Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:48

Afaq Məsud: Daha «bu, xalqın sevimli dramaturqudur!» təqdimi işləmir


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Afaq Məsuddur. Onunla - rəhbəri olduğu Azərbaycan Tərcümə Mərkəzində söhbətləşdik.


...Artıq zorla doldurulan tamaşaçı zallarını tamaşanın sonuna qədər saxlamaq olmur. İsanlar həqiqi sənəti tanıyırlar. Bütün süni ehkamlar dağıdılıb...

...Bu gün Azərbaycanda hər sahədə böyük işlər görülür. Bunu görməmək, inkar etmək – ən azı ədalətsizlikdir. Ancaq burda nə baş verir?.. İnsandan ötrü görülən bütün bu işlər son ucda insanın özünü aşağılayır, onu dəyərsizləşdirir...



- Sizinlə əlaqə yaratmaq, deyim ki, xeyli çətin oldu. Yazarların bir çoxu telefon nömrənizi bilmir, bəziləri isə vermək istəmir... Bilmək istərdim: “Xəzər” jurnalı ilə bağlı fəaliyyətiniz yaradıcılığınıza mane olmur ki?..

- Jurnalın ikinci bərpasından, yəni 2004-cü ildən başlayaraq material seçimi və tərtibi ilə bilavasitə özüm və rəhmətlik Natiq Səfərov məşğul olurdu. Bu, həqiqətən çox vaxt aparan bir prosesdi. Yəni material seçiminin özü nə qədər diqqət və vaxt tələb edir, özünüz bilirsiz. Son illər vəziyyət bir qədər dəyişib. Ötən il «Xəzər» jurnalının redaksiya heyətinə gözəl yazıçı Saday Budaqlı gəldi… Bizim bu Saday o qədər təvazökar insandır ki, dünyanın bu vaxtında, hər qaralamanın belə böyük ədəbiyyat iddiasına düşdüyü bir dönəmdə əsərlərini çapa vermir. Bu yaxınlarda onunla bu barədə söhbətimiz də oldu. Ona dedim ki, artıq yeni nəsil sən adda yazıçının varlığından bixəbərdir və belə getsə, sən unudulacaqsan. Yeri gəlmişkən, bu gün Azərbaycanın barmaqla sayılası ciddi nasiri varsa, onun biri də Saday Budaqlıdır. Bu, böyük xoşbəxtlikdi ki, Saday “Xəzər”in redaksiyasına təşrif buyurdu və məni jurnalın işindən azad elədi. Bilirsiniz ki jurnalın canı düzgün ədəbiyyat seçimidir. Dünya ədəbiyyatı da, özünüz bilirsiz ki, sonu-hüdudu olmayan söz okeanıdır. Bu okanın əksər hissəsi lazımsız ədəbiyyatlardır. “Xəzər»insə ənənəsi həmin bu okeandan mirvariləri tapıb seçmək olub. Biz həmişə bu prinsiplə işləmişik. Saday da bu prinsipi davam etdirir. Onun müəllif və ədəbiyyat seçimi mənim ürəyimdən olduğu üçün ona tam arxayınam. Əfsuslar olsun ki mən daha tərcümə ilə məşğul ola bilmirəm. Çatdırmıram. Bir tərəfdən idarənin gündəlik işləri, bir tərəfdən yaradıcılıq...

- Son zamanlar nə yazırsınız?

- Bir neçə ildir “Kadastr planı” adlı roman üzərində işləyirəm. Onu demək olar ki, bitirmişəm də. Lakin bugünkü yanaşmamla əsərin üzərində gəzişmələr aparılmasını vacib bilirəm. Amma orataya elə işlər düşür ki, bu işi başa çatdırmağa imkan vermir. Gah tamaşalarımla bağlı, gah səfərlər… Indi daha bir pyes üzərində işləyirəm.

- Yeni ssenarilər, yeni pyeslər bu gün hər kəsi narahat edən bir mövzudur. Bəziləri deyir ki, yeni, sanballı ssenarilərin yazılması üçün kifayət qədər vəsait ayrılmalıdır, bəziləri düşünür ki, yaxşı pyeslər var, lakin onların səhnəyə qoyulması üçün tanışlıq, əlaqələr lazımdır və sair. Siz necə düşünürsünüz, bu gün səhnələşdirilən pyeslər niyə tamaşaçını qane etmir?

- Bu, tamamilə yanlış bir fikirdir. Ssenari məsələsi barədə heç nə deyə bilmərəm, «yaxşı pyes»ə gəlincə, bu gün bütün teatrların rəhbərləri əllərində çıraq həmin o yaxşı pyesi axtarırlar. Ötən il Milli Akademik Teatrın rəhbərliyində dəyişiklik oldu, sənətşünaslıq elmləri doktoru, tanınmış teatrşünas İsrafil İsrafilov teatrın direktoru təyin edildi. Yəni teatrın rəhbərliyinə bu sahəni yetərincə bilən peşəkar gəldi. Onun gəlişi ilə Milli Dram Teatrının fəaliyyətində - istər repertuar siyasətində, istər rejissor seçimində, aktyor heyətində köklü dəyişikliklər aparıldı. İşə əsasən gənclər cəlb edilir. Düşünürəm, bu, çox müsbət haldır. Gənc rejissorlar, aktyorlar, aktrisalar... Yeni repertuar qurulur. Deyirsiniz, niyə tamaşalar camaatı qane etmir. Amma siz «Qatarın altına atılan qadın» tamaşasına gəlsəniz, tamaşaçı zalının reaksiyalarını izləsəniz, bu
fikirdən daşınarsız. Bu, ayrı bir məsələ ki, bizim repertuar istər klassik, istərsə də müasir dramaturqların əsərləri ilə zəngin olub. Biz heç vaxt deməmişik ki, bizdə əsər çatışmazlığı var. Bizdə həmişə tamaşaçı çatışmazlığı olub. Tamaşaçını teatrlarımızdan həmin bu zəngin repertuarlar didərgin salıb. Rəhmətlik Tofiq Kazımovun, ondan da əvvəl Adil İsgəndərovun zamanından sonra azərbaycanlı tamaşaçı teatrdan üz çevirib. Səbəb dediyiniz həmin o baxımsız, heysiz əsərlər, saxta yaşantılar və kədərlərlə dolu maraqsız tamaşalardır. Bu gün Yer kürəsinin özündə böyük dəyişkənliklər baş verməkdədir... Planetn xəritəsi dəyişilir, ölkələr, şəhərlər suyun altına qərq olur… Iqlim dəyişkənliyi, vaxtın sürətlənməsi… bütün bunlar insan təfəkkürünə təsirsiz ötüşmədiyi kimi onun ruhi aləminə və sənətə də təsir edir. Bu gün insan yeni düşüncənin daşıyıcısına çevrilməkdədir və bu düşüncənin sahibi yeni ədəbiyyatın marağındadır, tamamilə yeni informasiya gözləyir… çınki artıq dünyaya tamam ayrı – fərqli bir baxışla baxırlar. Dünya dəyişir. Ədəbiyyat da onunla birlikdə dəyişir. Artıq köhnə ədəbiyyatları insanlara, əvvəllərdə olduğu kimi, zor gücünə, süni ajiotajlarla yedirtmək mümkün deyil. İnsanlar ayılıb. Onlar artıq nəyin əsil, nəyin surət olduğunu yaxşı anlayırlar…

- Sizcə, bu gün elə müəlliflər varmı ki, yaxşı əsərlər yazıblar, lakin kənarda qalıblar, əsərləri səhnələşdirilməyib?

- Məncə, bu gün yaxşı yazılmış əsərin səhnəyə yol tapmasında heç bir baryer yoxdur. Əksinə, bayaq dediyim kimi, hamı əlində çıraq istedad axtarır. Axı yaxşı əsər teatrların rəhbərliyi üçün istər mənəvi baxımdan, istər maddi tərəfdən maraqlıdır... Yaxşı əsər ən azı, yaxşı tamaşaçı toplaya bilir. Bu mənada, dediyiniz o hallar daha yoxdur ki, kimsə yuxarılardan zəng vurdurub əsərini repertuara daxil elətdirsin və sair və ilaxır. Teatrlarımıza bir vaxtlar bu minvalla yol tapmış belə əsərlər daha işə yaramır. Onlar heç kimə lazım deyil. Sovet ideologiyasının canımıza yeritdiyi bu sənət saxtalığı daha işləmir. Artıq zorla doldurulan tamaşaçı zallarını tamaşanın sonunacan saxlamaq olmur. İnsanlar həqiqi sənəti tanıyırlar. Bütün süni ehkamlar dağıdılıb. Daha «bu, xalqın sevimli dramaturqudur!..» təqdimi işləmir. Əsərlər işləyir. Tamaşaçı teatra ruhunu, qəlbini oyadacaq müqəddəs sənət məbədinə gələn kimi gəlir. O orda axtardığını tapacaqsa, ora yenə gələcək, yox əgər tapmayacaqsa, onu orda heç nə ilə saxlamaq mümkün olmayacaq.

- Gənclərin yaradıcılığı haqqında nə deyərdiniz?

- Mənə həmişə gənclərlə bağlı suallar verirlər. Yazılarını oxuduğum gənclərin arasında yetərincə istedadlıları var. Lakin hələ ki, bu istedad müəllif istedadı səviyyəsindədir. Yəni ayrı-ayrı çıxışlarda, yaxud publisistik yazılarda, bir şeirdə o qədər istedadlı məqamlar tuturam ki, müəllifin imzasını görə bilirəm. Lakin hələ ki, yetrincə mükəmməl ədəbi nümunə, yəni roman, kitab və sair faktıyla rastlaşmamışam. Bəlkə də belə bir hadisə var və mən ondan xəbərsizəm, onu deyə bilmərəm. İstedadlılarla məşğul olan, onları istiqamətləndirən qurum, ya kurslar, nə isə olmalıdır. Mən sizin
yaşda olanda yazdığım hekayələri mütləq zövqünə inandığım kiməsə oxumağa verirdim. O onu oxuyub öz tənqidi qeydlərini mənə bildirirdi və mən gələn əsərimdə o səhvlərdən yayınmağa çalışırdım… Belə-belə, yazılarmın ildən-ilə mükəmməlləşdiyini, dilimin təmizləndiyini hiss edirdim. Yəni bu elə bir prosesdi ki, mütləq müəllim, yol göstərən olmalıdı. Böyük məmnuniyyələ mən özüm bu işlə məşğul olardım, amma alınmaz, yüküm hədsiz çoxdu.

- Gənclər niyə dramaturgiyaya üz tutmaq istəmir?

- Dramaturgiya ədəbiyyatın ən çətin növüdür. Vaqif Cəbrayılzadə deyir ki, bir roman yazmaq bir şəhər salmaq kimi bir şeydi. Yəni şəhər salmaqdan ötrü o yerin infrastrukturunu – işıq, su və rabitə qovşağını, kanalizasiya xətlərini, binaların, yolların keçidlərini və sairəni, bir sözlə, hər şeyi düşünüb-daşınmalısan. Dramaturgiya isə bu baxımdan, öz qanunları, qoşunları və sərhədləri olan ölkə qurmağa bənzər bir məsələdi. Düşünürəm ki, nəsrdə mükəmməlliyə çatan yazıçı dramaturgiyaya keçə bilər. Bəzən dramaturq doğulanlar da olur. Şekspir və Molyer kimi… Lakin ədəbiyyatdan ora keçid ancaq mükəmməl nəsrdən keçir. Yəni qələmini sınayanlar üçün dramaturgiyaya yol daha uzaqdır. Məncə, dramaturgiyanın xüsusi bir düsturu var. Yəni səhnə tamam ayrı bir şeydir. Burda daha ədəbiyyat qanunları işləmir. Burda ən qüdrətli söz hər şeyi həll etmir. Səhnədə müəllif mətni işləmir. Tamaşaçıya gizli qalan nəyisə izah etməkdən ötrü dialoqdan və situasiyadan savayı ayrı heç nəyə əl ata bilməzsən.

- Özünüzü heç səhnədə yaratdığınız obrazlardan birinin yerində hiss etmisinizmi? Hansısa rolu özünüz oynamaq istərdinizmi?

- Aktrisalıq mənim peşəm deyil. Amma ötən qış “Qatarın altına atılan qadın” tamaşasının məşqləri zamanı ağlımdan belə bir fikir keçdi. Bunun da səbəbi o idi ki, baş qəhrəman problemi yaranmışdı… Mən dəhşətə gəlirdim… bu rolun öhdəsindən iki aktrisa gələ bilmədi və ani olaraq, beynimdən belə bir fikir keçdi: birdən bu rolu heç kim oynaya bilmədi?.. İlk dəfə onda düşündüm, bəlkə özüm oynayım? (gülür - F.) Amma yaxşı ki, buna ehtiyac olmadı. Bir də mən aktrisa ola bilmərəm axı?!.. Bir söz var – «təmiz söhbət». Mən nəsrimdə də, dramaturgiyamda da həmin o “təmiz söhbət” məsələsinə riayət etmişəm. Həyatımı da o cür yaşamışam. Rolsuz, filansız. Rola girmək mənlik deyil. Rəssam ola bilərdim, rənglərlə işləmək mənə maraqlıdı. Müsiqi də eləcə... Rejissor olmaq istərdim.

Bu barədə, ümumiyyətlə, fikirləşirəm…

- Vaqif Səmədoğlu ötən həftə bizə verdiyi müsahibədə sevgi haqqında çox maraqlı məqamlara toxundu. Siz çox ciddi xanım kimi tanınırsınz. Çox fərqli bir obrazınız var. Sizin sevgiyə münasibətiniz necədir?

- “O məni sevir” pyesimin baş qəhrəmanı öz monoloqunda deyir ki, əvvəl anamı sevdim, elə bildim ki sevdiyim budur. Sonra həyat yoldaşıma rast gəldim, dedim sən demə, içimdəki təlatümlər bu adama görə imiş. Sonra övladlarım oldu, fikirləşdim ki, sən demə, sevgi bu imiş... Amma sonra anladım ki, bütün bu sevgilər böyük bir sevginin - İlahiyə olan sevginin işartıları imiş. Yəni biz anamızı da sevirik, vətənimizi də, övladlarımızı da, sevgilimizi də, amma anlamırıq ki, bütün bu sevgilər bir kökdən qaynaqlanır – içimizdə daşıdığımız ilahi sevgidən.

- Bu gün ədəbi mühitə gənclərin axını davam edir. Hər gün müxtəlif dərgilərdə, ədəbi saytlarda müxtəlif istedadda, çəkidə yazılar görünməkdədir. Bildiyim qədəri ilə gündəmi izləmək imkanınız bir o qədər də yoxdur. Ümumiyyətlə, ədəbi gündəmi izləmək yazar üçün nə dərəcədə önəmlidir?

- Bu barədə demişəm, söz adamını kütləvi halda gözləmək olmaz. Onlar əsrdə bir, ya iki sayda gəlirlər. Allah bu qələmi çox adama vermir. Bu, çox yazmaqla, çox kitab çap etməklə, təqdimatlarla, bir kitab haqqında on məqalə yazdırmaqla başa gələn məsələ deyil. Ədəbiyyatın ən böyük reklamı əsər özüdür. Ramiz Rövşənin yetmişinci illərdə balaca bir kitabı çıxmışdı - «Göy üzü daş saxlamaz». Ikinci kitabı qırx ildən sonra bu yaxınlarda “Nəfəs” adı ilə çap olundu. Amma hələ o ikinci kitab çıxana qədər Ramiz Rövşəndən populyar şair vardımı?.. Ədəbiyat elə bir müqəddəs ərazidir ki, orda
quramaçılıq, saxtakarlıq keçmir. Tövsiyə edirəm ki, gənclər başlarını aşağı salıb qələmdən sidq ürəklə yapışsınlar, görünmək, tanınmaq üçün tələsməsinlər. Çünki görünmək, tanınmaq ədəbiyyat yolu deyil.

- Bu gün Ziyalılar Forumu ilə bağlı məsələ mətbuatın gündəmindən düşmür. Elə Azadlıq Radiosunun "Oxu Zalı"nin Facebook səhifəsində keçirilən forumun və “Pen klub” verilişinin mövzusu da bu oldu. Bilirsiniz ki, professor Rafiq Əliyevin işdən çıxarılması ilə bağlı müxtəli fikirlər səslənir. Siz bu haqda nə düşünürsüz?

- Rafiq Əliyev mənə hədsiz doğma adamdır. Onun kafedra müdirliyindən çıxarılmasını deyirsizsə, burda dəhşətli bir faciə görmürəm. Düşünürəm bu, dünya şöhrətli bu alim üçün də elə bir əhəmiyyət kəsb etmir. O ki qaldı ziyalının öz fikrini bildirməsinə, bunun üçün forum mütləq deyil. Mən yazıçıyam və fikrimi istər çıxışlarımda, istərsə də əsərlərimdə açıq şəkildə, heç nədən çəkinmədən deyirəm və yazıram. Bu gün Azərbaycanda hər sahədə böyük işlər görülür. Bunu görməmək, inkar etmək – ən azı ədalətsizlikdir. Ancaq burda nə baş verir?.. İnsandan ötrü görülən bütün bu işlər son ucda insanın özünü aşağılayır, onu dəyərsizləşdirir. Axı hər bir şey- bütün bu yollar, bu binalar, bu abadlıq əslində, insanın özünə - onun rahatlığına, mənəvi abadlığına xidmət etməlidir!.. Ötən həftə tanış olduğum bir amerikalı rejissor xanımın Amerika vətəndaşlığını çiyinlərində yüksək, ali rütbə kimi daşıdığını müşahidə etdikcə, düşünürdüm ki, bəs biz nə vaxt vətəndaşlığımızı çiyinlərimizdə bu sayaq rütbə kimi daşımağı öyrənəcəyik?.. Axı bu, bizim özümüzdən çox, yaşadığımız həyat səviyyəsi ilə, bizlərə verilən dəyərlə bağlı olan məsələlərdir. Çox istəyərdim ki, elə bir gün gəlsin ki, Azərbaycan vətəndaşı da həmin o amerikalı xanım kimi vətəndaşlığı özünə ali rütbə hesab eləsin. Məncə bu, baş verəcək, çünki vətəndaşını düşünməyən dövlət bütün bu işləri görməz.

- Bayaq qeyd etdiyim kimi ötən həftə rubrikamızın qonağı Vaqif Səmədoğlu idi. O sizə çox kədərli sual ünvanlayıb. Əslində Vaqif əmiyə bu sualla bağlı etirazımı bildirmişdim və xahiş etmişdim ki, başqa bir sual versin. Amma sonradan onunla əlaqə saxlaya bilmədiyim üçün bu sualı müsahibədə verməyə məcbur oldum. Vaqif əmi soruşub ki, Afaq, mənim dəfnimə gələrsənmi?

- Böyük şairlər dəfn olunmur…

- Rubrikamızın növbəti qonağı Aqşin Yeniseyə sualınız...

- Ən çox sevdiyi yazar kimdir?

FEYZİYYƏ

Həmçinin oxu
Vaqif Səmədoğlu: "Mən dinlərin aşıladığı Allaha inanmıram"


Necə oldu ki, Rəşad Məcid 15 illik fasilədən sonra 150 şeir yazdı?

Pərviz yazdığı yeni romandan imtina etdi

Qulu Ağsəs: "AYB-də yaşı altmışı keçmiş adamlar var, onlar getməlidir"

Günel Mövlud: "Qadınlarla rəfiqəlik etmirəm"

Rasim Qaraca: "Böyük yazarlar ciddi mühitdə yetişir"

Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG