Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:08

Amerikanın ən yaxşı yazarı - qadındır!


Jesmyn Ward Twitter-də
Jesmyn Ward Twitter-də
Amerikanın ən nüfuzlu ödüllərindən sayılan – Milli Kitab Mükafatının qalibi qadın yazar oldu.

Bu, gənc qaradərili yazar Jesmyn Ward-dır. Onun “Salvage the Bones” romanı Katrina qasırğası zamanı Afrika əsilli bir Amerika ailəsinin yaşadıqları haqqındadır.

ABŞ-da 2011-ci ilin ən yaxşı yazarının müəyyən edildiyi mükafatlandırma mərasimi noyabrın 16-da Manhettendə keçirilib.

...Qasırğa yaxınlaşsa da, ailənin başçısı – ata heç bir tədbir görmür, o, içki düşkünüdür. Anasız böyüyən üç uşaq özləri qasırğanı ötüşdürmək üçün azuqə toplayırlar. Amma bu, yetərli deyil. Roman onların bu günlər ərzində yaşadığı çətin günləri, bir-birilərinin naminə etdiklərindən bəhs edir. Yazıçı sevgi və birliyin bütün çətinliklərə sinə gərməyin ən yaxşı yolu olması haqda ideyaları dəstəkləyir...

Jesmyn Ward-un özü Katrina qasırğasının viran qoyduğu Missisipi bölgəsindəndir.

O, ilk romanını 2008-ci ildə yazıb. Yazıçı mükafatlandırma mərasimində deyib ki, o, qarşısına marginallaşmış insanların hekyətlərini danışmaq məqsədi qoyub. Həmin hekayətlər çox vaxt diqqətdən kənar qalır.

“Bədii əsər” nominasiyasında finala 5 yazar yüksəlmişdi. Digər 4 əsər haqda

Andrew Krivak “The Sojourn” (“Müvəqqəti yaşayış”)

Bu, daha çox müharibə romanıdır. Əsər yazıçının öz ailəsi ilə bağlı avtobioqrafik məlumatlara əsaslanır. Romanda Jozef Vinich adlı gəncin hekayəti anladılır. O, ailəsi ilə birgə Koloradoda yaşayır. Amma ailə faciəsi onu atası ilə birlikdə ABŞ-dan Avstriya-Macarıstana qayıtmağa vadar edir. Onlar maldarlıqla məşğul olurlar. Amma müharibə başlayır və Jozeph əsgərliyə gedir. O, snayper kimi Alp dağlarındakı amansız döyüşlərdə iştirak edir. Bütün əsgər yoldaşları kimi müharibə dəhşətlərini öz gözləriylə görür və əsir düşür...

Téa Obreht.”The Tiger's Wife” (Pələngin arvadı)

Əslən keçmiş Yuqoslaviyadan olan, amma Amerikada yaşayan Téa Obreht-in romanında hadisələr təxminən 50 il əvvəl, adı çəkilməyən bir Balkan ölkəsində baş verir. Gənc həkim Natalyanın ətrafında sirli hadisələr baş verir. Bunların ən sirlisi isə onun babasının ölümüdür. Nəvəsi Natalya ilə görüşməyə getdiyini deyərək evdən çıxan babası bunun əvəzində ailəsində heç kimin tanımadığı uçuq-sökük evə gedir və orada təklikdə ölür.

Natalya bu ölümün sirrini açmaq üçün öz uşaqlıq xatirələrini “incələməyə” başlayır... Babası ona uşaqlıqda Redyard Kiplinqin cəngəllik hekayətlərini oxuyardu, 2-ci Dünya Müharibəsi dövründə onların kəndinə zooparkdan qaçmış pələng gəlmişdi... Bütün bunlar Natalya üçün üzərində baş sındırılası tapmacaya çevrilir...

Julie Otsuka “The Buddha in the Attic”

Bu roman bir qrup yapon qadının yüz il qabaq gəmiylə San-Fransiskoya yollanmasından bəhs edir. Onlar kimdir? “Picture brides’”... Bu ifadə o zaman
ABŞ-da işləyən yapon miqrantların tanışlıq şirkəti vasitəsilə evlənmək üçün Yaponiyadan gətirtdikləri qızlara aid edilirdi. Miqrantların vətənlərinə qayıtmağa pulları olmadığı üçün onlar tanışlıq şirkətinin təklif etdiyi qız şəkilləri arasından özlərinə arvad seçirdilər.

Elə miqrantların işlədiyi şirkətlərin rəhbərləri də buna ikiəlli razı idilər. Çünki onların fikrincə, evlənən miqrant yaşadığı yerdən uzun müddət tərpənməyəcək, az içib, az tiryək çəkəcəkdi.

Gəmiylə ABŞ-a yollanan qadınlar üçün gələcək ərlərinin kimliyi də, başlarına nə gələcəyi də qaranlıqdır... Onların dünyaya gətirdikləri uşaqlar isə sonda mənsub olduqları millətin adətlərini unudub yeni cəmiyyətə qarışmağa məhkumdurlar...

Edith Pearlman “Binocular Vision”

Bu, hekayələr toplusudur. Edith Pearlman-in sevimli mövzuları ölüm, nigah, xəyanət, yəhudilər, onların dilemmaları və sairdir. Qəhrəmanların çoxu tək yaşayan insanlardır. Onlar şüurlu şəkildə tənha həyata üstünlük verirlər. Hadisələr Mərkəzi Amerikada, Massaçusetsdə, çar Rusiyasında və başqa yerlərdə baş verir.

60 il əvvəl təsis edilən mükafatın dəyəri indi 10 min dollardır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG