Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:22

«Telefon danışığına 20 manat xərcləyirlər, kitaba isə...»


TƏLƏBƏLƏRİN YANINDAN DÜZ KEÇİDİYİ KİTAB MAĞAZASI
Bakıda İqtisad Universitetinin yanında yerləşən kitab mağazasının qarşısında qələbəlikdir. Tələbələr dərsdən çıxıblar və ... kitab mağazasına gözucu də baxmadan yanından ötürlər. Hündürboylu bir gənc isə zirzəmidə yerləşən mağazanın qabağında ayaq saxlayır, tərəddüd edir, pilləkənləri enir, amma həmin anda da fikrindən vaz keçib geri qayıdır.
Biz genişliyi, işıqlığı, rahatlığı ilə diqqəti çəkən mağazaya enirik. Bir neçə zalda kitab rəfləridir, kitablar bölmələr üzrə çeşidlənib. Satıcılardan başqa kimsənin gözə dəymədiyi zallarda Azərbaycan dilində bədii ədəbiyyat kitablarının yığıldığı rəfə yaxınlaşdıq. Kitabların əksəriyyəti təzə nəşrdi, xarici dildən tərcümələr də var, yerli ədəbiyyat nümunələri də.

Latın əlifbalı kitabların arasında gözüm Vaqif Səmədoğlunun kiril əlifbasında olan «Uzaq yaşıl ada» kitabını alır. Kitabı alıb vərəqləyirəm, fikirləşirəm ki, yəqin bukinistdən gəlib bura düşüb. Yerinə qoyuram ki, bəlkə gənc nəsildən kiminsə gözünü tutdu, «uzaq yaşıl ada»ya səyahət eləmək istədi...
AzadlıqRadiosu zaman-zaman kitab bazarından reportajlar verir. Bu dəfə kitab mağazasına getməyimizə səbəb tapmaq çətin olmadı. Son günlər yerli təzə, köhnə yazarların «imza günü» təşkil olunur, hətta müəlliflər özləri satıcılıq edib kitablarını satırlar. Yazar çevrəsindəki bu canlanma oxucu çevrəsinə də sirayət edibmi?
«KİTAB OXUMAMAĞIN KÖKÜ TƏHSİLDƏDİR»
Kitab mağazasının direktoru Əliağa Cəfərli sualımızı eşidər-eşitməz dedi ki, yeni kitabların əksəriyyətinin əslində ədəbiyyata adına aidiyyəti yoxdur, amma tərcümə ədəbiyyatının canlanmasını bazarın tələbatı kimi qiymətləndirdi. Oxucuların sayının artmasına gəlincə, Əliağa Cəfərli gileyləndi ki, mağazanın universitet yaxınlığında olmasının onlara isti-soyuğu yoxdur:
- 20 min tələbəsi var bu universitetin. Hər gün 20 min tələbədən beş nəfər girirmi? Beş addımdır mağaza ilə universitet arasında...
- Bəlkə kitablar bahadır, tələbənin gücü çatmır?
- Tələbənin xərclədiyini heç adi adamlar xərcləyə bilmir. Altlarında bahalı maşınlar, bahalı siqaretlər, bahalı paltar... gündə telefon konturuna 20 manat pul xərcləyirlər. Ayda bu xərclərdən 10-20 manat ayıra bilməzlərmi? Bunun səbəbini tapmaq lazımdı ki, biz kitabdan niyə qaçırıq?
Kitab ticarətində 35 ildir saç ağardan Əliağa Cəfərli bunun kökünün təhsildə olduğunu bildirir. Onun fikrincə, uşaqlıqdan kitab oxumağa vərdiş yaratmaq lazımdır. Əliağa Cəfərli vurğulayır ki, ixtisaslaşmış kitablara hər zaman, hər ölkədə tələbat var, onun sözlərinə görə, bədii ədəbiyyata başqa ölkələrlə müqayisədə Azərbaycanda maraq azdır.
Amma mağazanın satıcıları direktor kimi pessimist deyildilər. Onlar gün ərzində beş-on kitab satıldığını deyirlər:
- Bu gün 15 kitab satmışam. Bir kişi gəldi, 6-7 kitab aldı. Düzdür elə gün olur ki, alıcılar az gəlir, elə boş-boşuna otururuq.
«KİTABLARIN QİYMƏTİ CİBƏ UYĞUN DEYİL»
Ənvər Zeynalzadə

Ənvər Zeynalzadə

Başqa bir mağazada tanış olduğumuz, Bakı Dövlət Universitetinin müəllimi, təxminən 25-30 yaşlarında olan Ənvər Zeynalzadə isə hesab edir ki, əvvəlki illərlə müqayisədə adamlar arasında ədəbiyyata maraq artıb.

O, satıcıdan satışda klassik dünya rəssamlarının əsərlərinin olub-olmadığını soruşurdu. Dedi ki, universitetdə intellektual yarışlar keçirirlər, qalibə isə kitab hədiyyəsi verirlər. Özünün tez-tez mütaliə etdiyini deyən Ənvər Zeynalzadənin yenicə oxuyub qurtardığı kitab amerikalı yazıçı E. Heminqueyin «Qoca və dəniz» əsəridir. Amma onun fikrincə, kitabların qiyməti tələbələrin cibinə uyğun deyil, bu üzdən də kitab almağa maraq azdır:
- Müasir kitablar bir az baha alır, olur 10-20 manata. Bir tərəfdən də elektron kitablar çoxdur. Mən də çox oxuyuram elektron kitabları. Onlara çıxış rahatdır, pulsuzdur.
«KİTAB İNSANIN HƏYATINI XİLAS EDİR»
Turizm biznesində çalışdığını deyən Hüseyn Bayramova isə kitab seçməkdə satıcı kömək edir. Onun seçdiyi kitablara baxırıq, başqa dillərdən rus dilinə tərcümə olunmuş tarixi, ictimai-siyasi kitablardır.

Hüseyn kitab mağazalarının daimi müştərilərindəndir, evindəki kitabxanasını zənginləşdirməyi çox sevir. Deyir hər ay kitab almağa 30 manata qədər pul xərcləyir. Amma «kitab kolleksiyası» arasında yerli ədəbiyyat azdır. Səbəbini də keyfiyyətə bağlayır.
Oxucuları da elə kitab mağazalarında gördük. Küçədə sorğu keçirəndə isə bəziləri dedilər ki, onlar ümumiyyətlə bədii ədəbiyyat oxumurlar və buna heç lüzum da görmürlər.
Kitabşünaslıq üzrə elmlər namizədi olan Əliağa Cəfərli biləndə ki, bir-iki gün əvvəl bıçaqlanan yazıçı Rafiq Tağının həyatını üstündə olan kitab xilas edib, dedi ki, bu, çox simvolik hadisədir:
- Kitab insanın həyatını həm mənəvi, həm də fiziki xilas edə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG