Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:11

Aslan Quliyev "Müstəntiqin əri" (Hekayə)


Bu hekayə son iki ayda "Oxu zalı"na göndərilmiş hekayələr arasından dərc olunmaq üçün seçilən əsərlərdəndir.

Aslan Quliyev

MÜSTƏNTİQİN ƏRİ

Nazlı ərini yarımçəkmə ilə döyür, qışqırırdı, haçana kimi yava gəzəcəksən, haçana kimi gözün şortuların arxasınca olacaq?

Onları ayırmaq istəyəndə onun da başına bir-iki çəkmə dəydi. Özünü lənətləyirdi, adam, nə işinə, çıx yolunla get də, bunların günü dalaşmaqla keçir.

Bu gün ayıracaqsan, sabah yenə başlayacaqlar, sən bunları ayırmaq haqda öhdəçilikmi götürübsən?

Arvadı onu aşkar heyrətlə qarşıladı.

- Göz-başın niyə qızarıb?

- Qızarıb?

- Hə də!

- Nazlı vurdu, - mızıldandı.

- Bilmək olarmı niyə? Əslində niyəsini bilirəm, amma səndən eşitmək pis olmazdı.

- Əri yava gəzir. Gözü yava gəzənlərin arxasıycandı.

- Bunun sənə nə dəxli? Əri yava gəzirsə, qoy ərini vursun. Səni niyə vurur?

- Bunu məndən yox, Nazlıdan soruşmaq lazımdır.

- Əzizim, canım-gözüm, - arvadı əzizim deyirdisə, demək, əsəbləri tüğyan eləmişdi, canım-gözümü də əlavə eləyirdisə, artıq işlər şuluqdu, - Nazlı xanım burda yoxdu, o səbəbdən də səndən soruşmalı olacağıq. Amma mənə qalarsa, soruşmağa ehtiyac yoxdu, onsuz da hər şey məlumdur.

Lənətə gəlmiş çuqun qulplucanın vıyıltısını eşitdi, amma keri çəkilməyə fürsət tapmadı, otaq gözlərində qaraldı, huşunu itirib ləsəlmiş halda divana çökdü.
Səhər onu işə yola salan qadın həmişəki tapşırığını verirdi, bax, yenə sənə deyirəm, bu şortudan uzaq dur, yoxsa vayını verərəm. Hər dəfə də qulplucanı vuracağıma umid eləyə bilməzsən, günlərin birində əlimə balta da keçə bilər.

Arxadan onu səsləyirdilər, Nazlı idi, lənət şeytana, yenə buna nə lazımdı, ərinə gücü çatmır, acığını ondan çıxır. Mən də dayanacağa gedirəm, addımlarını yeyinlədib ona çatan qadın dedi. Baxanda arvadı qısqanmaqda haqlıydı, gözəl qadındı, döşləri deyirdin indicə koftasını deşəcək, mütənasib, adamı maqnit kimi cəzb eləyən bədəni var idi.

- Gedirsən, get də. Mənsiz gedə bilməzsən?

- Minnətin olsun! – Nazlı dedi.

- Nəyə minnətim olmalıymış? Sayəndə dlincliyim yoxdur, hər gün müstəntiqə hesabat verirəm.

- Hansı müstəntiqə?

- Arvadıma! Guya arvadımın müstəntiq olduğunu bilmirsən?
İkisi də eyni istiqamətə gedirdilər, amma qadınla eyni avtobusa minmək istəmirdi, arvadı bunu haralara yozardı, məlum deyildi, niyə boş yerə risq eləsin? Qadın çıxıb getsin, sonrakı avtobusa minərdi, hər on-on beş dəqiqədən bir avtobus gəlirdi. Qadınsa sanki onu gözləyirmiş, onun minmədiyini görəndə, o da minmədi.

- Niyə minmədin? - heyrətlə soruşdu:

- Bəs sən niyə minmədin?

- Sən mənim başıma bəlamı oldun? Avtobusun gəlib, min, çıx get də! Olmaya mən səni avtobusda müşaiyyət eləyəcəyimə boyun olmuşam?! Minim səninlə eyni avtobusa, sonra da arvad çəksin məşhər ayağına. Niyə o qadınla bir avtobusa minirdin? Görürsən qadının baş-gözü qaynaşır, rəddə ver, başqa avtobusa min! Onda nə deyərəm?

- Sən də özünə kişi deyirsən! Bir arvadın əlində aciz qalıbsan. Mənimkini yığıb-yığışdırmaq mümkün deyil, neyləyirsən elə, gözü orda-burdadır!
Növbəti avtobus gəldi, adam çox idi, qadın onu tələsdirdi.

- Min də!

- Yox, - boyun qaçırtdı, - sən min get. Mən gələrəm.

- Ay qoyun, min!

- Birdən arvad…

- Hardan biləcək?

Etiraz eləyə bilmədi, həm də işə gecikirdi, qadına dedi, sən qabaq qapıdan min, mən də arxadan minəcəyəm. Qoy heç olmaya ikimizi bir yerdə avtobusa minən görməsin. Elə də elədilər, adam həddən artıq çox idi, arxadan gələnlər onu qabaqlarına qatıb aparırdılar. Birdən qabağında boş oturacaq gördü, özünü birtəhər oturacağa saldı və başını qaldırıb Nazlının da qabaqdan minənlər tərəfindən ona doğru sıxışdırıldığını gördü. Qadın özünü saxlaya bilməyib birbaşa onun qucağına yıxıldı və bir təhər yerini rahatlayıb qucağında oturdu. Heyrətdən dili söz tutmurdu, qadınla bir avtobusa minmək istəmirdi, indisə qadını qucağında oturtmuşdu.

- Neyləyirsən? – qorxmuş halda pıçıldadı.
- Səncə neyləyə bilərəm?
- Dur ayağa görüm!
- Arvadın elə yerində sənin vayını verir. Yerimdən tərpənə bilirəm, duram da.
- Mən batdım! Arvad bilsə…
- Ay qoyun, hardan biləcək?

Üç-dörd dayanacaq beləcə qadın onun qucağında getdi, yalnız qadın düşəndən sonra dərindən nəfəs aldı, artıq bir qədər adam düşmüşdü, avtobusdakıları görmək olurdu. Boylanıb baxdı, tanış adam yox idi, lap yəqin qadını qucağında oturtduğunu görən olmamışdı.
Axşam arvadı onu yenidən sorğu suala tutdu:

- Sənə deyilmişdimi o şortudan uzaq dur?
- Deyilmişdi, - qorxa-qorxa təsdiq elədi.
- Sən necə, durdunmu?
- Harda durdum?
- Şortudan uzaqda…a!
- Hə, durdum. Xeyli uzaqda…
- Avtobusa onunla birlikdə minmədin?
- Avtobusa?
- Mindin, minmədin? Hə, yox?
- Mindim.
- Bəs bunun harası uzaq durmaq olurmuş?

Mən neyləyim, özünə haqq qazandırırdı, səhərlər orda heç bilirsən nə qədər adam olur. İnanmazsan, adam qarışqa kim qaynaşır, mən hardan bilim qadının da orda olduğunu. Mən minmişəm, o da arxadan gəlib minib. Yoxsa mənə nə düşmüşdü, onunla bir avtobusa minəm. Mən namuslu, evli-başlı birisi kimi nəinki ona, heç başqa qadına da göz ucu belə baxmadım. «Göz ucu da baxmadın, amma qucağında oturtdun. Belə şəstlə! Qadın oturub qucağında, sən də namuslu, evli-başlı birisi kimi qadına gözucu da baxmırsan. Halal olsun!»

Başında tüklərinin vız-vız durduğunu hiss eləyirdi, ax, qadın, qadın, səni görüm lənətə gələsən! Bəs deyirdin bilməyəcək, nə oldu? Necə bildi? Dili dolaşa-dolaşa arvadını başa salmağa çalışırdı. Avtobusda basırıq idi, mən birtəhər oturdum, adamlar da onu itələyə-itələyə gətirib mənim qucağıma yıxdılar. Yoxsa mən camaatın qızını avtobusda, o qədər adamın içində necə qucağımda oturda bilərdim? Bu sırf iş qəzasıydı, daha doğrusu yol qəzasıydı, yəni sırf təsadüfdü. Arvadı isə başını yırğalayırdı. Demək, təsadüfmüş, təsadüfən qadınla bir avtobusa minirsən, təsadüfən avtobusda adam çox olur, təsadüfən qadını itələyib sənin qucağına yıxırlar. Bir gündə sənin başına nə qədər təsadüflər gəlib? Uçaskovının arvadı ordaymış, basırıq da olsa, adam çox olsa da, səndən başqa o avtobusda xeyli kişi olsa da, o gedib hansısa kişinin qucağında oturmayıbmış, kişi qızı kimi ayaq üstə durubmuş. Mənə telefonda danışdı, xırdalıqlarına kimi, gözlərinin necə bildir-bildir vurmağını, necə şax oturmağını! Yanıb yaxılırdı, vay kopoyğlunun qızı, sənin sahibin yoxmu, minibsən avtobusa, hansı cəhənnəmə istəyirsən, get də, sənin nəyinə lazım, kim kimin qucağına minib, niyə minib, necə minib! Yaxşı, deyirdi, mən indicə o uçaskovıya zəng elərəm, görüm bunun arvadı işə gedir, ya şəkil çəkməyə, təsvir eləməyə? Hələ bir utanmır, götürüb zəng də eləyir!

- Güzgünü sındırmırlar.
- Səncə o güzgüymüş?
- Məncə hə!
- Harasıymış güzgü?
- Gördüyünü güzgü kimi əks elətdirməsi! Hətta güzgüdən də yaxşı!
- Nifrət elədim güzgüyə! – qızğınlıqla dedi. – O alasəfeh uçaskovı arvadının hesabına daha güzgülərə həyəcansız baxa bilmərəm!

Əzizim, canım-gözüm, həyatım, sən azından mənim qadın, xüsusi ilə də müstəntiq olduğumu unudursan. Bu cəfəngiyata kim inanar? Basırıq oldu, mindi, düşürt də! Şortu öz dayanacağına qədər sənin qucağından düşməyib, niyə də düşsün, yeri rahatmış. Hər şey bir yana, mənim avtobusda bir kişinin qucağında oturub getdiyimi eşitsən, sənə necə təsir elər? Mənə də eləcə təsir eləyir.
Qadın nəylə vurdu, bilmədi, gözlərinə qaranlıq çökdü, huşunu itirdi, ayılanda isə divanda uzandığını gördü. Arvadı hətta ona şam yeməyi də təklif eləmədi, özü şam eləməli, çay dəmləməli oldu.

Səhər tezdən işə gedəndə arvadı heyrətlə soruşdu:
- Üzünü niyə qırxmayıbsan?
- Necə qırxım? Güzgüyə baxa bilmirəm, güzgüyə baxanda mənə elə gəlir uçaskovının arvadına baxıram. Başqasının arvadına baxıb üzümü necə qırxım?
- Eləmi? – arvadı mənalı tərzdə səsləndi.
- Elə!

- Nə deyim. Yəqin qulplucanın nədən ötrü başına dəydini unutmazsan?
Məlum işdir, unutmamışdı. Evdən çıxanda dörd gözlə ətrafa boylanırdı, bilmək olmazdı, birdən bu baş bəlası hardansa çıxdı, yenə başına oyun açdı. Baxanda arvadının nə günahı, o qədər adamın içində birbaşa gəlib onun qucağında oturur. Hələ bir məzələnir də, yəqin yerin rahatdır, ürəyincə olar, heç yuxuna da girməzdi. Əlbəttə girməzdi, lap elə ürəyimcədi, bəs sonrası? Müstəntiqə bunun üçün cavabı mən verirəm, sən yox!

- Hara tələsirsən? – sual o qədər qəfil oldu ki, bütünlüklə özünə qapıldığından diksindi. Nazlı artıq ona çatmışdı, gözləri gülürdü, onu gözdən qaçırmadığı, vaxtında ona çata bildiyi üçün elə bil sevinirdi.

- Səncə hara tələsə bilərəm? – hirslə cavab verdi.
- Mən nə bilim? – qadın çiyinlərini çəkdi.
- Ərin səhər evdən çıxanda hara tələsir?
- Şortuların yanına!

- Mənsə işə gedirəm! Yəni tələsirəm. Sən nə veribsən mənə ala bilmirsən? Niyə məndən əl çəkmirsən? Apvadım mənə sənin yüz metr həndəvərinə fırlanmağı belə qadağan eləyib, sənsə gəlib giribsən çənəmin altına. Axşam soruşanda nə deyəcəyəm?

Avtobus dayanacağına kimi beləcə gəldilər, təzəcə çatmışdılar, avtobus gəldi, amma o minmədi, qadının minib getməsini gözlədi. Qadınsa onsuz avtobusa minmək istəmirdi. İstəsə də, istəməsə də minməliydi, bu qadını belə görürdü, o minməyincə, minən deyildi. Nazlını qabağa salmışdı, qadın pillələri qalxıb içəri keçən kimi də, səssizcə avtobusdan düşdü. Pəncərənin qabağında oturub yerini rahatlayan qadın onun yoxluğunu hiss elədi, ətrafa boylandı, yerində dikəldi və birdən yerdə dayanmış onu gördü. Qadın barmağını ona silkələyir, o isə yerdə ləzzətlə atılıb düşür, sevincini izhar eləyirdi.

Axşam üstü işdən qayıdanda təzəcə pilləkənə ayaq basmışdı ki, Nazlı otaqdan çıxıb qabağını kəsdi. Deməyinə görə işıqları yanmırdı, onun baxmağını xahiş eləyirdi. Etiraz eləyirdi, mənim işıqdan-filandan başım çıxmaz, sonrası da birdən arvadım gördü, bildi, onda necə olar? Hardan biləcək, qız az qala onu zorla dartıb içəriyə saldı. İçəri keçən kimi də işıqların yandığını gördü. Qadınsa qolundan yapışıb onu birbaşa yataq otağına aparırdı. «İşıqlar yanır, - deyirdi, - lap heç yanmasalar da, səni çağırmaram, sən nə bilirsən elə şeyləri. Gördüm özüm hərəkət eləməsəm, səndən təpər olmayacaq». Artıq o da etiraz eləmir, əl-ayağını dağıtmırdı, olan olmuşdu, əksinə, yataqda belə gözəl, ehtiraslı qadınla vaxt keçirdikcə, indiyə kimi qadına məhəl qoymadığına görə özünü məzəmmətləyir, özü təşəbbüs göstərən qadına qarşı qəlbi minnətdarlıq hissiylə dolurdu.

Geyinib qadınla vidalaşdı, mən həmişə bu vaxtlar evdə oluram, qadın deyirdi, istədiyin vaxt gəl. Bəs ərin, təşvişlə soruşdu. Qadınsa əlini yelləyirdi, onun bu vaxtlar evə gəldiyi olmur, lap gəlsə də işıqları düzəltdiyini deyərəm. Sonrası da o səndən heç vaxt şübhələnməz.

Qapıdan çıxanda az qala pilləkənlə sürətlə qalxan arvadı ilə toqquşacaqdı. Arvadının heyrətdən gözləri geniş açılmışdı.

- Sənsən? – inamsızlıqla səsləndi.

- Mənə…əm, - dili topuq vururdu.

- Burda neyləyirsən?

- İşığı düzəldirdim. Qonşu xahiş elədi…

- Düzəldə bildinmi?

- Nəyi? – gözlərini döyürdü.

- Sən burda nəyi düzəltməliydin?

- Nəyi düzəltməliydim?

- Məndən niyə soruşursan? İşıqları!

- Hə, hə. Düzəltdim, əməllli-başlı! İndi par-par yanırlar. İnanmırsan, gedək baxaq!

- Ehtiyac yoxdu, mən bu şortunun sifətini belə görmək istəmirəm. Evdə işıqlar xarab olur, mən düzəldirəm, əlini vurmursan, burda isə dönüb mantyor olursan.

- Çünki sən məndən xahiş eləmirsən, - qızğınlıqla deyirdi, - deyirsən, əl vurma, məhv elərsən. Burda isə xahiş elədilər, mən də kömək əlimi uzatdım.

Nə bilim, qadın evə keçib ayaqqabılarını çıxarandan sonra etinasız halda dedi, bəlkə də haqlısan, hər halda gəlib burda, qonşuluğumuzda buna cürət eləyəcəyinə o qədər də inanmıram. Amma vicdanım rahat olsun, hansısa bir cinayəti, özü də alçaq bir cinayəti cəzasız qoymayım deyə işimi də görməliyəm. Gördü də, yəni alçaq cinayəti cəzasız qomadı, amma bu dəfə qulplucanın zərbəsi elə də güclü olmadı, hər halda huşunu itirmədi. Sevinirdi, işə bax ha, heç bir günahı olmaya-olmaya arvadı vayını verirdi, bu dəfə isə canını belə asanlıqla qurtardı.

Cavid gəlib onu çağırdı, istidir, gedək həyətdə oturaq, deyirdi. Razılaşsa da, ürəyi əsirdi. Doğrudur, arada Cavid gəlib onu çağırır, həyətdə, ağacların arasındakı oturacaqda oturub pivə içir, söhbət eləyirdilər. Amma bu gün təşvişə düşmüşdü, bəlkə nəsə öyrənmişdi, ona görə çağırırdı. Qapıdan çıxanda arxadan arvadının acıqlı səsini eşitdi, daş kişi başınıza, bir şortunu dədə malı kimi bölüşürlər. Cavidin eşidəcəyindən ehtiyatlanıb tez qapını çəkdi. Cavid pivə almışdı, bir banka da ona verdi, təşəkkür eləyirdi. Sağ ol, Nazlı deyirdi işıqlarımız xarab olmuşdu, səni çağırıb, düzəldibsən. Elədi, düzəltdim, dili topuq vurdu. Cavidsə yenidən lovğalanır, sütül qız tapması ilə fəxr eləyirdi. Özünü saxlaya bilmədi: «Bir halda sutul qızların arxasınca qaçacaqdınsa, niyə evlənirdin? Evlənməzdin, kimin arxasınca istərdin, qaçardın, dərd-sərin də olmazdı». «Boş şeydi, - Cavid əlini yellədi, - nə dərd-sərim olacaq? Danışıb-danışıb, qalacaq özüyçün. Sənsə yapışıbsan müstəntiqin ətəyindən. Qızın kökü kəsilmişdi, gərək elə gedib müstəntiqlə evlənirdin?» «Heç nədən xəbərin yox, bəy-bəy danışırsan! Onda biri mənə toyda ilişdi, məndə ilişdirdim. Bekara şeymiş, çənəsi sındı. İşə bu baxırdı, gözəl də qızdı, köməyi dəysin deyə girişdim buna, sonra da geri çəkilə bilmədim».

Bir qədər də söhbət eləyib ayağa qalxdılar.
Səhərisi işdən qayıdanda yenidən pilləkəndə Nazlı ilə rastlaşdı. Keçib getmək istəyirdi, amma qadın qolundan yapışıb saxladı. Deməyinə görə mətbəxdə pəncərənin şüşəsi sınmışdı. Mənim əlimdən gəlməz, desə də, qadın qolundan yapışıb zorla isəri apardı və içəri keçən kimi də heç nəyin sınmadığını başa duşdu.
Sən məni güdaza verəcəksən, geyinəndə deyirdi, keçən dəfə də dedin arvadın hardan biləcək, amma mən qapıdan çıxanda arvadımla toqquşdum. Müstəntiqdir, tam zamanında hadisə yerində olur.

Nə qədər inanılmaz olsa da, bu dəfə də qapıdan çıxanda az qala arvadı ilə toqquşacaqdı. Arvadı gözlərinə inanmır, başını silkələyirdi.

- Yəqin sən o deyilsən?

- Kim deyiləm?

- Ərim olacaq o şərəfsiz əbləh!

- Necə yəni deyiləm? Ərin olacaq o şərəfli insanam ki, varam. Nədi, məni tanımadın?
Qonşular eşidir, şəbədə bəzərlər. Bəs filankəsi doğmaca arvadı tanımadı.

- Demək, sənmişsən? – qadının heyrətinin sonu yox idi. – Heç cür inanmağım gəlmir. İndi burda neyləyirsən? Yenədəmi şortunun nəyisə xarab olmuşdu.
- Hə, olmuşdu. Şüşəsi sınmışdı.
- Barı saldınmı?
- Nəyi? – gözlərini döyürdü.
- Sən burda nəyi salırdın?
- Mən salırdım?
- Yox, mən! Şüşəni!
- Şüşəni, mən? Mən niyə salıram? Şortunun şüşəsi sınıbsa, canı çıxsın, əri salsın. Hə… Saldım! Neyneyim, sınmışdı. Çağırdı, kömək istədi…
- Sən də uzatdın?
- Nəyimi uzatdım?
- Kömək əlini, ay qoyun!
- Hə, uzatdım! Əlbəttə uzatdım!

Evdə arvadı hər sözü xüsusi tələffüz eləyərək onu divara dirəmişdi, adam, sən kim olursan? Mənim ərimsən, ya şortunun təmirçisi? Şortunun gündə bir yeri xarab olacaq, sən də gedib düzəldəcəksən? Bir halda xarab olursa, səni niyə çağırır, təmirçi çağırsın! Təmirçi də gəlib baxar, harası xarab olar, orasını da düzəldər. Bu sənə son xəbərdarlığım, səni bir daha qorxaq dovşan kimi şortunun evindən boylanan görmürəm. Görsəm, işin bitdi! Oldumı? «Oldu!» – cani dildən söz verdi və hələ bir sevindi də, canını belə asanlıqla qurtaracağını gözləmirdi. «Yox, belə olmayacaq, arvadı dedi, özüm tədbir görməli olacağam. Yoxsa səni qorxu-hürkü ilə şortunun həndəvərindən uzaqlaşdıra bilməyəcəyəm. Mən vuracağam, ağlını-huşunu itirəcək, amma ayılıb özünə gələndən sonra yenə şortunun yanına cumacaqsan».
Səhər işə gedəndə Nazlıyla qarşılaşdı, boylanıb ətrafa baxırdı, görəsən onların birlikdə avtobus dayanacağına getdiyini görən yox idi ki? Nə biləsən, bəlkə uçaskovının arvadı yenə də hansısa tindən onları güdürdü.

- Şortu, bilirsən nə var...
- Nə?! – Nazlının səsi cingildədi.
- Nə oldu? – qorxmuş halda dilləndi.
- Sən mənə nə dedin?
- Mən dedim?
- Hə, sən, sən!
- Mən heç nə demədim.
- Dedin, dedin! – qadın əl çəkmirdi.
- Mən yox, arvadım dedi!
- Yo…ox! – Nazlı onun qolundan yapışdı. – Sən dedin. Arvadın burda yoxdu. Bir ətrafa bax, gör arvadın burdadımı? Burda deyil. Demək, deyə bilməz. Sən dedin!
Cavab tapa bilmir, mızıldanıb bir təhər canını qurtarmaq istəyir, ancaq Nazlı əl çəkmirdi. Yalnız avtobus gələndən sonra, qadın ondan əl çəkib avtobusa mindi və hətta ona minməyi də təklif eləmədi.

Arvadının dediklərini unutmuşdu, əvvəllər Nazlıdan qaçmağa çalışsa da, son günlər güclü bir istək onu qadına doğru çəkirdi, amma çox çalışsa da, qadını təklikdə görə bilmirdi. Səhərlər ayaqlarını süründürür, Nazlını gözləyir, amma qadın gəlmirdi.
Bir axşam işdən qayıdanda nəhayət Nazlının qapısı açıldı, sevincdən gözləri dörd oldu, amma ondan fərqli olaraq qadın elə də sevinmirdi, əksinə, sanki bu görüş ürəyincə olmamışdı, qaşqabaqlıydı.

- Salam, - ümidlə dilləndi.
- Salam…
- Dedim bəlkə….
- Nə bəlkə? – qadın ona sözünü deməyə imkan vermirdi.
- Bəlkə su krantınız xarab olub?
- Xarab olar, düzəldərik, - qadının arxasından əri boylandı, - sən bizim krantı niyə düzəltməlisən? Özümə nə gəlib!
- Sən evdə tapılırsan! – hirslə dilləndi. – Sən evdə olandan sonra mənim nəyimə lazım, canın çıxsın, özün düzəlt!

Hər şey ona aydın olmağa başlayırdı, əri evdə olurdusa, qadın daha onu evə dəvət eləyə bilməzdi ki. Bəs bu əbləh evdə tapılmırdı, buna nə olmuşdu, belə tezdən evdə nə ölümü vardı? Bir azdan yenə də qonşu gəlib onu pivə içməyə çağırdı, amma pivə almamışdı, bu dəfə də sən al, dedi, mən hər halda səni pivə ilə təmin eləməyə boyun olmamışam. Əbləh adam, bir dəfə pivə alıb, dərhal da başına qaxır. Yaxınlıqdakı köşkdən altı banka pivə və quru balıq aldı. İç, nə qədər içə bilirsən, dedi, bir də mənim üçün pivə alma, zəhmət çəkərəm, öz pivəmi özüm alaram.

Qonşu hirsli və qanı qaraydı, sənə nə olub, soruşdu, axı sən bu vaxtlar evdə tapılmırdın. Tapılmayım, neyləyim, qardaş, polis gözümü açmağa imkan vermir. Qızı götürüb aparıram restorana, sifariş verirəm, amma dərhal da polis kəsdirir başımın üstünü. Vətəndaş, pasportunu göstər, bu qız kimdir, arvadının, ya da bu xanımın ərinin xəbəri varmı burda restoranda birlikdə yeyib içməyinizdən. Nə deyim, deyəcəyəim xəbərim var, arvadıma, ya da qadının ərinə zəng eləyəcək. Bir aya qızlara çəkdiyim xərci bunlara verib bir təhər yaxamı qurtarıram. Bunun dərdindən də işdən çıxan kimi evə qayıdası oluram. Day restorana, gəzməyə arvadı aparıram.

Demək, arvadının tədbiri buymuş. İki banka pivə içib ayağa qalxdı, qonşu arxadan onu səsləyirdi, hələ pivəmiz qalır, hara gedirsən. O isə qulaq asmayıb bir başa evə gəldi. Arvadı şam yeməyi üçün hazırlıq görürdü.

- Geyin, - dedi, - restorana gedirik.
- Restorana? - arvadı inamsızlıqla səsləndi.
- Hə.
- Birdən-ikiyə…
- Getməmişik, amma bundan sonra gedəcəyik.

Qadının sevinci sonsuz idi, geyinməyi elə də çox çəkmədi və mavi yaxalıqlı donunu geymiş arvadına baxanda gözlərinə inanmadı, qadın bu donda necə də gözəl görünürdü. Pilləkəndən düşəndə; bundan sonra restorana da, kinoya, konsertə də gedəcəyik, deyirdi, amma bir şərtlə, qapıdan girən kimi məni sorğu-suala tutmyasan. Sən ilk öncə mənim arvadımsan, sonra müstəntiqsən. Narahat olma, məni məcbur eləməsən, yanımda belə gözəl arvadım olduğu halda kimsəyə gözümün ucu ilə də baxmaram. Yoxsa belə getsə sən məni şortulara qapdıracaq, dizllərinə döyə-döyə qalacaqsan. Başa düşdünmü?

- Düşdüm, - qadın dedi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG