Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:18
Bu əhvalat XIX əsrin ortalarında, daha dəqiqi 1859-cu ildə Şəkidə baş verib. Bildiyiniz kimi, fransız yazıçısı Aleksandr Düma 1858-59-cu illərdə Rusiya və Azərbaycanda səyahətdə olub. Rusiya şəhərlərini, Qafqazı-Tiflisi, Bakını, Şəkini gəzib. Hətta «Qaqaz səfəri» adlı kitab da yazıb. Gəzdiyi yerlərin qabaqcıl şəxsləri ilə görüşüb. Xalqların adət-ənənələri, ədəbiyyatı və mədəniyyəti ilə bağlı bilgilər alıb. Şəkidə qonaq olarkən şəhərin sayılıb-seçilən ziyalılarından olan tanınmış alim, pedaqoq və kitabşünas Əbdülqəni Nuxəvi Xalisəqarızadə ilə də görüşüb.

DÜMA KİTABXANAYA HEYRAN QALIB

Nəsildən-nəslə ötürülən bilgiyə görə, ilk görüşdən sonra «Üç muşketyor» romanının müəllifi Əbdülqəni Əfəndidən onun dillər əzbəri olan kitabxanasına baxmaq üçün icazə istəyib. Əbdülqəni Əfəndi razılıq verib. A. Düma kitabxananın zənginliyindən heyrətə gəlib və bir gün kitabxananı dolaşıb.

BU KİTABLARI MƏNƏ SAT!

Kitabxanada daha nələr yoxmuş?! Xaqani Şirvaninin, Nizaminin, Şəbüstərinin, Xətainin, Nəsirəddin Tusinin, A. Bakıxanovun, Əlişir Nəvainin, Firdovsinin, Hafizin, Ruminin, Şəms Təbrizinin, Sədinin, İbn Sinanın və adını çəkə bilmədiyim neçə-neçə məşhur şəxsiyyətlərin əsərləri... Əbdülqəni Əfəndi kitabxanada olan Azərbaycan və Şərq klassiklərinin əlyazma kitabları haqqında Dümaya geniş məlumat verir. Görüşün sonunda Düma rəngarəng naxışlarla bəzədilmiş, gözəl miniatürləri olan bir neçə nəfis əlyazmanı gətirib stolun üstünə qoyur və Əbdülqəni Əfəndidən bu kitabları ona satmasını xahiş edir.

«KİTABİ-DƏDƏ QORQUD» DA O KİTABLARIN İÇİNDƏ OLUR

İşə bir bax! Bizim «Dədə Qorqud» dastanımız da o kitabların arasında imiş. Əbdülqəni Əfəndi məşhur yazıçının xahişini rədd edir. Və bildirir ki, bu kitabxana xalqın elm ocağıdır. Buradan heç bir kitab satılmır. Əgər bu kitablar sizə əsər yazmaq və ya elə-belə oxumaq üçün gərəkdirsə, buyurub istifadə edə bilərsiniz. Doğrudan da, o vaxtlar Əbdülqəni Xalisəqarızadənin zəngin kitabxanasından nəinki Şəki camaatı, hətta ətraf bölgələrdə yaşayanlar da istifadə edirmiş.

KİTABLARI MƏNƏ VER, GERİ QAYTARARAM...

Yazıçı Aleksandr Düma

Yazıçı Aleksandr Düma

A.Düma kitabları bu kişidən pulla ala bilməyəcəyini başa düşüb nüfuzlu Şəki tacirlərinə üz tutur. Onlar vasitəsilə kitablara sahiblənmək istəyir. Tacirlər öz adlarından Əbdülqəni Əfəndi Nuxəviyə təsdiqlənmiş rəsmi sənəd verirlər və kitabların bütün məsuliyyətini öz üzərlərinə götürürlər. Guya Düma kitablarla tanışlıqdan sonra onları sahibinə qaytaracaqmış...Əbdülqəni Əfəndi məşhur yazıçıya istədiklərini verməyə məcbur olur. Ancaq birinə qəti etiraz edir. «Bu kitab yeganə nüsxə olmaqla bərabər elə bir abidədir ki, onun kitabxanadan çıxarılması qeyri-mümkündür»- deyir.

QORQUDUN KİTABI

Əbdülqəni Əfəndinin nəvə-nəticələri Dümanın apardığı o əlyazma kitablarının adını xatırlamırmış. Amma Dümanın apara bilmədiyi kitabı hər zaman əzizləyər, ona əl vurmaqdan belə çəkinər və ailə içində nəvazişlə «Qorqudun kitabı» çağrıldığını söyləyərlərmiş... «Oğul, bu kitabı göz bəbəyin kimi qoru». Xalisəqarızadələr soyadında dünyaya gələnlərə bir az böyüyən kimi bu sözlərlə üz tutarlarmış.

KİTABLAR GERİ QAYITMADI

A. Düma vədinə əməl etmir. Apardığı kitabların heç birini geri qaytarmır. Zavallı Şəki tacirlərini də pis vəziyyətə qoyur. Bu hadisədən sonra 11 il də yaşayır. Və 1870-ci il dekabrın 5-də Fransanın alman ordusu tərəfindən işğalı zamanı dünyasını dəyişir... Aparılan əlyazmaların taleyi qaranlıqdır. Onun harada olmasından bizim xəbərimiz yoxdur. Kim bilir, bəlkə də yazıçının arxivində qorunur? Bilənlər varsa, bizə yazsın.

DÜMANI SÖYMƏYƏ TƏLƏSMƏYİN...

Əziz oxucum! Dümanı söyməyə tələsmə. Əbdülqəni Əfəndinin nəvə-nəticələrinin qoruduğu bu kitab əlyazma günümüzə gəlib çatmayıb. 1920-ci il rus-bolşevik işğalından sonra mənəvi irsimizə qarşı aparılan repressiyaların qurbanı olub. Bu böyük kitabşünasın nəvələrini həbs, kitabxanasını isə məhv ediblər. Deyilənə görə, kitabları arabalara dolduraraq meydanda yandırıblar. Qohumları onun kitablarının az bir qismini mal damında gizlədərək xilas edə bilib... Həmin əlyazmalar MEA- nın M. Füzuli adına Əlyazmalar İnstitutunda və başqa ölkələrin arxivlərində qorunur.

- Haqqında söhbət açılan qadın soyadlı kişi - Əbdülqəni Əfəndi Xalisəqarızadə kimdir?

- O öz soyadını nədən Xalisə qarının adından götürmüşdü?

- Əbdülqəni Əfəndi zəngin kitabxananı necə toplaya bilmişdi?

-Dövrünün hansı tanınmış şəxslərilə görüşüb dostlaşmışdı?


Elə bu səhifədə «İZ» proqramının «Qadın soyadlı əsl kişi» dastanını dinləsəniz bir çox suallara cavab tapa biləcəksiniz. Bələdçimiz Xalisəqarızadələr irsinin araşdırıcısı MEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Kamandar Şəriflidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG