Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:15
Rafiq Tağıya vurulan bıçaq zərbələri, hər birimizin ürəyinə saplanmışdır. Rafiq Tağını susdurmaq cəhdi, hər birimizi susdurmaq cəhdidir. Bu sui-qəsdin arxasında kim dayanırsa dayansın məqsədi bizləri qorxutmaqdır – bu aydındır.

Müxtəlif versiyalar səslənəcək – kimi hakimiyyəti ünvan göstərəcək, kimisi İran deyəcək, kimisi də hətta Rusiyanın adını çəkəcək. Məncə, caninin kimliyi bizim üçün üçüncü dərəcələ məsələ olmalıdır. Fərziyyələr qurmaq vaxt itkisidir – hərəkətə keçmək lazımdır.

Rafiq Tağı ilə nə siyasi dünyagörüşümüzdə, nə də ədəbi zövqlərimizdə zərrəcən oxşarlıq yoxdur. Antipoduq. Onunla dünənə qədər polemika aparan; qəzet səhifələrindən, saytlar üzərindən söz dalaşına girən həmkarlarımız da var. Amma bu gün, birlik günüdür, həmrəylik günüdür.

Dünən gecə, təmsil olunduğu düşərgəsindən asılı olmayaraq, xəstəxananın qabağına kimlər toplaşmışdısa, daha artıq sayda bir araya gələrək çözüm yolları axtarmaq, ortaq bəyanatla çıxış etmək, lazım bilinərsə aksiyalar təşkil etmək zərurəti yaranıb.

Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Çəmənzəminlinin və onlarla aydının, maarifçinin irsi bu gün ayaqlar altına alınıb, ölkə orta çağ zülmətinə sürüklənir, qaragüruh qapıdadır. Bunları görməmək üçün kor olmaq lazımdır. Nəyi və kimi gözləyirik?

Şübhə yox ki, susduqca növbə bizlərə də gələcək. Hər birimiz təhlükədəyik. Azərbaycan – qara qüvvələrin meydan suladığı, jurnalistlərin qətlə yetirildiyi, həbsxanalarda çürüdüldüyü, yazıçıların bıçaqlandığı ölkəyə çevrilib. Kimin bundan şübhəsi var?

Elə isə bütün şəxsi incikliklər, ixtilaflar unudulmalı, qələm əhli vahid cəbhədən etiraz səsini ucaltmalıdır.

Yoxsa tarix və gələcək nəsillər bizi bağışlamaz. Əsla bağışlamaz!

Qafqazinfo

Günün bütün mövzuları

XS
SM
MD
LG