Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:34
- Səhər saat 8-də işdə olmalıyam, evimlə işimin arasındakı məsafə 10-15 dəqiqəlikdi, amma mən 7-də çıxmağa məcburam. Çünki avtobuslar basabas olur, ya minə bilmirsən, ya tıxacda qalırsan.

Uzun illər Bakıda yaşayan İlahə Nəbiyeva deyir, elə bil Bakıda adamların sayı çoxalıb:

- Mənim ailəm də işsizliyə görə 1997-ci ildə Bakıya köçüb. Amma o vaxt bu qədər adam, maşın yox idi. İndi isə elə deyil. Bakı sanki bir qutudur, o qədər doldurublar ki, bu dəqiqə partlayacaq.

«ƏKDİK, ZİYAN ELƏDİK»

İki ildi Cəlilabad rayonundan Bakıya köçən Gülnarə Əsədova paytaxtın biznes mərkəzlərinin birində xadimə işləyir. Deyir, illər əvvəl əri Bakıya iş dalınca gəldi, bir tikintidə çalışmağa başladı, sonra isə ailəsini də gətirməyə məcbur oldu:

- Gördüm yoldaşıma gah maaş ya tez verirlər, gah gecikdirirlər. Alınmırdı, mən də ondan icazə aldım ki, işləyim.

- Yoldaşın nə qədər maaş alır?

- Gününə 10 manat, 14 manat olur, aya 300-400 manat.

- Bəs sən ozün?

- Mən 250 manat maaş alıram.

Gülnarəgil kirayədə yaşayır, təxminən 120 manat kirə pulu ödəyirlər. İki uşağı var:

- Oğlanı bağçaya qoyuram, qız da məktəbə gedir.

- Bəs onların qayğısına kim qalır?

- Heç kim. Oğlan bağçada olur, kimdənsə xahiş edirəm, yalvarıram, qızı məktəbə aparır. İşdən çıxanda da gedib məktəbdən özüm götürürəm.

- Yaşadığınız kənddə əkin-biçininiz yox idimi?

- Varıydı. Əkdik, amma ziyan elədik.

BÖLGƏDƏ PERSPEKTİV GÖRÜNMÜR

Ülviyyə Şamilqızı isə üç il əvvəl Azərbaycanın ikinci böyük şəhəri Gəncədən Bakıya miqrasiya edib. Onu paytaxta karyera qurmaq həvəsi gətirib:

- Üç il əvvəl mən Baklya gəlib qəzetdə işə düzələndə adi müxbir idim, maaşım da az idi, indisə baş dizaynerəm, maaşım da artıb. Gəncədə qalsaydım, heç bir inkişafım olmayacaqdı. Çünki orda rəqabət yoxdur. Düzdür, şəhərdə Bakıdakı kimi nəqliyyat problemi, hay-küy yoxdur, sakitçilikdir, amma Gəncədə media sahəsində heç bir perspektiv görünmür.

Dövlət Statistika Komitəsinin binası

Dövlət Statistika Komitəsinin binası

Rəsmi statistikada daxili miqrasiyanı görmək mümkün deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, ölkənin kənd və rayonlarından Azərbaycanın iri şəhərlərinə, xüsusilə də Bakıya güclü axın var, amma paytaxta gələnlər müvəqqəti yaşadıqları yerdə qeydiyyata düşmürlər, bu isə real statistikanı görməyə imkan vermir. Məsələn, Dövlət Statistika Komitəsinin 2011-ci ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda hər kv.km düşən əhali sayı 100-dən çoxdur. Bakıda hər kvadrat km-ə 982 nəfər düşür. Ölkədə əhalinin sayı son məlumata görə, 9 milyon 100 min nəfərdən çoxdur. Paytaxt əhalisinin sayı isə 2 milyondan artıq göstərilib.

QEYDİYYATSIZ EVLƏRDƏ QALANLAR

Keçmiş millət vəkili, iqtisadçı Nazim Məmmədov bu statistikanı real saymır, onun sözlərinə görə, parlament seçkisi zamanı öz dairəsindən – Gədəbəy-Tovuz rayonu üzrə apardığı kiçik tədqiqat zamanı məlum olub ki, bəzi kəndlərdə qeydiyyatda olan şəxslərin əksəriyyəti uzun illərdir burda yaşamır:

- Elə cənab prezident də çıxışlarının birində qeyd etmişdi ki, Bakı ətrafında 450-500 min qeydiyyatda olmayan evlər var. Orta hesabla hər ailəni 4 nəfərdən götürsək, bu sənədsiz evlərdə iki milyondan çox adamın yaşadığını təxmin etmək olar. Bu isə o deməkdir ki, ölkənin bölgə əhalisinin təqribən 50 faizi Bakı ətrafında məskunlaşıb.

Nazim Məmmədov hesab edir ki, adamları iri şəhərlərə, xüsusilə Bakıya gəlməyə vadar edən əsas səbəb regionlardakı işsizlikdir. Onun sözlərinə görə, əvvəllər Rusiya və digər ölkələrə miqrasiya geniş idisə, neft gəlirlərinin artmasından sonra Bakı daha cəlbedici görünməyə başlayıb:

- Azərbaycanda daxili miqrasiya yüksək səviyyədədir. Bunun əsas səbəbləri kommunal vəziyyətin, yəni, işığın, təbii qazın keyfiyyətli olmamağı, yol infrastrukturunun yoxluğu, su və kanalizasiya məsələlərindəki problemlər, işsizlikdir. Bütün bunlar onları şəhərə gəlməyə vadar edib. Aqrar sahə ilə məşğul olanlar mənfəətin azlığına, bir də inhisara görə istehsal etdikləri kənd təsərrüfatı mallarını bazara çıxara bilmirlər. Bu mənada ənənəvi məşğul olduğu işləri buraxıb onlar yad sahəyə, - bu da əsasən tikintidir, - gəlirlər.

Nazim Məmmədov

Nazim Məmmədov

Nazim Məmmədov daxili miqrasiyanın Bakıda sıxlıq yaratdığı qənaətindədir. Onun sözlərinə görə, paytaxtın tutumu, imkanları bu qədər sakinə hesablanmayıb, ona görə də sosial gərginlik hiss olunur.

DAXİLİ MİQRASİYANIN SƏBƏBİ

Elmlər Akademiyasının İqtisadiyyat institutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin elmi əməkdaşı, elmlər namizədi Adilə Gözəlova da deyir ki, daxili miqrasiyaya əsas təkan verən səbəb əməklə bağlı olur. Onun fikrincə, əvvəlki illərlə müqayisədə ölkədən gedənlərin sayı azalıb.

Məsələn, rəsmi statistikaya görə, 1990-cı ildə 137 min nəfər ölkədən daimi yaşamaq üçün başqa yerə gedibdirsə, son illərin rəqəmlərinə görə, ölkədən gedənlərin sayı 2 mindən aşağıdır. Bu statistikaya diqqət çəkən Adilə Gözəlova hesab edir ki, ötən əsrin 90-cı illərində kimlər bacarıbsa, vətəni tərk edib:

- Beyin axını oldu, bacarıqlı əllər getdi ölkədən. Kim bacarırdısa, getdi. Əslində məşğul əhali arasında əmək haqqı çox aşağıdır, bu maaşla əhalini məşğul saymaq çətindir. Əhali Bakıya axışır, çünki tikinti burdadır, yollar burda çəkilir, hər şey burdadı. Yeri gələndə, gedib avtobusda sürücüyə köməkçilik edib pul yığırlar, yenə də pul qazanırlar. Dilənçilər də böyük şəhərə yığışırlar.

SƏNAYE MÜƏSSİSƏLƏRİ YARADILMALIDIR

Adilə Gözəlova deyir, düzdür, indi hökumət regionların iqtisadiyyatına fikir verir, iş yerləri açılır, amma onun fikrincə, sənaye müəssisələri yaratmaq lazımdır:

- Bizdə regionlarla bağlı proqram var, nəsə tikilir, açılır. Əgər şəhərə axın varsa, deməli, bu kifayət deyil. Əgər axın dayanarsa, ya kəndə, rayona, Bakıdan başqa digər şəhərlərə axın olarsa, onda demək olar, hə, artıq bizdə vəziyyət yaxşıdır.

Yeri gəlmişkən, rəsmi açıqlamaya görə, hökumət 2004-cü ildən bu yana regionların inkişafı üçün 15,5 milyard dollar vəsait xərcləyib.

Şərhləri göstər

XS
SM
MD
LG