Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:13

Cəmil Həsənli: «Biz işıq gələn yerləri qapamaqda mahirik»


Cəmil Həsənli
Cəmil Həsənli
Professor Cəmil Həsənlinin «Stalin və soyuq müharibənin Türkiyə böhranı» kitabını Harvard Universiteti ingilis dilində nəşr edib. Kitab 1945-1953-cü illərdə baş verən prosesləri əhatə edir. Bu kitab II Dünya müharibəsindən sonra Sovet-Türkiyə münasibətləri və Ermənistanın Türkiyəyə qarşı iddialarının pərdəarxası məqamlarına aydınlıq gətirir.

Kitaba Harvard, Corc Vaşinqton, Kollec Kork universitetlərinin nüfuzlu alimləri rəy veriblər. Cəmil Həsənli bu kitab və bəzi başqa məsələlər barədə AzadlıqRadiosunun suallarını cavablandırıb:

- Bu, mənim Bakıda və Moskvada nəşr olunmuş tədqiqatlarımdan biri idi. Moskvadan sonra Harvard Soyuq müharibə mərkəzi də bu əsərə maraq göstərdi. Onu da deyim ki, Qərb ölkələrində əsərləri sadəcə olaraq götürüb nəşr etmirlər. Əvvəl onları anonim rəylərə göndərirlər. Rəylər müsbət olsa, onda nəşr etmək barədə qərar verilir. Harvardın proqramı üzrə bu əsər ABŞ-la yanaşı, Kanada və Böyük Britaniyada da nəşr olunub.

- Onları bu əsərdə nə cəlb etdi ki, kitabın nəşrinə qərar verdilər?

«KİTABDA İLK DƏFƏ AÇIQLANAN BİR ÇOX ARXİV SƏNƏDLƏRİ YER ALIB»

- Yeni materiallar. Bu kitab Rusiya-Türkiyə, erməni-türk və eyni zamanda Cənubi Qafqazda cərəyan edən hadisələrin Qərb oxucularına bəlli olmayan səhifələrinə işıq salır. Kitabda ilk dəfə açıqlanan bir çox arxiv sənədləri yer alıb. İndiyədək soyuq müharibənin oturuşmuş bir tarixi var idi. Bu kitab və bundan əvvəl orada nəşr olunan «Soyuq müharibənin İran böhranı» əsərim soyuq müharibənin həm başlama tarixində, həm də coğrafiyasında fərqli yanaşmanı ortaya qoyur. İndi artıq onlar özləri də bizim fikirlərimizlə razılaşırlar ki, soyuq müharibə bilavasitə 1945-ci ilin payızında başlayıb. Soyuq müharibənin ilk epizodları Cənubi Azərbaycan ( İran Azərbaycanı - İ.R) və Türkiyəyə qarşı sovet təzyiqlərində özünü göstərib.

- Sizin nəzərinizdə hansı yeni faktlar bu əsərdə daha cəlbedicidir?

«SİYASİ BÜRO TÜRKİYƏDƏN ALINACAQ TORPAQLARIN SAHƏSİNİ TƏSDİQ ETMİŞDİ»

- Bu məsələ ilə bağlı tanınmış Amerika tarixçisi Bryus Kuniholmun çox gözəl bir əsəri var. O əsərdə bu məsələlər ehtimal kimi irəli sürülür. Amma onları möhkəmləndirən faktlar yoxdur. Hətta Türkiyənin özündə uzun müddət belə hesab edirdilər ki, SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiaları qəzetlərin yazdığından o yana keçməyib. Amma artıq bu kitabda gördülər ki, bu məsələ hətta SSRİ-nin Siyasi Bürosunda müzakirə olunub. Qarsın, Ərdahanın alınmasına real baxılırdı. Hətta Siyasi Büro Ermənistan Kommunist Partiyasının Qars vilayət komitəsinin yaradılması və ora birinci katibin təsdiq edilməsi haqqında qərar vermişdi. Siyasi Büro Türkiyədən alınacaq torpaqların sahəsini təsdiq etmişdi.

- Bəs niyə indiyədək bu faktları tapıb üzə çıxardan olmayıb?

- İndiyədək bunların böyük bir hissəsi qapalı fondlarda idi. Hələ indi də elədir.

- Bəs Siz bunları əldə etməyə necə nail oldunuz?

«ƏSLİNDƏ ARXİV İŞÇİLƏRİ BUNLARI VERMƏK İSTƏMİRDİLƏR»

- Olur da. Əslində arxiv işçiləri bunları vermək istəmirdilər. Biz Rusiya xarici işlər nazirinin arxiv məsələlərinə baxan müavininə qədər mübahisə aparıb axır ki, buna nail olduq. Mən məsələni belə qoyurdum ki, SSRİ dağılana qədər olan sənədlər bizim ortaq sənədlərimizdir.

- Axırda razı sala bildiniz demək?

- Razı saldıq, amma surət çıxartmağa imkan vermədilər. Məni onların hamısını əllə yazmaq kimi bir əziyyətə saldılar.

- 1945-ci ildən danışdınızsa, deməli, orada «21 Azər» hərəkatı da əksini tapıb.

- Bəli. Əslində soyuq müharibəni ehtiva edən üç məsələ var idi. Türkiyə böhranı, Cənubi Azərbaycan böhranı və Şərqi Türküstan. Sovetlərin Şərq siyasətində bunlar bir coğrafiyanı özündə birləşdirir.

«BİZ İŞIQ GƏLƏN YERLƏRİ QAPAMAQDA MAHİRİK»

- Bir alim olaraq Sizin kitabınız Amerikada Harvard Universiteti tərəfindən ingilis dilində çıxarılır. Azərbaycanda –Dövlət Neft Akademiyasında isə dünyada tanınan bir alimi - Rafiq Əliyevi işdən çıxardılır.

- Rafiq Əliyevin kitabları ingilis dilli dünyada bizdən də əvvəl çıxıb. Mənim üçün ən maraqlısı odur ki, Amerikanın bir neçə universiteti innovasiya texnologiyaları ilə bağlı bir sıra məsələləri Rafiq Əliyevin dərsliyindən keçir. Hər halda biz işıq gələn yerləri qapamaqda mahirik.
XS
SM
MD
LG