Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

«Jackal» ləqəbli solçu yenidən məhkəmə qarşısında


«Jackal» (Çaqqal) Carlos məhkəmə zalında
«Jackal» (Çaqqal) Carlos məhkəmə zalında
«Jackal» (Çaqqal) Carlos kimi tanınan venesuelalı solçu Fransada 30 il əvvəlki öldürücü terror hücumlarına görə Parisdə məhkəmə qarşısında dayanıb.
Əsl adı Ilich Ramirez Sanchez olan Carlos Fransada ömürlük həbs cəzasına məhkum olunub.
1970-80-ci illərdə beynəlxalq terorrizmlə əlaqədə ittiham olunan 62 yaşlı marksist-leninçi Carlosu 1994-cü ildə Fransa təhlükəsizlik qüvvələri Sudanda həbs edib.
1997-ci ildə Fransa məhkəməsi onu iki polisin qətlinə görə ömürlük həbsə məhkum edib.
Yeni ittiham isə Fransada 1982 və 1983-cü ildə 11 adamın ölümünə, 100-dən çox adamın yaralanmasına səbəb olan dörd terror hadisəsi ilə bağlıdır.
Terror hücumların hədəfi qatarlar və ərəb dilli qəzetin («Al-Watan Al-Arabi») Paris ofisi olub.
Bu hücumlar «Carlosun Beynəlxalq Terrorçu dostları» və «Ərəb Mübarizəsinin Silahlandırılması Təşkilatı» tərəfindən sifariş edilib.
Carlosla əlaqəsi olan üç şübhəli – iki alman və bir fələstinlinin (Christa-Margot Froehlich, Johannes Weinrich və «Ali» Kamal al-Issawi) bu hücumlarda rolunun olub-olmadığı araşdırılır.
GÜNAHI TƏSDİQLƏNSƏ, ONU YENƏ ÖMÜRLÜK HƏBS GÖZLƏYİR
Təsdiqlənir ki, Carlos gələcək həyat yoldaşı Magdalena Koppun və daha bir yoldaşının azadlığa buraxılması üçün Fransa hakimiyyətinə təzyiq məqsədilə silsilə terror törədib.
Aralarında 10 il əvvəl həbsxanada İslam adəti ilə evləndiyi arvadı İsabelle Coutant-Peyrenin də olduğu vəkilləri isə deyirlər ki, məhkəmə qondarma sübutlara söykənir.
Carlos. 3 mart 2004
Carlos. 3 mart 2004
Əgər ittiham təsdiqlənsə, Carlosu daha bir ömürlük həbs cəzası gözləyir.
Hücumlarda rolunu inkar edən Carlos təkadamlıq kamerada saxlandığı üçün oktyabrın 18-dən 27-nə qədər aclıq aksiyası keçirib. O, sonra Fransanın «Evrope 1» radio stansiyasına telefonla müsahibə verib. Müsahibəsində deyib ki, məhkəməyə hazırlaşır və «döyüş əhval-ruhiyyəsindədir». Daha sonra bildirib ki, onun Sudandan oğurlanması qanunsuz olub.
CARLOSUN TƏƏSSÜFÜ
Carlos onu da bildirib ki, ailəsinin qurban olduğuna təəssüflənir:
- Mən uşaqlarımı böyüdə bilmədim, yalnız 5-6 yaşına qədər onlarla oldum. Nə qədər təəssüfedici olsa da, mən bunun əvəzini ödəməliyəm. Mən vaxtın çoxunu onlara sərf etməyən ata idim.
Carlos Venesuelada doğulub və Moskvada təhsil alıb. Sonra Fələstin Azadlıq Təşkilatına qoşulub.
11 NAZİRİ OĞURLAYANDAN SONRA MƏŞHURLAŞDI
1975-ci ildə onun qrupu OPEC-ə daxil olan 11 ölkənin nazirini girov götürəndən sonra Carlos məşhurlaşdı. Qrup girovlarla birgə Avstriya hakimiyyətinin təmin etdiyi təyyarə ilə Əlcəzairə uçdu.
O, həmçinin 1976-cı ildə Uqandada Fransa təyyarəsini oğurlamaq istəyən dəstəyə rəhbərlikdə suçlanır.
AZADLIQRADIOSUNA HÜCUMDA ƏLİ OLUB?
Carlosun ayağında bir şübhəli iş də var idi: 1981-ci ildə Münhendə Azadlıq Radiosunun ofisinə olunan hücumda onun iştirakı ehtimal olunurdu. Ofisin bombalanması nəticəsində 5 adam yaralanmışdı. Bu vaxt Carlos Macarıstanda yaşayırdı.
1989-cu ildə məlum oldu ki, bu hücum sifarişini Rumıniya lideri Nicolae Ceausescu verib.
Fransadakı hücumlardan sonra Carlos Suriyaya gedib və 1991-ci il Dəniz Körfəzi müharibəsinə qədər burda qalıb. Sonra o, Sudanda sığınacaq tapıb. Burda isə Sudan hökumətinin dəstəyi ilə tutulub.
Həbsindən sonra İslam dinini qəbul edən Carlos «İnqilabçı İslam» sərlövhəli kitab yazıb və keçmiş Al-Qaeda lideri olmuş Osama Bin Ladeni kitabda tərifləyib.
Parisdə gözlənən 6 həftəlik məhkəmə qabağı Carlos Venesuela qəzeti «El Nacional»a verdiyi müsahibəsində lovğalanıb ki, 100-dən çox hücum onun rəhbərliyi altında həyata keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG