Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

Azərbaycanlılar "Rus marşı" keçirilən yerlərə getməyiblər


«Rus marşı» aksiyasından görüntü
«Rus marşı» aksiyasından görüntü
“Bu gün şəhərə çıxmamağa çalışdıq. Millətçilərin yürüş keçiriləcəyi yerlərə getmədik”.

Bunu Moskvada yaşayan azərbaycanlı jurnalist Tünzalə Vəliqızı AzadlıqRadiosuna deyir.

O, noyabrın 4-də Moskvada keçirilən “Rus marşı” adlanan aksiya haqqında məlumatları diqqətlə izlədiyini söyləyir:

“Düzdür, deyilənə görə, heç bir toqquşma olmayıb, amma adətən belə aksiyalardan sonra xəbərlər ortaya çıxır ki, filan yerdə filan insident olubmuş...”

Rusiya polisi də yürüşün dinc şəkildə keçdiyini, hər hansı toqquşma baş vermədiyini, 7 minə qədər millətçinin Lüblino rayonunda yürüş etdiyini, Maryino metro stansiyası yaxınlığında mitinq və konsert keçirərək dağılışdıqlarını bildirib.

Yürüşçülər təbil çalaraq, rus millətini alqışlayan şüarlar səsləndirərək küçələrdən keçiblər.

Yalnız bəzi yürüş iştirakçılarından bıçaq, zəncir və tüstü şaşkası müsadirə edilib

Yürüşün önündə “Ruslar” hərəkatının liderləri Aleksandr Belov və Dmitri Dyomuşkin, eləcə də qalmaqallı blogger Aleksey Navalnı gedib.

Təşkilatçılar polisi yürüş iştirakçılarının sayını az göstərməkdə günahlandıraraq aksiyaya 25 min adamın qatıldığını deyiblər.

Yürüşçülər “İşğala son qoyun, ruslara azadlıq” şüarları da səsləndiriblər.

Rus marşı, 04 noyabr 2011
Rus marşı, 04 noyabr 2011
Noyabrın 4-də səhər polis “Rus marşı”nın təşkilatçılarından olan Konstantin Krılovu saxlayıb.

Ona qarşı iki həftə qabaq Bolotnı meydanında keçirilmiş mitinq zamanı söylədiklərinə görə cinayət işi açılmışdı.

O, şübhəli şəxs qismində dindirilib və şəhəri tərk etməmək haqda iltizamı imzalayandan sonra sərbəst buraxılıb.

Moskvada yaşayan azərbaycanlı jurnalist Tünzalə Vəliqızı isə deyir ki,

Hər dəfə seçki ərəfəsində millətçilərin fəallaşması hiss edilir

Onun fikrincə, bu, dolayısı ilə hökumətin işidir.

“Məncə, bütün bunlar insanların diqqətini ölkədəki sosial-iqtisadi problemlərdən yayındırmağa yönəlib”.

Tünzalə Vəliqızı hesab edir ki, siyasətçilər seçkilərdə daha çox səs qazanmaq ümidi ilə millətçi şüarlardan gen-bol istifadə etməyə çalışırlar.

Navalnı Rus marşında çıxış edir, 4 noyabr, 2011
Navalnı Rus marşında çıxış edir, 4 noyabr, 2011
O hesab edir ki, Rusiya mediasında çox vaxt hansısa hadisələr qərəzli olaraq qafqazlıların ayağına yazılır.

“Bəzən iki rus dalaşanda da burda qafqazlı barmağı axtarılır”.

4 Noyabr həm də Rusiyada Milli Birlik Günü kimi qeyd edilir.

Bu münasibətlə hakim “Vahid Rusiya” Partiyası Moskvanın başqa bir rayonunda mitinq keçirib.

Mitinqdə Rusiyada müxtəlif millətlərin yaşadığı, onların Rusiyanı, onun mədəniyyətini zənginləşdirdiyi deyilib, bölücülük təşəbbüslərinin yolverilməzliyi qeyd edilib. Çıxışçılar hamını qarşıdan gələn parlament seçkilərində “Vahid Rusiya” Partiyasına səs verməyə çağırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG