Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:21

Qaz tələb etdi, həbsə düşdü


Salyanda etiraz aksiyası, 18 noyabr 2011
Salyanda etiraz aksiyası, 18 noyabr 2011
Salyan rayonunun Qarabağlı kənd sakini Aqil Qasımov noyabrın 21-dən Salyan rayon Polis İdarəsində saxlanır. O, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunur.

Noyabrın 18-də Qarabağlı kəndinin sakinləri bir ildir kəndə qaz verilməməsinə etiraz olaraq Salyan-Şirvan yolunu bağlamışdılar. Sakinlərin dediyinə görə, polis yolu açmaq üçün onlara qarşı zor tətbiq edib.

Hadisədən 3 gün sonra – noyabrın 21-də aksiya iştirakçılarından 3-nü polisə çağırıblar. Sakinlərdən Yusif Alxanov deyir ki, polis idarəsində onları bir neçə saat dindirdikdən sonra onu və İxtiyar Həsənovu sərbəst buraxıblar. Aqil Qasımov isə idarədə qalmalı olub:

«Guya iğtişaşı o, təşkil edib, polisə müqavimət göstərib. Amma o, heç nə etməyib, sadəcə aksiyada arvad-uşağı döyürdülər, o da bunun qarşısını alıb. Orada yığışan bütün qadınlar təsdiq edə bilər ki, Aqil Qasımovun heç bir günahı yoxdur. Bizə qarşı təzyiq olub, o da bizi müdafiə edib. Aqil nə xuliqanlıq, nə cinayət edib ki?!».

«YALANDIR!»

Aqil Qasımovun qardaşı Arif Qasımov da deyir ki, Aqil Qasımov aksiya zamanı polisin qadınlara qarşı zor tətbiq etməsinə qarşı çıxıb, amma heç bir hakimiyyət nümayəndəsinə əl qaldırmayıb.

Salyan rayon Polis İdarəsi rəisinin müavini Knyaz Həsənov AzadlıqRadiosuna Aqil Qasımovun idarədə saxlandığını təsdiqləyib. Amma o deyir ki, polisin sakinlərə qarşı zor tətbiq etməsi, digər iki sakinin də idarədə dindirilməsi barədə deyilənlər yalandır:

«Yalan söhbətdir, orada sakinlərlə yalnız söhbət olub, zor tətbiq olunmayıb. Nə Yusif idarədə olub, nə də İxtiyar.
Foto: Arxiv
Foto: Arxiv
Bircə Aqil Qasımov gətirilib. Aqil Qasımovla bağlı təhqiqat gedir, polisə xəsarət yetirib».

Aqil Qasımov barəsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmək ittihamı ilə cinayət işi açılıb. İttiham təsdiqlənərsə, 3 ilədək həbs oluna bilər. Aqil Qasımov 3 azyaşlı uşaq atasıdır, himayəsində həm də xəstə anası var. Kənd sakinləri onun Şirvan bazarında göyərti satmaqla ailəsini dolandırdığını deyirlər.

«QƏFİLDƏN KÜTLƏNİN İÇİNDƏN ÇIXDI, MƏNİ VURDU»

Aqil Qasımovun xəsarət yetirdiyi iddia olunan hakimiyyət nümayəndəsi - sahə rəisi Elşən Yusifovdur. O deyir ki, gözünün altı göyərib, dodağı partlayıb, tibbi ekspertizadan da keçib. Elşən Yusifov bildirir ki, noyabrın 18-də sakinlərlə polis arasında heç bir qarşıdurma yaranmayıb, sadəcə, Aqil Qasımov kütlənin içindən qəfildən irəli keçərək onu vurub:

««Tolpa»nın içindən çıxdı, məni vurdu. Başqa heç bir qarşıdurma olmayıb. Sadəcə olaraq, profilaktika aparırdıq ki, yaxşı deyil, maşınında xəstəsi olan var, yolu açın, sonra gedin etirazınızı harada istəyirsiniz eləyin, icra hakimiyyətinə şikayət edin».

«BU, SİFARİŞDİR»

Salyandan olan hüquq müdafiəçisi Emil Məmmədov sahə rəisinin dediklərini səmimi hesab etmir:

Emil Məmmədov
Emil Məmmədov
«3-4 gün sonra bu məsələyə belə hüquqi qiymət verilməsi məncə, yuxarı təbəqədən gələn göstərişdir. Kimsə mütləq tutulub cəzalandırılmalıdır ki, başqa adamlar buna baxıb nəticə çıxarsınlar, etiraz aksiyalarına əl atmasınlar. Vətəndaşla polisi üz-üzə qoymaq çox pis haldır. Mənə elə gəlir ki, hakimiyyət orqanları bundan bir nəticə çıxarmalıdır. Xalq nə istəyir ki? Evində qaz yandırmaq istəyir də. Çünki bu insanların əksəriyyətinin həyətində ötən əsrdən neft hasil olunur».

KƏNDDƏ FƏHLƏLƏR YENİDƏN QOLLARINI ÇIRMALAYIB

Qarabağlı kəndinin sakinləri bu ilin mart ayından qaz üzünə həsrətdirlər. Sakinlər deyirlər ki, son vaxtlaradək yerli əhalinin qaz ehtiyacları hasilat quyularından verilən səmt qazı hesabına ödənilirdi. Bir ilə yaxındır əhaliyə qaz verilməsi dayandırılıb.

«Azəriqaz»ın yerli şöbəsindən kəndə səmt qazı verilməsinin dayandırılmasını təhlükəsizlik tədbirləri ilə əlaqələndirirlər. «Azəriqaz» kəndin qazla təchizatı üçün magistral xətdən 27 km uzunluğunda ayrıca boru kəməri çəkildiyini bildirir.

Kənd sakinlərinin isə AzadlıqRadiosuna dediklərinə görə, bir müddət idi ki, kənddə kəmər çəkilişi ilə bağlı heç bir iş görülmürdü. Amma baş verənlərdən sonra – noyabrın 22-dən kənddə yenidən iş gedir.
XS
SM
MD
LG