Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:50

Qurbanlıq qoyunların «deportasiyası» (VİDEO)


Qurban Bayramı öncəsi yol kənarlarında qoyun-quzu satışı və kəsilməsinə icazə verilmir.

Bu göstəriş icra nümayəndəliklərindən gəlib, işi isə polislər icra edirlər.

POLİSLƏ QOYUNLAR QARŞI-QARŞIYA

Məsələn, Şüvəlan qəsəbəsində Qurban bayramı üçün yetişdirilib saxlanan qoyunlara polis dəyənəyi göstəriləndən sonra onları yığışdırıblar.

İndi qoyunlara həyət darvazasından bayıra boylanmaq belə, satıcılar demişkən, onların «deportasiyası» ilə nəticələnə bilər. Ona görə də Şüvəlan sakinləri obyektlərinin ağzına qıfıl vurub özləri küçə boyu var-gəl edib müştəri yığırlar.

Qəsəbə sakini Mehdi Xudaverdiyev deyir ki, yeganə qazanc yeri qoyunlarıdır, icazə verilmədiyinə görə, o da qoyunları gizli satır:

«İçəridə də saxlamağa qoymurlar. Nə olsun həyətimdir, gəlib dedilər həyətindən də çıxart apar. Onlar da bilirlər ki, həyətdə qoyunu saxlayırsansa, satmalısan. Ona görə gəlib deyirlər ki, «yığın maşına, aparın heyvanı burdan». Bax biz aparmışdıq, indi gizlin gətirmişik, qoyub gizlincə satırıq».

Qəsəbədə xidməti maşınla hərəkət edən Xəzər Rayon Polis İdarəsinin işçiləri Mehdi Xudaverdiyevin obyekti qarşısından keçərkən mikrofonla anlaşılmayan çağırış etdilər. Qəssab izah etdi ki, bu, xəbərdarlıq işarəsi idi:

«HEÇ SƏRHƏDİMİZİ BELƏ QORUMURLAR»

Şüvəlan qəsəbəsi

Şüvəlan qəsəbəsi

«Mənimlə polislər bir az dava etdi. Səbəbini soruşuram ki, məni niyə bölməyə aparacaqsınız? Gəlib əvvəlcədən xəbərdarlıq etməmisiz, bir söz deməmisiniz. 5-6 post patrul maşını gəlib məcburi maşına basıb aparırlar. Bütün günü 10 dənə post patrul maşını aşağı-yuxarı, yuxarı- aşağı sürür. Heç sərhədimizi belə qorumurlar».

21 yaşlı Elvin Abdullayev 6 ildir qoyun satmaqla məşğuldur. Deyir ki, 5-6 qoyunu yol kənarına çıxarmağa qadağa qoyulması onların bazarına da təsir edib. Amma o qədər də yox, çünki bu illər ərzində yığdığı müştəriləri yenə də ona üz tuturlar:

PREZİDENTƏ GÖRƏ...

«Prezident gəlib-keçir, ona görə belə ediblər. Həqiqətən də, pis görünür. Çünki hərə əlinə bir ağac alıb durur yolun ortasında, gələn-gedənin gözünə soxurlar. Amma satmağa heç nə demirlər, deyirlər ki, icra hakimiyyətindən sənədini düzəlt, get işlə, sənə kim nə deyə bilər? Sadəcə küçəyə çıxartma».

Küçədə qoyunların satışına icazə verilməməsinə alıcılar da fərqli yanaşır. Radim Müslümov deyir ki, küçəni təmiz görmək daha yaxşıdır:

«Əgər qurbangahda varsa, elə o yaxşıdır. Çünki bura ilə orda heç bir fərq yoxdur. Əvvəllər də burda yolun qırağında rast gəlmişdim, burda soruşduğum qiymət qurbangahda da eyni idi. Götürəndə, elə belə gözəldir. Baxma da, qan tökülür, antisanitariyadır, istənilən qiyməti deyir».

QƏRAR QOYUNLARIN QİYMƏTİNƏ TƏSİR EDƏCƏKMİ?

Yol qırağında satılması qadağan edilən qoyunlar

Yol qırağında satılması qadağan edilən qoyunlar

Ruslan Fərəczadə isə Bakı Şəhər İcra Hakimiyyətinin bu qərarından heç ürəyi açılmadığını deyir:

«Şəxsən mənə bir alıcı olaraq şəhərin bu başından o başına gedib qoyun almaq sərf eləmir. Mənə hara yaxındırsa, ora da gedib almalıyam. Qiymətinə də çox təsir edəcək. Əgər təyin olunmuş yer olacaqsa, artıq başqa seçim olmadığına görə istədiyi qiyməti deyəcək. Monopoliyaya alır, mən də 100 manata aldığım qoyunu indi 130-140 manata alacağam».

Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov AzadlıqRadiosuna deyib ki, qurbanlıq heyvanların kəsilməsi üçün ayrıca yer ayrılması qərarı şəhərdəki antisanitariyanın qarşısını almaq üçündür:

BŞİH MƏCBUR ETMİR

«Şəhərin müxtəlif yerlərində - 8-ci kilometr, Keşlə, NZS qəsəbələrində, Yasamalda və digər rayonlarda uyğun yerlər var. Biz əvvəlki illərdə Qurban bayramı ərəfəsində natəmizliklərlə üzləşdiyimiz üçün bu dəfə hamını sallaqxanalara yönəldəcəyik. Nəqliyyatın intensiv hərəkəti, insanların sayının artması, gediş-gəlişin gurlaşması bunları zəruri edib. Artıq belə şeylər etmək olmaz. Biz o mübarizəni aparırıq, sivil normalara əməl etməliyik. Biz çalışırıq ki, bunları edək. Amma o adamlar küçəyə qoyun çıxardacaqsa, biz güc strukturu deyilik ki, gedək o adamları nəyəsə məcbur edək».

Dövlət Baytarlıq Xidməti isə noyabrın 1-dən qurbanlıq heyvanların satışı ilə bağlı araşdırmalara başlayıb. Azərbaycanda Qurban bayramı noyabrın 6-7-də qeyd olunacaq.

Şərhləri göstər

XS
SM
MD
LG