Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:55

Abdullah Gul: “Bu sözü birinci dəfədir deyirəm...”


İran prezidenti Mahmud Əhmədinejad və Türkiyə prezidenti Abdullah Gül, 2008
İran prezidenti Mahmud Əhmədinejad və Türkiyə prezidenti Abdullah Gül, 2008

Türkiyə prezidenti Abdullah Gul Britaniyanın “Sunday Telegraph” qəzetinə müsahibəsində bildirir ki, indi Qərb ölkələri ilə İran arasında gərginlik “yeni soyuq müharibə” həddinə çatıb:

“İran regionda çox mühüm ölkədir – öz potensialı, tarixi və mədəniyyəti ilə... Mən bunu ilk dəfədir deyirəm. İranda hakimiyyətin bir neçə güc mərkəzi var. Hökumət, parlament, dini liderlər, ordu. Türkiyə bunların hər biri ilə ünsiyyət qurulmasında yardımçı ola bilər”.

Müsəlman ölkələrində inqilablar, üsyanlar regionda siyasi palitranı dəyişməkdədir və bəziləri düşünür ki, bütün bu proseslər Türkiyənin regiondakı liderliyini daha da möhkəmləndirir.

Bir tərəfdən Suriyada hökumət üsyançılara qarşı aylardır silah işlətməkdədir və münaqişədə 3 mindən çox insan ölüb. Digər tərəfdən İranla Qərb ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı qarşıdurma davam edir.

Amma Britaniyanın “Sunday Telegraph” qəzetinə verdiyi müsahibədə Türkiyə prezidenti Abdullah Gul deyir ki, ətrafındakı gərginlik ocaqlarına baxmayaraq

İndi məqam – Türkiyənin məqamıdır

“Biz Asiya və Avropa arasında bir körpü kimiyik. Bəzilərimiz Asiyada, bəzilərimiz isə Avropada yaşayırıq. Biz bu tərəflər arasında – mərkəzdəyik”.

Gul deyir ki, onun 79 milyon nəfərlik ölkəsi Avropa Birliyinə üzv qəbul edilməlidir.

Bu həftə Türkiyə prezidenti 3 günlük səfərlə Londonda olacaq və kraliçanın qonağı kimi Buckingham Sarayında qalacaq. Yəqin ki, o, Türkiyənin Avropa klubuna qoşulmasının vacibliyini də vurğulayacaq.

“Türkiyə Avropanın ayrılmaz hissəsidir” – deyə Gül Ankarada “Sunday Telegraph”ın müxbirinə bildirib:

“Türkiyə Avropa Şurasının, Avropa İnsan Haqları Məhkəməsinin, NATO-nun üzvüdür, həmçinin Avropa Mədəniyyətinin bir hissəsidir. Bu Türkiyənin irəlilədiyi təbii bir yoldur”.

2005-ci ildə Avropa Birliyi Türkiyə ilə üzvlük danışıqlarına başlamağa razı olub. Amma o zamandan bəri danışıqlar tısbağa sürətilə davam edib.


Angela Merkel
Angela Merkel
Britaniya Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsini dəstəkləyir, amma birliyin bəzi başqa ölkələri bunun əleyhinə çıxır. Məsələn, Almaniya kansleri

Angela Merkel tam hüquqlu üzvlük əvəzinə Türkiyəyə “imtiyazlı əməkdaşlıq” təklif edir

Türkiyə buna razı deyil. Fransa prezidenti Nikola Sarkozi də Türkiyənin üzvlüyünün əleyhinədir.

Türkiyə prezidenti isə belə narahatlığını “süni” adlandırır: “Bəzi adamlar dar çərçivədə düşünürlər və strateji uzaqgörənliyə malik deyillər. Həmin adamlar Türkiyənin üzvlüyünü özlərinə yük kimi görürlər”.

Gulə görə, 30 ili, 60 ili qabaqcadan düşünənlər və dünya iqtisadiyyatında meyllərin, güc mərkəzlərinin dəyişməsini nəzərə alanlar bilirlər ki, Türkiyə Avropanı nə qədər qüvvətləndirə bilər.

Gül bildirir ki, əvvəllər Avropa Türkiyəyə yalnız təhlükəsizlik sahəsində tərəfdaş kimi baxırdı. Türkiyə NATO-nun köhnə üzvlərindəndir. Amma indi, prezidentin fikrincə, Türkiyə öz enerji resursları, əhalisi, iqtisadi qüdrəti ilə Avropaya dinamizm gətirə və inkişafın generatoru ola bilər.

Maraqlıdır ki, Avropa iqtisadi problemlərlə üz-üzə qaldığı bir vaxtda Türkiyə iqtisadiyyatında bu ilin 3 ayı əraində artım 11.6 faizə çatıb.

Hətta bəziləri düşünür ki, belə inkişafla - maliyyə böhranı ilə üz-üzə qalan Avropaya qoşulmaq düzgün deyil.

Məsələn, neft sahəsində mühəndis kimi çalışan 33 yaşlı Yamac Guney “Sunday Telegraph”a deyir ki, bir il əvvələ qədər Türkiyənin Avropa Birliyinə qoşulmasını dəstəkləyirdi, indi isə bunu istəmir. O deyir ki, “əgər orada bizim üzvlüyümüzü istəmiyənlər varsa, biz ora niyə qoşulmalıyıq?” Digər tərəfdən Guney hesab edir ki, indi Türkiyə siyasi və iqtisadi cəhətdən güclüdür və Avropaya ehtiyacvı yoxdur.

Güney həm də ehtiyat edir ki, Türkiyə Avropa Birliyinə qoşulsa, Yunanıstan və İtaliyadakı problemlər Türkiyəyə də yayıla bilər.

Amma Abdullah Gul belə narahatlıqları qəbul etmir

Suriya prezidentinin şəkli üsyançıların əlində
Suriya prezidentinin şəkli üsyançıların əlində

Onun fikrincə, Avropa Birliyindəki iqtisadi problemlər müvəqqətidir və Türkiyə Avropa Birliyinə qoşulmaq məsələsinə strateji düşüncə ilə danaşır.

Gul deyir ki, Türkiyə öz xarici siyasətində Qərblə Şərq arasında körpü olmağa hazırdır.

Gul Suriya məsələsində mövqelərinin qəti olduğunu bildirir. Onun sözlərinə görə, Britaniyada təhsil almış, yaşamış bir şəxs kimi Suriya prezidenti Bashar Assad anlamalıdır ki, təkpartiyalı rejimlərin axırı çatıb və o demokratik islahatlara başlamalıdır: “Əgər gecikərsə, vəziyyət daha da pisləşəcək”.

İndi Qərb ölkələri Suriya prezidentini istefaya çağırırlar. Belə bir vəziyyətdə Türkiyənin də Suriyadakı rejimi sanksiyalar, elektrik enerjisinin kəsilməsi ilə hədələməsi Qərb ölkələrinə böyük kömək sayıla bilər.

Gul deyir ki, Aralıq dənizi sahillərində avtoritar rejim olmamalıdır.

Ötən həftə məlumatlar yayıldı ki, Türkiyə Suriyanın silahlı müxalifətinə dəstək verir. Gul bunu inkar etsə də “biz xalqın legitim tələblərinin nəzərə alınmasının tərəfdarıyıq” deyir.

Gul Suriya hökuməti və müxalifəti arasında vasitəsçi olmağa hazır olduqlarını da bildirib.
XS
SM
MD
LG