Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

Hidayət Orucov: "Türkiyənin tikdiyi 23 məsciddən ancaq biri bağlıdır"

“Bir qrup əsassız olaraq Azərbaycanda hicabın qadağan olunduğunu iddia edir. Azərbaycanda hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının dövlət qulluqçuları ilə görüşdə belə deyib. Görüş zamanı Hidayət Orucov ölkəmizdə son illər dövlət vəsaiti hesabına dini abidələrin tikilib, bərpa olunduğunu söyləyib.

H.Orucov Türkiyə mətbuatında bəzən ölkəmizin din sahəsi ilə bağlı heç bir fakta əsaslanmayan məlumatların yer almasından, müəyyən dairələrin sifarişlərini yerinə yetirən bir qrup şəxsin guya Azərbaycanda dini etiqad azadlığının pozulduğu iddiası ilə piketlər keçirməsindən narahatlığını dilə gətirib:

“Müəyyən qruplar iddia edirlər ki, Azərbaycanda “Türk camesi” bağlanılmışdır. Əvvəla, məscid Allahın evidir və onu “Türk camesi”, “Azərbaycan camesi” və s. kimi təsnifləndirmək doğru deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə Azərbaycanda 23 məscid tikmişdir və onlardan 22-i bugünədək fəaliyyət göstərir. Yalnız bir məscid təmir üçün müvəqqəti olaraq qapalıdır”.

Komitə sədri Azərbaycanda hicabın qadağan olunmadığını, Türkiyədə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edildiyini bildirib

“Bunu etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur. Təbii ki, biz onların kim olduqlarını, hansı dairələr tərəfindən idarə edildiklərini yaxşı bilirik. Çox istərdim ki, həm səfər çərçivəsində, həm də Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan gerçəkliklərini dərindən öyrənərək yeri düşdükcə bu kimi əsassız fikirlərə münasibət bildirəsiniz”.

Komitənin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin başqanı Əkrəm Kuru da bəzi dairələrin Azərbaycan əleyhinə çıxışları onları da narahat etdiyini bildirib:

“Ancaq həmin kiçik qrupların ifadə etdiyi fikirlər ümumilikdə türk xalqının fikirləri deyildir. Belə kiçik dairələr Türkiyə ilə Azərbaycanın qardaşlığına qətiyyən xələl gətirə bilməzlər”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG