Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:26

Patrik Züskindin hekayəsi Əli Əkbərin tərcüməsində


Əli Əkbərin tərcüməsində

Patrik Züskind

DƏRİNLİYƏ MEYL


Ştutqartlı gözəl və gənc rəssam qadının sərgisinə gələn bir tənqidçi xoşməramlı niyyətlə, sırf qıza dəstək vermək üçün dedi:

- Çox istedadlısınız. İşləriniz də olduqca gözəldi. Lakin sizdə dərinlik çatışmır.

Tənqidçinin nə demək istədiyini başa düşməyən gənc qadın, bir azdan onun sözlərini tamam unutdu. Lakin bir gün sonra, qəzetdə həmin tənqidçinin məqaləsi dərc olundu. Tənqidçi yazırdı: “Gənc xanım rəssam parlaq istedada malikdir, ilk baxışdan əsərləri insanı valeh edir, amma təəssüflər olsun ki, onda dərinlik çatışmır”.

Bu yerdə, gənc qadını fikir apardı. Bir-bir öz rəsmlərinə baxmağa, köhnə qovluqlarda eşələnməyə başladı. Hazırda üstündə işlədiyi rəsmlər də daxil olmaqla, bütün tablolarına göz gəzdirdi. Sonra boya qablarının qapaqlarını möhkəmcə bağladı, fırçaların ucunu sildi və təmiz hava qəbul etmək üçün küçəyə çıxdı.

Axşam onu qonaqlığa çağırmışdılar. Sanki bütün qonaqlar tənqidi məqaləni əzbərləmişdilər - rəssam qızın parlaq istedadından, əsərlərinin insanı ilk baxışdan cəlb etməsindən danışırdılar. Lakin rəssam qız arxa plandakı pıçıltıları, kürəyini ona çevirən qonaqların söhbətlərini də eşidirdi:

- Məsələ orasındadı ki, dərinliyi yoxdur. İstedadı var, amma təəssüf ki, dərinlik yoxdur.

Növbəti bir həftə boyunca gənc qadın heç nə çəkmədi. Mənzilində səssiz oturmuşdu, dərin düşüncələrə dalmışdı. “Niyə dərinliyim yoxdur?” - bütün fikirləri, düşüncələri beynində dolaşan bu əzablı sualın burulğanına qapılmışdı.

İkinci həftə başlayanda, qadın bir daha nəsə çəkməyə cəhd etdi, amma yöndəmsiz qaralamadan başqa heç nə “yarada” bilmədi. Hətta kiçik bir ştrixi belə çəkə bilmirdi. Axırda elə möhkəm titrəməyə başladı ki, fırçanı boya qabının içinə salmaqda çətinlik çəkirdi.

- Düz deyirlər də! Dərinliyim yoxdur! – hayqıraraq ağladı.

Üçüncü həftə o, incəsənət haqqında cild-cild kitablarla maraqlanmağa, başqa rəssamların işlərini öyrənməyə, sərgi salonlarını və muzeyləri gəzməyə başladı. Təsviri incəsənət nəzəriyyəsi haqqında kitablar oxudu. Kitab mağazasına gedərək, satıcıdan dükandakı ən dərin kitabın hansı olduğunu soruşdu və Vitgenşteyn adlı bir adamın kitabını aldı. Lakin bu kitabda da, özünə faydalı heç nə tapa bilmədi.

Şəhər muzeyində keçirilən “Avropa rəssamlığının 500 ili” sərgisinə gələn qadın, rəsmxət müəllimi ilə zalları gəzən məktəblilərin dəstəsinə qoşuldu. Şagirdlər Leonardo da Vinçinin bir əsəri qarşısında ayaq saxlayanda o, qəfildən qabağa atılıb müəllimdən soruşdu:

- Bağışlayın, sizcə bu əsərdə dərinlik var ya yox?

Müəllim ona güldü və dedi:

- Xanım, məni dolamısız? Deyəsən gecə pis yatmısız.

Bütün şagirdlər ürəkdən qəhqəhə çəkdilər. Gənc qadın isə evinə qayıdıb, için-için ağladı.

Günlər keçdikcə, qadın qəribə hallara düşürdü. Emalatxanaya getmirdi, amma evində də işləyə bilmirdi. Daha çox oyaq qalmaq üçün həblər içirdi, amma bilmirdi oyaq qalmaq onun nəyinə lazımdı? Yorulanda da oturduğu stulda yuxuya gedirdi, çünki çarpayıya uzanıb dərin yuxuya dalmaqdan qorxurdu. İçkiyə də qurşanmışdı. Gecələr işığı söndürmürdü. Artıq heç nə çəkmirdi. Əntiq dükan işlədən Berlinli tanışı ona zəng edib bir neçə eskiz xahiş edəndə isə:

- Əl çəkin məndən! Mənim dərinliyim yoxdur! – qışqırmışdı.

Hərdən plastilindən nəsə yapsa da qeyri-müəyyən, mənasız fiqurlar alınırdı. Barmaqlarının ucunu plastilinə batırır, balaca toplar düzəldirdi. Pəjmürdə hala düşmdüşdü - üst-başına fikir vermir, mənzilini də yığışdırmırdı.

Dostları çox əndişəli idilər: “Böhran keçirir, ona kömək etməliyik. Bu, ya emosional böhrandır, ya yaradıcılıq böhranıdır, ya da ki, maliyyə problemləri var. Birinci halda, ona heç cür kömək edə bilmərik. İkinci halda da gərək vəziyyətdən özü çıxsın. Üçüncü variant isə belədir ki, öz aramızda atışıb onun üçün pul yığa bilərik. Amma bu da onun xoşuna gəlməyəcək”.

Beləliklə, dostlarının diqqət və qayğısı onu nahara, ya da şam yeməyinə dəvət etməklə məhdudlaşırdı. Qadın isə bir qayda olaraq işlərinin çoxluğunu bəhanə gətirib, bu dəvətləri rədd edirdi. Halbuki işləmirdi, mənzilində tək-tənha oturmuşdu və gözlərini qeyri-müəyyən nöqtədən ayırmadan, plastilinlə oynayırdı.

Bir gün elə bir ümidsizliyə qapıldı ki, fikrini dağıtmaq üçün təkliflərdən birini qəbul etməli oldu. Ziyafətdə ona gözü düşən bir oğlan, axşam rəssam qadının evinə getməyi və məlum məqsədlə gecəni onunla keçirməyi təklif etdi. Qadın, “Əlbəttə, bizə gedə bilərik. Elə sən də mənim xoşuma gəlirsən. Amma nəzərə al ki, mənim dərinliyim yoxdu” deyəndə, oğlan niyyətindən daşınmışdı.

Bir zamanlar gözəl əsərlər yaradan gənc qadın artıq günbəgün yox, saatbasaat tənəzzülə uğrayırdı. Heç yerə getmirdi, evinə də heç kəsi qəbul etmirdi. Hərəkətsizlikdən kökəlmişdi, içki və siqaretə qurşanmışdı, sürətlə yaşlanırdı. Mənzili çürüməyə başlamışdı, özü isə kif iyi verirdi.

Ona miras qalan otuz min mark pulla üç il dolandı. Hətta bir dəfə, gözlənilmədən Neapola səyahət etdi. Bu haqda onunla söhbət edən tanışlarını isə, qeyri-müəyyən mızıldanma ilə yola vermişdi.

Pulları qurtaranda qadın bütün rəsmlərini kəsib doğradı və teleqülləyə dırmaşaraq, 139 metr hündürlükdən özünü aşağı atdı. O gün güclü külək əsirdi deyə, qadın qüllənin ətəyindəki asfalt meydançaya çırpılmadı. Külək onu yulaf zəmisi üzərindən uçurdub, düz meşənin kənarına gətirdi və küknar ağaclarının təpəsinə tulladı. Buna baxmayaraq, qadın yerindəcə keçindi.

Bulvar mətbuatı, bu xəbərə dərhal maraq göstərdi. İntihar faktı, uçuşun maraqlı trayektoriyası, mərhumun bir zamanlar hamının böyük ümidlər bəslədiyi rəssam, eyni zamanda gözəl qadın olması –hadisənin informasiya dəyərini artırırdı. Onun mənzili elə bərbad gündəydi ki, fotoqraflar xeyli sayda maraqlı fotolar çəkmişdilər: minlərlə boş butulka, hər tərəf viranlıq, cırılmış rəsmlər, divarlarda plastilin kündələri, hətta otağın künc-bucağında nəcislər! Üçüncü səhifəsində bu haqda məlumat gedən qəzetdə, ayrıca yarım səhifəlik yazı da çıxmışdı.

Ədəbiyyat əlavəsində isə, həmin tənqidçinin yazısı dərc olunmuşdu. Gənc qadının faciəli ölümündən sarsıldığını qeyd edən tənqidçi yazırdı: “Gənc, istedadlı bir insanın öz çevrəsində təsdiq tapa bilməməsinin şahidi olmuşuq. Artıq neçənci dəfədir ki, biz dirilər məşum gerçəklik olan bu kimi hallarla rastlaşırıq. İnsanları himayədən, incəsənət sektoruna məqsədyönlü, ölçülüb-biçilmiş yaradıcılıq dəstəyindən söhbət gedirsə, burada təkcə dövlət dəstəyi, hansısa özəl təşəbbüslər kifayət eləmir. Düzdür, onu da qeyd etməliyik ki, bu faciənin kökündə ola bilsin tamam başqa səbəblər dayanır. Bəyəm mərhum rəssamın, ona lazım olan effekti əldə etmək üçün məqsədli şəkildə, şıltaqlıqla tonları qarışdırdığını, əsərə spiralvarı nüfuz edən, eyni zamanda emosiyalarla bəs deyincə zəngin, lakin açıq-aşkar və mənasız şəkildə öz qaranlıq “Mən”inin əleyhinə çıxan, ilk baxışda sadəlövh kimi görünsə də, ziddiyyətli ikiləşməsi ilə adamı vahiməyə salan əsərlərini görməmişikmi? Onun dərinliyə olan bu cür öldürücü meyli, amansız arzusu nəyə lazım idi?”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG