Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:06
Bakıda çıxan “Ekonomist” jurnalı Azərbaycanın smartfon bazarını təhlil edib. APA-nın məlumatına görə, jurnalın araşdırmasında deyilir ki,
noyabr ayının əvvəlində Azərbaycanın daha iki mobil rabitə operatoru - «Azercell» və «Bakcell» şirkətlərinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 3G xidmətlərinin göstərilməsi üçün lisenziya verilib.
«Azerfon» şirkəti analoji lisenziyanı bir il əvvəl almışdı.

Bu yenilikdən ən çox sevinənlər «iPhone» və yeni nəsil telefonların və ya smartfonların sahibləri olacaq. Çünki 3G texnologiyası ilk növbədə bu telefonların imkanlarından tam istifadəyə imkan verəcək.

MOBİL BAZARIN 8 LİDERİ

Yeni nəsil telefonların yaranması mobil telefonlar bazarında ciddi dəyişikliklərə səbəb olub. İndi mobil telefon bazarı iki seqmentə - ənənəvi telefon və yeni nəsil smartfonlara bölünür.

«Mobitel» şirkətinin apardığı araşdırmalara əsasən, hazırda ənənəvi telefon bazarın 75%-ni, smartfonlar isə 25%-ni təşkil edir.
Bazarın şəksiz liderindən birincisi 61%-lik paya malik olan «Nokia» şirkətidir, «Samsung» 20%-lə ikincidir. «Samsung» telefonlarının əsas üstünlüklərindən biri qoşa nömrələrin işləməsinə imkan verən «duos» modelləridir - belə telefonlar «Samsung»un satışının böyük hissəsini təşkil edir.

Ənənəvi telefon və smartfon bazarının qalan hissəsini digər brendlər - LG, «Sony-Ericsson», «Blackberry» və Çindən gətirilən çoxsaylı saxta modellər tutur. Təqribi qiymətləndirmələrə görə, saxta telefonlar bazarın 10-15%-ni təşkil edir.

Smartfonlar telefon bazarının ən sürətli inkişaf edən seqmentidir: ötən ilə nisbətən satış 30% artıb. «Mobitel» şirkətinin araşdırmalarına görə, smartfon bazarının 56%-ni «Nokia», 22%-ni «Samsung», 20%-ni isə «iPhone» və «Blackberry» modelləri təşkil edir.

«Apple» şirkətinin Azərbaycandakı təmsilçisi olan «Almastore»un araşdırması isə bir qədər fərqli nəticələr verir.
«Almastore»un araşdırmasına görə, Azərbaycanda smartfon bazarı ümumi mobil telefon bazarının 10%-ni təşkil edir. Bazarın bu seqmentində ən yüksək pay «Blackberry» smartfonlarına (35-40%) məxsusdur. «Apple» şirkətinin məhsullarının payı 30-35%-dir, bazarın qalan hissəsini «Samsung» və başqaları tutur.

Smarfonların mobil operatorlar üzrə təqribi bölgüsü də məlumdur. Bahalı smartfon sahiblərinin 70%-ə qədəri «Azercell», 30%-i «Baksell» istifadəçiləridir. «Azerfon»da belə istifadəçilərin sayı azdır.

BAHALI OYUNCAQ

Bütün dünyada olduğu kimi, Azərbaycanda da smartfonların satışı sürətlə artır. İndi mağazalarda «Nokia», «iPhone», «Samsung», HTC və digər firmaların təqribən 50-ə yaxın modelini almaq mümkündür.

Bunların qiyməti 300 manatdan başlayaraq 1000 manat və daha yüksəkdir. Nə qədər qəribə olsa da, qiymətlərin yüksək olması bu modellərin satışına mane olmur, hərçənd ekspertlərin fikrincə, nisbi ucuzluq onların satışını daha da artıra bilər.

Bakıda smartfonların qiyməti əhalisinin alıcılıq qabiliyyəti Azərbaycandan xeyli yüksək olan ABŞ və Avropadakı qiymətlərlə müqayisədə aşağıdır. Səbəb odur ki, xarici ölkələrdə onların satışı üçün müxtəlif sxemlər tətbiq edilir. Amma hələlik Azərbaycanda bu yoxdur.

«Almastore»dən bildiriblər ki, Azərbaycanda «iPhone»un satışı daha aktiv ola bilərdi, amma yerli operatorlardan heç biri ilə kontraktın olmaması buna mane olur. Məsələ bundadır ki, bütün dünyada bu telefonlar mobil operatorlarla əməkdaşlıq şəraitində kampaniya ilə satılır.

Yəni müştəri 100-200 dollar ödəyərək telefon alır, sonra isə 1-2 il müddətində hər ay müəyyən edilmiş məbləğ (təqribən 60 dollar) ödəyir. Bu məbləğə həm danışıq haqqı, həm də telefonun pulunun ödənişi daxildir. Aərbaycanda isə mobil rabitə operatorları belə müqavilələri bağlamağa həvəs göstərmir, səbəbi isə əhalinin ödəniş qabiliyyətinə şübhə etmələridir.

Halbuki ekspertlərin fikrincə, qiyməti aşağı düşsə, bu telefonlar müxtəlif təbəqələr, hətta evdar qadınlar üçün də maraqlı ola bilər.


Bu araşdırma Bakıda çıxan “Ekonomist” jurnalınındır

Günün bütün mövzuları

XS
SM
MD
LG