Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:04

-

"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı xalq şairi Vaqif Səmədoğludur. Onunla "Əli və Nino" kafesində söhbətləşdik.


Allahdan ancaq və ancaq rahat ölüm istəyirəm...

Yaşıdlarımla ünsiyyətdən qaçıram...

Yaşa dolmağın müsbət cəhətlərindən savayı bir qəddar işgəncəsi var...

Ah... Uşaqlığım əlimə keçsəydi bir güllə vurardım ki, böyüməyim...

Şairin ədəbiyyatı yaxşı bilməyi bilirsən necə əl qolunu bağlayır?..

Qızlarımızın dünyagörüşü oğlanlarımızıdan genişdir...


- Vaqif əmi, yəqin hiss etmisiniz, hami sizi çox istəyir. Sanki siz də tanıdığınız və tanımadığınız hər kəsi sevirsiniz Sizcə, səbəb nədir? Doğurdanmı belədir? Yaddaşlarda xoş, mehriban qalmaq istəyindən yaranır bu, yoxsa necə?

- Necə deyim sənə, Feyziyyə, qızım? Kimisə qınamaq, kiməsə nifrət bəsləmək insanın nəyəsə reaksiyasıdır. Yəni nəsə mənəvi, bəzən də mənəviyyatdan fiziki hərəkata keçən bir insan emosiyasının bəhrəsidir. Düzdürmü? Burda nəticəni düşünmək lazımdır. Tutaq ki, mən kimisi qınayım. Bununla qınadığım adama, özümə, yaxud da cəmiyyətə nə xeyir vermiş olacağam? Görürsən ki heç bir xeyri yoxdur. Insanın insana olan münasibətinin bütün rənglərində, bütün çalarlarında bir zövq olmalıdır. Bir hədd omalıdır. Məsələn, tamamilə səmimiyyətdən uzaq insanlar məndə ikrah hissi doğurur. Hətta elə adamlar görmüşəm ki, ailədə arvad-uşağı ilə diplomatik danışırlar. Eyni zamanda, Feyzi, ifrat dərərcədə səmimi insanlar da məndə ikrah doğurur. Gəlib səninlə bütün daxili problemlərini, siyasi düşüncələrindən tutmuş, ən primitiv intim münasibətlərinə qədər danışırlar.

- Onlar dostlarınızdır, Vaqif əmi?

- Həm dostlarımdır, həm qeyri-dostlarım. Həm ifrat səmimiyyət, həm də tam qapalı olmaq məndə ikrah hissi doğurur. Yəni qınaqda da həqqi qorumaq lazımdır. Həm də latınlardan gəlmə bir deyim var. Latın dilini unutmuşam, Romaya, Vatikana az gedirəm. Məsəldə deyilir ki, mübahisədə həqiqət doğulur. Yalandı. Bəlkə də iki dahi fizik arasındakı mübahisədən həqiqət doğulur. Amma siyasətdə mübahisələr həmişə

müharibələrə gətirib çıxardır. Bu mübahisələrdə də yaşadığın cəmiyyəti, mənsub olduğun millətin mentalitetini düşünmək lazımdır. Azərbaycanda ailədaxili mübahisələr ailələrin dağılmasına gətitrib çıxardır. Iş yerində hamkarlarla mübahisə gətirib intriqalara çıxardır. Ona görə də həmişə intriqalardan qaçmağa çalışmışam.

- Bayaq maşınla gələndə, yolun kənarında əl açıb dilənən yaşıdınız vardı. Onları görüb nə fikirləşirdisiniz? Bəs onları necə, qınayırsınızmı nədəsə?

- Onları bu halda görəndə yaxşı olmuram. Və qətiyyən heç nədə qınamram. Amma əsas etibarilə yaşıdlarımla ünsiyyətdən qaçıram. Ona görə ki xatirələrlə, keçmişlə yaşayırlar. Məsələn, mənim yaşıdlarımda Sovet dövrünə nostalji çox güclüdür. Kimsə Sovet dövrünü, o dövrün həyat tərzini tərifləməyə başladısa, o, artıq mənim üçün maraqsız olur. Çünki bu adamın özü başa düşmür ki, onun burnunun ucu Sovet dövrü üçün göynəmir, cavanlığı üçün göynəyir. Bunun cavanlığı Sovet dövründə keçib. Bu da elə bilir ki, Sovet dövrü üçün darıxır.

- Bəs siz darıxmırsınız cavanlığınız, uşaqlığınız üçün?

- Ah... Uşaqlığım əlimə keçsəydi bir güllə vurardım ki, böyüməyim. Zarafat eləyirəm. Əlbəttə darıxıram. Yaşa dolmaq bilirsən nədir? Yaşıdlarımla darıxıram. Gənclər mənə daha maraqlıdır. Yaşıdlarımla görüşəndə artıq bilirəm nə eşidəcəm. Gənclərlə görüşəndə isə yarı-yarıyadı. Həm bilirəm nə eşidəcəm, həm də əlli faiz bilirəm ki, yeni bir şey eşidəcəm.

- Insan yaşa dolduqca, yaxınlarını doğmalarını, dostlarını itirir. Gəncliyində bir az darıxırdısa, yaşlandıqca daha çox darıxmağa başlayır. Əgər belə olmasa, insan yaşlansa belə, valideynlərini, yaxınlarını itirməsə, nə dəyişər inanın həyatında?

- Heç nə dəyişməz! Mən özüm haqqımda deyirəm ki, mən yetim uşağam, nə atam var, nə anam. (gülür - F.) Çox vaxt deyirik ki, ədəbiyyat cəmiyyətə xidmət eləməlidir, ədəbiyyat insanı tərbiyələndirməlidir, düzdür? Heç nə eləyə bilmir ədəbiyyat! Fəlsəfə! Siyasət! Qanunlar heç nə eləyə bilmir insanla! Bəşəriyyət yaranandan cinayətlə bağlı qanunlar çıxıb. Bir qanun yoxdur ki, cinayətin qarşısını alsın. Tutaq ki, Feyziyyənin bir şeiri yüz adamdan birini öz təsir qüvvəsi ilə yaxşılığa doğru dəyişə bilər. Amma yüz adamı yox. Və yaxud mənim şeirim. Biz gördüyümüz işi şişirtmişik, onun mahiyyəti, təsir qüvvəsini. Valideyn məsələsi də belədir. Mən valideynlərimdən, atamdan nəsə öyrənmişəm. Bəlkə də onun tərbiyəsini götürmüşəm, amma bu tərbiyəni hiss eləməmişəm. Mən özüm-özümü tərbiyələndirmişəm. Nəsə evdən götürmüşəm, nəsə məktəbdən, nəsə küçədən, nəsə oxuduğum kitablardan. Bilirsən, mənə yaşamağı gerçəkliklərdən daha çox arzular öyrədib həyatda. Nəyisə sevmək, nəyinsə arzusunda olmaq, nəyinsə istəyi ilə yaşamaq. Amma mən sənə deyim ki, yaşa dolmağın müsbət cəhətlərindən savayı bir qəddar işgəncəsi var. O da cavabların azalmağı. Suallar günbəgün çoxalır, cavablar tükənir. Bu saat məndə, demək olar ki, heç nəyə ağlabatan, inamla deyə biləcəyim bir cavab yoxdur. Amma suallar altında batıb qalmışam. Bunu mən həmişə, bilirsən, nəyə bənzədirəm? Dəqiq tapmışam, bax,

insan çox nəhəng, böyük bir divarın qabağında dayanıb. Və bu divarda bir qapı var. Bağlı qapı. Insan çıxmaqdan ötrü bu qapını açmalıdır. Açarlar tapır, çalışır, cürbəcür məftillər, mismarlarla ömrü boyu bu qapını açmaq üçün əlləşir-vuruşur. Nəhayət, nəyləsə bu qapını açır. Və sevinib bu bağlı məkandan çıxanda görür ki, qarşısında bir divar da var, onun da iki qapısı. Və başa düşür ki, bu iki qapını açanda orda dörd qapı olacaq. Sonra səkkiz...

- Nədir bu, əmi?

- Buna kimsə ömrün absurd məntiqi deyə bilər. Amma ən asanı odur ki, “allahın işidir” deyəsən. Cavab axtarmağın mənası yoxdur. Bəlkə də indi sənin üçün cavab axtarmağın mənası var. Mənim şəkərim olsa da, bu piroqdan yeyəcəm və sənə da məsləhət görürəm (gülür - F.)

- Çox sağ olun, nuş olsun... Yəni, axı nə mənası var bunca mücadilənin? Əgər sonunda qazanacağın bir şey olmursa. Sanki birisi səni bir gözəl səfərə dəvət edir, bələdçilik edir, çağırır, səsləyir. Amma artıq yolun yarısında anlayrsan ki, bu yolun əslində heç mənzilbaşı da yoxmuş. Və dünyaya gələn yeni insan da eyni oyuna qoşulur, min dəfələrlə açılmış qapının açarını axtarmağa başlayır. Niyə insanlar özləri aldandıqları halda bir parçaları olan övladlarının dünyaya gəlməsinə, onların da aldanmasına razı olurlar, əmi?

- Mən səni başa düşürəm. Nə deyim, ay qızım. Bütün bu səpkidə söhbətlərin, insanın həqiqət axtarışlarının, azadlıq istəyinin, azadlıq uğrunda mübarizəsinin və bütün düşüncələrimizin dirəndiyi bir nöqtə var. O da Allahdır. Allah varmı? Allaha inanıram, amma dindar deyiləm. Mən dəqiq bilirəm ki, dini kitablar Allah axtarışında yaranmış ən yüksək pillələrdən biridir. Dinlərin bizə aşıladığı Allaha mən inanmıram. Allahın başqa tərəfi də var. Həmişə deyirəm ki, ceyranı da Allah yaradıb canavarı da. Ikisi də tam həqiqətdir. Allah övladlarıdır. Və canavar ceyranı qovur, tutur, parçalayıb yeyir. Yalan deyil. Yalan həqiqəti yemir, həqiqət həqiqəti parçalayıb yeyir. Bax Allah budur! Amma dinlərdəki Allah yalnız və yalnız xeyirxahlıqdır. Bir də Allahın olduğunu mənə, bilirsən, kim öyrədib? Bir molla, bir keşiş öyrətməyib. Mənə Allahın olduğunu dahi ateislər öyrədib. Yəni, Volter, Çernışevski mənə sübut edə bilməyiblər ki, Allah yoxdur. Bizim mollalardan mən heç nə öyrənməmişəm. Bilirsən, qızım, nə böyük villaları olanlara, nə maşınları olanlara, nə prezidentlərə heç vaxt paxıllıq eləməmişəm. Yalnız və yalnız səmimi dindarlara paxıllıq etmişəm. Əmindilər ki, Allah var, cənnət-cəhənnəm var.

- Siz inanmırsınız?

- İnanıram, çünki inanmamağa ixtiyarım yoxdur. Bəlkə var? Yaşa dolduqca da özümü inandırmağa məcbur edirəm, bilmək olmaz, ölüb gedərik. Birdən oldu, olsa xeyirimizədir, olmasa, cəhənnəmə ki... (gülür - F.)

- Allahdan ən çox nə istəyirsiniz?

- Allahdan ömrü bütöv yox,
Dilim-dilim diləyin.
Rahat ömür istəməyin,
Rahat ölüm diləyin.

Allahdan ancaq və ancaq rahat ölüm istəyirəm. Çünki mən atamla qardaşımda məşəqqətli, əzablı ölümü gördüm. Ona görə də rahat ölüm istəyirəm, ən böyük arzum odur. Bir də, Nüşabə xanım eşidəcək bunu, əsəbləşsə də deyəcəyəm: Insanda ilk məhəbbət olur, hamımız keçmişik ondan. Bir də son məhəbbət olur. Bax bu son məhəbbətdən qorxuram. Çünki bilirəm ki, ən iztirablı ilk məhəbbət səadətdir, amma ən uğurlu son məhəbbət fəlakətdir. Ona görə də bir rahat ölüm istəyirəm, bir də son məhəbbətin olmamasını. Olsa da, olsun da. (gülür - F.)

- Bəzi ailmlər sevginin ömrünün üç il olduğunu iddia edirlər. Əmi, bəs ola bilməz ki insan bir dəfə sevsin?

- Yox. Həyat göstərib ki, bu, əbədi ola bilməz. Götür gündüzü, tut saxla, saxlaya bilərsən? Alimlər bilir nə deyirlər. Fizioloji baxımdan, genetik baxımdan hesablayıb bu qənaətə gəliblər. Uğurlu məhəbbət ciddi söhbətin mövzusu deyil. Mənə dünya ədəbiyyatından əsər adı çək ki, uğurlu məhəbbətə həsr olunub. Yəni bir-birilərini sevirlər, xoşbəxt yaşayırlar, xoşbəxt qocalırlar və ölüm ayağında da öpüşə-öpüşə bir

yerdə ölürlər. Yoxdur elə əsər! Amma uğursuz məhəbbətdən "Leyli və Məcnun" var, "Romeo və Culyetta" var. Sən bir əsər adı de ki, etibarlı ailədən söhbət gedir, bir-birinə xəyanət etmirlər, can deyib can eşidirlər və bu əsər otuz çap vərəqi həcmində yazılıb. Yoxdur elə bir şey! “Anna Karenina” var, “Madam Bovari” var - xəyanət haqda yazılmış əsərlərdir. Bir də, ay qızım, sən fiziologiyanı nəzərə al. Deyək ki, cavan qız və cavan oğlan bir-birilərini sevir. Əgər istəyirlərsə ki bu məhəbbət davam eləsin, evlənəndən iki il sonra özlərini öldürməlidirlər. Çünki üçüncü ildən yaşa dolmağa başlayırlar. Əgər mən bir qızı on səkkiz yaşı olanda sevmişəmsə, onun on səkkiz yaşında olan bədənini qırx beş yaşında görməyəcəm. O da mənim “muskul”larımı görməyəcək.

- Vaqif əmi, onda belə çıxır ki elə gözəl oğlanlar ancaq gözəl qızları sevir, gözəl qızlar da ancaq gözəl oğlanlara vurulur?

- Yox, könlü sevən xoş olar. Elə qızlar tanıyırıdm ki, görünüşləri çox adi idi, amma elə oğlanların başını xarab eləmişdilər ki. Amma gənc yaşında. Çox qəribə bir şey var. Yetmiş yaşlı kişiyə gənc bir qız, bir qadın aşiq ola bilər, amma yetmiş yaşında bir qadına on yeddi, on səkkiz yaşında bir oğlan aşıq ola bilməz.

- Çox kədərlidir. (gülürük - F.)

- Məsələn, adların çəkməyəcəm, bizim akademiklərimiz, yazıçılarımız var idi, başları ağ, ixtiyar, amma onlara elə qızlar aşiq olurdu ki... Yaşa dolmuş qadına isə cavan oğlan aşıq olmur.

- Vaqif əmi, gənc yazarların əksəriyyətini yəqin ki Facebookdan tanıyırsınız. Gənclər şeirlərini, yazılarını sizə oxutdurub, fikrinizi öyrənmək istəyəndə bezmirsiniz ki? Çox güman ki, yazıların böyük əksəriyyəti sizə təkrarçılıq kimi görünür.

- Qurban olum sənə, ay Feyzi, yer üzündə on kitab var ki, onlarda artıq hər şey deyilib. Homerusdan tutmuş bu günə qədər. Bu saat nə yazırıqsa hansısa deyilmiş, işlənmiş mövzunun yeni variantıdır, mənim yazdıqlarım da, sənin yazdıqların da. Amma bu o demək deyil ki, sən qələmi sındırıb atmalısan. Adəmlə Həvva yenidir. Onlardan sonra nə gəlirsə, təkrardır.

- Heç olubmu ki, kiməsə deyəsiniz ki, filan yazı deyilib, təkrarçılıq var burda. Inanmıram siz kiminsə qəlbini qırasınız.

- Olub belə bir şey. Bu yaxında biri yazmışdı, amma ona açıq yox, çatda yazdım. Bilirsən nədən yazmışdı? Gülün asfaltı deşib çxmağından. Bunu mənə göndərmişdi. Məcbur oldum yazım ki, bunu Ingiltərədə filnakəs yazıb, Fransada filankəs. Bakıda Rəsul Rza yazıb, Məmməd Araz yazıb.

- İncimədi ki?

- Yox, əksinə təşəkkür elədi ki, bilməmişəm. Bu çox yaxşı şeydir, şairin ədəbiyyatı

yaxşı bilməyi bilirsən necə əl qolunu bağlayır? Ağlına bir fikir gəlir, birdən yadına düşür ki, bu, filankəsdə var.

- Facebook olmasydı, darıxardınız?

- Bir disput.az saytı var. Yalan olmasın, orda bu günə qədər üst-üstə beş yüz, altı yüz səhifəlik müsahibəm gedib. Ülviyyə adlı qız var, mən ondan xahiş elədim, onları qayadaya saldı.

- Yəqin Ülviyyə Heydərovanı deyirsiniz...

- Ay sağ ol. Amma ondan sonra nə qədər də gəlib. Disput.az-dakı uşaqlar istəyirlər bu müsahibəni kitab kimi dərc etsinlər. Kifayət qədər yaxşı kitab çıxa bilər. Ən çox sevdiyim sayt Novosibirsk Akademiyasının saytıdır. Orda Vaqif əmi nələr eləyir, allah-allah. Bir-birimizi gülməkdən qırırıq. Amma Fecebookda da ağıllı adamlar var. Bir neçə istisnaları çıxmaq şərti ilə orda məni təəccübləndirəcək adam yoxdu. Qızlarımız oğlanlarımızdan ağıllıdır. Qızlarımızın dünyagörüşü oğlanlarımızıdan genişdir. Elə oğlanlar var ki şəkk-şübhəsiz intellekt sahibləridir. Amma əsasən götürəndə qızlar oğlanlardan ağıllıdır.

- Dostlarınızın əksəriyyəti dünyasını dəyişib. Gənclərlə münasibətlərinizin xoş olduğunu dediniz, amma yəqin ki heç kim ən yaxın dostunuzun yerini verməz. Ən çox kim kim üçün darıxırsınız?

- Bunu tamamilə düz tapmısan. Mənim bu saat dostlarım və əzizlərim qəbirisanlıqda daha çoxdur, nəinki Bakıda. Bacım rəhmətə gedəndə, bildim ki, Səməd Vurğun ailəsindən tək qaldım. Və məndən sonra ancaq nəvələr qalacaq, nəvələrdən sonra nəticələr. Dostlarımdan bircə Anar qalıb. Noyabrın 2-i Emin Sabitoğlunun anadan olan günü idi. Getdim qəbri üstə, gül apardım. Heç kim yox idi. Bir saata yaxın da qəbrinin üstündə dayandım. Bir az söhbət elədim. Içimdə nə qədər mahnı mətni yarandı. Emin bunları yazmaq üçün ordan çıxa biləcəkmi?

- Anar müəllim AYB ilə bağlı məsələlərdə sizinlə nəyisə paylaşırmı?

- Anar AYB-nin texniki məsələləri ilə bağlı mənimlə heç nəyi müzakirə eləmir. Mən bircə şeyi başa düşmürəm ki, Anar cavanlara niyə cavab yazır? Nahaq onu eləyir. Özü bilər, öz işidi. Çünki Azərbaycanda beş intellektual ağıl sahibi varsa, şübhəsiz ki, biri Anardır. Mənim haqqımda, atam haqqında o qədər yazıblar ki. Birinə də cavab yazmamışam. Yazıb yazıb da. Mən də onların yaşında olanda araq içib ağzıma gələni deyirdim bizdən qabaqkı yazıçılar haqqında. Amma mənim dediklərimi Sovet mətbuatı çap etməzdi. Amma bunlar çap edirlər. Sadəcə olaraq, bədbəxtçilik ondadır ki bir dənə də olsun yeni söz deyilmir. Hamısı deyilib, deyilir və yenə deyiləcək. Mən Anara demişəm ki bir cavab blankı hazırlayım, üç səhifədən ibarət, intəhası ad yerlərini boş qoyum. Bu gün səni bu tənqid eləsə, bunun adını yaz, sabah o tənqid eləsə onun adını. Əlində hazır cavabın olsun. Çünki yeni heç nə deməyəcəklər sənə. (gülür - F.)

- Anar müəllimin münasibəti necə olur siz belə deyəndə?

- Necə olacaq, gülür. Mən ona bir təklif də etmişəm. Yazıçılar Birliyinin vəsiqəsi veriləndə ora birbaşa "xalq şairi" yazılsın. Bilirsən nə qədər baş ağrıdırlar? Gündə beş-altı adam Anarın yanına gəlir ki xalq şairi adı alsın, prezident təqaüdü alsın. Anlamırlar ki artıq Anarda o səlahiyyət yoxdur, alınıb əlindən. Əvvəl Anar birbaşa Prezident Aparatına müraciət edə bilirdi. Indi Anar Mədəniyyət Nazirliyinə müraciət edə bilir.

- Ötən həftə rubrikamızın qonağı olmuş Rəşad Məcid müsahibəsində deyir ki, Vaqif müəllimi öpürəm, ona cansağlığı arzulayıram. Vaqif müəllimi tez-tez Facebook-da görürəm. Soruşmaq istərdim ki, Vaqif müəllim, gənclik illərinizdəki çayxanalarla, oradakı söhbətlərlə bu Facebook-un, chat-ın hansı oxşar və fərqli cəhətləri var?

- Fərqi anturajın, dekorların və aktyorların dəyişməsində görürəm. Yeni rejissorlardır, amma tamaşa həmin tamaşadır. Pyes həmin pyesdir. Müəllifi, dramaturqu eynidir. Rejissorlar dəyişir. Zaman rejissordur, dramaturq allah. Allahın yazdığını hər rejissor bir cür səhnələşdirir. Məsələn, bir rejissor insanın insanı öldürməsi üçün qəhrəmanın əlinə daş verir, indiki rejissorlarsa atom bombası.

- Növbəti müsahibimiz Afaq Məsuddur. Ona sual ünvanlamaq istərdinizmi?

- Afaq, mənim dəfnimə gələcəksən?..

FEYZİYYƏ

11.11.2011

Həmçinin oxu
Necə oldu ki, Rəşad Məcid 15 illik fasilədən sonra 150 şeir yazdı?


Pərviz yazdığı yeni romandan imtina etdi

Qulu Ağsəs: "AYB-də yaşı altmışı keçmiş adamlar var, onlar getməlidir"

Günel Mövlud: "Qadınlarla rəfiqəlik etmirəm"

Rasim Qaraca: "Böyük yazarlar ciddi mühitdə yetişir"

Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG