Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:45

Bayraqdar Elman Türkoğlu ilə söhbət (VİDEO)


«Bəxtiyar Vahabzadə dedi ki, «Ey Türkoğlu, endir bayrağı!», mən də endirdim. Sonra dedi ki, «Ey Türkoğlu, qaldır bayrağı! M.Ə.Rəsulzadə deyib ki, bir daha yüksələn bayraq bir daha enməz!» O vaxtdan bayraq mənim əlimdədir. Mənim üçün ən böyük vəzifə əlimdə tutduğum bu bayraqdır. Bu bayraq mənə prezidentlikdən də, parlament sədrliyindən də yüksəkdir».
«BAYRAĞI ƏLİMDƏN VERMƏDİM»
23 ildir Azərbaycan, Türkiyə və Şimali Kiprin dövlət bayraqlarını daşıyan bayraqdar Elman Türkoğlu ilə "Dövlət Bayrağı Günü"ndə görüşdük. Elman Türkoğlu deyir ki, 23 ildir, 1988-ci ildən, Azərbaycanda Xalq Hərəkatı başlayandan bu bayraqları gəzdirir. Apardığı mübarizə zamanı 400 dəfədən çox həbs olunub. Amma bayrağı əlindən verməyib:
«Mən 23 ildir bu bayrağı əlimdə gəzdirirəm. Son qanıma, son nəfəsimə kimi də gəzdirəcəm. Dəfələrlə demişəm ki, bayraq mənim kəfənimdir. Mən bu bayraqlara görə, 464 dəfə həbs olunmuşam. 325 dəfə Azərbaycanda, qalanları isə Özbəkistan, Qazaxstan və Türkmənistanda zindanlarda yatımışam. Türk millətinin azadlığı və bayraq üçün. Bayraq mənim savaşımdır».
«TİKİŞ MAŞINIMI DA APARDILAR...»
Elman Türkoğlu Azərbaycan Xalq Cəbhəsi dövrünü xatırlayır. Yaşamağa yeri olmasa da bayraq tikmək üçün tikiş maşını alıb. Deyir ki, gecələri yuxusuz qalıb, amma öz əlləri ilə bir gecəyə 40-dan çox bayraq tikib:
Elman Türkoğlu bayraqları dalğalandırarkən

Elman Türkoğlu bayraqları dalğalandırarkən

«Mən mitinqlərə bayraq çıxarmaq üçün gecələri yuxusuz qalıb, öz əllərimlə bayraq tikmişəm. Sonradan bir tikiş maşını alıb orada tikməyə başladım. Bizi Cəbhənin qərargahından çıxaranda həmin tikiş maşınımı da apardılar. İndi qalmışam tikiş maşınsız».
Söhbət bayraqdan, bayraq tikənlərdən düşəndə elə bil Elman Türkoğlunun yaralı yerinə duz səpildi. Bayrağı baha qiymətə satanlardan, ondan gəlir yeri kimi istifadə edənlərdən gileyləndi:
«Bayrağın birini 10 manata satırlar, mən tanışlıqla birini 5 manata alıram. Türkmənstanda isə bayrağı pulsuz alırsan».
Aradabir yaşadığı şəraitə də eyham vurur:
«Mən 5 il 6 ay Xalq Cəbhəsinin qərargahında yaşamışam. İndi isə 17 ildir yataqxanada yaşayıram...»
«İQTİDARIN BAYRAQ SEVGİSİ QEYRİ-SƏMİMİDİR»
Elman Türkoğlu

Elman Türkoğlu

Bir qədər sükutdan sonra «amma bayrağı əlimdən vermədim» deyir. Bayılda salınan Dövlət Bayraq meydanı haqda soruşuram. Deyir ki, bir dəfə gedib ora... Amma daha getmir, heç getmək də istəmir:
«Sahil Bağında, Azadlıq meydanda hazırkı iqtidarın nümayəndələri bu bayrağı dəfələrlə cırıblar. Çoxları 1991-ci il oktyabrın 18-də Müstəqillik, İstiqlal aktına imza atılanacan həmin bayrağı rəsmi tanımayıblar. Bu bayraq uğrunda can qoyanlara hörmətsizlik edib, bayrağı qaldıranları, onun uğrunda vuruşanları zindana atanların bayraq sevgisi səmimi deyil».
Elman Türkoğlu müxalifətin də bayraq sevgisinə toxunur. Deyir ki, hər müxalifət partiyası mitinqlərə öz bayrağı ilə çıxır, sonra da birlikdən, həmrəylikdən danışırlar.
Bayraqdar onu da bildirir ki, o, Dövlət Bayraq Gününün nə vaxt təsis olunmasından asılı olmayaraq, bu günün 25 illiyinə hazırlaşır. Deyir ki, qismət olsa, öz əlləri ilə böyük bir bayraq tikəcək. 25 illikdə həmin bayrağı dalğalandırdan sonra həmin bayrağın üzərində M.Ə.Rəsulzadə və Elçibəyin rəsmini çəkib, gələcək nəsil üçün yadigar saxlayacaq.
1918-ci il noyabrın 9-da Xalq Cumhuriyyətinin iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı qəbul edilib. Azərbaycan Dövlət Bayrağı bir il beş ay dövlət statusuna malik olub. Yenidən 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi, onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib.

Şərhləri göstər

XS
SM
MD
LG