Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:24

Azərbaycan və İranın nüvə dosyesi


Prezident Mahmud Ahmadinejad uranın zənginləşdirilməsi ilə bağlı çıxış edərkən. 9 aprel 2007
Prezident Mahmud Ahmadinejad uranın zənginləşdirilməsi ilə bağlı çıxış edərkən. 9 aprel 2007
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə proqramı ilə bağlı hesabatına görə, İran 2003-cü ilədək nüvə silahının yaradılması ilə məşğul olub və oxşar fəaliyyət bu gün də davam etdirilə bilər. Bu kimi məqamların hesabatda yer alması İranın nüvə proqramı, Tehrana qarşı bundan sonra hansı addımların atılacağı, eləcə də bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasına qeyri- daimi üzv qəbul edilmiş Azərbaycanın indiki situasiyada hansı mövqeyi tutacağı kimi məsələləri siyasi dairələrdə müzakirə obyektinə çevirib.
MEHRİBAN QONŞULUQ SİYASƏTİ
Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev deyir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü kimi hələlik bu məsələyə münasibət bildirə bilmir. Çünki bu üzvlük rəsmən 2012-ci ilin yanvarın 1-də başlayır. Amma Azərbaycan regionun dövlətləri ilə mehriban qonşuluq siyasətinə üstünlük verir:
«Azərbaycan hər zaman bölgədə sülh və əmin-amanlıqda maraqlı olub. Bunu nəzərə alaraq həmişə hər hansı münaqişənin, qarşıdurmanın əleyhinə çıxmışıq. Bu səbəbdən də daim hər hansı nüvənin sadəcə sülh məqsədi ilə istifadəsinin tərəfdarı olmuşuq. Biz regionumuzun inkişaf etməsinin tərəfdarıyıq. Və Azərbaycanın xarici siyasəti hər zaman mehriban qonşuluq prinsiplərinə söykənib. Biz bu münasibətləri genişləndirməkdə və daha da inkişaf etdirməkdə maraqlayıq».
ZƏRDÜŞT ƏLİZADƏ: «İRAN ƏFQANISTAN, İRAQ DEYİL»
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, BAEA-nın bu qənaəti regionda gərginliyi artıracaq. Onun fikrincə, əslində bu hesabat ABŞ-ın maraqlarını təmin etmək üçündür. Belə ki, ABŞ əgər bir dövləti vurmaq istəyirsə, ilk növbədə onun şər obrazını yaradır. Və İrana qarşı da bu iş çox uğurla aparılır. Politoloq düşünür ki, BAEA da bu məsələdə bir vasitədir. ABŞ, eləcə də İsrail bu hesabata əsaslanıb əlbəttə ki, İranı vura bilərlər. Amma unutmaq lazım deyil ki, İran nə Əfqanıstan, nə də İraqdır. Bu, tamam fərqli bir rejimdir:
«Əgər belə olsa, İran İsrailə və əli çatacaq yerlərdə Amerikanın mənafelərinə, hərbi hissələrinə hücum edəcək. İranın İraqa, Əfqanıstana, Fars körfəzinə və hətta Azərbaycana da əli çatır. Əgər İrana hücum etsələr, İsraili neftlə təmin edən Azərbaycanın neft infrastrukturu da təhlükələrə məruz qala bilər. Biz özümüzü aldatmamalıyıq. Bu, İran rejimi üçün ölüm-dirim məsələsidir. Ona görə də onların qarşısında heç bir maneə olmayacaq. Bu, total müharibə olacaq».
Zərdüşt Əlizadə deyir ki, Azərbaycan bu məsələdə neytral mövqe tutmalı və hər hansı ziddiyyətli məsələnin, beynəlxalq münaqişənin yalnız dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməlidir.
QƏNİMƏT ZAHİD: «İRAN TƏHLÜKƏDİR»
İran ordusunun hərbi paradı
İran ordusunun hərbi paradı
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə hesab edir ki, əslində əsas məsələ İrandan hansısa təhlükənin olmasında deyil, bu dövlətin özü özünü destruktiv mərkəz kimi tanıtmasındadır. Onun sözlərinə görə, 1980-ci illərdən beynəlxalq terrorçuluğu maliyyələşdirmə İranın dövlət siyasəti olub. İndi də heç kim inanmır ki, İran həmin xarici siyasət doktrinasından imtina edib:
«İndi Azərbaycanda da elələri var ki, deyirlər ABŞ, yaxud Qərb İranda nüvə silahı axtarmaqda düz etmirlər. Məsələn, niyə ABŞ-da nüvə silahı ola bilər, İranda olmaz və s. Amma bu ya sadəlövhlükdən, ya da vəziyyəti anlamazlıqdan gəlinən qənaətdir. Nüvə silahı olan İran, ilk növbədə Azərbaycan üçün, eləcə də Türkiyə üçün təhlükədir. Nüvə silahı olan İran birdən- birə sol yollarla özünə üstünlük qazandırmağa çalışan bir dövlət olmaq şansı əldə edir».
Qənimət Zahidin fikrincə, indiki daxili və xarici siyasəti kontekstində İranın nüvə silahı əldə etməsi həm bölgədə çox ciddi qeyri- mütənasiblik yaratmaqla destruktiv rol oynaya bilər, həm də dünya üçün təhlükəlidir. Ona görə də Qənimət Zahid düşünür ki, bu düyün indidən hansısa şəkildə çözülməlidir. Ən düzgün çözüm onun fikrincə, İranın indiki rejiminin hakimiyyətdən getməsi olardı. Əgər bu baş verməsə, İran çox ciddi fəlakətlər yaşayacaq.
ARİF YUNUS: «MÜHARİBƏ OLMAYACAQ»
Arif Yunus
Arif Yunus
Konfliktoloq Arif Yunus isə deyir ki, son vaxtlar ABŞ-dan, İsraildən və eləcə də İranın özündən səslənən bəyanatlar regionda vəziyyətin daha da gərginləşdiyindən xəbər verirdi. Qərbdə narahatdırlar ki, əgər İran nüvə silahı əldə etsə, regionda çox şey dəyişə bilər. Ona görə də İranın nüvə proqramını sona çatdırıb silah əldə etməsinə imkan vermək istəmirlər. Bununla belə Arif Yunus bu günlərdə ABŞ-da keçirdiyi görüşlərdə eşitdiklərinə əsaslanaraq deyir ki, o İrana qarşı hər hansı hərbi müdaxilənin baş verəcəyinə inanmır. Deyir ABŞ-da anlayırlar ki, bu gün İrana qarşı müharibə variantı mümkün deyil. Digər tərəfdən seçkilər ərəfəsində olan ABŞ-ın özü də bunu istəmir:
«BAEA -nın hesabatında işlədilən ifadələr yalnız təbliğat xarakterlidir. Biz bunu təzyiq kimi qəbul etməliyik. Mən inanmıram ki, bu bəyanatların arxasında İrana qarşı nəsə olacaq. Xüsusilə də müharibə. Əlavə nəsə bir- iki sanksiya ola bilər. Amma İrana qarşı artıq sanksiyalar var, bundan artıq nə olasıdır ki?»
Arif Yunus da hesab edir ki, Azərbaycanın bu prosesdə Qərblə İran arasında seçim edib çətin vəziyyətə düşməməsi üçün neytral mövqe tutması daha münasibdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG