Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30

Tağı Əhmədov: «1993-cü ilə qədər ölkəmizdə hərc-mərclik idi»


İlham Əliyev və Tağı Əhmədov. Dərnəgül metrostansiyasının açılışında

İlham Əliyev və Tağı Əhmədov. Dərnəgül metrostansiyasının açılışında

ALLAHIN AZƏRBAYCANA LÜTFÜ

«İndiki müxalifətdə olanlar o zaman iqtidarda idi və Azərbaycanda xaos hökm sürürdü, dövlət idarə olunmurdu».
Bu fikirləri Bakı Metropolitenin rəisi Tağı Əhmədov Yeni Azərbaycan partiyasının saytına verdiyi müsahibəsində deyib.
Tağı Əhmədov Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışını Allahın azərbaycanlılara verdiyi lütf adlandırıb. Metropoliten rəisinə görə, o, zaman iqtidarda olanlar Heydər Əliyevə təzyiqlər göstərdiyindən o, Naxçıvana gedib.
«Heydər Əliyev böyük vəzifələrdə işlədiyi dövrlərdə özünə bir ev də almamışdı, O Bakıda qardaşının evində qalırdı. Naxçıvana getdikdən sonra isə Ulu öndərimiz bacısının evində yaşadı. Əlbəttə ki, Naxçıvan əhalisi böyük məhəbbətlə Heydər Əliyevi qarşıladı və Onu dəstəklədi».
Tağı Əhmədov Heydər Əliyevin Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransını keçirdiyini xatırladaraq həm də bu partiyanı Kommunist Partiyası ilə müqayisə edib.
«KOMMUNİST PARTİYASININ 370 MİN ÜZVÜ VAR İDİ, AMMA YAP-IN 560 MİNƏ YAXIN ÜZVÜ VAR»
Heydər Əliyev

Heydər Əliyev

«Təsis konfransında 500 nəfər iştirak edirdi. Amma bu gün partiyanın sıralarında 560 minə yaxın insan birləşib. Sovetlər dövründə birpartiyalı sistem zamanı Azərbaycan Kommunist Partiyasının 370 min üzvü vardı, amma çoxpartiyalı bir sistemdə 18 il ərzində ölkəmizdə YAP-ın 560 minə yaxın üzvü var. Çünki bu partiya ümummilli lider Heydər Əliyevin qurduğu partiyadır. Bu gün YAP-a rəqib ola biləcək hansısa partiya yoxdur».
«HEYDƏR ƏLİYEV AZƏRBAYCANI MƏHV OLMAQDAN XİLAS EDİB»
Metropoliten rəisinə görə, 1993-cü ildə Bakıya qayıdışından sonra Heydər Əliyev Azərbaycanı məhv olmaqdan xilas edib:
«1993-cü ildə ulu öndər Heydər Əliyev Bakıya gələndə vəziyyət çox acınacaqlı idi. İnsanlar evindən səhər çıxanda axşam salamat qayıtmalarını diləyirdilər. Belə bir vəziyyətdə o zamankı dövlət başçısının Bakıdan qaçması çox acınacaqlı idi. Bu faktlar bir daha təsdiqləyir ki, Heydər Əliyevdən başqa heç kim Azərbaycanı xilas edə bilməzdi».
«DÖVLƏT BAŞÇISININ SON 8 İL ƏRZİNDƏ GÖRDÜYÜ İŞLƏRİ SAYMAQLA QURTARMAQ OLMAZ»
Tağı Əhmədov Heydər Əliyevin 2003-cü il oktyabrın 2-də xalqa müraciətini yada salır.

«Müraciətində ümummilli liderimiz prezident seçkilərində xalqımızı cənab İlham Əliyevi dəstəkləməyə çağırdı. «Mən İlham Əliyevə özüm qədər inanıram»- deyən ulu öndərimiz Azərbaycanın inkişafı naminə axıra çatdıra bilmədiyi işlərin cənab İlham Əliyev tərəfindən yerinə yetiriləcəyini bildirmişdi. Xalqımız seçkilərdə cənab İlham Əliyevə səs verməklə Azərbaycanda Heydər Əliyev siyasətinə sadiq olduğunu nümayiş etdirdi. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidentidir. Dövlət başçısının son 8 il ərzində gördüyü işləri saymaqla qurtarmaq olmaz»- deyə Bakı Metropoliteninin rəisi bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG