Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:32

«Super Mario» İtaliyanı böhrandan çıxara biləcəkmi?


İqtisadçı və Avropa Birliyinin keçmiş komissarı Mario Monti
İqtisadçı və Avropa Birliyinin keçmiş komissarı Mario Monti
İqtisadçı və Avropa Birliyinin keçmiş komissarı Mario Monti bazar günü İtaliya prezidenti Giorgio Napolitanodan baş nazir mandatını alıb. Monti bildirib ki, ölkənin gələcək nəsilləri naminə iqtisadi artımı bərpa etmək və bazarı sakitləşdirmək üçün İtaliya öz maliyyəsini sağlamlaşdırmalıdır.
Mario Monti deyib ki, parlamentdə yeni hökumətə çoxluğun etimadını qazanan kimi fəaliyyətə başlayacaq. Parlament etimadı proseduruna adətən bir neçə həftə sərf olunur.
Mario Monti 2013-cü ildə planlaşdırılan seçkilərə qədər baş nazir postunda qala bilər. Lakin istefaya getmiş Silvio Berlusconinin partiyası dünən bəyan edib ki, Monti hökumətini yalnız məhdud dövr üçün – erkən seçkilərə qədər qəbul edəcək.
Yaxın bir neçə gündə Mario Montinin öz yeni kabinetini və proqramını parlamentə təqdim edəcəyi gözlənilir.
İtalyanların çoxu isə son 10 illikdə ölkənin siyasi həyatında baş vermiş ən böyük dəyişikliyi alqışlayıb. Roma sakini Mariella Montinin təyinatını nikbinliklə qarşılayıb:
«HAMI DEYİR Kİ, MONTİ ÇOX BACARIQLI ADAMDIR. İTALİYANI BATAQLIQDAN ÇIXARA BİLƏR»
Avropa Birliyinin iflas həddində olan digər ölkələrindən fərqli olaraq İtaliya iqtisadiyyatının özülü ümumi zəif artımına baxmayaraq möhkəmdir. İtaliya Avropa Birliyinin üçüncü böyük iqtisadiyyatıdır.
Başqa bir romalı Luciano isə deyir ki, Montinin ölkəni maliyyə fəlakətindən xilas edəcəyini söyləmək hələ tezdir:
«Mən deyə bilmərəm Monti yaxşıdır, ya da pis. Çünki biz hələ heç nə bilmirik. Əsas odur ki, Berlusconidən canımızı qurtardıq».
Silvio Berlusconi
Silvio Berlusconi
İstefa verəndən sonra ilk dəfə bazar günü televiziyada çıxış edən Silvio Berlusconi İtaliyanın maliyyə böhranına görə günahkar olmadığını bildirib. Deyib ki, bu böhran İtaliyada başlamayıb:
«MƏNİM İSTEFAMA SEVİNƏNLƏRƏ DEYİRƏM – SABAHDAN İTALİYANI YENİLƏŞDİRMƏK ÜÇÜN SƏYLƏRİMİ İKİQAT ARTIRACAĞAM»
Keçmiş baş nazir siyasi səhnəni tərk etmək niyyətində olmadığını da bildirib.
İqtisadi islahatlarla bağlı verdiyi vədlərini yerinə yetirmədiyinə görə Avropa liderlərinin dəstəyini itirən Berlusconi istefasının alicənab addım olduğunu da bildirib.

Noyabrın 12-də İtaliyanın Baş naziri Silvio Berlusconi istefa verib. O, ölkəsinin borc böhranının aradan qaldırılması üçün qənaət planını parlamentin təsdiq etməsindən sonra istefa verəcəyini bildirmişdi.
İtaliya parlamenti noyabrın 12-də həmin sənədi sonuncu mərhələdə də qəbul edib və Baş nazir istefa verdiyini açıqlayıb.

75 yaşlı Silvio Berlusconi İtaliya siyasətində 17 il idi ki, dominant rola malik idi. Keçmiş iş adamı olan Berlusconi II Dünya müharibəsindən sonra İtaliyada ən uzun müddətə Baş nazir vəzifəsini tutan siyasətçi olub, 1994-cü ildən bu yana üç dəfə müxtəlif vaxtlarda hökumətə başçılıq edib.

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG