Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:09

Daman evlər büdcəyə 60 min manata başa gəlib?


Sabirabad rayonunda seldən zərərçəkənlərə tikilən evlər, fevral 2011

Sabirabad rayonunda seldən zərərçəkənlərə tikilən evlər, fevral 2011

-
2010-cu ilin yazında Kür və Araz çaylarının daşması ilə evlərini itirənlərə yeni evlərin tikilməsi, ziyana düşənlərə kompensasiyaların verilməsi üstündə mübahisələr iki ildir kəsilmir. Kompensasiya tələb edən bölgə sakinlərinin Bakıda hökumət binalarının qarşısında etirazları ara-sıra da olsa davam edərkən, zərərçəkənlərə tikilən evlərin təzədən uçmaq təhlükəsi barədə xəbər aldıq.

PREZİDENT PULU VƏTƏNDAŞA VERMƏDİ Kİ, EVLƏR ÇİY KƏRPİCLƏ TİKİLMƏSİN, AMMA İNDİ HÖKUMƏTİN TİKDİYİ EV DAMIR...

İmişli rayonunda seldən evlərini itirənlər üçün salınan Allahmədətli qəsəbəsində baş çəkdiyimiz evlərin qıraqdan görünüşü onu tikənlərə “çox sağ ol” söylədir. Amma, ya keyfiyyətsiz material işlədildiyindən, ya vaxt azlığından, ya da bir Allah bilir, nədənsə, indi də bu təzə evlərin dağılmaq təhlükəsi var.

Hətta, prezident İlham Əliyev çıxışlarında bildirmişdi ki, dövlətin ayırdığı pul vətəndaşın özünə verilsə, yenə gedib çiy kərpicdən bir şey tikəcək, daha bir seldə, o da yuyulub gedəcək. İndi isə hökumətin özünün tikdiyi evlərdə sakinlərin daman suyu vedrə-ləyənlə evdən çıxardılarını gördük:



Rəsmi təbliğatda hökumətin seldən ziyan çəkənlərə yeni evlər tikmək üçün yüz minlərlə manat pul xərcləməsi barədə xəbərləri eşidəndə istər-istəməz indi bu vəziyyətə düşən evlərə büdcədən nə qədər pul verildiyini öyrənmək həvəsi yaradır.

Amma seldən qorunmaq və ziyan çəkənlərə yardım işlərinə rəhbərlik etmiş Fövqəladə Hallar Nazirliyindən belə məlumatları almaq müşkülə düşdü. Nazirliyin Tikintiyə Nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirir ki, həmin məlumatlar əlinin altında deyil, ona görə suallara konkret cavab verə bilmir.

BU DAMAN EVLƏR 63 MİN MANATA TİKİLİB?

Amma həmin evlərin monitorinqini aparan “Kür” vətəndaş cəmiyyətinin əlaqələndiricisi Oqtay Gülalıyev iddia edir ki, bir evə dövlət büdcəsindən 63 min manat pul ayrılıb. Hesablamanı da Nazirlər Kabinetinin sərəncamı ilə ayrılan vəsait üzrə aparıb:

“Bizim apardığımız araşdırmalara görə, Nazirlər Kabinetinin sərəncamı ilə 3205 evin tikintisinə büdcədən 202 milyon manat vəsait ayrılıb. Biz də ayrılan vəsaiti evlərin sayına böldük və məlum oldu ki, infrastrukturla birlikdə bir evin tikintisinə 63 min manat vəsait ayrılıb. “Kür” vətəndaş cəmiyyətinin may ayında keçirilən forumunda isə FHN nümayəndələri bizə qeyri-rəsmi olaraq deyiblər ki, bir evə 42-45 min manat pul ayrılıb”.

Amma o iddia edir ki, həmin evlərin tikintisinə 18-20 min manatdan artıq pul xərclənməyib:

“Hətta bəzi mütəxəssislər bu rəqəmin 16 min manat civarında olduğunu bildirirlər”.

BƏS, QALAN PUL HARA GEDİB?

Yoxa çıxdığı iddia edilən bu pulların harda olmasını həmin evlərdə yaşayanlar da axtarırlar. Ev sahibləri tikiləndən 1 il sonra tavanından daman, pilləkənləri dağılan 2-3 otaqlı evlərinə 63 və ya 45 min manat pul xərclənməsinə inanmırlar.

Qəsəbə sakini Xanoğlan Aslanov:

“Bu qədər pul, bu qədər büdcə, bu qədər material yəni elə bura sərf edilib?”

1 İL ƏVVƏL TİKİLƏN EVLƏRDƏ PROBLEMLƏRİN ÜZƏ ÇIXMASI NƏ İLƏ BAĞLI OLA BİLƏR?

Memar Elçin Əliyev səbəbini oğurluqda, nəzarətsizlikdə və vaxt azlığında görür.
Bu işlərə cavabdeh olan Fövqəladə Hallar Nazirliyi (FHN) mütəxəssisin sıraladığı ilk iki səbəbi – oğurluq və nəzarətsizliyi qəbul etmir. Nazirlik problemlərin mövcudluğunu tikintiyə ayrılan vaxtın azlığında görür.

Tikilən evlərin monitorinqini aparan “Kür” vətəndaş cəmiyyətinin əlaqələndiricisi də memarın iddialarını təkrarlayır, amma başqa formada. O qismən də vaxt azlığı ilə bağlı deyilənlərlə razılaşır:

“Həmin evlər şişirdilmiş bazar qiymətlərə tikilib. Misal üçün 5 manat xərclənib, amma sənədlərə yazılıb 10-12 manat. Biz bu işlər başlananda ona görə rəsmi qurumlara müraciət etmişdik ki, görülən işlərə ictimai nəzarəti həyata keçirmək üçün bizə icazə versinlər. Vermədilər. Amma işlərin hansı vəziyyətdə, necə görüldüyü özü üzə çıxdı”.

Bu polemikanı daha ətraflı burada - “Şəffaflıq” verilişində dinləyin:

Şərhləri göstər

XS
SM
MD
LG