Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Bakının ilk qarlı günü


«Haradasa 50-dən çox ev və həyətyanı sahə su altında qalıb. Uşaq-böyük evdən çıxa bilmir. Biz Fövqəladə Hallar Nazirliyinin «Qaynar xətt»inə zəng etdik, deyirlər «bu saat gəlirik». Sonra bizə Binəqədi rayon İcra Hakimiyyətinin telefonunu verdilər. Ordan isə bildirdilər ki, «bizim bir dənə balaca nasosla işləyən «ZİL»imiz var. Başqa texnikamız olmadığından sizə kömək edə bilməyəcəyik».

HAVA YAĞMURLU OLMASA...

Bunu AzadlıqRadiosuna Binəqədi rayonu Xocasən qəsəbə sakini Qabil Zimistanoğlu deyir. Noyabrın 6-dan başlayan yağış, daha sonra isə qar nəticəsində qəsəbə yaxınlığındakı Xocasən gölü daşıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları noyabrın 7-də saat 2-dən hadisə yerindədirlər. İki nasos quraşdırılıb. Suyun səviyyəsi təxmin 4 sm enib. Nazirliyin əməkdaşları sakinlərə bildiriblər ki, yağıntılar davam etməsə, sabahdan (noyabrın 8-dən) evlərin və həyətyanı sahələrdə suyun səviyyəsi tam enə bilər.

QAZ YOX, İŞIQ YOX...

Noyabrın 6-dan 7-nə keçən gecədən başlayaraq Bakıya və respublikanın müxtəlif ərazilərinə ilk qar yağıb. Havanın temperatura kəskin enib.

Maştağa qəsəbə sakini Aybəniz Kazımova deyir ki, yağan qar özü ilə çoxsaylı problemlər gətirib:

«Qaz yoxdur, işıq fasilələrlə verilir. Bütün yollar zığ-palçıqdır. Gedib, gəlmək mümkün deyil».

Bakıda qar, 7 noyabr 2011

Bakıda qar, 7 noyabr 2011

Gün ərzində AzadlıqRadiosuna Yeni Yasamal, Nərimanov, Müşfiqabad və Bakının başqa rayonlarında qaz və elektrik təminatında problemlər haqda müraciət edənlər oldu.

BAKI QARA HAZIRDIRMI?

Bu sualla Bakının mərkəzində rastlaşdığımız sakinlərə müraciət etdik:

- «Xeyir, hazır deyil. Piyada yollarında gölməçələr yaranıb. Avtobuslar gec-gec gəlir. Bu gün 15 dəqiqə avtobus gözləmişəm».

- «Bakıya axır vaxtlar heç nə yaraşmır. Bütün yol-iz pis gündədir. Yolları keçmək olmur. Elə bil ki, Kür çayını keçirik. Kanalizasiya sistemləri işləmir».

- «Dünən dostlarıma deyirəm ki, Bakı odlar yox, çaylar yurdudur. Bir az yağış yağdı, küçə və prospektlərdən çaylar axır. Hətta kanalizasiya qovşaqları qapaqları atılıb, bayıra su vurur».

- «Bizim evdə istilik sistemləri işləmir. Soruşanda isə deyirlər ki, hələ qış vaxtına keçməyib. Bayırda 0 dərəcəyə yaxın temperatur var, bunlar hələ deyirlər qış vaxtına keçməmişik».

«BİZ 24 SAAT ABONENTLƏRİN XİDMƏTİNDƏYİK»

«AzəriQaz»ın sözçüsü Kamandar Eyvazlı bütün abonentlərə yaranmış problemlərlə əlaqədar 185 və 104 saylı telefonlara zəng etməyi tövsiyə edir:

Qaz təminatında heç bir problem yoxdur?

Qaz təminatında heç bir problem yoxdur?

««AzəriQaz» qışa tamamilə hazırdır. Bizə tapşırılan bütün tədbirlər həyata keçirilib. Bizdə qaz təminatında heç bir problem yoxdur. Ola bilər, haradasa təzyiq azala və ya tamamilə kəsilə bilər. Bu halda həmin abonentlər təcili 185 və 104 saylı telefonlarla bizə məlumat versinlər. Biz 24 saat onların xidmətində hazırıq».

ELEKTRİK TƏMİNATINDA PROBLEMLƏR...

«Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirdi ki, güclü külək nəticəsində şəhərin bəzi yerlərində elektrik təminatında problemlər yaranıb:

«Küləyin bərk əsdiyi yerlərdə elektrik xətləri sıradan çıxıb. Müvəqqəti yaranan problemlər əsasən şəhərin yeni tikilmiş hissəsində baş verib. Hazırda operativ qrup bu problemləri aradan qaldırır. Əlavə maşın və mexanizmlər ayrılıb. Bütün texniki heyət iş başındadır».

İSTİLİK SİSTEMİ ÜÇÜN GÖSTƏRİŞ GÖZLƏYİRLƏR

«Azəristiliktəchizat» ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə deyir ki, onlar qış vaxtına keçidə tam hazırdırlar, sadəcə, yerli icra hakimiyyətlərinin göstərişini gözləyirlər. Belə ki Bakıda «Azəristiliktəchizat»a qoşulmuş 2 min 380 yaşayış binası istilik sistemi ilə təmin olunmağa tam hazırdır. Respublika üzrə isə ümumilikdə 358 qazanxana, 125 istilik məntəqəsi fəaliyyət göstərəcək. Ölkədə 1 kubmetr istilik 5 qəpiyə başa gəlir.

«HƏLƏ QIŞ VAXTI DEYİL»

Azərbaycanda sərəncamla qış vaxtına ayın 15-dən keçiləcək

Azərbaycanda sərəncamla qış vaxtına ayın 15-dən keçiləcək

Bakı şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Şöbəsinin müdiri
Xalid Ələkbərov isə deyir Azərbaycanda qış vaxtına noyabrın 15-dən keçiləcək:

«Bu, qış deyil axı! İndi hava bir az sərtləşib, bütün dünyada belə problem var. Azərbaycanda sərəncamla qış vaxtına ayın 15-dən keçiləcək».

Şəhərdə yaranmış kanalizasiya problemləri ilə bağlı suallarımıza «Azərsu»dan gün ərzində münasibət ala bilmədik.

HAVALAR AYIN 9-DAN DÜZƏLƏCƏK

Azərbaycanda sulu qar və qar ayın 8-ə kimi davam edəcək. Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, noyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu 3-6 dərəcə olacaq:

«Ayın 9-10-da isə dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq. Temperatur tədricdən yüksələcək. Regionlarda isə noyabrın 8-ə kimi qeyri-sabit hava şəraiti davam edəcək, qar və sulu qar yağacaq. 8-i gündüzdən isə yağıntılar kəsiləcək, temperatur yüksələcək. Temperatur Aran rayonlarında 5-10 dərəcə olacaq. Dağlıq rayonlarda isə -5-0 dərəcə şaxta gözlənilir».

Qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçən Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və piyadalara xəbərdarlıq edib. Onlardan diqqətli olmaları xahiş olunur.

Şərhləri göstər

XS
SM
MD
LG