Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Seçkiqabağı təşviqat kampaniyası başladı


Bələdiyyə seçkiləri, 23 dekabr 2009

Bələdiyyə seçkiləri, 23 dekabr 2009

Azərbaycanda noyabrın 30-da keçiriləcək təkrar, əlavə və yeni bələdiyyə seçkilərinə noyabrın 7-dən təbliğat-təşviqat kampaniyası başlayıb.

MSK-nın açıqladığı son rəsmi rəqəmlərə görə, 330 bələdiyyə üzrə 464 yerə 1556 nəfər namizəd var.

Onlar təbliğat kampaniyasına necə başlayıb deyə partiya-partiya, namizəd-namizəd axtarışa çıxdıq. Söhbətlər əsnasında bəlli oldu ki, seçkiyə qatılmayan partiyalar bir kənara, heç namizədlər özləri bu seçkiyə maraq göstərmirlər. Kimisi müxtəlif bəhanələrlə öz təbliğat kampaniyası barədə danışmaqdan imtina etdi, kimisi ilə də heç öz partiya rəhbərləri əlaqə saxlaya bilmədi...

1 YERƏ 2 YAP-ÇI

Bu bələdiyyə seçkisində qeydə alınan namizədlərin 772-si hakim Yeni Azərbaycan Partiyasının üzvləridirlər. Yəni, 1 yer uğrunda təxminən 2 YAP-çı mübarizə aparacaq. Ümumilikdə isə 1 yerə orta hesabla 3.3 namizəd düşür. Hələ 2009-cu ildə ümumrespublika bələdiyyə seçkisində də YAP-çı namizədlərin sayı digərlərini üstələmişdi: qeydə alınmış 28000 namizədin 15 637 nəfəri YAP-ın rəsmi şəkildə irəli sürdüyü namizədlər idi.

30 noyabr seçkisində namizədlik fərdi qaydada irəli sürülüb, YAP bu seçkidə partiya kimi iştirak etmədiyini bəyan edib.

Ana müxalifət partiyaları üzvlərindən seçkiyə namizədliyini verən olmayıb.

SEÇKİYƏ 10 NAMİZƏDLƏ

Seçkiyə 10 namizədlə qatılan Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyir ki, seçkidə xüsusi kampaniya ilə iştirak etmirlər:

«Çünki seçkini udan bələdiyyə üzvü belə hər hansı səlahiyyətə malik olmur, hər hansı situasiyada dəyişiklik yaratmaq imkanına sahib deyil. Amma partiya olaraq seçki prosesinə laqeyd qalmamaq, Fazil Mustafa

Fazil Mustafa

partiyanın daxili dinamizmini ayaqda saxlamaq üçün seçkidə iştirakı məqsədəuyğun sayırıq. Yoxsa elə də əhəmiyyətli seçki hesab etmirik».

MSK-NIN PLAKATLARINDAN BAŞQASI YOXDUR

YAP-dan sonra ən çox namizəd Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasındandır: 20 namizəd. Partiyadan 50 saylı dairədə seçki komissiyasının üzvü Allahverdi Zamanlı deyir ki, namizədlər elə imzatoplama kampaniyası dövründə özlərini tanıda biliblər:

«Ümumi plakat var. Digər seçkilərdən fərqli olaraq təşviqat materialında namizədlərin portreti, bukletləri yoxdur. MSK-dan göndərilən ümumi təşviqat materialları əsasında hər yerdə bərabər şəkildə təşviqat gedir. Faktiki bu günə qədər bizə əlavə təşviqat materialı təqdim olunmayıb».

71 saylı Masallı kənd seçki dairəsindən Boradigah bələdiyyəsinə namizədliyini irəli sürmüş bitərəf Ədalət Əhmədov deyir ki, təbliğat işlərinə bundan sonra başlayacaq. Bu dairədə 13 yer uğrunda 20 namizəd yarışır:

«ƏHALİ NAMİZƏDLƏRİ TANIYIR»

«Hələlik plakat hazırlamamışıq. Keçən seçkidə hazırlamışdı əksəriyyəti. Əhali onları tanıyır da. Kiçik bir qəsəbədir, hər halda hamı bir-birini tanıyır. Amma görüşlərimiz olacaq. Məhəllələrlə görüşlərimiz olacaq. Bundan sonra ziyalılarla, iş adamları ilə görüş təşkil edəcəyik».

Bələdiyyə seçkiləri, 23 dekabr 2009

Bələdiyyə seçkiləri, 23 dekabr 2009

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlının fikrincə, ana müxalifət partiyalarının seçkiyə qatılmaması seçki prosesini daha sönük edəcək:

«FORMAL SEÇKİ»

«Birtərəfli qaydada seçki gedəcək. Heç bir dartışma, təbliğat-təşviqat kampaniyasında namizədlər arasında heç bir yarışma qeydə almayacağıq. Sadəcə formal bir seçki görüntüsü yaranacaq. Ötən müddət ərzində seçkilərdə qanun pozuntuları ilə bağlı heç bir araşdırma aparılmadı, heç bir yerli və beynəlxalq təşkilatların tövsiyəsi nəzərə alınmadı, seçki qanunvericiliyində dəyişiklik olmadı».

Noyabrın 30-da bələdiyyə seçkisi 86 dairə üzrə keçiriləcək.

Azərbaycanda sonuncu bələdiyyə seçkisi 2009-cu ildə keçirilmişdi.
XS
SM
MD
LG