Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:05

Putindən jurnalistlərə 32000 dollarlıq mükafat


Mixail Beketov
Mixail Beketov
Üç il ərzində Mixail Beketov Rusiyada jurnalistlər üçün bir görk idi ki, hakimiyyəti tənqid edənləri belə susdurarlar. İndi isə Baş nazir Vladimir Putin Beketovun mülki cəmiyyətə xidmətini dövlət mükafatı və 1 milyon rublla ($32000) qiymətləndirib.

Beketovun adı təltif olunan 10 jurnalistin siyahısındadır. Bu siyahı oktyabrın 31-də sakitcə Rusiya hökumətinin veb-saytında dərc olunub. Mükafatlandırılan jurnalistlər əsasən tənqidçi müxbirlər və qeyri-hökumət nəşrlərinin redaktorlarıdır.

Müstəqil jurnalistlər və mülki cəmiyyət fəalları götür-qoy edirlər ki, avtoritar rejimin memarı saydıqları şəxsdən belə bir təltif və mükafatı alsınlarmı?

ÖLÜMCÜL DÖYÜLƏN JURNALİST

Siyahıda Sergey Parxomenkoİrina Petrovskaya kimi tanınmış jurnalistlər olsa da, Beketov daha çox diqqət çəkib.

2008-ci il noyabrın 13-də Moskvanın Ximki rayonunda bir qəzet redaktoru olan Beketovu evinin yaxınlığında huşsuz vəziyyətdə tapıblar. O, komada olub, ölümcül vəziyyətdə döyülübmüş, iki gün soyuqda qalıbmış.

3 il keçsə də bu cinayət çözülməyib. Ancaq jurnalistin tərəfdarları inanırlar ki, onu Ximki yerli hakimiyyətində korrupsiyaya dair tənqidi yazılarına görə döyüblər.

Yevgeniya Çirikova
Yevgeniya Çirikova
Beketovun səhhəti indi olduqca pisdir və İsraildə daimi müalicə alır. Ximki fəalı və Beketovun həmkarı Yevgeniya Çirikova deyir ki, Beketov bu hücum nəticəsində beyninin üçdə birini, bir qıçını və üç barmağını itirib, danışa və yaza bilmir.

SİSTEMİN YARADICISINDAN MÜKAFAT

Y.Çirikova özü Ximki meşəsindən magistral yol planına qarşı çıxdığına görə təqib olunub. Ona görə də Rusiya hökumətinin Beketovu şərəfləndirmək qərarından xüsusi təsirlənməyib.

«Bu mükafatı verən şəxs (Putin) elə bir sistemin yaradıcısıdır ki, fəalın başını əzirlər və ömrünün qalan hissəsini əlil kimi keçirir», - Çirikova belə deyir.

«Mixailə hücumu sifariş etdiyinə inandığımız şəxs (Ximkinin meri Vladimir Strelçenko) bu şəhəri idarə edir, tikinti layihələrini davam etdirir, öz hərəkətlərinə görə heç bir cəza almayıb».

Beketovun yaxınları deyirlər ki, ona hələ mükafat barədə xəbər verməyiblər.

Jurnalistlərin adlarını hökumətə verən Rusiya Jurnalistlər Birliyinin sədri «Kommersant»a deyib ki, jüri böyük səs çoxluğu ilə Beketova səs verib.

Sergey Parxomenko
Sergey Parxomenko
QƏBULEDİLMƏZ SİYASİ ƏDƏBSİZLİK

«Vokruq Sveta» jurnalının redaktoru Sergey Parxomenko da mükafat alanlar sırasındadır. O, 1990-cı illərdə «Seqodnya» qəzetinin təsisçisi və redaktoru idi, Putinin prezidentliyinin ilk illərində qəzet bağlandı. Parxomenko deyir ki, mükafatı jurnalın adından qəbul edəcək və xeyriyyəyə verəcək. Ancaq əlavə edir ki, Kremldə keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcək.

Ancaq o, Beketovu mükafatlandırmaq qərarını tənqid edir: «Məncə, bu, rişxənd, tamamilə qəbuledilməz siyasi ədəbsizliyin təcəssümüdür. Rusiya hakimiyyətinə müxalifliyinə görə əlil edilmiş şəxsə onlar indi ianə verirlər».

Parxomenko deyir ki, həmin mükafat Beketovun hələ də işləyən həmkarları üçün daha faydalı olardı.

«ONUN BU MÜKAFATA EHTİYACI VAR»

Siyasi təhlilçi Vladimir Pribilovski düşünür ki, Putin bu mükafatları Qərbdəki imicini yaxşılaşdırmaq üçün təsis edib. Putin bu yaxınlarda qərar verib ki, prezident postuna qayıtsın.

Aleksey Simonov
Aleksey Simonov
«Qlasnost» Fondunun prezidenti Aleksey Simonov isə deyir ki, Beketov pulu qəbul etsə, onu qınamayacaq:

«Çünki o, İsraildə müalicə olunur. Onun danışıq qabiliyyətini bərpa etmək istəyirlər. Orda keçən hər gün ona 1000 dollardan baha başa gəlir. Onun doğrudan da həmin mükafata ehtiyacı var».

Ximki fəalı Çirikova isə deyir ki, bu mükafat çox kiçikdir və çox gec verilib:

«Bu mükafat onun beyninin üçdə birini, qıçını qaytara bilsə, barmaqlarının iş qabiliyyətini bərpa etsə, əla olar. Bu pul həmin işlərə kifayət etməyəcəksə, onda mənim üçün bu, həyasız bir oyundur».
XS
SM
MD
LG