Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:15

Əli Həsənov: "Rafiq Əliyevin işdən çıxarılması ali məktəbin daxili işidir"


Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsindən...


- Ziyalılar Forumunun keçirilməsi və professor Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılmasına münasibətinizi bilmək istərdik...


- Sözün düzü, bu məsələyə də bilavasitə münasibət bildirmək, bununla da məsələni siyasiləşdirmək istəmirəm. Amma eyni zamanda, təəssüf edirəm ki, bu məsələni siysiləşdirməyə cəhd göstərənlər var. Əvvəla, “forum” adlandırdığınız 16-17 nəfərin iştirak etdiyi “Eldar Namazovun qrupu”nun iclasına qədər Rafiq Əliyev kafedra müdiri vəzifəsindən çıxarılmışdı. Lakin ali məktəbdə professor vəzifəsi saxlanmaq şərti ilə... Bu gün bir insanın kafedra rəhbəri olması, yaxud kiminsə təyinatı, kiminsə çıxarılması məsələləri təhsil qanunvericiliyi ilə bir ali məktəbin daxili işidir. Bir ali məktəbin daxili işini siyasiləşdirib, az qala beynəlxalq səviyyəyə qaldırmağın özü onu göstərir ki, bəlli siyasi qüvvələr daxildə və xaricdə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmaq istəyir. Bəziləri insanları, ziyalıları, ali təhsilli şəxsləri, ali məktəblərin ayrı-ayrı kateqoriyadan olan müəllimlərini bir-birinə qarşı qoymağa, bundan istifadə edərək kimlərinsə siyasi ambisiyasını təmin etməyə çalışırlar. Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin idarəçiliyi istiqamətində keçirdiyi tədbirləri günah, nöqsan, həqarət sayırsa, Eldar Namazovun özü onları vaxtilə həyata keçirib, özü də bunu indikindən qat-qat sərt şəkildə edib. Dövlət vəzifəsindən qovulan bir adamın dövlətə qarşı belə həqarəti tam anlaşılandır. Eyni zamanda, qarşıdan seçki gəlir, Eldar Namazov bəyan edib ki, seçkilərdə iştirak edəcək və onun bütün bu hərəkətləri seçkilərdə namizəd kimi iştiraka hesablanıb. Deməli, ətrafına insan yığmaq istəyir. Həmin insanları hansısa şəraitə, situasiyaya salıb dövlətlə, cəmiyyətlə müəyyən qarşıdurmaya gətirib, bununla, siyasətin gündəminə gəlməyə çalışır. Amma hansı yolla gündəmə gəlir-gəlsin, əgər siyasətçi siyasi fəaliyyətində səmimi deyilsə, onun siyasi fəaliyyəti cəmiyyətin istək və arzuları ilə üst-üstə düşmürsə, insanlar tərəfindən dəstəklənmirsə, insanlar səmimi şəkildə onun simasında gələcək liderini görmürlərsə, hansı yola əl atır-atsın, bunlar sabun köpüyü effekti verə biləcək şeylərdir. Bir alimin bəlli bir fəaliyyət imkanları var, hər biri insan bəlli bir mərhələdən sonra tutduğu vəzifəni tərk etməlidir, bu, həyatın, cəmiyyətin qanunudur. Heç kim də cəmiyyətin, həyatın qanununa qarşı çıxıb, cəmiyyətdə, həyatda lider ola, uzunmüddətli şöhrət qazana bilməz.

- Baş verənlərə müxalifət partiyaları və qəzetlərinin baxışını, münasibətini necə qarşılayırsınız?

- Əlbəttə, bir-iki müxalifət partiyası və müxalifət “lider”i, onların maliyyələşdirdiyi, xaricdən maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada Azərbaycanla bağlı nə pis şey var, çəkib ölkəyə gətirirlər. Azərbaycan dövlətinə, iqtidarına, xalqına nə
Rafiq Əliyev
Rafiq Əliyev
qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan dövlətinə, xalqına nə qədər yaxşıdırsa, onlar üçün bir o qədər pisdir. Bu insanlar Azərbaycan dövlətinin müvəffəqiyyətlərindən gecə-gündüz əriyirlər. Sanki bu millət onlar üçün düşməndir. Hətta vəziyyət o həddə çatıb ki, “Eurovision” yarışının, beynəlxalq konfransların, tədbirlərin Azərbaycanda keçirilməməsi üçün səbəb axtarırlar. Azərbaycanın dünyada yaxşı dövlət kimi tanınmamasını istəyirlər, bundan ötrü hər şeyə əl atırlar. İnanın, son dövrlərdə dünyanın heç bir ölkəsində bu xislətli müxalifətə rast gəlməmişəm. Nə Ermənistanda, nə Gürcüstanda, nə Rusiyada, nə bizi əhatə edən digər post-sovet ölkələrində, nə Avropada bu xislətli müxalifət var. Hətta Afrika ölkələrində belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur, daha bunlar kimi dövlətə, millətə xəyanət yolunu tutmurlar. Əlbəttə, bu dediklərimi bütün müxalifətə, bütün müxalifət mətbuatına şamil etmirəm. Amma bir-ikisi var ki, onlar məhz dediyim yolu tutublar. Biri xaricdə oturub, guya ki, Azərbaycan xalqının dərdini çəkir... Adama sual verən lazımdır ki, axı sənin bu xalqa aidiyyətin, bu xalqla bağlılığın varmı? Sən bu xalqın dərdini çəkəndinsə, niyə Azərbaycan xalqından oğurladığın sərvətləri neçə ildir, xaricdə dağıdırsan! Belə məsələləri görəndə, bu müxalifətə görə sadəcə utanıram. Bu yaxınlarda Gürcüstanda ATƏT-in təşkilatçılığı ilə bir tədbir keçirilib. Orada bizimkilər özlərini o qədər aşağı səviyyədə aparıblar ki, mən bunu orada iştirak edən işçimizdən eşidəndə, dəhşətə gəldim. Dəfələrlə televiziyada görmüsünüz yəqin, erməni ilə konyak vurub, Azərbaycanın gələcək müvəffəqiyyətlərinin sağlığına içirlər... Bizə dəfələrlə Avropa və dünya ölkələrindən informasiyalar daxil olub ki, həmin o adlarını çəkmək istəmədiyim müxalifət partiyalarının sədrləri bəzi beynəlxalq təşkilatlarda söz veriblər ki, “Siz bizi hakimiyyətə gətirin, Dağlıq Qarabağ problemini siz istədiyiniz şəkildə həll edək, Cənubi Qafqazda nə istəyirsiniz edək”. Adam belə şəxslərlə bir ölkədə yaşadığına, onlarla eyni dövlətin vətəndaşı olduğuna görə utanır.

Həmçinin oxu
Əkrəm Əylisli: Biz Azərbaycanı uçurtmaq yox, qurmaq istəyirik
Ramiz Rövşən. Şər deməsən, xeyir gəlməz

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG