Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:08

Şəmsəddin Hacıyev: «Kafedra müdirliyini başqası icra edir»


Şəmsəddin Hacıyev
Şəmsəddin Hacıyev
«BU NƏ SUALDIR VERİRSİZ?»
Bir neçə gündür mətbuat kafedra müdiri olan nazirlərin, komitə sədrlərinin, deputatların, yəni bir neçə vəzifəni icra edənlərin siyahısını dərc edir. AzadlıqRadiosu olaraq biz həmin kafedra müdirlərindən ikisi ilə söhbət etməyə qərar verdik.
Telefon xəttində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, İqtisad Universitetinin rektoru, eləcə də həmin universitetin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyevdir. Ona bir sualı iki dəfə təkrarlamalı oldum:
- Həm deputat, həm rektor, həm də kafedra müdiri olmaq çətin deyil ki, bir neçə vəzifənin öhdəsindən gəlmək olurmu?
- Bu nə sualdır verirsiz? Ümumiyyətlə başa düşmürəm. Əgər çatdıra bilmirəmsə, niyə işləyirəm? Həmin dəqiqə istefa verərəm.
- Amma yəqin ki, tez-tez ezamiyyətlərdə, səfərlərdə olursuz. Bu, mane olmur ki? İşçilər bundan sui-istifadə etmirlər ki?
- Mən ezamiyyətlərdə ildə bir dəfə oluram. Hökumət nümayəndəsinin tərkibində, ildə bir-iki dəfə. Daim işimin üstündə oluram.
Burda bir xatırlatma. Bu günlərdə professor Rafiq Əliyev Dövlət Neft Akademiyasında avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarıldı. Neft Akademiyasının prorektoru Qasım Məmmədov «Mediaforum» saytına bunun səbəbini belə izah edib:
«Rafiq Əliyev son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb... Kafedra müdiri yerində olmayanda, təbii ki, işçilər də bundan sui-istifadə hallarına yol verirlər. Zəng edirsən, lazım olan işçini də yerində tapmaq olmur».
«BU «PROQUL»DUR... NİYƏ ŞİŞİRDİRSİZ?»
Şəmsəddin Hacıyev bu haqda deyir:
- Əgər sui-istifadə hallarına yol verirsə, işə az gəlirsə, vəzifə borcunu yerinə yetirmirsə, rəhbərlik neyləməlidir? Yaxşı alim də olmaq olar, yaxşı ziyalı da, insan da. Amma bir nömrəli vəzifə işini görməsidir. Bu vəziyyətdə rektor nə etməlidir? Əmək Məcəlləsinə görə, işçi bir gün ərzində müəyyən miqdarda öz iş yerində olmasa, bu nə sayılır? Keçmiş vaxtlarda buna «proqul» deyirdilər, yəni bu, işdən yayınmadır. Onda Əmək Məcəlləsinə görə, o işçi cəzalandırılmalıdır. Mən iki-üç gün işə gəlməsəm, bəyəm mənə dözməlidirlər? Bu nə deməkdir? Kimliyindən asılı olmadan... Bu ziyalıdır, alimdir, haçansa nəsə yazıb, lap yaxşı, əla. Niyə şişirdirsiz bunu? Üzrlü səbəb olmalıdır işə gəlməməsi üçün.
- Amma o, elmi ezamiyyətlərdə olur.
- Mən bilmirəm hansı ezamiyyətdə olub. Ümumən deyirəm ki, üzrsüz səbəbdən işdə olmursa, cəzalandırılmalıdır.
- Amma Şəmsəddin müəllim, eyni zamanda nazir olub kafedra müdiri olanlar var, deputat olub kafedra müdiri olanlar var. Necə olur ki, beş yerdə işləyənlər çatdırır, həmin kafedralarda özbaşınalıq yaranmır. Məhz Rafiq Əliyevin kafedrasında özbaşınalıq yaranır. Bu qərəz deyilmi?
- Mən öz universitetimizin misalında deyə bilərəm ki, başqa yerdə işləyib, bizdə tam ştatda olan işçi yoxdur. Əvəzçiliklə işləyənlər ola bilər. 900 nəfər professor-müəllim arasında 1-2 nəfər ola bilər.
- Siz özünüz də kafedra müdirisiz İqtisad Universitetində.
- Yox, kafedra müdirliyini artıq başqa adam icra edir.
- Yəni müdirlikdən getmisiz?
- Yox. Başqa adam icra edir də. Kafedra müdiri deyiləm. Bir söz də deyim, kimsə saat 10-da gəlib, saat 6-da gedirsə, belə... Kimsə saat 9-dan 11-ə kimi işləyirsə, çatdırırsa... Siz bunu mənə deyirsizsə, mən görsəm çatdıra bilmirəm, həmin dəqiqə gedəcəm.
SEÇİCİLƏRİNİ KAFEDRADA QƏBUL EDƏN DEPUTAT
Sırada parlamentin İnsan Haqları Komitəsinin üzvü, Texniki Universitetin istilik və soyuqluq texnikası kafedrasının müdiri Astan Şahverdiyevdir. O deyir ki, eyni vaxtda iki vəzifəni icra etmək çətin deyil:
Milli Məclis
Milli Məclis
«Zəhmətə alışmış insanam. Vaxtımı da elə bölmüşəm ki, həm MM-də, həm Komitədə vəzifəmi vicdanla yerinə yetirirəm. Kafedra müdirliyi də həmçinin. Mənim 5 doktorantım var. 2-3 nəfərin də elmi məsləhətçiyəm. Həyatımı kafedrasız təsəvvür etmirəm. Millət vəkilliyinə də məni camaat seçib. Hələlik gücüm çatır. Eyni zamanda universitetdə dissertasiya şurasının sədr müaviniyəm».
Astan Şahverdiyev deyir ki, hər gün kafedraya gedir. Üstəlik deputat kimi şikayətçiləri və ya seçiciləri də elə kafedrada qəbul edir.
Söz Rafiq Əliyevin kafedra müdirliyindən düşəndə Astan Şahverdiyev çox qıca cavab verir: «Şərh verməyəcəm».
LƏNKƏRANDA REKTOR, BAKIDA KAFEDRA MÜDİRİ
Köşə yazarı Şahvələd Çobanoğluna görə, bu izahatlardan da aydın olur ki, Rafiq Əliyevin işdən çıxarılmasının gerçək səbəbi hökuməti tənqid etməsidir. Əmrdə göstərilən isə sadəcə formal səbəbdir. O müxtəlif vəzifələrdə oturub həm də kafedra müdiri olanlar haqda da danışır:
«Adamı heyrətə gətirən mənzərə ilə tanış olduq. Nəticədə məlum oldu ki, Lənkəran Dövlət Universitetinin rektoru BDU-da kafedra müdiridir, Pedaqoji Universitetin rektoru BDU-da kafedra müdiridir. Prezident Aparatının işçiləri, Azərbaycanı AŞPA-da təmsil edən, ilin böyük hissəsini Azərbaycanda olmayan millət vəkilləri kafedra müdirləridir. Bu kimi qanunsuzluqlarla üzləşdik».
«BALIQDIRSA PİŞİK HANI? PİŞİKDİRSƏ...»
Şahvələd Çobanoğlu bu cür vəzifəli şəxslərin işlərinin öhdəsindən gəlməsinə də şübhə edir:
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
«Azərbaycan ali məktəbləri Boloniya sisteminə keçib. İstənilən müəllim, dosent, professor günün əsas hissəsini ali məktəbdə olmalıdır. Bu cür müxtəlif yerlərdə işləməklə demək ki, vəzifələrini yerinə yetirə bilmirlər. Molla Nəsrəddinin pişik və balıq məsələsi yada düşür. Yəni «pişikdirsə balıq hanı, balıqdırsa pişik hanı?» Demək ki, həmin adamlar yaxşı kafedra müdiri olsalar belə dövlət işlərini yerinə yetirmirlər».
Şahvələd Çobanoğluna görə, Azərbaycan hakimiyyəti bu mənzərəyə göz yumursa və Rafiq Əliyevə göz yummursa, deməli, ortada sadəcə qərəz var.
NAZİR, KOMİTƏ SƏDRİ, DEPUTAT OLUB DA KAFEDRADA MÜDİRLİK EDƏNLƏR
İndi də həm də kafedra müdiri olub məsul vəzifələrdə çalışanlardan bəzilərinin adları:
1. Misir Mərdanov - təhsil naziri və BDU-nun ali riyaziyyat kafedrasının müdiri;
2. Məzahir Pənahov - MSK sədri və BDU-nun ümumi fizika kafedrasının müdiri;
3. Yaqub Eyyubov - baş nazirin müavini, Memarlıq və İnşaat Universitetində «Bünövrələr, özüllər və yeraltı qurğular” kafedrasının müdiri;
4 Əli Abbasov - rabitə və informasiya texnologiyaları naziri, Dövlət İqtisad Universitetinin informasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiri;
5. Hicran Hüseynova - Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri, BDU-nun diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri;
6. Qərib Məmmədov - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, BDU-nun torpaqşünaslıq kafedrasının müdiri;
7. Abel Məhərrəmov - deputat, Bakı Dövlət Universitetinin rektoru və həmin universitetdə üzvi kimya kafedrasının müdiri;
8. Əli Həsənov – Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri, Prezident yayında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri;
9. Novruz Məmmədov - Prezident Administrasiyasının şöbə müdiri, Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyat kafedrasının müdiri;
10. Əli Əhmədov – deputat, YAP-ın sədr müavini, Dövlət Qulluğunu İdarəetmə Şurasının və həmin Şura yanında Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü, BDU-nun politologiya və sosiologiya kafedrasının müdiri;
11. Şəmsəddin Hacıyev - Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri;
12. Əhliman Əmiraslanov – deputat, Tibb Universitetinin rektoru və həmin universitetdə onkologiya kafedrasının müdiri;
13. Yaqub Mahmudov – deputat, AMEA Tarix İnstitutunun direktoru, BDU-da qədim dünya və orta əsrlər tarixinin kafedra müdiri;
14. Bəxtiyar Əliyev – Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədr müavini, prezident yanında əfv məsələləri komissiyasının, korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın üzvü, MDB Parlament Assambleyasının üzvü, BDU-nun psixologiya kafedrasının müdiri;
15. Kamilə Əliyeva – deputat, BDU-nun sosial və pedaqoji psixologiya kafedrasının müdiri;
16. Hüseynbala Mirələmov – deputat, ADNA-da neftin, qazın nəqli və saxlanması kafedrasının müdiri;
17. Rəbiyyət Aslanova - deputat, Milli Məclisin insan hüquqları komitəsinin sədri, BDU-da fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri;
18. Ziyafət Əsgərov – Milli Məclis sədrinin müavini, BDU-da kafedra müdirinin müavini;
19. Asəf Hacıyev - deputat, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri və Parlament Məclisi Sədrinin müavini, həmçinin Azərbaycan MEA-nın Kibernetika İnstitutunun laboratoriya rəhbəri, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri;
20. Nizami Cəfərov – Milli Məclisin mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin direktoru və BDU-nun ümumi dilçilik kafedrasının müdiri;
21. Bağır Əsədov - Ali Məhkəmənin hakimi, BDU-nun mülki hüquq kafedrasının müdiri;
22. Yusif Məmmədov - Pedaqoji Universitetin rektoru və həmçinin BDU-da “Riyazi-fizika tənlikləri” kafedrasının müdiri;
23. Asəf İsgəndərov - Lənkəran Dövlət Universitetinin rektoru - BDU-da optimallaşdırma və idarəetmə kafedrasının müdiri;
24. Xanhüseyn Kazımlı - Milli Məclisin üzvü, Dövlət İqtisad Universitetinin qiymət kafedrasının müdiri;
25. Astan Şahverdiyev - Milli Məclisin üzvü, Azərbaycan Texniki Universitetinin istilik və soyuqluq texnikası kafedrasının müdiri;
26. Asəf Hacıyev - Milli Məclisin üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri;
XS
SM
MD
LG