Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:38

Radikal islamçılıq daha çox hansı təbəqələr üçün cəlbedicidir?


Sadanand Dhume
Sadanand Dhume
-
"Wall Street Journal” qəzetinin Asiya buraxılışının köşə yazarı Sadanand Dhume-nin Azad Avropa və Azadlıq Radiosunun müxbiri Frud Bezhan-a müsahibəsi.


- Radikal İslam anlayışını necə səciyyələndirərdiniz?

- Mən buna belə baxıram: İslam dünyanın ən böyük dinlərindən biridir və ona 1,1 milyard insan tapınıb. Radikal islamçılıq müsəlmanların az bir qısminin inandığı siyasi ideologiyadır.

Radikal islamçılar bu ideologiyanı dövlətin və cəmiyyətin bütün sahələrinə tətbiq etmək istəyirlər. Onlar inanırlar ki, rəhbər tutduqları qaydalar Allahın buyruqlarıdır. Sıravi müsəlman isə o kəsdir ki, inanclıdır, sadəcə, öz həyatını yaşamağa çalışır. Amma radikal islamçı inanır ki, onun həyatının qayəsi dünyanı Allahın buyruqlarına uyğun dəyişdirməkdir.

- Sizcə, radikal İslam cəmiyyətin hansı sahələrində daha güclüdür.

- Radikal Islam xüsusilə təhsilli müsəlman gəncləri arasında populyardır. Onları bu ideologiyada cəlb edən cəhət həmin ideologiyanın bütün suallara verdiyi çox asan cavablardır. Bir çox hallarda həmin gənclər ailənin təhsil almış ilk övladıdır.

Onların ixtisası adətən mühəndislik, riyaziyyat, tibb və s. sahələrlə bağlıdır. Onların düşüncə tərqzi mexanikidir və əgər onlara cəmiyyətin problemlərini Şəriət qanunlarının tətbiqi ilə həll etmək təklif olunursa, onlar bu bəsit yolu asanlıqla qəbul edirlər. Onda onlar üçün hər şey yerbəyer olur.

- İndi müsəlman dünyasında radikal İslamla mötədil İslam arasında rəqabətdə qalib gələn hansı tərəfdir?

- Radikal Islamla mötədil İslam arasında rəqabət hələ çox davam edəcək. Mötədil İslamın xeyrinə olan cəhət odur ki, bütün başqa dinlərdə olduğu kimi İslamda da insanların çoxu mötədildir. Amma digər tərəfdən radikal islamçılar çox yaxşı təşkilatlanıblar. Onların bəlli hədəfləri var və bəzi yerlərdə onlar güclənirlər.

Məncə, üstün olan tərəf mötədil islamçılardır. Amma “kimin inkişaf sürəti daha böyükdür” – sualının cavabında mən deyərdim ki, bir çox yerlərdə radikal islamçıların.

- Radikal islamçılar qeyri-radikal hala gətirilə və cəmiyyətə inteqrasiya edilə bilərmi?

- Iki cür radikal var. Bəziləri zorakı yolu tutub. Digərləri isə radikaldır, amma zorakı vasitələrdən imtina edir. Zorakılıq yolunu tutanlarla danışmaq çətindir, xüsusən də onların terrorçuluq yolunu tutmaları səbəbindən.

Amma əgər sual verilsə ki, “radikal islamçı müəyyən zaman keçəndən sonra dəyişə bilərmi?” Mənim cavabım belə olar: müəyyən mənada bəli.

Məsələn, Misirdəki “Müsəlman Qardaşlığı” 1960-cı illərdə seçkilərdə iştirakdan imtina edirdi. Amma indi etmirlər. Yəni, onların davranışında dəyişikliuk baş verir. Onların dəyişmədiyini demək yalan olar.

Amma düşünmürəm ki, radikal islamçılar bizim onları liberal düşüncəli qüvvə kimi səciyyələndirməyimizə əsas verə biləcək qədər güzəştlərə getsinlər. Bu ehtimal böyük deyil.

Misir - Qahirənin Təhrir meydanında "Müsəlman qardaşlığı" üzvləri də hökumətə qarşı etirazlarında iştirak edirdi. 7 fevral 2011
Misir - Qahirənin Təhrir meydanında "Müsəlman qardaşlığı" üzvləri də hökumətə qarşı etirazlarında iştirak edirdi. 7 fevral 2011
- Sizcə, İslam hansı istiqamətdə gedir? Həm yaxın, həm də uzaq perspektivdə.

- Modernləşmə və qloballaşma müxtəlif suallar doğurur. Mən insanları həmin suallara cavab axtardıqları üçün qınamıram. Mən yalnız həmin suallara verilən bir sıra cavablarla razı deyiləm. Çünki həmin sualların ziyanı xeyrindən daha çoxdur. Mən indi müsəlman dünyasının hansı istiqamətdə getdiyini deyə bilmərəm.

1970-ci illərdən bəri üstünlük gah mötədillərin, gah da radikalların tərəfinə keçir. İrana, Pakistana, İndoneziyaya, Misirə baxın. Amma ölkə-ölkə baxanda görürsən ki, Qərb dəyərlərini müəyyən dərəcədə qəbul etməyə hazır adamlar radikal islamçıların qarşısında geri çəkilməyə məcbur olublar.

Amma tarix dəyişkəndir və vəziyyət yenə dəyişə bilər. Müsəlman dünyasının hara getdiyini ərəb inqilablarının nəticəsi də müəyyən edəcək. İki əsas dayaq - demokratiyanın nə dərəcədə kök atması və azad bazarın nə dərəcədə bərqərar olması həmin yolu müəyyən edən iki əsas faktor olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG