu”. – Oldu, Nazim məllim, axşam gələcəyik mütləq, - sanki Nazim yanındadır, başını əyib təzim edə-edə sağollaşır, telefonu yerinə qoyur. Qol saatına baxır, sonra telefonla arvadını yığır:

- Ay Emiş, bu Nazim var e, bizim tanış, əmlakda idarə rəsi işliyir, bizim gədənin toyuna gəlmişdi də?

- Hə gəlmişdi, yadımdadı. Toya çağırır? – arvadı tez suala keçir.

- Ay qız, bir dəyqə də. O dəyqə suala keçmə! Sən dəftəri götür, bax, gör nə qədər pul salmışdılar, mənə zəng edərsən mabilniyə.
İki-üç dəqiqə keçməmiş mobil telefona zəng gəlir, Sərxan qırmızı düyməni basıb, yenidən ev telefonunu yığır:

- Hə, nə qədər?

- Beş yüz manat.

- Yadında deyil, tək gəlmişdi, yoxsa arvadıyla?

- Tək gəlmişdi.

- Bəlkə sənin yadına gələr, iki il əvvəl torpaq məsələsində ağız açmışdım ona, kömək eləmişdimi bizə?

- Kömək eləmişdi deyəndə, dedi ay belə eliyəcəm, çalışacam sizə sərf eliyən variant olsun. Axırda da sənin cibindən o qədər pul çıxdı. Yəni bu adamı tanımasaydın, başqa birini tapsaydın eyni şey olacaqdı. Puluna minnət məsələsi.

- Qızı Aytənin toyuna çağırıb, dedi, Elmira xanımla bir yerdə dəvət edirəm. İndi, - qol saatına baxıb, - üçə hardasa on dəyqə qalıb. Mən hardasa saat altıya on beş dəyqə qalmış maşınla...

- A kişi, dayan görüm. Sən də belə şeyləri həmişəki kimi...

- Mənə də elə indi zəng eliyib deyib, səndən iki dəyqə qabaq, başa düşdün?! O vaxta qədər parikmaxerə gedib bəzənib-düzənərsən, altıya on beş dəyqə qalmış olarsan blokun ağzında. Həmin vaxt orda olmasan, özündən küs day, – deyib telefonun dəstəyini yerindən asır. “Off” dedi, bu vaxt mobil telefona arvadından zəng gəldi:

- Nədi ay Emiş?! Nəyə zəng eləmisən?!

- Donu soruşurdum, hansını geyinim, keçən il Parisdən aldığım uzun rozvunu (çəhrayı), yoxsa burdan Armanidən aldığım ağ donu?

- Min dəfə demişəm sənə, belə gic-gic suallar vermə mənə, hansını istiyirsən onu da geyin! – deyib qırmızı düyməni basıb mobil telefonu hirslə masanın üstünə atır.
“Hansı donu geyinim. Axmax qızının verdiyi suala bax. Elə bil birinci dəfədi toya gedir”. Bu vaxt arvadından sms gəlir: “Toy harda olacax? Sen Allah hirslenme”.
Əri əvvəlcə əsəbləşir, sonra ağlına məzəli bir cavab gəlir deyə qımışır, cavab sms yazır: “Gülüstan sarayında”. Bir dəqiqə keçməmiş arvadından zəng gəlir, Sərxan yaşıl düyməni basıb arvadına söz deməyə imkan vermir:

- Zarafat eliyirəm. Kralda olacaq. Yaxşı, rozvı donuvu geyinərsən, orda arvadlara fors eliyərsən, deyərsən, ərim Parijdə alıb.... Vaxtım yoxdu danışmağa, sağ ol. Dediyim vaxtda blokun ağzında olarsan”, - deyib qırmızı düyməni basır.

Sonra kod rəqəmlərini basıb seyf kassasını açır, - içində dəstə ilə dollar və manatlıqlar olan pul əskinasları rəflərə düzülüb. Yüz manatlıq olan pul dəstəsini götürüb, rezin ipi çıxarıb, baş barmağına tüpürüb on yüzlük seçib qırağa qoyur, pul dəstəsini yerinə qoyub seyfi bağlayır. “İki nəfərə min pis deyil. Pis deyil deyəndə başabaş. Bizim toya tək gəlmişdi, beş yüz salmışdı, mən də arvadla gedirəm, iki nəfərə min salıram. Üstəlik torpaq məsələsində boş-boş danışdı, axırda da işə yaramadı... Ona görə min az deyil. Az nədi, normaldı... Bəlkə iki yüz də artırım, olsun min iki yüz... Yox, pis çıxır, artırsam gərək beş yüz artırım... Əşi min bəsləridi, guya toyun pulunu çıxartmıyacaqlar. Beş qat çıxardacaqlar”, - nəhayət son qərara gəlir. Masanın üstündəki on ədəd yüzlüyü ağ konvertin içinə qoyub, baş barmağına tüpürüb konverti yapışqan olan yerindən bağlayır, qələmi götürüb “Sərxan Musayev, “Asiman” şirkətinin prezidenti” yazır və konverti kostyumunun döş cibinə qoyur. Özündən razı halda saçlarını sağ əliylə tumarlayır.

Bu vaxt İlqar, Sərxanın qohumu, sragagün telefonla danışıldığı kimi saat üçdə «Asiman» şirkətinə gəlib çıxır. Həmin gün səhərdən katibə Elya Sərxan müəllimin yadına salmalıydı ki, iki ilə dörd arası ofisdə olmasın, İlqar gələndə isə desin ki, təcili İstanbula gedəsi oldu.

- Salam, mən İlqar müəlliməm, - qalstuklu, ağ köynəkli arıq kişi özünü təqdim edir. - Sərxan müəllim bu günə saat üçə görüş təyin eləmişdi, - səliqə ilə cümlələri desə də səsində həyacan o dəqiqə hiss olunur.

- Həə, - Elya da həyacanlı səslə, - Bilirsiz, Sərxan müəlimin təcili işi çıxdı, gecə İstanbula getdi.

- İstanbula? Bəs mənə srağagün demişdi?...

- Bilirəm, mənə də xəbər eləmişdi ki, siz bu gün gələcəksiz, amma çox təcili iş çıxdı deyə getməli oldu.

- İstanbula? - İlqar çaşqın halda katibəyə baxır. Katibə ürəyində Allaha yalvarır ki, müdir onlar olan otağa gəlməsin, nə də zəng eləməsin, birdən guya vacib, təcili bir iş görürmüş kimi “Bir dəyqə” deyib tez başını kompüterin monitorunun arxasında gizlədib msn-də şefinə tələsdiyindən hərflərin yerini səhv qoya-qoya bunları yazır: “Sarxan mellim oqhumuz İqar burda, dedim is cixdi, siz tecili İstanbula egtdiz”. Dalınca da buzz!! işarəsi (yazdığı adam tez cavab versin deyə səsli işarə). Az sonra cavab gəlir: “Ay keybaş, bəs sənə o gün demədim, səhər yadıma salarsan????”, - “Yadimdan cixdi, bagislayin. İndi cixib geder.”

Ora-bura baxan İlqarın birdən gözü Sərxanın kabinetinin pəncərəsinə sataşır.
- Bəs otağının işığı yanır? - əli ilə Sərxanın kabinetini göstərir.

Katibəsiylə msn-də yazışan, eyni zamanda işçilər olan otağı göstərən monitora baxan şirkət müdiri qohumunun əl jestinin mənasını anlayır, dodağını dişləyir, ayağa durur, istəyir gedib işığı keçirsin, fikrindən vaz keçir, başa düşür ki, belə etsə lap pis vəziyyətə düşəcək, yerində oturub başının əlləri arasına alıb masaya dirsəklənir. Dodaqaltı deyinir: “Nemesdi, nemes. Düz saat üçdə gəlib. Bir dəyqə o yan, bu yan söhbəti yoxdu ha… Harda kasıb-kusub var, gəlib məni tapar… ”

- …O işıq dünəndən yanır, Sərxan məllimin yadından çıxıb söndürmək, - katibə özünü itirmədən vəziyyətdən çıxır.

- Aydındı, - İlqar dilxor halda deyir, - ona deyərsiz ki… Deyərsiz ki… - əsəbini güclə boğur, amma deməyə tərəddüd edir, fikirləşir ki, körpüləri yandırmaq olmaz, nə vaxtsa Sərxana yenə işi düşər, bəlkə onda ağız açsa kömək edər, - ona görə qıza quruca “Sağ ol” deyib dilxor halda ofisdən çıxır.


3-cü epizodun sonu (BDU müəllimi)

Asif müəllim kafedrada tək oturub „Zerkalo“ qəzetini oxuyur. Bu vaxt kurs işiylə bağlı iki gün əvvəl ondan material istəyən tələbə qız, Nərgiz kafedraya daxil olur.

- A burdasız məllim, sizi göydə axtarırdım, yerdə tapdım, - gülə-gülə deyir.

- Buyur eşidirəm səni, - Asif soyuq tonda cavab verir, bir növ çatdırır ki, müəllimlə tələbə arasında sərhəd var, belə danışmazlar müəllimlə.

Qız Asif müəllimin danışıq tonunundakı soyuqluğu hiss edir və yazıq görkəm alaraq deyir:

- Məllim, mən sizə iki gün əvvəl dediyiniz kimi imeylə yazdım, kurs işi materialları ilə bağlı, dediz, axşam göndərəcəksiz, ama mənə heç nə gəlmiyib. Elmi rəhbərim də…

- Aydındı, səndə imeyl necədir?

- Nergiz aşağıdan xətt Muradova əd işarəsi rambler nöqtə ru.

Bu vaxt Asifin mobil telefonuna zəng gəlir.

- Alo. Salam… Hə Asifdi. Kim? Orxan? Orxan… Orxan… Hmm… Həə, indi yadıma düşdün. Əlbəttə yadımdasan... Hə, indi yığıram. – mobil telefonu qapadır. - Nərgiz, sən bir beş dəyqəliyə çıx karidora, mən telefonla danışım-qutarım gələrsən.
Nərgiz kefsiz halda „Yaxşı, məllim“ deyib kafedradan çıxır. Asif şəhər telefonu ilə Orxanın dediyi nömrəni yığmağa başlayır.

- Hə, bir də salam. Necəsən, nə var, nə yox?... Mən yaxşıyam, şükür Allaha. Hə, BDU-dayam, dərsimi deyib evə qayıdıram... Sən neyniyirsən, haralardasan?

- Elmlər Akademiyasında, Tarix institutunda, şöbə müdirinin müavini.

- Sən müdafiə etdin də?... Hə, lap yaxşı. Mən, hə, üç il olar... Orda vəziyyət necədir? – dalınca istəyir soruşsun ki, maaş-filan nə qədərdi, yadına düşür ki, SSRİ dağılandan sonra akademiyada verilən pula adamın maaş deməyə dili gəlmir. Ona görə sualı bir az „taktiçni“ verir. - Başqa bir yerdə işliyirsən?

- Odlar Yurdunda, yarımstavka.

- Lap yaxşı, yenə puldu. Sən evlənmisən sözsüz ki, - Asif soruşur.

- Day otuz yaşı keçmişəm, deyirsən bu vaxta qədərə evlənmiyim. Bir oğlum da var, bəs səndə? – Orxan cavab verir.

- Allah saxlasın səninkini. Məndə iki qızdı.

- Allah səninkiləri də xoşbəxt eləsin. Elə hamısınnan yaxşı qızdı. Özün sevib evləndin yoldaşınla, yoxsa azərbaycansayağı, evdən dedilər bu qız, sən də dedin siz deyən olsun?

„Uff, vsyo taki zəhləmgetmiş sualı verdi də. Bilirdim ki, bu sualı verəcək. Sora da soruşacaq haralıdı yoldaşın?“ – Asif əsəbləşir.

- Belə deyək, özüm tanış olub, özüm seçim etmişəm, - Asif könülsüz cavab verir.

- Hə, lap yaxşı eləmisən. Asif, deyirəm bəlkə bu gün, ya sabah görüşək, necə deyərlər, universitet illərimizə baş vuraq. İş yerlərimiz də „kak-raz“ yaxındı.

- Orxan, düzü, bu gün, nə də sabah alınmayacaq məndə.

- Bəs həftə sonu?

Bu vaxt Nərgiz kafedaraya girir, müəllim əliylə çıx işarəsi verir, tələbə qız çıxır.

- Orxan, qadası, inan ki, həftə sonu da mümkün olmuyacaq. Semestr qutarır, müdafiələr başlıyıb, bir yandan kurs işləri, o biri yandan buraxılış işləri, magistr dissertasiyaları, üstəlik əlimin altında yekə bir namizədlik dissertasiyası var, indicə veriblər, gərək bu həftə ərzində rəy yazım ona. (Masanın üstündə əlinin altında oxuduğu qəzet var, bir də oxumayacağı, daha doğrusu başqa müəllimlərin rəy yazacaqları buraxılış işləri).

- Onda gəl ya bu ayın axırı, ya gələn ayın əvvəli görüşək, bulvarda bir yerdə oturub çay içə-içə xatırlayarıq romantik tələbəçilik illərimizi. Nəysə, son vaxtlar yaman yadıma düşmüsən.

- Oldu Orxan, zəngləşib bir vaxt danışarıq. İnşallah, - demir „zəng edərəm“, qeyri-müəyyən „zəngləşərik“ sözündən istifadə edir.

Sağollaşırlar... Asif Orxanla BDU-nun tarix fakültəsində beş il bir qrupda oxuyub. Dost olmasalar da bir-birilərinə hörmətlə yanaşıblar. Orxanın Asifə savadına görə xüsusi rəğbəti olub. Universitetin tarix fakültəsini bitirəndən sonra yolları ayrılıb, əlaqələr itib. Orxan bu yaxınlarda təsadüfən o vaxt paralel qrupda oxuyan tələbələrdən birindən öyrənib bilib ki, keçmiş qrup yoldaşı BDU-da müəllim işləyir, nömrəsini götürüb, həvəslə zəng edib görüşmək, keçmiş günləri yada salmaq könlündən keçib...

Asif kafedrada qəzet oxumağa davam edir. Qapının ağzında dayanıb otaqdan müəllimin səsinin gəlmədiyini görən Nərgiz tez içəri girir.

- Hə, nəydi səndə? – müəllim kefsiz soruşur.

- Srağagün sizə imeyl yollamışdım kurs işiylə bağlı.

- Bildim, bildim. Məsələ burasındadır ki, səndə imeyl adres rambler.ru-dadı, məndə gmaildi, ramblerdən gmaile bəzən gəlmir yazılanlar. Bəlkə də sən yazdığın mənə spama gəlib. Spama adətən baxmıram. Sən, zəhmət çək, bu gün gmaildə, ya yahoo-da, yox elə gmaildə özünə yeni adres aç ordan yolla bu dediklərini.

- Baş üstə məllim, - tələbə qız sevincək deyir.

- Oldu, sənə uğurlar.

Nərgiz kefadradan çıxır, Asif qəzetdəki məqaləni oxumağa başlayır, bu vaxt mobil telefonuna yenə zəng gəlir. „Eee, qoymazlar da qəzetimizi oxuyaq“ – deyinir, hirslə əlini masaya vurur. Ekrana baxır, nömrəni tanımır, üzünü turşudur, yaşıl düyməni basır.

- Bəli… Aha, Asif müəllimdi, buyurun eşidirəm sizi.

- Sizi Amerika səfirliyindən Nigar narahat edir, - incəsəsli „russkayazıçnı“ azərbaycanlı qız yüngül ləhcə ilə danışmağa başlayır. – Siz ingilis dilində danışa bilirsiniz?

- Bəli, Nigar xanım, danışıram.

- Okey, Asif müəllim. Sizinlə indi ABŞ-ın Azərbaycandakı səfirinin köməkçisi cənab Con Peterson danışmaq istəyir. O sizin tədqiqat işlərinizlə maraqlanır. Hal-hazırda sizi onunla birləşdirə bilərəm?

- Əlbəttə, əlbəttə, - BDU müəlliminin səsində sevinc tonu əmələ gəlir.

- Salam cənab Asif, mənim adım Condur, - Peterson ingiliscə özünü təqdim edir.
Və onlar ingilis dilində danışmağa başlayır. Məlum olur ki, cənab Peterson Asif müəllimin ABŞ-ın elmi jurnallarında çıxan bir neçə məqaləsini oxuyub, böyük məmnuniyyətlə müəlliflə tanış olmaq istərdi və buna görə onu şənbə, ya bazar günü „Muğam“ restoranına nahara dəvət edir. Ən əsası, cənab Peterson Asif müəllimi dörd aydan sonra Los-Ancelesdə keçiriləcək üç günlük “Konfliktlərin həll ediməsi perspektivləri və xalq diplomatiyası” mövzusunda beynəlxalq konfransda məruzəçi kimi görmək istəyir. Bunları eşidən Asif müəllimin sevincdən gözləri parıldayır, həyacandan səsi acza titrəyir, çünki danışa-danışa təsəvvürünə gətirir ki, Petersonla tanışlıqdan sonra başqa uğurlar da əldə edəcək, - konfransda məruzəsini bəyənəcəklər, tanış olduğu amerikalı professorlardan biri onu bir-iki aylığa Amerikaya elmi məzuniyyətə dəvət edəcək, o Amerikaya gedəcək, orda kafedrada ona bir il orda qalıb işləmək təklif edəcəklər. Bir illik praktika nəticəsində ingilis dilini təkmilləşdirib doktorluq işi üçün xeyli material toplayacaq, - ən əsası, bir ildə yığdığı pulla Bakıya qayıdıb özünə Nissan Sunny-dən, Hynday Sonatadan-zaddan birini alacaq.

Bu vaxt kafedraya dekanlıqda işləyən laborant qız daxil olur, müəllimin telefonla danışdığını görüb dayanır. Asif ona əliylə sifətində yalançı-etik təbəssümlə çıx işarəsi göstərir. Laborant qız pıçıltıyla „Dekan sizi çağırır“, - deyir, Asif başını tərpədir, yəni indi gələcəm, laborant qız otaqdan çıxır.

- …Okey, cənab Peterson, - Asifin səsində xoşbəxtlik tonu var. - Məqalələrim haqqında dediyiniz xoş və səmimi sözlərə görə sizə çox-çox təşəkkür edirəm... Böyük məmnuniyyətlə... Okey... Amma, cənab Peterson, istəsəz həftə axırı yox, lap elə bu gün, bu gün sizdə alınmasa, sabah günün istənilən vaxtında restoran yox, başqa yer olsun, sizinlə görüşməyə hazıram. Okey, onda siz dediyiniz kimi həftə axırı görüşərik. Çox sağ olun, çox sağ olun.
Asif Petersonla danışıb qurtaran kimi şəhər telefonuyla ev nömrəsini, arvadını yığır.

- Gir otağıma, siyirmənin birinci gözünü aç, gör orda mənim vizit kartımdan nə qədər qalıb.

- Yaxşı, indi baxaram, - arvad dəstəyi qırağa qoyur.
Asif barmaqlarını masaya döyəcləyir.

- Saydım, on dənə qalıb, - arvadın səsi eşidilir.

- Lap yaxşı.

- Neyniyirdin ki?

- Amerika səfirliyi… Ya da axşam deyərəm, hələlik.

Asif dəstəyi yerinə qoyub cəld yerindən durur, „Süleymani“ rəqsinin musiqisini fitlə çala-çala kostyumun pencəyinin ətəklərini aşağı çəkir, hər iki çiyninə guya toz varmış kimi üfürür, divardan asılmış güzgüyə baxır, özünə göz vurur, lovğalıqla başını qaldırır, bir neçə saniyə özünə bu cür vəziyyətdə baxır. Sonra kostyumunun döş cibindən darağını çıxarıb həvəslə, tez-tez saçını arxaya daramağa başlayır, darağa iki dəfə bərkdən üfürüb döş cibinə qoyur, - sanki bir azdan Mister Petersonla restoranda, ya da başqa bir yerdə görüşə hazırlaşır.

SON

2011, yanvar, may,
Bakı

Günün bütün mövzuları

XS
SM
MD
LG