Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30
Müharibə və çətin iqtisadi durum həmin cinsdən olan atların azalmasına səbəb olub

ABŞ-ın CNN telekanalı Qarabağ atlarından reportaj hazırlayıb. Qarabağ atları belə təsvir olunur:

«Möhkəm, güclü və nəcib. Əfsanəvi Qarabağ atı nadir və gözəl heyvandır, həm də azərbaycanlılar üçün çox vacibdir».

Amma müəllif deyir ki, bu cins atların nəslinin kəsilmə ehtimalı var. Daha sonra o, Şəkidə gördüyü at ilxısından danışır: «Dünyanın ən böyük və ən təmiz «Qarabağ» ilxısı...».

ÖLKƏNİN UNUTDUĞU ATLAR

İlxının sahibi Yaşar Quluzadə 10 ildən artıq vaxt sərf edib milli cinsi – Qarabağ cinsini dirçəltməyə çalışıb. O deyir ki, müharibə və çətin iqtisadi durum həmin cinsdən olan atların azalmasına səbəb olub:

«Ermənistan-Azərbaycan münaqişəsi başlayanda atlar elə hey bir yerdən başqa yerə aparılırdı. Bu da onların kəskin şəkildə azalmasına, nəsil artırmalı olan madyanların balalarını itirməsinə gətirdi».

Yaşar Quluzadə izah edir ki, atların köçürüldüyü yer əvvəlki şəraitə uyğun deyildi. Elə bil ölkə də onları yaddan çıxarıbmış.

Hökumət isə hələ indi cins atları qorumaq haqda addım atmağa başlayıb. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi atçılıqla bağlı xeyli proqramlar hazırlayıb.

ATLAR XARİCƏ APARILA BİLMƏZ

Atçılıq haqda qanunda isə deyilir ki, həmin atlar satış üçün ölkədən çıxarıla bilməz. Nazirlikdən bildirirlər ki, atların satışı haqda gələcəkdə danışmaq olar. İndiliksə hədəf onların çoxaldılması və müdafiəsidir.



«ONLAR SAKİTDİRLƏR, AYAQLARINI YERƏ ƏMİNLİKLƏ BASIRLAR»

Nazirliyin rəsmisi Xəndan Rəcəbli CNN-ə deyib ki, hökumət proqramlarında baytar xidmətlərin yaxşılaşdırılması, atların genini öyrənmək məqsədilə elmi araşdırmalar və təlimlər nəzərdə tutulur.
O deyir ki, Almaniya şirkəti də genetik araşdırmalarla bağlı yardım edir.

Alman mütəxəssis Verena Scholian Azərbaycan hökuməti ilə işləyən ekspertlərdən biridir. Scholian Qarabağ atlarının nəslini araşdırmağa illərini həsr edib. O, bu atları sevdiyini deyir və səbəbini belə izah edir:

«Onlar sakitdirlər, dostcanlıdırlar və ayaqlarını əminliklə basırlar».

FƏRQLİ RƏQƏMLƏR

Qarabağ atlarının sayı ilə bağlı rəqəmlər dəyişir. Qarabağ Fondunun rəqəmlərinə görə, onların sayı 1000-ə çatmır, Scholian deyir ki, təmiz madyanların sayı 10-dan azdır.

Alman mütəxəssis Verena Scholian

Alman mütəxəssis Verena Scholian

REKORD QIRAN QARABAĞ ATI

Qarabağ atları dağlıq bölgədə yetişdirilib. Onlar həm də sürətli olmaları ilə seçilir.

Qarabağ Fondunun məlumatına görə, Ağdamdan olan at 2004-ü ildə rekord vurub, 1 dəqiqə 9 saniyəyə 1000 metr qaçıb.

Fondun rəsmisi Adil Bağırov deyir ki, at azərbaycanlılar üçün hər zaman vacib olub:

«Azərbaycanlılar türkdürlər, bir neçə yüz il əvvələ qədər yarımköçəri həyat yaşayıblar. 19-cu əsrdən azərbaycanlılar, xüsusən də Qarabağ əhalisi yayı dağlarda, qışı aranda yaşayırdılar».

Bağırov deyir ki, bu da atları dağlıq və dolama yollara uyğunlaşmağa vadar edib.

V.Scholian isə deyir ki, bu günlərdə atdan ancaq cıdır yarışlarında istifadə olunur, bir də o, zənginlik nişanəsinə çevrilib.

MİLLİ FƏXARƏT RƏMZİ

Quluzadənin fermasında indi 35 təmiz cins at var. O, yeni cins atlar yetişdirməyə davam edəcəyini deyir. Çünki Qarabağ atlarının gələcəyindən narahatdır:

«Mənim strategiyam budur ki, hər madyan özündən sonra nəsil qoymalıdır. Mən bu yöndə işimi davam etdirəcəm, əvvəllərsə bu yöndə məsuliyyətsizlik olub...».

...Qarabağ atları milli irsin və fəxarətin rəmzidir. Bunu isə Xəndan Rəcəbli deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG