Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:40

«Kuklaların gözlərinə baxın»


9 ölkənin kuklası Bakıda
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

I Bakı Beynəlxalq Kukla Bianelesindən video reportaj

Noyabrın 4-dən Muzey Mərkəzinin Sərgi Qalereyasına gələnlərin gözlərində bir uşaqlıq sevinci var. Uşaqlarda isə bu ikiqatdır. Çünki öz «dostlarını» burda görürlər, heyrətlənirlər, çoxu ağzını açıb baxır. 7 yaşlı Günay Məmmədli kimi:

«Əladır, kitabda bu «Turp» nağılının şəkillərini görmüşdüm. İndi isə burda nənəyə, babaya, nəvəyə, pişiyə, siçana daha yaxından baxıram».

I Bakı Beynəlxalq Kukla Bianelesində Bakı tamaşaçısına göstərilən onlarla kuklalardan biri – «Turp» nağılının personajlarının başına təkcə uşaqlar yığışmayıb.

«Mənim də çox xoşuma gəldi. «Turp» da, başqaları da. Hərəsinin özünəməxsus gözəlliyi var. Əl işləridir, zəhmət tələb edən işlərdir». Bu dəfə heyrətini gizlətməyən 45 yaşlı Şahbuz Quliyevdir.

Təkcə «Turp» nağılının personajları deyil ki. Rusiyadan olan Marqarita Drozdovanın qarpız yeyən qızı əks etdirən «Dadlı giləmeyvə» əsəri, ya da lopabığ, gombul kişilərin qurduğu «Məclis», uzun ayaqlarını vannadan çıxmış ədəbaz qız.

Biennaledə 9 ölkədən 19 kukla ustası iştirak edir.

HANI CIRTDAN?

«Məni daha çox milli janrlar çəkir, çünki bu janrdakı rəng koloritləri mənə daha yaxındır, mənə uyğundur».
Elmira Abbaslı
Elmira Abbaslı

«19-cu əsrin Bakısı» əsərinin qarşısında dayanmış Aynur Sultanlı deyir ki, ancaq Cırtdanı, Kosanı digər milli obrazları burda görmür. «Olsaydı, daha yaxşı olardı».

«19-cu əsrin Bakısı» əsərinin müəllifi, Azərbaycandan olan sənətkar Elmira Abbaslı digər əsərini «Nənənin xoşbəxtliyi» adlandırır. Əsərdə cırıq başmağından barmaqları çıxan pinəçi baba məhəbbətlə nənəyə baxır. Eyni sevgi ilə babaya baxan, ürəyindəki məhəbbət gözlərindən oxunan 88 yaşlı nənə çox xoşbəxtdir. Həm də xoşbəxt olan təkcə onlar deyil, nənənin ətrafına yığışan, siçanlarla oynayan pişiklərdir. Onların ayaqları altında bərəkət rəmzi sayılan iri üzüm salxımlarıdır.

88 YAŞLI AŞİQ NƏNƏ

Elmira Abbaslı deyir ki, 2002-ci ilə qədər əsərində təsvir olunan təkcə nənə imiş.
«Sərgilərdə nənələri alırdılar, baba tək qalırdı. Sonra fikirləşdim ki, baba üçün bir nənə yaradacağam. Heç vaxt tək qalmayacaqlar.
Kuklalar
Kuklalar

Ondan sonra bu əsər «Nənənin xoşbəxtliyi» adlandı. Baba nənəyə çoxdan vurulub, lap uşaqlıqdan.
Baba pinəçidir. Ancaq öz başmağını tikməyə vaxtı yoxdur. Pinəçilik edə-edə nənədən gözlərini çəkmir.
Babanın məhəbbəti sonsuzdur. Nənə fikirləşir ki, nə olsun ki, 88 yaşım var. Ürəyim sevgi ilə doludur. Nənənin həndəvərində pişiklər, siçanlar fırlanır. Ancaq bu pişiklər siçanları yemir. Məhəbbət tam şəkildədir».

«BU SƏNƏT GƏLƏCƏKDƏ DƏ MƏŞHUR OLMALIDIR»


Sərgidə iştirak edən Moskvadakı «Dünya kuklaları» Fondunun icraçı direktoru Olqa Laxina deyir ki, «ilk növbədə kuklaların gözlərinə baxmaq lazımdır. Kuklaların gözlərində müəllifin nə düşündüyünü görəcəksiniz».

Belarusdan olan interyer kukla ustası Qalina Dmitruk isə deyir ki, o bu sənətə vurğundur: «Bu sənət əvvəllər məşhur olduğu qədər gələcəkdə də məşhur olmalıdır».
Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov
Mədəniyyət və Turizm Nazirliyinin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov

Sərgini Mədəniyyət və Turizm Nazirliyi təşkil edib. Nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov deyir ki, əsas məqsəd Azərbaycanda dünyanın ən tanınmış kukla ustalarının əsərlərini nümayiş etdirmək, Azərbaycan sənətkarlarının əsərlərini də onlarla yanaşı qoymaqdır:

«Niyyətimiz var ki, xarici ölkələrin kukla ustalarının, müəllif kuklaları ustalarının iştirakı ilə Bakıda sərgilər keçirməklə Azərbaycan mədəniyyətini onlara təbliğ edək, göstərək. Eyni zamanda Azərbaycanda bu sənəti müstəqil sənət növü kimi inkişaf etdirmək istəyirik».

Sərgi noyabrın 10-a qədər davam edəcək.
XS
SM
MD
LG