Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:42
Gənc şair QİSMƏTin "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş yeni kitabından şeirlər


Sevginin gözləri Vanqa

Beşinci mərtəbədə yaşayan
ərgənlik qız
hər səhər qarşı binanın
doqquzuncu mərtəbəsindən düşən işıqla açar gözünü.
Elə ki, qalxdı və yudu əl-üzünü
çayı qaynatdı, süfrəni açdı elə ki,
tələsik çayını içə-içə, yağ-balını yeyə-yeyə
guya otağın havası dəyişsin deyə
pərdələri çəkər ,
pəncərələri açar üzü doqquzuncu mərtəbəyə.
otağın havasından çox öz havası dəyişər
Qızın içinə bir işıq düşər
işıq düşər doqquzun eyvanındakı siqaret közündən...
Maqnit kimi dartar qızı doqquzuncu mərtəbə.
Dartılar doqquza tərəf
ürəyi, saçları, əlləri, gözləri…
az qalar qanadlanıb uçsun.
birdən qızı
atası-anası çağırar, qardaşı çağırar.
Bax onda mıxlanar,
elə həmin eyvana mıxlanar
qızın ürəyi, saçları, əlləri, dizləri…

Doqquzuncu mərtəbədə siqaret çəkən cavan
beşinci mərtəbədə gördüyü qıza baxar, düşünər
arvadını səsləyər deyər :
“ beşinci mərtəbədə qalan qız kor deyil ki? “
“Bilmirəm”, -deyər arvadı “Nə olub ki? “
“Hər səhər bizim eyvana elə baxır elə bil heç nə görmür… “


Başı bəlalı

Ürək dəyirman kimi işləyir.
Hər gün min əzab üyüdürəm…
Bir başı bəlalı zəifliyim var ki ,
xırda şeyləri ürəyimə salıb
çox böyüdürəm.

niyə o qız istehzayla gülümsədi
şeirimi eşidəndə,
saçlarımmı çox dağınıqdır
yoxsa çox şair görünürəm?
niyə o oğlan dedi ki,
şeir yazırsansa acından öləcəksən...

Niyə diplomlar bitirmək haqqında sənəddir,
başlamaq haqqında yox?
niyə başlamaq üçün
bitirmək haqqında sənəd lazım?
deyəsən fəlsəfə sual verməkdən başlayırdı axı, hə?


Manikenin saçları

Şampun reklamındakı
Manikenin saçından başlayır
Gözəllik salonlarının cibi.

O saç mətbəxlərdə “açıq qalan” qaz...
Özündən savayı hamının olan,
Yorğanlar altında qarımış qızın,
Özgə gəlinlərin toyundan qabaq-
Yorğan-döşək yunu sırımış qızın,
Tavanda yellənən aqibətidi.

Aqibətin xeyir, ay qonşu qızı
Maniken saçından asılmış gözəl,
Məzarı mətbəxdə qazılmış gözəl,
Kədərli bir alın yazısı kimi-
tavanın alnına yazılmış gözəl.
Aqibətin xeyir, sonun mübarək
Döşəməyə düşən yaşıl tərliyin,
Kəndir boyunbağın, bərəlmiş gözün
Kəfənin mübarək, donun mübarək.

Mavi ekranların üfüqlərində
Bakirə gözünlə gördüyün hər şey
Təpədən dırnağa sabun köpüyü...

Sinifdə qalmadın, Allaha şükür
Bu taydan o taya ip atıb keçdin
İndi tətilindi, ay qonşu qızı.

Bu “yeni ulduzlar”, bu “çal-çağırlar”,
İçi fahişələr, üzü fağırlar
Sənin qatilindi, ay qonşu qızı.

Reklamlar başını yaman yedilər,
Qismətin olmadı yuva, ev-eşik.
Sənin şkafından - o gün dedilər,-
Boş şampun qutusu çıxıb- bir yeşik...


Qadın və onun qərarı

Qadın.
Kirayə ev.
Və pəncərəsi...
Yenə dirsəklənib boylanır yola.
Küçədə cütləşən itlərin səsi,
Otaqda oyanmış şirin bir bala.

Bomboşdur qadının baxdığı səki,
Çəkdiyi “ah”lardan tərləyib şüşə.
Tilov - gözlərini yola atıb ki,
Bəlkə gözlərinə bir ümid düşə...


Birdən ağlamağa başlayar uşaq,
Qadın diksinərək ətrafa baxar.
Dartıb küçədəki tilov –gözləri,
Tələsik o saat yerinə taxar.

Gedər qucağına alar uşağı,
Qışqırıb deyər ki: sus,səsini kəs !
Nə tənbeh, nə isti ana qucağı
Qarnı ac körpənin səsini kəsməz.

Qadın söyər, söyər öz körpəsinə
Gedər itlərəcən söyüş xətləri.
İtlər susmayanda insan səsinə,
Qadın itə dönüb söyər itləri...

Bir söz də saxlamaz qadın sabaha,
Sabah lazım olar söyərəm deyə.
İtlərdən qurtarıb keçər allaha,
Başlayar allaha qarğış deməyə...

İtlər hürüşdükcə körpə ağlayar,
Ağlayar, az qalar gözləri çıxsın...
Qadınsa allahı belə qarğıyar :
“Allah, bu allahın evini yıxsın !“

Əsəbdən itirər qadın özünü,
Axar dodağına içindən keçən.
İtlər eşidəndə “Allah” sözünü,
Qorxudan susarlar axirətəcən...

Boşalar qadının qəzəb kisəsi,
Min dəfə təkləşər o tək otaqda.
Küçədə kəsilər itlərin səsi,
Itlər susan kimi susar uşaq da...

Allah qəzəbindən sıxar dişini,
Şimşəyin səsiylə qışqırıb , gedər
İtlərin yarımçıq qalan işini,
O gecə qadına tapşırıb, gedər...


Şəhərin ən qoca fahişəsinə

Görmüsən dünyanın min cür üzünü,
Hansıdı qardaşın, atan, gözəlçə ?
Bir qarın çörəkçün hər gün özünü,
Qucaqdan qucağa atan gözəlçə-
Tulla o qədəhi, saxla gülməyi
Gülmə ağlamağı, ağla gülməyi...

Hardandı boyalı dodaqlarında,
Bu oğraş qəhqəhə, fahişə gülüş?
Sırğa olmayıbmı qulaqlarında,
Sərxoş kişilərin söydüyü söyüş?

Bəlkə də nə vaxtsa sən də sevmisən
Səni də yandıran odun olubdu,
Yaxının olubdu, yadın olubdu?
Nikotin qoxulu, şampan köpüklü
Gümüş bilərzikli, qızıl üzüklü
Sənintək bəlkə də milyonlarca qız,
Ana yox, birbaşa “qadın “ olubdu.

Çirkli çarpayıda ləkəli işıq...
Sənin dünyandakı həsrət başqadı.
Təcrübə qarışıq, şəhvət qarışıq
Müştəri başqadı, qiymət başqadı.

Üzüyü kim taxıb o barmağına ?
Əmidi yoxsa ki, dayı, bilinmir.
Açarı pul olan “eşq otağına”,
Girib-çıxanların sayı, bilinmir.

Gəlib müştərilər yüz cür biçimdə,
Lənət həm ağına, həm qarasına...
Kişi ah-ufları sənin içində,
Qarışıb çarpayı cırıltısına.

Ölsən deyəcəklər günahı çoxdu,
Qadınsan, özünü diri satırsan.
Sən namus satmırsan xəbərin yoxdu,
Dünyaya gəldiyin yeri satırsan...

Saqqızın şirindi, dilinsə zəhər,
Canınla görürsən gördüyün işi.
Min kişi dadmısan indiyə qədər,
Bananlı, vişnəli, almalı - kişi...

Küçələr tökülür danışığından,
Küçələr dilinə qurdtək daraşıb.
Nikotin alkoqol qarışığından,
Səsin kişiləşib, üzün qırışıb
Keçmiş zamandasan qoca Fahişə.
Hər gecə bir kişi altında qalan,
Döşəmə Fahişə, xalça Fahişə.

Adamlar üstünə çıxıblar ancaq,
Kədərinə ortaq çıxmayıb heç kim.
Çılpaq bədəninə baxıblar ancaq,
Dərdli gözlərinə baxmayıb heç kim .

Gözəl gözlərini yorğun eləyib,
Quduz kişilərə yoldaş səkilər.
Axxx ! Bilsən kimləri pozğun eləyib,
Bu qəddar səkilər, oğraş səkilər...

Ümid öldürmüsən, sevgi boğmusan
Əzbər öyrənmisən tənha qalmağı.
Bütün səkilərdə ölü doğmusan,
Qismətin olmayan ANA olmağı.

Səkinin bacısı, küçənin qızı
Gündoğmaz ölkənin sönmüş ulduzu,
Hər gecə başına uçulur damlar.

Göyərmiş üzündə, al yanağında,
Yaşıl boyadığın dodaqlarında-
Üçrəngli bayrağı “öpür” adamlar.

Çoxundan millisən azəri qızı...


Qəzəb

Ay başıqapazlı, taleyi acı-
Hər tini,dalanı əndişə ölkə,
Kolbasası halal, pivəsi hacı-
Artisti, ulduzu fahişə ölkə,
Bəsdi sən danışdın növbə mənimdi...

Bir gecə gəzişsən sən öz içində,
Ev-ev, küçə-küçə olarsan dəli.
Qadınlar görərsən kişi cildində,
Kişilər görərsən qadın kölgəli...

Şəhərin gözləri qara deyilmiş,
Gecələr bu şəhər ayrı göz taxar.
Paytaxta gecələr dodağı şişmiş,
Yerişi dəyişmiş kişilər çıxar.

Təzə körpü kimi namusdan keçib,
Dünəni olmayan sabahsızlar var.
Ucuz kafelərdə araqdan içib,
İnqilab axtaran Allahsızlar var.

Kəsib doğradılar səni min tikə,
İtdi çörəyinin, suyunun dadı.
Ümidlər varıydı, ay yazıq ölkə,
Bəs niyə olmadı, niyə olmadı?

Sukəsən divlərin nə yaman çoxdu,
Hər yerdən boylanır evləri dam-dam.
Səndə adamların bir üzü yoxdu,
Bilmir ki, hansına tüpürsün adam.

Sevgisiz olduqca yabanlaşmısan,
Bu sərhəd-taleyi kim çəkdi sənə?
Yaman ruslaşmısan, iranlaşmısan
Osmanlı şilləsi gərəkdi sənə!

Uduzdun özünü kəndlə, şəhərlə
Ev-ev, küçə-küçə ancaq azaldın.
Dərsini bu dəfə yaxşı əzbərlə,
Bəsdi xəritədən sinifdə qaldın


Mişel Uelbekə

Dünyanın bakirə çağları getdi...
Daha oksigen də saxtadır, saxta.
Dünya-dünya deyil, supermarketdi,
Hamı satıcıdır, hər yan piştaxta...

Burda şüarlar var, endirimlər var
Sevinclər bahadı, qəmlər ucuzdu.
Məsələn, necədir görün bu şüar :
“Üç əclaf istəsən biri pulsuzdu”.

Vitrinlər önündə donub qalarsan,
Şüarlar çığırar “ Məni al ! “ –deyə.
Yüz metr Nəsimi dərisi alsan,
Bir şüşə Lorkanın qanı hədiyyə.

Burda sədaqətlər düzülüb rəfə,
Yazılıb: toxunmaq qətiyyən olmaz!
Xoruz banınacan gündə üç dəfə,
Pyotr yüz Məsih satar, yorulmaz...

Vitrində tozlanır namuslu olmaq,
Vitrində tozlanır qeyrətli ürək.
Neyləyək namusa sponsor tapaq,
Neyləyək ürəyə klip çəkdirək ?!

Ay Dünya, hər yanı piştaxta dünya,
Ay yalançı dünya, ay saxta dünya,
Ay qərəz dünyası, ay kin dünyası,
Ay market dünyası, vitrin dünyası,
Sən şair qətlinə möhür bassan da,
Şeirin kitabını bağlasan da sən.
Milyon il şairi qandallasan da,
Şeiri zirzəmidə saxlasan da sən,
Bir şair nəfəsi gedib-gəlirsə,
bir uşaq bircə bənd şeir bilirsə,
şairlər qazacaq sənin qəbrini.

Bir gecə şairlər küçəyə çıxıb,
Sənin mərsiyəni oxuyar, market
Bizə uzatdığın çekləri yığıb,
Sənin kəfənini toxuyar, market.

Bezib, qəzəblənib, hirslənib, doyub
Mən səni Eyfeldən asdıracağam.
Sənə kassalardan başdaşı qoyub,
Səni vitrinlərdə basdıracağam.

Nəyi almısansa qaytaracaqsan,
Sinənin üstünə çıxacam sənin.
Əlimin altında yalvaracaqsan,
Alnına bir şeir sıxacam sənin.

Dükanlar hamısı batacaq yasa,
Bu market dünyası iflas olacaq.
Elə çığıracaq ağrıdan kassa,
Obama eşidib bəyaz olacaq.

Yağacaq başına şeir-raketlər,
Vitrinlər söz altda dağılacaqlar.
Yetim qalacaqlar mini marketlər,
Gəbərib qurd-quşa yem olacaqlar.

Ay pozğun dünyanın pozğun qarısı,
Dollar dodağınla heç bir şey demə.
Sənə bağlanıbdı cənnət qapısı,
Yeri, cəhənnəm ol düz cəhənnəmə.


QAFQAZİNFO

Günün bütün mövzuları

XS
SM
MD
LG