Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:45

Meydanın son gecəsi


Sovet qoşunları Bakıda
Sovet qoşunları Bakıda
«AZADLIQ MEYDANINA QAÇA-QAÇA GEDİRDİK»

«Ayın 17-də Sabir bağının yanında mitinq üçün yığışdıq. Qoşa Qala qapısının yanında qarşımızı rus əsgərləri kəsdilər. Orda ilk dəfə rus əsgərlərini dağıdıb irəli keçdik. Elə sevinirdik ki... Demək olar ki, Azadlıq Meydanına qaça-qaça gedirdik. Deyirdik ki, Azadlıq Meydanına çatanda bütün problemimiz həll olunacaq».

1988-ci ilin noyabrın 17-ni xatırlayan Siyavuş Mustafayevdir. Həmin mitinqlərdə ilk gündən iştirak edib, meydanda mühafizə dəstəsinin başında durub. Meydanın 18 günlük ab- havası, eyforiyası hələ də başından çıxmayıb. 23 il sonra meydanın son gecəsindən danışır:

«Sonunu düşünməmişdik. Həmişə Sabir bəy (Sabir Rüstəmxanlı – Ş.B.) deyirdi ki, biz bura naxçıvanlı, lənkəranlı, gəncəli, bakılı kimi yığışdıq, amma azərbaycanlı kimi dağıldıq. Biz ora sakit, dinc halda yığışdığımız kimi dağılmağı bacarmalıydıq...»

Amma meydandakıları sovet əsgəri dağıtmalı oldu, dekabrın 4-dən 5-ə keçən gecə, saat 3-də.

«QORBAÇOVUN ŞƏKLİNİ TUTANLAR VARIYDI Kİ, BƏLKƏ...»

«Allah rəhmət eləsin, Əbülfəz Elçibəy məni çağırdı ki, ola bilsin bu gecə meydanı dağıdacaqlar. Dedi ki, çalışın uşaqları qadınları, yaşlıları çıxaraq, axşam ayaq altda qalmasınlar. Həmin gecə saat 12-dən sonra bəy dedi ki, tribunanın qabağına toplaşın. Bütün çadırlarda nə qədər adam var ortaya yığdıq. Allah qapısını açsın, Nemət Pənahlıydı, rəhmətlik Xəlil Rza Ulutürküydü, Tağı Xalisbəyliydi, Əbülfəz Elçibəy idi. Bunlar ortada idilər, biz də onları dairəyə aldıq və oturduq yerə. Yəni biz dinc mitinq edirik, bizi dağıda bilməsinlər. Sonra yaşlılar, lap axırda qadınlar və idmançılar idi. Bəlkə də indi kiməsə gülünc gəlir, Qorbaçovun şəklini əlində tutanlar varıydı ki, bəlkə rus əsgərləri camaata dəymədi».

«AY CAMAAT GETMƏYİN, MEYDANI TƏRK ETMƏYİN»

«Turan» İnformasiya Agentliyinin əməkdaşı Tofiq Türkelin yaddaşında qalanlardan:

«Meydanda qalanlara müraciətlər oldu. Orda qalanlar elə də çox deyildi. Aşağı-yuxarı 300-400 nəfər olardı. Öndə əsgərlər gəlirdi dəmir dəbilqələrlə, qalxanlarla, dəyənəklərlə. Arxadan bunları hərbi texnika müşaiyət edirdi. Camaatı tribuna tərəfə sıxırdılar».

Əbülfəz Elçibəy Azadlıq Meydanında
Əbülfəz Elçibəy Azadlıq Meydanında
Siyavuş Mustafayev danışır ki, artıq saat 12-də müxtəlif istiqamətlərdən sovet əsgərləri meydana doğru yeriməyə başladı. İlk həmlə dənizdən gəlib:

«Birinci hücum dənizdən oldu. Piyada qoşunları dənizdən kater vasitəsilə sahilə çıxdılar. Onlar sahildəki çadırları qırmağa başladılar. Bayraqları ayaq altına atırdılar. Ondan sonra «İnturist», indiki Hilton hotel tərəfdən bir dəstə gəldi. Bir dəstə «Dom sovet»dən çıxdı, tribunanın sağ-sol tərəfindəki qapılarından. Biz o qapıların açılmasını gözləmirdik də. Bir neçə qrupa bölünmüşdülər. Bu hadisədən 1-2 saat qabaq səhv etmirəmsə, Bakı şəhər komitəsinin sədri çıxış elədi, bizə yalvarırdı, deyirdi ki, «qurban olum sizin qeyrətinizə, burda hücum ola bilər, xahiş edirəm meydanı boşaldın». Amma onlara fikir verən yox idi. Biz qışqırırdıq: «Ay camaat getməyin, meydanı tərk etməyin! Öldü var, döndü yox!» Əsgərlərlə döş-döşə durmuşduq. Arxadakı zabit dəstəsi onları, əsgərlər də bizi vurmağa başladı. Hamı yerdə oturmuşdu, mühafizə dəstəsi, idmançılar geri çəkilərkən yerdə oturanların üstünə yıxıldılar».

«BİRİNCİ ZƏRBƏNİ QADINLARA ENDİRDİLƏR»

Tofiq Türkel:

«Elə bil bilərəkdən imperiya əsgərləri birinci zərbələri qadınlara-qızlara endirirdilər. Bizi əsəbiləşdirmək üçün edirdilər. Biz də çalışırdıq ki, qadınları ordan çıxardaq. O şəraitdə belə cavanlar buna müqavimət göstərirdilər, əsgərləri bir neçə saniyə dayandırmağı qənimət bilirdilər ki, xanımlar meydandan çıxa bilsinlər».

«PANİK VƏZİYYƏTİYDİ»

Siyavuş Mustafayev meydandakı ovqatı çatdırmağa çalışır:

«Dəyənəkləri qalxanlara döyəcləyirdilər, vahiməli səs çıxırdı. Arxadan zirehli maşınların səsi gəlirdi. Üstəlik də projektorların güclü işığı adamın gözünə vururdu, kor kimi olurdun. Məcbur hamı qalxdı ayağa, bunların yaratdığı dəhlizlə şüar deyə-deyə irəliləməyə başladıq. Bizi vura-vura aparırdılar. Fərq etmirdi qadındı, uşaqdı, yaşlıdı... Eyni vəhşilik. Birinin başı yarıldı, birinin başından qan axdı, bir qızın ayağından vurdular. O vaxta qədər heç kim belə şey görməmişdi. O zamana qədər hamı düşünürdü ki, sovet əsgəri sovet xalqını qoruyur. Amma həmin anda sovet əsgəri döyürdü, vəhşicəsinə döyürdü, orda ölmək də mümkün idi... Ondan sonra biz müharibə gördük. Mənim qucağımda 123 nəfər ölüb. O qədər şəhid gördük, əlini, ayağını itirən gördük ki, bu gün o vaxtkı hadisələr faciə kimi görünmür... Amma onda da bizi döyürdülər».

Tofiq Türkelsə deyir ki, sovet əsgəri müstəqil Azərbaycanın polisi ilə müqayisədə bəlkə də daha insaflı davranırdı.

BADAM ADLI QIZ

Tofiq Türkel
Tofiq Türkel
Qayıdaq həmin gecəyə. Qaqarin, indiki Cavanşir körpüsünün yaxınlığında yollar ayrılıb. İmkan tapıb qaçan da olub, həbsxanalara aparılan da. Həbsxanalardan 1-2 günə buraxılan da, 5-6 ay istintaq altda qalan da olub. Aparılanlara arasında Badam adlı gənc tələbə də olub. Bunu da Siyavuş Mustafayev deyir. Amma o qızın sonrakı aqibətindən xəbərsizdir. Eləcə də meydanın sevimlisi olan «Qəqəni» ləqəbli qaraşın oğlanı da həmin gecədən sonra görməyib.

«MEYDAN QUŞU UÇMUŞ YUVAYA BƏNZƏYİRDİ»

Bayıl həbsxanasına yolu düşənə kimi Siyavuş Mustafayev vaxt tapıb meydana baxıb, Azərbaycanın 18 gün nəbzinin döyündüyü meydana:

«Əsgərlərin arasından meydanı, çadırları gördüm. Lələ köçüb yurdu qalmışdı... Çadırlar dağıdılmışdı, onları sökürdülər. Meydan artıq quşu uçmuş yuvaya bənzəyirdi...»

Tofiq Türkelsə meydana bir neçə gün sonra baxa bilib. «Məndə bir nisgil yarandı. Həm də düşündüm ki, belə bitə bilməz» deyir. Tofiq Türkelə görə Azadlıq Meydanı fikir, polemika meydanı idi, arzular meydanı idi:

«Yəni bunlar ona gətirdi ki, mübarizə davam etməlidir, bununla bitə bilməz. Bitdi də, yəni müstəqillik qazandıq. Meydan xalqın göstəricisi idi, xalqın əzmi, azadlıq istəyi vardı. Bu xalqın azadlıq istəyinin təcəssümü oldu və sonda müstəqillik qazandıq...»

Həmsöhbətimə görə, bu gün Azadlıq Meydanında mitinqlər keçirilməsinə icazə verilməməsini anlaya bilmir. Onun qənaətincə, Azadlıq Meydanına getməyəndə millət azadlığını da unutmağa başlayır.

Siz necə bilirsiz Azadlıq Meydanında mitinqlərə ehtiyac varmı?
XS
SM
MD
LG