Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:29

İran nüvə silahıyla bağlı iddları qəbul etmir və hədə-qorxu gəlir


İranda Arak şəhərində su reaktoru, 15 yanvar 2011
İranda Arak şəhərində su reaktoru, 15 yanvar 2011

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı hesabatında ilk dəfə Tehranın nüvə silahı əldə etməyə çox yaxın olduğunu bildirib.

NÜVƏ SİLAHI İLƏ BAĞLI AGENTLİYİN FAKTLARI

Agentliyin iddiası bu dəlillərə əsaslanır:

- İran xüsusi hərbi kompleksdə partlayış gücü yüksək olan maddələrin nüvə materialları ilə birgə partlayışlarını sınaqdan keçirir;

- Nüvə başlığı ilə birgə istifadə etmək üçün ani partlayış gücü olan detonatorlar yaradılır;

- Raketin başlığında yerləşdirilmək üçün optimal yolu tapmaqdan ötrü kompyuter modelləşmə testləri aparılır.


Beynəlxalq Atom Enerjisi Agentliyi deyir ki, bu fəaliyyətlər və sınaqlar ancaq nüvə silahı əldə etmək üçün istifadə edilə bilər.

QƏRB DAHA SƏRT SANKSİYALARLA HƏDƏLƏYİR

Agentliyin hesabatının açıqlanmasından sonra BMT, Avropa Birliyi, ABŞ, Fransa və Almaniya kimi dövlətlər Tehranın nüvə proqramını dayandırmaq üçün təcili addımlar atmağa çağırıblar.

Fransa Xarici İşlər naziri Alain Juppe Tehrana qarşı daha sərt sanksiyalar tətbiqi üçün BMT-də müzakirələrə çağırıb:
İranda Natanz nüvə zənginləşdirmə zavodu yaxınlığında hava hücumundan müdafiə bölməsi, sentyabr 2007.
İranda Natanz nüvə zənginləşdirmə zavodu yaxınlığında hava hücumundan müdafiə bölməsi, sentyabr 2007.

“Fransa başqa dövlətlərlə birgə İrana qarşı mövcud olan sanksiyaları daha da sərtləşdirməkdə qərarlıdır”.

Almaniya Xarici İşlər naziri Guido Westerwelle son hesabatı “həyəcanverici” adlandırıb və deyib ki, İran bu fəaliyyətini davam etdirsə daha sərt sanksiyalar qaçılmaz olacaq.

Avropa Birliyinin Xarici Siyasət rəsmisi Catherine Ashtonun sözçüsü Maja Kocijancic AzadlıqRadiosuna deyib ki, son hesabat İranda nüvə silahı proqramının tam sürətlə irəlilədiyini sübut edir.

ABŞ Nümayəndələr Palatası və Senatın üzvləri İrana təzyiqləri artırmaq üçün yeni sanksiyalara çağırıblar. Amma Dövlət Departamentindən bildiriblər ki, hesabatı tam incələyəndən sonra rəsmi reaksiya veriləcək.

Ancaq İrana qarşı daha sərt sanksiyaların qəbulu asan olmayacaq. Çünki Təhlükəsizlik Şurasının veto hüquqlu iki üzvü – Çin və Rusiya hesabatla bağlı fərqli reaksiya verib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hong Lei bu məsələnin dinc yolla həllində maraqlı olduqlarını deyib. Rusiya Xarici İşlər Nazirliyi isə, ümumiyyətlə hesabatın ictimaiyyətə açıqlanmasını tənqid edib. Bu addımın nüvə proqramıyla bağlı problemin diplomatik yolla həllinə zərbə vurduğunu bəyan edib.

Daha öncə İrana hərbi zərbə ehtimalının hər keçən gün daha da artdığını bildirən İsrailin Baş naziri Benjamin Netanyahunun sözçüsü hesabata heç bir avtomatik reaksiyanın göstərilməyəcəyini bildirib.

İRAN RƏHBƏRLİYİ İTTİHAMLARI "BOŞ" SAYIR

İran isə nüvə silahı əldə etməyə çalışması ilə bağlı hesabatdakı iddiaları yenə rədd eləyib və daha sərt sanksiyalarla bağlı təzyiqlərdən çəkinmədiyini bir daha bildirib. İran Prezidenti Mahmud Ahmadinejad Atom Enerjisi
İranın prezidenti Mahmud Ahmadinejad (sağda) ordunun yüksək rütbəli rəhbərlərindən biri ilə Cahar Mahalda hava limanında görüşür. 9 noyabr 2011
İranın prezidenti Mahmud Ahmadinejad (sağda) ordunun yüksək rütbəli rəhbərlərindən biri ilə Cahar Mahalda hava limanında görüşür. 9 noyabr 2011
Agentliyini ABŞ-ın boş ittihamlarını dəstəkləməkdə ittiham edib:

“Amerikanın boş iddialarından ötrü Agentliyin nüfuzuna niyə xələl gətirirsiz? İran xalqının dostu olmaq sizin marağınızda olmalıdır. Tarix göstərib ki, İranın düşmənləri heç vaxt qələbə və şöhrət əldə edə bilməyiblər”.

İRANDA TƏŞVİŞ VAR

İranın özündə isə hesabatın açıqlanmasından sonra nüvə obyektlərinə hücum ehtimalları böyük təşviş yaradıb. AzadlıqRadiosunun İran xidmətinə danışanların çoxu hərbi zərbə nəticəsində ölkə liderlərinin yox, adi adamların daha çox itirəcəyindən narahat olduqlarını deyiblər.

56 yaşlı tehranlı qadın deyir ki, “qorxusundan gecələr də yata bilmir. Çünki müharibə molla rejiminin xeyrinə olacaq, camaat istər-istəməz Qərbə qarşı müharibədə rejimi dəstəkləyəcək. Axı nüvə zavodunda işlədiyi üçün hansısa iranlını öldürən İsraili heç kim dəstəkləməz ".

İRANDAN HƏDƏLƏR YAĞIR

İranlıların çoxu fikirləşir ki, hər hansı hərbi zərbə tammiqyaslı müharibəyə səbəb olacaq.

AzadlıqRadiosuna Məşhəddən zəng edən və özünü Məhəmməd kimi təqdim edən bir şəxs isə iddia edib ki, hücum olsa bütün iranlılar ölkə rəhbərliyinin ətrafında birləşəcək və İran Amerika əsgərlərinin qəbiristanlığına çevriləcək:

“İranın daxilində hər kəs Khameneini dəstəkləyir, öz hökumətlərini dəstəkləyir. Milyonlarla insan dövləti sevir. Onlar hamısı mövcud quruluşu müdafiə edəcək”.

Xaricdəki İranlı ekspertlər də deyirlər ki, İrana hərbi zərbə endirilməsi Qərbdən çox, molla rejiminin xeyrinə olacaq. İranda həbsdən buraxılandan sonra ABŞ-a mühacirət edən Sirakuza Universitetinin araşdırmaçısı, sosioloq Hossein Ghazian deyir ki, müharibə başlasa, İrandakı rejimin onlara qarşı çıxanları əzmək üçün hər cür qanuni səbəbi və bəhanəsi olacaq. İrandakı siyasi mədəniyyət elədir ki, xarici müdaxilə olsa, hər kəs düşmənə qarşı səfərbər olacaq. Və bu da İrandakı rejim əleyhdarlarının, demokratiyanın belini qıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG